Tarixçi alim: "Tağıyev malikanəsini orduya bağışlamışdı" - Müsahibə

Boran Əziz, tarixçi

Boran Əziz, tarixçi

15 sentyabr 2022
# 15:00

Tarix elmləri üzrə fəlsəfə doktoru, dosent, Bakı Dövlət Universitetinin Humanitar fakültələr üzrə Azərbaycan tarixi kafedrasının müəllimi Boran Əzizin APA-ya müsahibəsini təqdim edirik.

Boran müəllimlə telefon danışığımız zamanı qərara gəldik ki, müsahibəni elə Şəhidlər xiyabanında – Türk şəhidliyi önündə edək. Dərhal razılaşdı. Elə söhbətimiz də telefon danışığımızda yarımçıq qalan sualdan başladı. Boran müəllim 15 Sentyabrı Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri hesab edir.

– Bəli, Azərbaycan tarixində xeyli bayramlar var. Bunların içərisində iki böyük bayram xüsusilə seçilir. Onlar 28 may və 15 sentyabrdır. Məsələ burasındadır ki, bizim dövlətçilik tariximiz e.ə. III-II minilliklərdən başlayır. Həmin dövrdən Cümhuriyyətə qədər Azərbaycan ərazisində olan dövlətlərimizin adı və paytaxtları müxtəlif şəhərlər olub. Tarixdə ilk dəfə adı Azərbaycan, paytaxtı Bakı olan dövlət Cümhuriyyət qurucuları tərəfindən yaradılıb. Torpaqlarımız Çar Rusiyası tərəfindən işğal edildikdən sonra Bakı adi bir quberniya şəhərinə çevrilmişdi. Çar Rusiyasının müstəmləkə və köçürmə siyasəti nəticəsində Bakı əhalisinin əksəriyyətini qeyri-azərbaycanlılar təşkil etmişdi. 1917-ci ildə Bakı şəhərinin əhalisinin üçdə ikisi qeyri-azərbaycanlı idi. Burada yaşayan rus və erməni əhalisi Bakını Azərbaycan şəhəri və paytaxtı kimi qəbul etmək istəmirdilər. Bu səbəbdən, Bakının azad edilməsinin siyasi, tarixi və tərbiyəvi əhəmiyyəti böyükdür.

Tarixçi alim: “Bakının azad edilməsinin siyasi, tarixi və tərbiyəvi əhəmiyyəti böyükdür” - MÜSAHİBƏ

– Əlahiddə Azərbaycan Korpusu və Qafqaz İslam Ordusunun döyüş yolundan başlayaq. Qobustanda, Göyçayda şiddətli döyüşlər olub.

– Bəli. Bu barədə bir qədər sonra geniş danışacağam. İndi deyim ki, Bakının azad edilməsi Azərbaycan hərb tarixinə də qızıl hərflərlə yazılmalıdır. Çünki Bakı şəhərində hakimiyyəti ələ keçirmiş əvvəlcə Şaumyanın rəhbərlik etdiyi daşnak-bolşevik birliyindən ibarət olan anti-Azərbaycan mövqeli Bakı Soveti, onun süqutundan sonra isə 11 nəfərdən ibarət üzvlərinin hamısı sağ-eser, menşevik, daşnak və xalqımıza düşmən digər şəxslərdən təşkil olunmuş Mərkəzi Xəzər Diktaturasının (Sentrokaspi Diktaturası) rəhbərliyi Bakını Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı kimi qəbul etmir, şəhəri öz əllərində saxlamaq istəyirdilər. 1918-ci ilin mart soyqırımından başlayaraq bu anti-Azərbaycan ruhlu siyasi qüvvələr Bakı şəhəri və onun ətrafını tamamilə müsəlman və türklərdən təmizləmək siyasəti yeridirdilər.

