Adam olmağın fəsadları haqqında – Nihat Pir yazır...

Nihat Pir, yazıçı

Nihat Pir, yazıçı

26 avqust 2022
# 15:40

Kulis.az Nihat Pirin “Adam olmağın fəsadları haqqında” yazısını təqdim edir.

Özümə təzə Tiktok hesabı açmışam. Kim deyirsə, o platformadan istifadə etmir, gözünün içinə qədər yalan danışır. Mümkün deyil. Əvvəllər mən də elə deyirdim, amma altdan-altdan girib videolara baxırdım. İndi açıq-aşkar etiraf edirəm: günümün, heç olmasa, bir saatı, saat yarımı orada keçir. Bu, xüsusən işdən gəlib yemək yeyəndən sonrakı saatlarda baş verir. Beyin informasiyadan tamamilə doyur, yorulur, bezir, tükənir. Ciddi heç nə qəbul etmək istəmir. Sadəcə əyləncə, özü də olduqca dəxilsiz, olduqca mənasız, olduqca məntiqsiz əyləncə istəyir. Bax onda divanda uzanıb Tiktokda özüm üçün gəzirəm. Oradakı dünya tamamilə ayrı dünyadır. Yəni oranı, oradakı fenomenlik qazanmış adamları qətiyyən özümlə, özümüzlə müqayisə edə bilmirəm.

Tiktokdan söz düşmüşkən, Bilal Əliyevi söyənlərə, onunla məzələnənlərə də ikicə kəlmə sözüm var: sən Allah, o Bilaldan nə istəyirsiniz? Siz Bilalla məzələndiyinizi, onu öz aləminizdə alçaltdığınızı düşündüyünüz vaxt o adam sizinlə məzələnir, sizi maksimum formada alçaldır. Və əcəb də edir. Keçən dəfə bir videosunu gördüm: kimsə yazmışdı ki, Bilalın pulu yoxdur. Bilal qoçağımın da beyni çöndü, əl atdı cibinə, bir qom marqanes rəngli yüzlüyü əlində yellədi ki, mənim puluma nə gəlib ki? İndi, ay Bilalı öz aləmində açdığı profil adları ilə sındıran adam, kim kimi sındırır? Sən heç yuxunda o qədər yüzlüyü bir yerdə görmüsən? Sual ritorikdir, baş sındırma.

Son bir ay ərzində özümü həddən-ziyadə tükənmiş hiss edirəm. Dünyada və həyatımda baş verən heç bir yenilik və yenilik adına yaxın hadisələr məni təəccübləndirmir. Təəccübləndirməməsi bir yana, hec vecimə də almıram, ala bilmirəm. Bu aralar məni ən çox düşündürən sual “Niyə varam?” sualıdır. Fəlsəfə-zad mühazirəsi oxuyub başağrısı vermək istəmirəm, sadəcə, doğrudan da, mən niyə varam? Ən bəsit halda “Yaxşı adam olmaq üçün” cavabını verib özümə təsəlli yedizdirə bilərəm. Amma mən niyə yaxşı adam olum ki? Düz 4 il bundan qabaq elə məhz belə bir isti yay günündə sevdiyim qız üzü üzümə, gözü gözümə dedi ki, sən yaxşı adamsan. Amma adamlardan gözləntin çoxdur. Və bu gözlənti sənin axırına çıxacaq. Sonra da məndən ayrıldı. Hələ də bilmirəm ki, onun getməsinə mənim gözləntimin çoxluğu səbəb olubmu? Nə bilim? Amma yavaş-yavaş axıra yaxınlaşdığımı hiss edirəm.

Maraqlısı odur ki, adamlar bir-birini tərk edəndə “Sən yaxşı adamsan” kimi bir arqumenti qalxan edirlər və sonra o qalxanın arxasında gizlənib qarşı tərəfi uçurumun düz kənarına qədər itələyirlər. O qədər olub ki... Söhbət sırf sevgi münasibətindən getmir. Eyni şey ən adi bir münasibətə də aiddir, dostluğa da, hətta ailə münasibətlərinə də.

Ümumiyyətlə, adam olmaqdan bezdiyimi düşünürəm. Adam olmaq indiyə kimi heç kəsə heç nə verməyib. Məni isə əksinə, həyatdan bezdirib. Əhəmiyyətsiz, heç bir ictimai-sosial fiqur məsuliyyətim olmadan yaşamaq istəyirəm. Heç kəs və heç nə məni vecinə almasın. Və mən də heç kəsi və heç nəyi vecimə almayım. Lap ən pis və loru dillə deyim ki, heç adam yerinə qoyulmaq da istəmirəm. Bezmişəm.

