Sevgilimə bacı dediyim gün – Oğuz Ayvaz yazır...

Sevgilimə bacı dediyim gün – Oğuz Ayvaz yazır...
9 yanvar 2017
# 12:41

Kulis.az gənc yazar Oğuz Ayvazın “Həyatımın ən gözəl günündən reportaj” yazısını təqdim edir.

Bu gün həyatımın ən gözəl gününü yaşadım. Həftəsonu həmişə darıxıram, yerimdə dura bilmirəm. Əlimdə telefon mənim kimi darıxan dostlarımın axtarışına çıxıram. Aha, qarmağa biri keçdi, başqa birisi də, evdə də bir qardaş var, sevgilim də gəldi. Vəssalam, darıxanlar klubu yığıldı.

Söhbət elə, gəz, çay iç.... Başqa? Virtual dünya bizi real hadisələrin içindən uzaqlaşdırıb. Bəlkə də buna görə ağlımıza bir ideya gəlmir. Hara gedək, neyləyək?

Bu yerdə dostum, sinif yoldaşım Şəhriyar belə bir təklif etdi:

- Şalvarımı dərziyə verək. Məktəb tərəfdədi, oraları da gəzərik.

Aha, ideya gəldi çıxdı, balası da dalınca.

- Əla! - özümü başına alma düşən Nyuton kimi hiss elədim. Ən gözəli budur: xatirələrə baş vurmaq...

Nağıl dili yüyrək olar, getdik dərziyə, sonra da gəzməyə başladıq. Qışın oğlan çağındaydıq, amma havadan bahar qoxusu duyulurdu. Günəş çıxmışdı və uşaq təbəssümü ilə bizə gülümsəyirdi.

Qardaşım ağzına su alıb tələsən adamlara baxırdı. Sevgilim də mənə baxıb qımışırdı. Yolun kənarındakı küçə itini yanımıza çağırdıq, gah qabağa yüyürdü, gah arxaya, sonra götürülüb aradan çıxdı. İstədim, uşaqlıqdakı kimi dalınca bir daş atam.

İndi şagird olmalıydıq. Belində çanta daşıyan uşaqlar kimi. Hamını bir anlıq o günlərə geri qayıtmağa səslədim. Uşaqlıq, yeniyetməliyə pulsuz bilet! Buyurun, yerlər boşdur. Bu filmə bir dəfə baxmışam. Hardan başlayaq? Hə, ingilis dili müəlliminin yanına getməyimizdən.

Yolda zarafatlaşa-zarafatlaşa müəllimimizin məhəlləsinə çatdıq. Məhəllədə heç nə dəyişməmişdi. Qəribədir, binanın içinə girərkən ürəyimin çırpıntısını duydum. Özüm də çaşdım. Yoxsa xatirələr məni qorxutdumu? Yoxsa illər əvvəl qaçdığım o hazırlıq günləri barmağınımı salladı yoxsa? Ya ingilis dili müəllimimə etdiyim zarafatların ağrısı idi?

Nəysə, suallara baş qoşmayaq. Qapının zilini sıxdım. Bir uşaq qapını açdı, üzünə gülüş qonmuşdu. Biz bir az qəribə olduq. Əcəba, müəllimimiz köçübmü? Bəlkə, başqa yerdə, uzaqlarda yaşayır? Bəlkə xatirələr kimi uzaqdadı müəllimimizin evi?

Elə bu an qapıda göründü Aygün müəllim. Bir az kökəlmişdi, gözləri isə həmişəki kimi işıqlıydı, istiydi. Hal-kef tutduq. Bir az təəccüb vardı onda. Hiss etdim ki, köhnə şagirdlərinin gəlişi ona qəribə bir sevinc bağışlayıb.

Sevgilim yad adaya düşmüş Robinzon Kruzo kimi idi həmin vaxt. Söhbətlər ona yad görünürdü. Bizim məktəb illərimiz ona heç bir hiss yaşatmırdı. Amma qardaşım, mən, Şəhriyar sanki Messi, İniesta, Xavi kimi bir-birimizə hislərimizi ötürürdük.

Aygün müəllim sevgilimlə maraqlandı.

- Bacımdır - əvvəllər olduğu kimi zarafat edirdim müəllimlə. Hiss etdim ki, o da bu zarafatlar üçün darıxıb.

- Bacını tanımıram? Öl elə. Bir yerdə oxuyurdunuz da... - eynən hazırlıq dərslərindəki mənzərə təkrarlandı: gülüb əlini havaya qaldırdı, mən başıma vuracağını zənn edib qorundum, bir də gördüm ki, müəllimin qırışlı əlləri çiynimdədir. Bir xatirə qondu çiynimə. Şeir kimi oldu e...

- Plastik əməliyyat olub da... - zarafatı davam etdirdim.

Müəllimimi yenə də aldada bilmədim. O məni çox yaxşı tanıyırdı. Sözlərimi göydə tuturdu. Axırda bu xatirələrin içində azıb qalmış qızın sevgilim olduğunu bilib gülümsündü.

Müəlliməmizlə vidalaşdıqdan sonra məktəbə üz tutduq. 11 illik sehirli günlərimizə tilov atdıq. Məktəbin qabaq qapısı bağlıydı. Dərsdən qaçanda hardan çıxırdıq?

- Eh, sevgilim, sən bilməzsən, xatirələr plana düşüb - deyib gülə-gülə arxa qapıdan içəri keçdik. Sanki direktorun bizi görəcəyindən ehtiyatlanırdıq, ehmalca yuxarı mərtəbəyə qalxdıq.

Səssiz pillələrə, boş dəhlizlərə, şagirdsiz siniflərə baxa-baxa kövrəldik. Lalə Məmmədovanın “Məktəb illəri” mahnısı dinlədik. Döşəməyə uzanıb, keçmişin xəyalında gəzişdik. Qəfil taqqıltı səsi yerimizdən dikəltdi bizi. Məktəbin qoruyucusu bizə tərəf yaxınlaşırdı. Tualetdə gizləndik. 11-ci sinifdə müəllimlərimizin qorxusundan tualetdə siqaret çəkdiyimiz günlər yadımıza düşdü. Məktəb təmir olunmuşdu. O əvvəlki sınıq-salxaq tualet yox idi artıq. Qorxa-qorxa da siqaret çəkə bilmədik. Çünki tualetin qapısı bağlanırdı. Biz oxuduğumuz vaxt isə eynən kovboy filmlərində gördüyünüz kazinonun qapıları kimi idi, tutacağı qırılmış bayraq kimi yellənirdi.

Hə, siqaret bitdi, tamaşaya davam. Növbəti abzasda nə olduğunu biləcəksiniz.

Məktəbin qarovulçusu bizi yaxaladı. Uzun dəhlizdə gəzişirdik, birdən məktəb illərimizin qoxusu burnumuza doldu, sinif otaqlarının qapısını təpiklə vura-vura qaçmağa başladıq. Elə bu an...

  • Kimsiniz bala? - yaşlı, ağ bığlarını eşən bir kişiydi qarovulçu.

  • Biz bu məktəbdə oxumuşuq. – dedim

  • Hə, keçmiş günləri yad edirsiniz. Halaldı sizə. Belə gənclər çox olsun... Yaxşı bala, gəzin.

O an qarovulçunu bağrıma basmaq istədim. Elə şirin ləhcəsi vardı ki... Bizi anlayan adamlar görəndə xoşbəxt oluram. Ya içi boş, həyatı ancaq domino daşları arasında keçən bir əli təsbehli qaqaş çıxsaydı qabağımıza. Ona xatirələrə səyahət etməyin nə olduğunu danışmaq anlamsız olardı. Sağ ol, gözəl kişi, yaxşı ki, bizi xatirələrdən qovmadın.

Aşağı, birinci mərtəbəyə düşdük. Boş siniflərin birində Nəhayət müəllimi gördük. Şagirdlərindən biri lövhədə nəsə yazırdı. Uşaq kimi sevindik. İçəri keçib əl tutduq. Bizi görüb gözləri güldü. Yaşlanmış, əlləri də əsirdi. Azərbaycan dili dərsindən qardaşıma dərs demişdi. Keçmiş günlərdən danışdıq, gülüşdük. Müəllimə təklif etdim ki, eynən məktəb günlərindəki kimi şagird olaq, siz də bizə dərs deyin. Sinif partalarının birində oturduq. Jurnalı açıb adlarımızı çəkdi. Hər adı çəkilən ayağa qalxıb “burda” dedi. Lövhəyə çıxıb fonetikadan danışdım. Şəhriyar səs elədiyindən bir ayaq üstə cəzalandırıldı.

Məktəbin həyətində balaca cırtdanlar futbol oynayırdı. Biz də onlara qoşulduq. Qardaşımın topa zərbəsi balaca uşağı yerə sərdi. Elə bil uşağı güllə ilə yerə sərdilər. Ağlamağa başladı. Qardaşım onu bağrına basdı, öpdü, ancaq uşaq sakitləşmirdi. İlk dəfə qardaşımın bu qədər çarəsiz qaldığını görürdüm. Axırda, qardaşım cibindən bir konfet çıxarıb ona verdi, ürəyini ələ almağı bacardı. Uşağın üzü güldü. Biz zəif oynadıq qəsdən. Uşaqlara uduzduq.

Nə gözəldir uşaqlara uduzmaq!

# 1317 dəfə oxunub

Müəllifin son yazıları

# # #