Ordunun döyüş yoluna gəlincə, Əlahiddə Azərbaycan Korpusu və Qafqaz İslam Ordusu, əsasən, iki istiqamətdə Bakı üzərinə yürüşə başlamışdı. Birincisi, Gəncə-Yevlax-Ağsu-Şamaxı-Bakı, ikincisi isə, Yevlax-Kürdəmir-Hacıqabul-Bakı istiqamətləri idi. Hər iki istiqamətdə ölüm-dirim savaşı getdi. Ən ağır döyüş 1918-ci il, iyun ayının sonlarından iyulun əvvəllərinə qədər Göyçay yaxınlığında, Qaraməryəm kəndi istiqamətində gedən döyüş oldu. Ərazidə 3 gün dayanmadan, fasiləsiz döyüş baş vermişdi.

– Qoşunların canlı qüvvə sayı konkret olaraq bilinirmi?

– Bəli, daşnak-bolşevik qüvvələri 20 minə yaxın, Əlahiddə Azərbaycan Ordusu təxminən 1500, ona köməyə gələn Qafqaz İslam Ordusu isə 5575 nəfər idi. Hələ bu dediyimiz say Mürsəl Paşa Bakuvi (Birinci Dünya Müharibəsi və Türkiyə Qurtuluş Savaşı zamanı mühüm vəzifələr tutmuş, Bakı və İzmir şəhərlərinin azad edilməsində mühüm rol oynamış, sonradan bir müddət millət vəkili kimi fəaliyyət göstərmiş Qafqaz əsilli Türkiyə hərbçisi, – N.P.) öz dəstəsi ilə gəldikdən sonra artıb bu qədər oldu. Belə az qüvvə ilə düşmənin hücumunun bir saat belə ləngidilməsi, Yevlax körpüsünün keçilməsinə imkan verilməməsi çox böyük əhəmiyyətə malik idi. Üstəlik, Azərbaycan Ordusu hələ yeni-yeni formalaşırdı. Cümhuriyyət hökuməti yenicə Gəncə şəhərinə gəlmişdi. Buna rəğmən, Göyçay yaxınlığında düşmən hücumu çətinliklə olsa da, dayandırıldı. Bununla da, strateji üstünlük bizim tərəfimizə keçdi və iyul ayının birinci yarısında Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirdi. Bu əks-hücum əməliyyatında Ağsu-Şamaxı istiqamətindəki döyüş xüsusilə qeyd edilməlidir. Çünki Mikoyan, Lalayan və digərlərinin rəhbəri olduğu daşnak-bolşevik qüvvələri strateji yüksəklikləri ələ keçirmişdi. Bu da Əlahiddə Azərbaycan Ordusu və Qafqaz İslam Ordusu üçün çox böyük təhlükə demək idi. Burada ordumuz itkilər verdi, lakin gecə ikən düşmənin ağlına gəlməyən istiqamətlərdən hücuma keçdi. Xüsusən sıldırım qayaları, keçilməz hesab olunan meşəlik əraziləri aşmalarını qeyd eləmək istəyirəm. Səhərə yaxın düşmənin səngərlərinə “Allahu-əkbər”, “Ya Allah” nidaları ilə hücum onlarda çaşqınlıq yaratdı və qaçmağa məcbur oldular. Dediyim kimi, bu döyüşlər bizim hərb tariximizin ən gözəl səhifələrindəndir. Bu hadisədən sonra Mikoyan Şaumyana teleqram vurdu ki, biz artıq qoşunun qarşısını ala bilmirik.

Eyni vaxtda mərkəzi istiqamətdə də irəliləmə var idi. Xüsusilə Həbib bəy Səlimovun (AXC Ordusunun ilk baş qərargah rəisi, Əsgəran savaşının qəhrəmanı kimi tanınan Azərbaycan generalı, – N.P.) rəhbərlik etdiyi ordu böyük fədakarlıq və şücaət nümayiş etdirmişdi. Bu qoşunun girdiyi ən ağır döyüşlərdən biri Hacıqabul yaxınlığında olmuşdu. Çünki bu ərazidə döyüş üçün əlverişli-strateji mövqelər düşmənin əlində idi. Eyni zamanda, dəmiryol xətti vasitəsilə zirehli qatar da ordumuzun əməliyyatına maneə idi. Amma burada da Azərbaycan Əlahiddə Ordusu və Qafqaz İslam Ordusu uğurlu taktiki gediş vasitəsilə zəfər çala bildi.

