“Əqrəb mövsümü”nü izləyən adamların görməmişliyi

Hikmət Rəhimov, Azər Aydəmir

Hikmət Rəhimov, Azər Aydəmir

26 yanvar 2023
# 15:00

Kulis.az Nihat Pirin “Görməmiş adamlar üçün didaktika dərsləri” adlı yazısını təqdim edir.

Yaxşı bir məsəl var, amma yaza bilməyəcəyəm. Ümumiyyətlə, əlimə qələm götürəndən heç bir yazıda söyüş sayılacaq ifadə işlətməmişəm. Yazı müqəddəsdir. Orada yersiz söyüş varsa, apar qaytar.

Bədii mətndə müəyyən vaxtlarda lazım olur, bu, istisnadır, yəqin, bunu bilirsiniz. Dediyim məsəli isə üç sözlə ifadə eləməyə çalışacağam, özünüz söhbəti tutacaqsınız: kasıb, oğlu, qopartmaq. Vəssalam.

Biz çox görməmiş adamlarıq. “Biz” ona görə deyirəm ki, mən Marsdan gəlməmişəm, mən də sizdən biriyəm. Amma sizdən fərqli olaraq, görməmiş olduğumu etiraf edə bilirəm.

Elə yuxarıda çəkdiyimiz misal da bunun bariz nümunəsidir. O məsəl Alp dağlarının ətəyində yaşayan xalqda da yarana bilərdi, amma yaranmayıb. Çünki görməmiş deyillər.

Bax, məsələn, yekə-yekə adamlar şənbə-bazar günü durub basa-basa gedirlər teatra. Nə gözəl! O xalq ki teatra gedir, o xalqın ki teatra marağı var, vəssalam, ona ölüm yoxdur. Amma biz teatra xalqı ölümdən qurtaraq deyə getmirik. Tamaşa boyunca zal nəzarətçisinin yüz yetmiş iki dəfə xəbərdalığına baxmayaq, səhnəni çəkmək və “whatsapp”da paylaşmaq üçün gedirik.

Allah haqqı, hə.

Uzağı, bir ayın söhbətidir: Gənc Tamaşaçılar Teatrında Cavidin “Şeyx Sənan”ını oynayırdılar. Məndən iki sıra irəlidə oturan qadın, imam haqqı, din haqqı, peyğəmbər haqqı, Cavid haqqı, tamaşaya baxmadı. Başdan sona qədər onu çəkdi. Özü də çəkdikcə statusa qoydu. Niyə? Çünki görməmişdi.

Elə bilir ki, qonşusu Pakizə evdə paltar ütülədiyi yerdə görsə ki, Firəngiz teatra gedib, deyəcək ki, intilegent oldun, belədir də...

Amma, sən Allah, Pakizənin nə vecinə?

Bir zamanlar “Pərdə” adlı üçhissəli filmi ilə tamaşaçılarda böyük rəğbət və inam yaradan rejissor Emil Quliyevin çəkdiyi serial bu yaxınlarda İTV-də yayımlanmağa başladı. Ümumi rəyləri, tərifləri qırağa qoyub Emilin rejissor potensialına və serialın aktyor heyətinə baxanda ortada kifayət qədər ciddi iş olduğu aşkardır. Çox şükür. Şükür ki, Azərbaycan filmi, Azərbaycan serialı barədə bu qədər inamlı (ümidli yox, məhz inamlı) danışa bilirik.

Amma biz nə edirik? Görməmişlik.

Bəli, birmənalı olaraq, görməmişlik edirik.

Nə olub, camaat? Nə baş verir? Siz nə edirsiniz?

Serial kifayət qədər uğurlu ola bilər. Bu, çox sevindirici haldır. Amma axı sizin etdiyiniz görməmişlikdir. Başa düşürəm, dünənə kimi “Ata ocağı”, “Dəfnə yarpağı” kimi mənasız, məzmunsuz seriallara baxdıqdan sonra belə bir keyfiyyət sizdə şok effekti yaradıb. Yaxşı, bəs bizim günahımız nədir? Sən dünən “Ata ocağı”na baxmasaydın və beynin o cür mənasız, məzmunsuz bir ssenari və aktyor oyunu ilə yuyulmasaydı, bu gün “Əqrəb mövsümü”nə baxanda dilin topuq vurmazdı da. Günah özündədir.

Ona görə də, baxmısan, əcəb eləmisən. Bəyənmisən, əcəb eləmisən. Dostuna məsləhət görmüsən, əcəb eləmisən. Dostun baxıb sənə təşəkkür edib, o da əcəb edib. Amma bizdən əl çək. Qurban olum, bizdən əl çək!

Serial haqqında kimlərinsə fikir bildirməsində qəbahət nəsə yoxdur. Dünən bu barədə status yazdım, bir xeyli adam məni dostluqdan sildi, neqativ, dəxilsiz və kin-küdurət dolu rəylər yazdılar. Zərər yoxdur. Olsun.

Amma bilin və agah olun ki, məsələ kiminsə serial barədə müsbət fikir bildirməsi deyil, məsələ söhbətin şitini çıxarmaqdır. Məsələ söhbətin ağını çıxarmaqdır. Məsələ artıq bezdirici situasiya yaratmaqdır. Məsələ artıq iyrəndirmə həddinə çatdırmaqdır.

Məsələ budur. Emil Quliyevi, yaxud Azər Aydəmiri, Hikmət Rəhimovu gözügötürməzlik yox.

Serial haqqında kifayət qədər tanınmış adamlar da tərif dolu statuslar yazıb. Əcəb edirlər. Layiqdir ki, yazırlar. Amma bu yazılanlar içində məni, sözün həqiqi mənasında, dəhşətə gətirən Günel Mövludun statusu oldu. O boyda Günel Mövlud götürüb yazıb ki, Azər Aydəmirlə Hikmət Rəhimovu eyni filmdə oynatmaq haqsızlıqdır.

Niyə? Çünki ikisi də möhtəşəmdir.

Nə bilim, vallah?!

Günel Mövlud Norveçin göbəyindən üzü bəri yazırsa ki, iki potensiallı aktyoru bir filmdə çəkmək haqsızlıqdır, onda Pakizələri, Firəngizləri niyə qınayasan ki?

# 7188 dəfə oxunub

Müəllifin son yazıları

# # #