"Vəziyyət həqiqətən ciddidir" - Yazıçılar hərbi əməliyyatlardan danışdı

"Vəziyyət həqiqətən ciddidir" - Yazıçılar hərbi əməliyyatlardan danışdı
28 sentyabr 2020
# 14:04

Azərbaycan ordusu uzun illərdir düşmən nəzarətində olan bir neçə kəndi işğaldan azad edib. Ziyalılar cəbhədə baş verən hadisələr barədə fikirlərini bildirib. Kulis.az qələm adamlarının ordumuzun uğurlarına münasibətini təqdim edir.

Anar

- Qələbələrimizə sevinirəm. Sevinirik ki, ordumuz işğal olmuş ərazilərimizi geri qaytarır. Güman və arzu edirəm bütün torpaqlarımız düşməndən azad edilsin.

Elçin

- Qələbə xəbərlərini gözləməklə məşğulam. Ordumuzla fəxr edirəm. Azərbaycan Respublikasının prezidenti, Ali baş komandan öz siyasi iradəsini ortaya qoydu. Bu balaca məsələ deyil. Bu son dərəcə mühüm məsələdir. Çünki dünyanı ikili standartlar idarə edir. Bu ikili standartların idarəçiliyi zamanı bu siyasi iradəni ortaya qoymaq son dərəcə böyük bir uğurdu. Xalqımızın bir nümayəndəsi kimi mən də bununla fəxr eləməliyəm və fəxr edirik.

Əjdər Ol

- 30 ildi hər gün arzulayırıq ki, bu məsələdə bizim xeyrimizə irəliləyiş olsun, dəyişiklik olsun. İstəyirik torpaqlarımızı qaytaraq. Müharibə ağır işdi, təşkil olunmalıdır. İndi Azərbaycan dövləti təşkil edib bu müharibəni, Azərbaycan ordusu çox fəal şəkildə, müxtəlif istiqamətlərdə əks-hücuma keçib. Bunun nəticəsini gözləyirik. Hamının bu saat diqqəti, fikri cəbhədədir. İnsan haqlı olanda güclü olur. Millət haqlı olanda güclü olur. Bu bizim haqq işimizdi və məsələni mürəkkəbləşdirmədən, sadəcə bizə qələbə lazımdı. Dünyada kifayət qədər bu məsələ müzakirə olundu. Qarabağ məsələsi dünya ictimaiyyətinə də, dünya dövlətlərinə də, beynəlxalq təşkilatlara da, hərbi təşkilatlara da, yəni hamıya artıq açılmış bir sirdir. Bu ölkəmizə qarşı böyük bir təcavüzdür, separatçılıq hərəkətidir. Bu məsələ həll olunmalıdır. Bu gün Azərbaycan əsgəri, ordusu, baş komandanlığı dünyanın 30 ildə həll edə bilmədiyi məsələni bir gündə həll elədi. Bu da göstərir ki, hər şey baş verdiyi yerdən alov almalıdır, orda tutuşmalıdır. Heç kəs bizim yerimizə gəlib bu işi görməyəcək. Biz öz işimiz görməliyik və dünyanı inandırmalıyıq ki, biz haqq işlə məşğuluq. İlkin qələbələr əldə olunub, amma bu hələ hər şey deyil. Hələ iş qabaqdadır. Bu dəqiqə bütün dünyada dövlətlər bəyanatlar verir, narahatlıqlarını bildirirlər. Bunları başa düşmək olar. Adətən belə qaydalar var, amma hamı deyir sülhə çağırır. Heç bir dövlət Ermənistana müraciət eləmir ki, bu təcavüzü yığışdır. Təcavüz olmayanda müharibə bizim nəyimizə lazımdı?! Əlbəttə ki, bu məsələlər böyük məsələlərdir, hissə qapılmaqla bu işləri görmək olmaz. Soyuqqanlı şəkildə müharibəmizi aparmalıyıq. Haqq döyüşümüzü aparmalıyıq və nəticə əldə eləməliyik. Nəticəni sonra möhkəmləndirməliyik və diplomatik üsullarla, yollarla ərazi bütövlüyümüzü təmin eləməliyik.

Aqşin Yenisey

- Dünəndən izlədiklərimiz onu göstərir ki, işğalçı tərəf yox, tərəflər var və onların aqressiv müqaviməti onu deməyə əsas verir ki, sülh hətta Azərbaycanın işğalla barışması - ki bu cəfəngiyyatdır - halında da mümkün deyil. Ağıllı müharibə, Ermənistanın əzilməsi! Başqa yol yoxdur kimi görünür.