– Bakının azad edilməsi üçün 1918-ci ilin avqustunda yürüş təşkil edilmişdi. Amma alınmadı. Səbəb nə idi?

– Doğrudur, Bakı üzərinə ilk yürüş 1918-ci ilin avqust ayının 5-də başlamışdı. Lakin o yürüş düşmən qüvvələrinin kifayət qədər nəzər alınmaması, eyni zamanda, döyüş taktikasının düzgün qurulmaması, düşmənin ehtiyat qüvvələrinin döyüşə atılması məsələsinin nəzərə alınmaması, qüvvələrimizin yorğunluğu və digər bu kimi hallar sözügedən yürüşün uğurlu alınmamasına gətirib çıxarmışdı. Bütün bunlar nəzərə alındıqdan sonra 1918-ci il sentyabrın 15-də, səhər saat 9-da Bakı şəhəri düşmən işğalından azad edildi.

– Boran müəllim, bir az bizə konkret bilinən rəqəmlərdən danışın.

– Bakı düşməndən azad olunanda 1151 erməni, 383 rus, eyni zamanda, 137 digər millətlərin nümayəndələrindən ibarət əsgər, həmçinin 17 erməni, 9 rus, 10 gürcü zabiti əsir götürülmüşdü. Erməni liderləri Bakıdakı xarici ölkə konsullarına dəfələrlə müraciətlər edirdi. Bir yandan, həmin konsulluqlara təslim olacaqlarını vəd etsələr də, digər bir yandan, Bakıda talanlar da törətməkdə idilər. Nəticədə, həmin konsulluqlarla da danışıqlar ciddi fayda vermirdi.

– Nuru Paşa Bakıya girməmişdən əvvəl ermənilərə təslim olmaq üçün müraciət edibmi?

– Bəli, müraciət edildi. Təslim olacaqları təqdirdə onlara canları və mallarının təhlükəsizliyinə zəmanət veriləcəyi bildirilmişdi. Onlara söylənmişdi ki, əks təqdirdə tökülən qanlara görə onlar cavabdehlik daşıyacaqlar. Amma ermənilər Bakıdan əl çəkmək niyyətində deyildilər. Belə olan halda, döyüşlər qaçılmaz oldu. Onlara köməyə gələn ingilis qoşunları da artıq bu dövrdə Bakıda deyildi, çəkilib getmişdi. Və nəticə etibarilə, Bakı azad olundu. Əhalinin sevinci isə tamamilə ayrı mənzərə idi.

Bakı şəhərinin azad edilməsindən sonra böyük bir parad keçirildi. Bu paradda Şərq Qoşunları Komandanı Xəlil Paşa, Ənvər Paşa, Mürsəl Paşa Bakuvi, Cəlil Cahid bəy, Süleyman İzzət bəy, həmçinin Əliağa Şıxlinski, Həbib bəy Səlimov və digər yüksək rütbəli zabitlər, hörmətli şəxslər iştirak etmişdilər.

– Bakı şəhəri azad ediləndən sonra, ilk olaraq, hansı tədbirlər həyata keçirildi?

– Nuru Paşanın Bakıda gördüyü ən yaxşı işlərdən biri də tez bir zamanda şəhərdə nizam-intizamın yaradılması ilə bağlı gördüyü tədbirlər idi. Məsələn, qısa zamanda möhtəkirliyin qarşısı alındı. Ərzaq qıtlığının və talançılığın tamamilə aradan qaldırılması, yaxud milliyyətindən və dinindən asılı olmayaraq, bütün adamların mal və can güvənliyinə təminat verilməsini misal gətirə bilərik.