Əslində, adam olduğum üçün bir xeyli zövq aldığım zamanlar da olub. Amma sonra tanıdığım adamlar çoxaldıqca, çevrəm genişləndikcə gördüm ki, yanılıram. Vallah, bu dəqiqə zibil yeşiyinin dibində iylənərək suya yapışıb qalan hansısa şirniyyatın kağız üzlüyünün bir tikəsi olmağı adam olmaqdan daha üstün tuturam. Onun heç bir əhəmiyyəti yoxdur, hətta zibil kimi də əhəmiyyətə sahib deyil. Heç kəs əlini uzadıb onu o ifunət sudan qurtarmaq, zibil qabına atmaq istəmir. Eləcə qalıb orada. Nə o kiminsə, nəyinsə vecinədir, nə də ki, o kimisə, nəyisə vecinə alır.

Ən pisi də odur ki, son zamanlar elədiyim hər şeyə görə sonradan peşman oluram. Çox peşman oluram. Peşman olmaq da məhz adamlıqdan irəli gəlir. İnsan peşman olduqca daha çox adamlaşır, daha çox adam olur. Mən isə bundan qorxuram. Peşmanlığımı yalandan gic-gic şeylərlə ört-basdır edirəm – heç kim üçün yox, sadəcə özüm üçün. Etiraf edim ki, özümə verdiyim təsəlliləri indiyə kimi heç kəsə verməmişəm, verə bilməmişəm. Bu məndə ən yaxşı alınan şeylərdən biridir.

Təsəlli demişkən, yaxın keçmişlərin birində bir xanım dostumuz yazmışdı ki, görürsən də, bu əclaf yenə mənə xəyanət elədi. Bax o gözəgörünməz haqqı, elə beləcə də yazmışdı. Gecə idi. İki, ya üç olardı. Pis oldum, başladım buna maksimum formada təsəlli verməyə. Ən əsası isə, xəyanətin “yenə” olan tərəfində özünün günahkar olduğunu başa saldım. Bir səhvin ki ifadəsində “yenə” sözü işləndi, vəssalam, o səhv artıq sənin səhvindir, o xəyanət artıq sənin xəyanətindir, onun – qarşı tərəfin yox. Bunu adam olanda qəbul eləmişəm, başa düşmüşəm. Amma xanım məni heç başa düşmədi, eləcə yazdı ki, günah sənə söz deyəndədir. Sonra nə yazsam da, oxumadı, vecinə almadı.

Mən indi başa düşürəm ki, günah sadəcə və sadəcə adam olmaqdadır.

Peşmanlıq demişkən, aktrisa Ləman Mərrihdən də fürsət ikən üzr istəyirəm. Bu yaxınlarda onun haqqında, daha doğrusu, “facebook”da yazdığı statuslar haqqında post açmışdım. Kimsə bu statusu gedib ona çatdırıb, o isə əvəzində yazdı ki, əsəblərimi bu formada sakitləşdirirəm, nə istəyirsiniz? Bu cümlə məni çox peşman elədi. Çünki eyni situasiyanı mən də tez-tez yaşayıram. Heç kəslə danışmaq istəmirəm, heç kəsə dərdimi danışmaq və yaxud da heç kəslə zarafat eləmək içimdən gəlmir. Sadəcə balaca bir status yazıb rahatlaşıram. Ona görə də Ləman xanımı məhz o cümlə ilə başa düşdüm. Ən əsası isə, adam olmağın həm də çox-çox çətin olduğunu anladım. Amma bir şeyə dəqiq əminəm ki, mənim sözlərimi Ləmana göndərən adam bu hissi heç vaxt başa düşməyəcək. O heç vaxt adam olmağın çətinliyi haqqında düşünə bilməyəcək. Heç vaxt qavraya bilməyəcək ki, adam olmaq niyə çətindir? Və o, heç vaxt adam olmaqdan bezməyəcək. Allah haqqı, onun yerinə mən pis oluram. Bəlkə də, bax elə bu pis olmağın xətrinə adam olmağa dəyir. Nə bilim?!.

# 2320 dəfə oxunub

Müəllifin son yazıları

# # #