Qaşlarına görə döyülən qadınlar

Nihat Pir, gənc yazar

Nihat Pir, gənc yazar

20 fevral 2022
# 12:00

Kulis.az Nihat Pirin “Səni tanıyıram qaşlarından“ adlı yazısını təqdim edir.

1.

Çox yəqin ki, mənim üçün ən müqəddəs və ən əlamətdar yazılardan biridir. Lap səmimi olsaq, birincisidir. Aşırı həyəcanlı və bir az da məsuliyyət yüklü olduğumu etiraf edirəm. Nədən ki, bu mövzu məni illərdir, eyni dərəcədə ehtiras, eyni dərəcədə maraq və eyni dərəcədə qəribəliklə özünə çəkir. Haqqında çox araşdırma aparmışam desəm, düz olmaz. Baş vurmalarım olub, düzdür, amma yarı yolda (bəlkə də, elə başlanğıcda) təzədən özümü eyni sirrin və eyni sehrin ağuşunda bulmuşam.

2.

Dünən avtobusların birində üzbəüz oturduğum xanımlardan birinin istər-istəməz (Bu söz, əslində, yerində işlənməyib. Niyəsini yazının gedişində biləcəksiniz) qaşları diqqətimi çəkdi. Bu sanki heyrətamiz dərəcədə gözəllik və qəribəliyin vəhdəti idi. Azca da diqqət kəsiləndən sonra başa düşdüm ki, iki fərqli geyimli, iki fərqli baxışlı (Mütləq şəkildə hər hansısa bir subyektə baxış nəzərdə tutulur), iki fərqli yaşlı və hətta iki fərqli gözəllikdə xanımın qaşlarının birəbir eyni olması məni təəccüb nidalarına boğmaqla yetinmədi, üstəlik, çox uzaq bir xatirəni yadıma saldı.

3.

Əsgərlikdə – misli görülməmiş dərəcədə sıxıcı olan kişi mühitində bircə nəfər qadın hərbçi vardı. Hərbi hissənin əsas binasında çalışan xanımı ilk dəfə əsgərliyimin 18-ci günündə görmüşdüm. Gənc əsgərlərə verilən xidmət növlərindən biri də "çapar" xidməti idi ki, ayda bir dəfə onun məhz sənə düşmə ehtimalı var idi. Min budaq olsun o bəxti ki, bizim bölükdə bu xidməti vəzifəyə ilk mən layiq görüldüm. Bizdən böyük əsgərlərin mənə paxıllıq eləməsinin səbəbini bir də xidməti əraziyə – əsas binaya çatıb xidmətimin məğzi ilə tanış olanda başa düşdüm.

Heyrət, ey şans!

12 saatlıq xidmətimin böyük qismi məhz həmin o xanımın oturduğu şüşəli (Başdan-ayağa şüşə olması nəzərdə tutulur) pəncərənin qarşısında dayanmaq idi. Bir dəqiqə! Belə bir mətndə qətiyyən qürurun yeri deyil. Zəhmət olmasa, cümləni təzədən eyni qaydada oxuyun və orada lazım bildiyiniz hissəyə "fərəqətdə" sözünü əlavə edin.

Bu, bəlkə də, sırf həmin o xidmətdən mənə qalan travmatik xatirənin təhtəlşüurdakı təzahürüdür, bilmirəm. Amma təkcə onu dəqiq bilirəm ki, həmin 12 saat ərzində əraziyə tapşırıq üçün göndərildiyim dəqiqələri çıxmaq şərti ilə qalanını ancaq o qadını müşahidəyə həsr etdim. Ricamdır ki, bu acgöz müşahidəni əsgər olan bəndənin qadın olan ilahi qüvvəyə həsrətinin əlçatmazlılıq dərəcəsini nəzərə alıb ona görə qiymətləndirin.

2.

Xanımlardan biri digərinə tərəf əyilib nə isə pıçıldadı. Güman ki, mənim aşırı diqqətim onu narahat eləməyə başlamışdı. Amma sözügedən diqqət məsələsi məndən asılı olmadığından bu pıçhapıçlara reaksiya verə bilmədim. Ürəyimdə yalnız bunu deyə bildim: “xoşbəxt deyil”.

1.

Qadın qaşları haqqında xüsusi bir yazı yazmaq istəyi çoxdan vardı. Amma haradan və necə başlayacağımı heç cür kəsdirə bilmirdim. Bu tərəddüd çevrəli zaman içində rastlaşdığım bütün qadınların qaşları və xarakteri mənim üçün ən ümdə mövzu olub.

Və bu gün tam əminliklə deyə bilərəm ki, qadının qaşına, quruluşuna, gözlə təmasına baxıb onun xarakterini, ən azı, 75-80 faiz təyin edə bilirəm.

Və mənim qadında ilk diqqət verdiyim nöqtə məhz onun qaşlarıdır. Yəni o qadın həddən ziyadə cazibədar da ola bilər, açıq geyinə də bilər, hətta beşayaqlı da ola bilər – bütün bunların mənim üçün zərrə qədər də fərqi yoxdur.

Qadın qaşlardan ibarətdir!

2.

Bəs bu iki fərqli geyimli və fərqli gözəllikdə qadının qaşlarının birəbir eyni olmasının səbəbi-sirri nədə idi?

Sualıma cavabı, əslində, orada olanda deyil, yalnız evə gəlincə tapmışdım. Və bu cavab isə hələlik mətnin bu hissəsi üçün maraqlı deyil.

3.

Xidmət boyunca cəmisi iki dəfə gözlərimiz toqquşdu. Bunu necə bacardığımı heç özüm də bilmirəm, amma mən qaşları müşahidə edərkən nə olur, olsun, gözlə təmasdan yayına bilirəm. Səd əfsus ki, bu iki dəfə baş verən toqquşmada günahkar məhz o qadın oldu.

– Əsgər, bu məktubu X adlı yerə çatdır.

– Əsgər, zəhmət olmasa, qapını ört.


1.

Hərdən metroda düşəcəyim stansiyaları belə qaçırıram. Bəzən diqqət kəsildiyim qadının qaşları məni o qədər çəkir ki, onunla məişət problemlərinə qədər vara bilirəm. Məsələn, bir dəfə bir qadının qaşlarındakı hansısa qüvvə, hansısa mistik güc məni bir neçə gün əvvəlki problem sırasında həyat yoldaşından şillə yeməsi halına qədər gedib çıxara bilmişdi.

Günahkar qadın idi amma...


2.

Diqqət kəsildiyim xanım pıçhapıça ara verib düz gözlərimə zilləndi. Məndən asılı olmayan səbəb imkan vermirdi ki, onun göz təmasına qarşılıq verim. O mənim gözlərimi diqqətlə incələyir, mən isə qaşların sehirli ağuşunda, Allah bilir, haralara qədər gedib çıxırdım.

– Əsgər?! – dedi. Bilmirəm, sual verirdi, ya fikrində qəti idi, amma bu "əsgər" kəlməsi ilə bütün bədənimin süstləşməsi bir oldu.

Səs tanış idi. Bəlkə də, doğma...


3.

O qadını bir də görmədim (Bu cümlədə məntiq xətası olduğunu bilirəm). Daha doğrusu, qaşlarını müşahidə eləmək kimi bir şansım olmadı. Mənim üçün görmək və duymaq anlayışının kökündə qaşlar mütləqdir ki, öncül məsələdir. Odur ki onunla sonrakı təsadüfi rastlaşmalar, yaxud yoxlama düzülüşlərindəki çıxışlarda onu görməyim mənim üçün zərrə qədər də əhəmiyyət kəsb eləmir.


2.

– Siz yenə də eyni cür baxırsınız, – dedi.

Təəccüb cilovlarımı dartıb dərin səssizliyə qapıldım. Düzü, nəsə deməkdə çətinlik çəkirdim.

Bəli, bu o idi. Həmin o hərbçi qadın.

Üstündən düz 9 il keçməsinə baxmayaraq, o mənim baxışlarımı unutmayıb, mən isə onun fövqəlbəşəri qaşlarını.

– Sizin isə qaşlarınız əvvəlki kimi deyil, – dedim. Bir az kobud səsləndi, amma peşman olmadım. Həqiqət həqiqətdir.

– Hə, bir az formasını dəyişmişəm, – dedi. Və gülümsədi. Mən onda kəşf elədim ki, qadın qaşları ən təbii halını məhz gülərkən göstərir. İndiyə kimi bunu kəşf eləmədiyim üçün keçirdiyim təəssüf hissi isə ayrıca bir mövzudur.

– Yaxşıdır? – deyə soruşdu.

– Məncə, hə, – dedim. Amma bu cavabı sanki mən vermədim. Çox, yəqin ki, onu gülərkən ilk dəfə idi, görürdüm deyə, bu məndə əlavə bir düşünmə mövzusu yaratmışdı.

Çox az ara verib soruşdu:

– Siz hamıya bu cür baxırsınız? – baxışlarımın onu narahat etməməsi dəqiq idi. Amma bunu soruşması da normal haldır.

Yanındakı tanış olmayan qız söhbətimizi diqqətlə dinləyirdi və artıq dialoqun bu yerində dözməyib elə indicə söhbətə qoşuldu:

– Siz nacaq adamların qaşlarına baxırsınız?

– Hə, – etiraf etdim, – mən qaşlara qarşı aşırı həssasam və bununla qadınların xarakterini çözə bilirəm, – deyib öz-özümə düşündüm. "Maddiyyat problemi var. Bir az da məişət. İkincidə yanıla da bilərəm, amma birinci dəqiqdir".

– Onda bayaq bir neçə dəfə mənim də qaşlarıma baxdınız, deyin görək, necə adamam? – dedi yanındakı. Bu suala hazır idim. Amma cavaba ehtiyac qalmadı.

– Məncə, onu deməz, – dedi hərbçi qadın. Və haqlı idi də.


1.

Özümü o qədər rahat hiss edirəm ki... Həyatda ən sevdiyim mövzuya, ən müqəddəs qüvvəyə yazı həsr eləməyin təntənəsini yaşayıram. Üstəlik, sevə-sevə. Xoşbəxt ola-ola.


2.

– Bilirsiniz, mən hərbçi kimi qala bilmədim, sonra ayrıldım oradan, – dedi.

– Bilirəm, – dedim və onun "Haradan?" sualını gözləmədən cavab verdim:

– Siz orada xoşbəxt deyildiniz.

– Bəs indi? – deyə soruşdu, həm də bir az tərəddüdlə.

– Elə indi də xoşbəxt deyilsən, dəyiş işini, – deyib avtobusdan düşmək üçün qapıya tərəf yönəldim. "Siz"dən "sən"ə necə keçdiyimi heç özüm də bilmirəm.

– Bəs, səncə, mən harada xoşbəxt ola bilərəm? – dedi və gözlənilmədən düz mənimlə yanaşı dayandı. Onun mənə mistik bir gücə sahib adam kimi baxmasını dərhal hiss eləmək olurdu. Və mən onu başa düşürdüm.

Avtobusdan düşüb təkcə onun eşidə biləcəyi tonda cavab verdim: “biz mütləq bir də qarşılaşmalıyıq, onda deyəcəm”.


1.

Hadisənin üstündən 52 saat keçib, amma mən hələ də onun əvvəlki qaşının daha gözəl olduğunu demədiyim üçün özümü bağışlaya bilmirəm.

Amma o qadın xoşbəxt olacaq. Olmalıdır! Mütləq!

Bunu onun qaşları deyir...


4.

Bu hissə mətnə sonradan əlavə olunub.

Bilmirəm, gecə məni hansı qüvvə oyatdı və hansı qüvvə "facebook"a girməyə məcbur elədi. Amma elədi. Və mesaj qutusundakı bu mesajı oxutdu:

– Səni tapmaq bir bilsən, necə çətin oldu...


# 5434 dəfə oxunub

Müəllifin son yazıları

# # #