İlham Qəhrəman

- Ordumuzun hücum əməliyyatı çoxdan gözlənilən idi. İşğalda olan bəzi torpaqlarımızı, o cümlədən Murov zirvəsini azad etməsi ordumuzun böyük uğurudur. Hesab edirəm ki, Murov yüksəkliyinin əldə edilməsindən sonra Kəlbəcərdə, belə demək mümkünsə, ermənidən heç nə qalmayacaq. Murov zirvəsini qaytaran ordu işğalda olan digər torpaqlarımızı da qaytarmağa qadirdir. Doğma ocağı işğal altında qalan bir insan kimi deyərdim ki, çox sevinirəm. Ürəyimizdən tikan çıxır. Azərbaycan ordusunun qələbələri sevindirir bizi. Yaxın gələcəkdə Azərbaycan ordusu Qafqazda papağı yan qoyub gəzən ordu olacaq.

Qulu Ağsəs

- Hazırkı vəziyyət hamıya məlumdur. Artıq ölkədə qismən hərbi səfərbərlik elan olunub. Bu onu göstərir ki, vəziyyət həqiqətən də ciddidir. Son 30 ildə olmayan bir duruma gəlib çıxmışıq. İllərlə gözlədiyimiz o gün bu gündür. Cəbhədə olan vəziyyət hələ olmamış, yazmışdım ki, şəhidlərimizlə fəxr edirik. Gün o gün olsun ki, şəhidlərimiz də bizlə fəxr eləsinlər. İnanıram ki, yaxın günlərdə biz şəhidlərimizlə fəxr elədiyimiz kimi onlar da bizlə fəxr edəcəklər.

Elçin Hüseynbəyli

- Bütün Azərbaycan gözləyirdi ki, biz nə zaman öz torpaqlarımızı əsaslı şəkildə işğaldan azad eləməyə başlayacağıq. Cəbhədə ermənilər tərəfindən dəfələrlə təxribatlar törədilib. Mülki əhali atəş altındadır. Çünki əsas yüksəkliklər onlardadır. Həmin yüksəklikləri ələ keçirməyə başladıq ki, vətəndaşlarımızı təhlükə altından çıxaraq, həm də təbii haqlarımızı, hüquqlarımızı həyata keçirək, ədalətə nail olaq. Torpaqlarımız işğaldadır və biz onu işğaldan azad eləməliyik. Təsəvvür eləyin ki, ermənilər danışıqları 27 ildi imitasiya edirlər. Paşinyanın məlum bəyanatına qədər. Qarabağ probleminin həlli ilə bağlı Minsk qrupunun üçlüyü də heç bir iş görmədi. Onları da haqlı olaraq turistlər adlandırırdılar. Gəlirdilər, yeyirdilər, içirdilər, gedirdilər. Hamının da başının altına yastıq qoyurdular. O cümlədən BMT işsiz çıxdı. Münaqişə üzrə dörd qətnaməsinin yerinə yetirilməsinə heç bir maraq göstərmədi. Avropa birliyi, Avropa şurası da heç bir şəkildə bizə kömək olmadılar. Azərbaycanın başqa yolu qalmayıb. Torpaqlarını işğaldan azad eləməlidir. Çünki məğlub xalq qürurlu olmur. Məğlub xalq normal dövlət qura bilmir. Məğlub xalqın iqtisadiyyatı da normal olmur. Biz həmişə ordumuzun yanındayıq. İllərdi ki, cəbhə bölgələrində əhali ilə görüşürəm, Azərbaycan Yazarlar Klubunun sədri kimi dəfələrlə QHT şurasının xətti ilə tədbirlər həyata keçirdirik. Çalışırıq ki, bizim də töhfəmiz olsun. Qarabağla bağlı çoxsaylı hekayələr, romanlar yazmışam. Bir qələm adamı kimi dəstək olmuşam. İndi də mən bir döyüşçü kimi, yəni keçmiş artilleriyaçı kimi orduya dəstək verməyə hazıram. Amma görünür yaşım uyğun gəlmədiyinə görə məni cəlb eləmirlər. Tam səmimi deyirəm ki, həmişə hazıram. Ümumiyyətlə, hamımız hazırıq. Mənə elə gəlir Azərbaycan xalqı bir nəfər kimi dövlətimizin, ordumuzun, Ali baş komandanın yanındayıq.

# 3169 dəfə oxunub

Müəllifin son yazıları

# # #