– Hacı Zeynalabdin Tağıyevin malikanəsinin ordu tərəfindən qərargah kimi istifadə edilməsi doğrudurmu?

– Bəli, doğrudur. Hacı Zeynalabdin Tağıyev Bakı azad olunacağı təqdirdə indi tarix muzeyi olan ikimərtəbəli malikanəsini orduya verəcəyini vəd eləmişdi. Və dediyi kimi də etdi. Qafqaz İslam Ordusu və Nuru Paşa məhz orada qərarlaşmışdı. Sentyabrın 17-də Azərbaycan hökuməti paytaxt Bakıya köçdü, bu isə böyük təntənəyə səbəb oldu. Azərbaycana müxtəlif təbrik teleqramları gəlirdi, bunlar içərisində Ənvər Paşanın teleqramı diqqəti çəkir. O, Nuru Paşa və Xəlil Paşanın gözlərindən öpdüyünü və bu əhəmiyyətli günü türk və islam tarixinin heç vaxt unutmayacağını deyirdi. Təbrik “Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithaf edərim” cümləsi ilə bitirdi.

Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, həmin gün Ənvər Paşa ilə telefon danışığımız oldu. O, Əmin bəy, gözün aydın, Bakı alındı dedi. Həmin vaxt keçirdiyim sevinci təsvir eləmək mümkün deyil.

– Bakını əldə saxlamaq üçün Rusiya və Almaniya arasında razılaşma olub. Bir az da o barədə danışaq.

– 1918-ci ilin avqust müqaviləsinə görə, Rusiya Bakı neftinin dörddə birini, yaxud 25 faizini Almaniyaya verməyi öhdəsinə götürəcəkdi. Bunun qarşılığında isə Almaniya müttəfiqi olduğu Osmanlı qoşununun Bakıya girməyinə mane olmalı idi. Hətta ingilislərlə də müəyyən danışıqlar aparılmışdı. Buna əsasən, onlar da Osmanlı ordusunu Bakıya buraxmamalı idi.

– Niyə həmin vədlərə əməl edilmədi?

– Həmin dövrdə İstanbulda olan Məhəmməd Əmin Rəsulzadə məsələnin nə yerdə olduğunu eşidən kimi dərhal Almaniya səfirliyinə ciddi etiraz bildirmiş və Bakının tarixən Azərbaycan şəhəri olduğunu xatırlatmışdı. Sonra isə Azərbaycan hökumətinə Bakının azad edilməsi üçün nə lazımdırsa, edilməsini bildirmişdi: “Necə olursa, olsun, ən qısa müddətdə Bakı azad edilməlidir”. Həmin dövrdə Sentrokaspinin dəvəti ilə general Denstervilin başçılığı altında ingilis qoşunlarının Bakıya girməsi də vəziyyəti dəyişdirdi. Şübhəsiz ki, Bakı Azərbaycanın taleyüklü məsələsi idi. Rəsulzadə deyirdi ki, Bakısız Azərbaycan başsız bədəndir. Əgər 28 mayda Cümhuriyyət elan edilmişdisə, Bakının azad edilməsi həmin Cümhuriyyətin yaşamaq qabiliyyətinə malik olunmasının sübutu olmuşdu.

– Qafqaz İslam Ordusundan döyüşlərdən sonra burada qalanlar olubmu?

– Düzü bu barədə konkret faktlara sahib deyiləm, amma burada qalanların olduğu bildirilir. Ümumiyyətlə, Nuru Paşanın rəhbərlik etdiyi qoşunu xalqımız böyük sevinclə qarşılayıb. Nağı bəy Şeyxzamanlı yazır ki, Gəncə əhalisi bir nəfər kimi küçələrə çıxaraq onları gül-çiçəklə qarşılayırdı. Əhali arasında həm də Müsəlman Xeyriyyə Cəmiyyətinin gətirdiyi uşaqlar da olmuşdu. O uşaqlardan biri ordu sıralarında olan atasını tanıyıb “Ata” – deyə qışqırıb. Əsgər də övladını tanımış, qucaqlaşmışdılar. Bu səhnə orada olanların hamısını kövrəltmişdi.

– Birinci Dünya Müharibəsi zamanı əsir götürülən türk əsgərlərə Gəncədə azərbaycanlıların yardımı, həmçinin Bakıda – Nargində saxlanılan türk əsirlərinin pul müqabilində qurtarılmaları məsələsi doğrudurmu?

– Tamamilə doğrudur. Gəncədə həmin əsirlərin bir qismini xəstə adamlar adı ilə qurtarıb müalicə elətdirirdilər. Rus rejimində o vaxt rüşvətxorluq baş alıb gedirdi. Müəyyən pul qarşılığında türkləri onlardan alır, müalicə elətdirir, sonra ölkələrinə yola salırdılar. Eyni zamanda, Nargin adasında olan əsirləri də pul müqabilində qurtarıb Türkiyəyə yola salırdılar. Bu işdə Bakı milyonçularından Ağabala Quliyevin, həmçinin Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin üzvü Sona xanım Hacıyeva və digərlərinin xüsusi əməyi olmuşdur. Hətta əsirlikdən qurtarılanların aralarında elələri vardır ki, sonralar Türkiyədə general rütbəsinə qədər qalxmışdı. Nağı bəy Şeyxzamanlı yazır ki, İstanbulda dolanışıq üçün mağaza işədirdim. Birdən küçədə səs-küy qopdu ki, paşamız gəlir. Baxıb gördüm ki, vaxtilə Nargin adasından qurtarıb Gəncədə saxladığım və sonra Türkiyəyə yola saldığım adamdır. Əvvəl məni tanımadı, amma sonra adımı verəndə tanıdı və qucaqlaşdıq.

– Nağı bəy Şeyxzamanlı xatirələrində yazır ki, Bakıya göndərilən qoşuna rəhbər kimi Prins Fərrux təyin edilibmiş. Amma sonradan onu dəyişdirib yerinə Nuru paşanı göndəriblər. Bu fakt doğrudurmu?

– Bəli, bu fakt da doğrudur. Azərbaycan ziyalıları İstanbulda olarkən Ənvər paşa, Xəlil paşa və digərləri ilə görüşmüş, Azərbaycana hərbi yardımın göndərilməsinin vacibliyini bildirmişlər. Belə olan halda, ilkin olaraq, Osmanlı sultanının oğlu Prins Fərruxun göndərilməsi məqsədəuyğun hesab edilib. Lakin Nağı bəy Şeyxzamanlı Ənvər paşa ilə görüşür və o görüşdən sonra Ənvər Paşanın ögey qardaşı olan Nuru Paşanın milli düşüncəli və mərd biri olduğunu nəzərə alaraq, orduya onun rəhbərlik etməsinə nail olur.

– Prins Fərrux haqqında o qədər də xoş sözlər deyilmirdi.

– Hə, bir az müəyyən çatışmazlıqları var idi. Bu səbəbdən, onun gəlişi alınmadı və Nuru Paşa göndərildi.

– Sizcə, Prins Fərrux gəlsəydi, nəticə nə ola bilərdi?

– Bilmirəm nə olardı. Ancaq fakt budur ki, Nuru Paşa gəldi və hər şey son dərəcə müsbət nəticələndi. Bu bir daha Azərbaycan-Türkiyə qardaşlığının möhkəm bağlara, köklərə sahib olması deməkdir. Biz bu bağları 44 günlük Vətən müharibəsi zamanı da gördük. Türk qardaşlarımızı dövlətimizə və xalqımıza mümkün bütün dəstəyi əsirgəmədi. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!

Foto: Orxan Kərimov

# 3143 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #