Məşhur aktyor: "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - Müsahibə

Məşhur aktyor:  "Bizdə yaxşı film çəkilmir, yaxşı pul yeyilir" - Müsahibə
30 aprel 2024
# 16:15

Qış parkı ilə “Nizami” metrosuna qalxan yolun kəsişməsindəki məşhur kafedə görüşəcəkdik. Parkın keçidinə çatar-çatmaz bir gözüm saatda, bir gözüm də sözügedən kafenin görünən tərəfindədir. Heç kəs yoxdur. Arxayınlıqla keçidə düşürəm. Keçiddən çıxar-çıxmaz qəhrəmanımın düz çıxışdakı masalardan birində oturduğunu görürəm. Güman ki, mənə zəng vurmaqdan ötrü saatın tamam olmasını gözləyir. Bir-iki addıma ona çatıb: “Bıy, Fərid?”, – deyib söhbətimizi mümkün qədər şirin başlayıram. Qəhrəmanım gülümsünüb qalxır, görüşürük. Və elə ilk sualı da bu olur ki, onunla müsahibə ağlıma haradan gəlib? Cavabı ləngitmirəm:

– Kino İttifaqlarının qurultayında görmüşdüm sizi.

– O, qurultay deyildi, – müsahibənin əvvəlindəcə belə bir hazırcavablıq irəlidə xeyli çətin vəziyyətə düşəcəyimdən xəbər verirdi. Amma, hər halda, bu söhbət maraqlı olacaqdı. Olmalı idi...

Kulis.az rejissor, aktyor Yusif Əlizadənin APA-ya müsahibəsini təqdim edir.

– Yusif müəllim, kino ittifaqları birləşdi. Və bu mövzu kifayət qədər müzakirə edildi. İstər Xalq artisti Rasim Balayevin sədr seçilməsi, istər ittifaqın işi və sair. Sizin fikriniz nədir? Nə düşünürsünüz?

– Heç nə! – bayaqdan bəri əlində saxladığı balaca qara çantasını ehmallıca stullardan birinin üzərinə qoyur, – ümumiyyətlə, mən kinoda çox təsadüfi adam görmüşəm. Orada elə adamlar var ki, onların mütləq şəkildə idarə heyətində olması lazımdır. Bu, kino adına, ittifaq adına çox gərəklidir. Amma... Belə olmaz axı!.. İdarə heyəti ittifaqın işini qurmalıdır. Hətta mən sizə deyim ki, bəlkə də, yaxşı ssenari axtarıb tapmaq, yaxud yazmaq, yazılmasına vəsilə olmaq da elə onların işidir.

Bilirsən, mənim ömrümün 40 ili kinoya gedib. Kinoya rejissor köməkçisi kimi gəlmişəm. Ona qədər avtomexanik idim. Yəni bunu ona görə deyirəm ki, bu işə heç bir aidiyyətim olmasa da, sonradan gəlmişəm və işi təməlindən öyrənmişəm. Ona görə də kimin nə edəcəyini, hansı vəzifənin hansı öhdəliklərinin olduğunu çox gözəl bilirəm.

– Yaxşı, bəs indi nə olacaq?

– İndi heç nə. Yenə də həmin şeylər olacaq. Nə qədər ki, Azərbaycan film sektorunda yaxşı filmdən daha çox yaxşı pullar yeyiləcək, elə belə də qalacaq.

– İttifaq kino çəkmir axı. Biz ittifaqın gələcəyindən danışırıq.

– Bu adamlar kinonun işçiləridir də. Orada ssenarist var, rejissor var, aktyor var, operator var. Kinonu yaradan, quran, çəkən, oynayan kimdir bəs? Onlar axtarıb ssenari tapmalıdırlar, yazmalıdırlar, nə bilim. Söhbət bundan gedir. Yaxşı ssenarini kim tapmalıdır? Siz? Mən? Bu xanım? Kim tapmalıdır?

– Kəsəsi, kino ittifaqlarının birləşməsindən müsbət gözləntiniz yoxdur.

– Bəli, yoxdur.

– Yəni belə çıxır ki, o boyda konfrans boş yerə çağırılmışdı? İttifaqlar boş yerə birləşmişdi?

– Mən Rasim Balayevə inanıram, o, dünya miqyaslı sənətkardır, aktyordur. Adam gərək haqqına danışsın. Bəlkə də, Rasim Balayev mənim üçün kumirdir. O dərəcədə böyük hörmət bəsləyirəm ona.

– Bəs idarəedici kimi?

– Onu hələ ki deyə bilmərəm. Bu işin altına təzə girib. Zaman lazımdır.

– Axı buna qədər də hələ Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri idi. İndi birləşib deyə təzə deyə bilmərik.

– Bilirsiniz, hər şeyi elə yuxarıda duran adamın, yəni rəhbər şəxsin üstünə atmaq düzgün deyil. Bu insafsızlıqdır.

– Sözsüz, komanda işi olmalıdır.

– Siz də orada idiniz də. Gördünüz. İttifaqın idarə heyətinə, təqribən, əlli nəfər seçildi. Ay qardaş, bir idarə heyətində bu qədər adam olar?

– İdarə heyətinin dəyirmi masasını təşkil eləsələr, gərək stadionda eləsinlər.

– Vallah, hə. Yox e, bu nə deməkdir? Bu qədər adam niyə olsun? Hətta o idarə heyətində bir evdən iki nəfər var, iki nəfər təmsil olunur. Belə şey olmaz axı. Bəlkə, işdə bunların nəsə sözləri düz gəlmədi, onda necə olacaq?

– Söhbətin davamı evdə olacaq. Məsələn, biri çay istəyəndə o biri verməyəcək.

– Elə də olacaq. Bəli.

Gülüşürük.

– Yaxşı. Yusif müəllim, dedik ki, kinoya rejissor köməkçisi kimi gəlmisiniz.

– Rəhmətlik Adil İsgəndərovun üç illik kursu var idi. Ora getdik, bir xeyli çalışdıq. Bundan sonra İncəsənət Universitetinə qəbul oldum. Bu ərəfədə sizə deyim ki, mən artıq montaj işini də tam mənimsəmişdim. Nihat, kino üçün montaj pasport kimi bir şeydir. Bu çox-çox əhəmiyyətli məsələdir. Bir kadrda hərf qalır, onu gərək digər kadra yazasan, nəyi nəyin arxasınca verəsən, verməyəsən. Bu kimi məsələlər var. Bunların hamısını öyrəndim və artıq elə oldu ki, başqalarının da yazdıqlarını mənim üzərimə göndərirdilər. Film gedirdi Moskvaya, orada baxıb geri qaytarırdılar ki, düz deyil. Məni tapırdılar, təzədən mən yazırdım. Təvazökarlıqdan uzaq da olsa, o vaxt deyirdilər ki, yaxşı ki, bizdə Yusif Əlizadə var, o olmasaydı, bizim montajlarımızı heç kəs qəbul eləməzdi.

– Yusif müəllim, rejissor köməkçisi kimi ilk filminiz hansı olub?

– İlk filmim...

Bir xeyli düşünür...

– Bir az yaddaşınızı yoxlayın görək.

– Aha, xatırladım. Əbdül Mahmudov çəkirdi...

Yenə dayanır. Ətrafa göz gəzdirir. Bu vaxt ofisiant əlində padnosla yaxınlaşır. O, stəkanları masaya düzüb çayı süzənə qədər Yusif müəllim bir xeyli düşünür. Birinci limon dilimi stəkana atılan kimi qəhrəmanım cavabı tapmasına sevinir.

– Tapdım! “Qeyri-adi ov”. Bu film Oqtay Orucovun ssenarisi əsasında çəkilmişdi. Diplom işi idi. Ondan sonra isə artıq karyera kimi baxsaq, ilk işim Vladimir Semakovun “Bizim küçənin oğlanları” adlı filmi olub. Moskvadan gəlmişdi. Siz xatırlamazsınız onu. Mən o filmdə rejissor köməkçisi kimi çalışdım. Bundan sonra artıq davamlı bir xeyli filmdə işlədim. Ələlxüsus rəhmətlik Arif Babayev məni çox istəyirdi, işimi sevirdi. O, ömrü boyu mənsiz cəmi iki-üç film işləyib. Mənsiz film çəkmirdi.

– Öyrəşibmiş.

– Demək, bir dəfə kinostudiyada bufetə girdim. Ac idim, dedim, çörək alım çıxım. Arif Babayevlə işləyən ikinci rejissor var idi – Əşrəf Mamayev. Məni tutdu, qayıtdı ki, Yusif, vallah, sən böyük adamsan. Dedim, niyə? Dedi, Arif müəllim deyir ki, səndən başqa heç bir köməkçi ilə işləmək istəmir, ümumiyyətlə, səndən başqa köməkçi tanımır.

Bunu deyib bir qədər dayanır. Oturduğumuz yer elədir ki, ətrafımızda aramsız insan axını var. Parka gedən, parkdan gələn, metroya gedən, işdən qayıdan, hava almağa çıxan... Yusif müəllim adamların bəzilərini bir neçə saniyə müşahidə edib təzədən söhbətə qayıdır.

...Mən kinoda işləyə-işləyə həm də kaskadyorluq edirdim.

– Kaskadyorluq?

– Bəli.

– Onu necə öyrənmişdiniz?

– Avtomexanik olmuşam axı. Yaxşı maşın sürən adamam. Qazaxıstanda hərbi xidmətdə olan zaman Sovet hökuməti orada raket bazası tikirdi. Əraziyə “Zil”lə qalxırdım, “Zil”lə düşürdüm. Yəni bu cür texnika mənim üçün ovcumun içi kimi idi. Onu uçura bilirdim. O vaxt onu heç kim edə bilmirdi.

– Hansı filmdə maşın uçurmusunuz?

– “Sarı köynək və Valehin nağılı” filmində mənə qədər aktyorlar üç “KamAZ”ı vurub xurd-xəşil eləmişdi. Hətta avtobazanın rəisi onları məhkəməyə vermişdi. Filmin direktoru hər gün gedib-gəlirdi, yeni “KamAZ” vermirdilər. Çünki buna qədər üç dənəsini məhv etmişdilər. Dəmirdir də bu. Toqquşdurublar, ələ gəlmir. Axırda dedim, bəlkə, mən özüm gedim. Görək nə məsələdir. Prinsipcə bu proses mənə aid deyildi, amma getdim. Avtobazada baxam görəm ki, adam mənim tanışımdır. Üzündə bir dənə xal var idi, həmin o xaldan tanıdım, dedim, odur. Birtəhər qəbuluna keçdim. Çünki direktor o qədər gedib-gəlmişdi ki, girinc eləmişdi. Elə onda hiss elədim ki, direktordan əməllicə zəhləsi gedir. O həddə çatıblarmış artıq. Əvvəl mənə baxmadı, fikirləşib ki, yəqin, yenə direktoram. Oturdum, heç üzümə baxmadan qarşısındakı kağız-kuğuzla məşğul ola-ola dedi ki, yenə gəlmisən? Dedim, hə, amma bu dəfə mən gəldim. Bunu demişdim ki, başını qaldırdı. Məni görməyi ilə ayağa qalxmağı bir oldu. O vaxt Xırdalanda “KamAZ” mərkəzi vardı, o, həmin mərkəzin rəhbəri idi. Mən də tələbə. İndi vəzifəsi daha da böyüdülüb, olub avtobazanın rəisi. Qayıtdı ki, Yusif, sən neynirsən burada? Dedim, bu filmin rejissoru mənəm. Dedi, səni bir dəfə filmdə görmüşəm, nəsə şübhəli qaldım, əmin olmadım ki, sənsən.

– “Yol əhvalatı”nda?

– Hə. Dedim, mən idim. Dedi, bəh-bəh, nə gözəl çıxmısan! Xülasə. Razılaşdıq. Qol çəkib icazə verdi. Köməkçiyə dedi ki, gedib deyərsən ki, bax maşını bu kişiyə görə verdim.

Belə. Biz səhnəni körpüdə çəkməli idik. Güclü yağış yağırdı. Körpünün bir hissəsi uçmuşdu, ona görə də sürücü “KamAZ”ı oraya sürmək istəmirdi. Səhnəyə görə, “KamAZ” körpüdən elə keçməlidir ki, bir təkəri göydə qalsın. Kaskadyor dedi ki, qorxuram. Sürücü də dedi ki, mənim müdirim bilsə ki, mən maşını buradan keçirmişəm, vallah, mənim başıma oyun açar, qovar işdən. İkisi də durdular kənarda. Amma, haqq üçünü, körpü, doğurdan da, pis körpü idi. Mən tez-bazar işə qoyuldum. Gedib meşədən, yol kənarından ağacdan, daşdan-kəsəkdən yığıb gətirdim ki, maşın oradan keçəndə səhnə daha effektli alınsın. Nəysə, başladıq səhnəni çəkməyə. Gözümə işıq vurur, inan, heç nə görmürəm, amma sürərəm. Ürəyimdə deyirəm ki, bunlar cəhənnəm, körpünün altındakı kameraya bir şey olmasın. Bu dəm gördüm ki, burnumun ucu ağappaqdır.

– Nədən?

– Necə yəni nədən? Qorxudan. Olmadı elə, oldu belə, qəza oldu, yıxıldım, ölümdür də. Səhnəni çəkdik, alındı. Ardınca maşını aşırmaq lazım idi. Hərə bir təklif verdi, baxıram ki, hamısı uğursuz. Dedim, mənə icazə verin, həll edim. Direktor yenə avtobazaya gedib-gəlirdi. Çünki yenə maşın lazım idi. Axırı özüm gedəsi oldum. Həmin ərəfədə Moskvadan kaskadyorlar da gəlmişdi, onları da götürdüm özümlə. Avtobazanın müdirinə dedim ki, həmişə deyirsiniz ki, bizim filmlər keyfiyyətsizdir, bizdə yaxşı filmlər çəkilmir. Çəkirik də bəs. Kömək edin, daha keyfiyyətli olsun. Bu filmdə maşın aşmalıdır. Belə olmasa, film real olmayacaq. Bu söhbətim onun xoşuna gəldi. Əməkdaşı çağırdı, dedi ki, bu oğlanı apar qaraja. Barmağını hansı maşına uzatsa, onundur, ver, getsin. Getdik, sarı təptəzə bir maşın seçdim. Bunlara qalsaydı, heç köhnəsini belə tapmayacaqdılar. Mən seçən maşının sürücüsü işdə deyildi, xəstə imiş. Maşında bir-iki əşyaları qalmışdı. Onu bazaya verib, maşını da götürüb getdik kinostudiyaya. Bax indi sənə sual edirəm: bu qədər şey danışıram, bunların heç biri mənim işim deyildi heç, amma bunlara görə qiymət verən var? Yox.

– Yusif müəllim, hazırda filmə, seriala çəkilmirsiniz. Dəvət gəlmir, yoxsa necə?

– Əlbəttə, dəvət gəlmir. Gəlsə, niyə çəkilmirəm ki? Amma dəvət etmirlər.

– Sizcə, niyə dəvət etmirlər bəs?

– Nə bilim, yəqin, o səviyyəyə gəlib çatmayıblar ki, mənim kimi adamı gəlib çəkilişə çağırsınlar. Onun üçün səviyyə lazımdır. Mən belə düşünürəm.

– Üzdə deyilsiniz, bəlkə, ona görə.

– Bəlkə də, ona görədir, bu da ağlabatandır. Çünki adam üzdə olanda kiminsə yadına düşür ki, bəlkə, bu adamı filan filmdə filan rola çəkmək olar. Amma nə bilim?! Yadına salmaq istəyən, çəkmək istəyən xatırlayar, məncə.

– Görürsünüz də, biz gənc nəsil olsaq da, xatırlayırıq sizi.

– Düzdür, çox sağ ol, minnətdaram.

– Bəs aktyor kimi çəkildiyiniz ilk film hansı olub?

– İlk çəkildiyim “Buludlar çətirimizdir” filmi olub. Bu film 1976-cı ildə lentə alınmışdı...

Bir qəfil əlini dodaqlarına aparıb dayanır. Çaydan bir-iki qurtum alıb davam edir.

...Yox ona qədər “Dantenin yubileyi”nə çəkilmişəm. Amma ona çəkilmək demək olar, ya yox, bilmirəm. Çox epizodik roldur. Elə o filmdə işləyirdim. Geyinib kostyumu çəkilmişdim.

– “Yol əhvalatı”ndakı rolunuz da əsas deyil, amma kifayət qədər yadda qalan obrazdır. Çox adam sizi məhz oradan, Fərid obrazından tanıyır.

– Razıyam.

– “Yol əhvalatı”nda Mustafa roluna, deyəsən, siz çəkilməli idiniz. Sonra nəsə alınmayıb, hə?

– Elədir. Bu o qədər də bilinən söhbət deyil. O rola çəkilən aktyoru (Vaxtanq Pançulidze, – gürcüstanlı aktyor, – N.P) gedib Gürcüstanda yataqdan qaldırıb gətirmişəm.

Eldar Şengelayanın (Eldar Şengelaya, – gürcüstanlı kinorejissor, – N.P) yanına getdim, o vaxt Gürcüstanda kinematoqrafiya ittifaqının sədri idi. Bilirsən, mənə nə dedi? Dedi ki, yəni Azərbaycanda sənin kimi maraqlı bir adam yoxdur ki, kinoya, bu obraza çəksinlər? Mənə kömək elədi, getdik Vaxtanqın evinə. Biz onlara çatanda o hələ də yatırdı. Ssenarini təqdim edib onu Bakıya dəvət etdim, sonra da qayıtdım.

Rəhmətlik Siyavuş Aslan da məni görüb o rol üçün çox uyğun olduğumu dedi.

Yusif müəllim masanın üzərində stəkanı, çayniki bir az özündən uzaqlaşdırıb əl-qol hərəkəti ilə sanki Siyavuş Aslanı parodiya edir.

... – adə, bunu çəkin də. Çəkin də bunu. Gül kimi Mustafadır. Çəkin də bunu. Deyin, budur. Amma rejissor Teymur Bəkirzadə bir az tərs adam idi. Həm də dedi ki, ay kişi, bu adam mənim köməkçimdir, mən onsuz necə edərəm? Olmaz. Nəticədə, Vaxtanq Pançulidze çəkildi. Fərid rolu üçün isə müğənni Elxan Əhədzadə var idi, onu dəvət etdim. O da təsadüfdən çəkiliş günü qastrola gedir. Evlərinə zəng etmişik, yoldaşı dedi ki, Bakıda deyil.

– Görürsünüz də, taleyin işidir.

– Elədir. Ondan sonra ikinci rejissor Rafiq Dadaşov dedi ki, Fərid roluna Yusifi çəkək. Özü də yaxşı maşın sürəndir, rolu da əzbər bilir. Məndə bir xasiyyət var idi, ssenarini oxuyurdum, vəssalam, əzbərləyirdim.

– Ay Yusif müəllim, siz mənə deyin görüm, Fərid obrazına görə nə qədər qonorar aldınız?

— Nə qonorar, əşi?! Mən həmin kinoda işləyirdim də elə.

— Nə olsun? Rejissor köməkçisi ayrı, aktyor ayrı.

— Sözün düzü, kinoda qonorarları elə özüm yazırdım.

— Vəssalam da. Nə yazdınız özünüzə?

— Yeddi manat yarım. Mənim onda “stafka”m yox idi. SSRİ vaxtında hamıya “stafka” verirdilər.

— Ümumilikdə həm rejissor köməkçisi, həm də aktyor kimi yeddi manat yarım pul aldınız?

– Yox əşi, yeddi manat yarım Fərid roluna görə yazdım. Rejissor köməkçisinin qonorarı başqadır. Mən quruluşçu rejissordan başqa yerdə qalan bütün heyətdən yüksək alırdım.

— O vaxt aktyorlar, ümumiyyətlə, kino cameəsi yaxşı dolanırdı, hə?

— Əlbəttə.

— İndi hamı narazıdır.

— İndi başqa sistemdir. Ona görə də vəziyyət belədir.

— Kino da çəkilmir də.

– Bəli, çəkilmir.

– Bəs axırıncı filminiz hansı olub?

– Ən sonuncu dəfə mən Stalin obrazını oynamışam. Amma film deyildi, reklam çəkilişi idi.

Bu vaxt mən Yusif müəllimin, həqiqətən də, Stalin obrazı üçün uğurlu seçim olduğunu görürəm. Təəccüb içində soruşuram:

– Bu kimin ideyası idi? Kim tapmışdı sizi Stalin rolu üçün?

– Düzü, rejissoru tanımıram. Və kifayət qədər səs də salmışdı.

– Bu, neçənci ildə olub?

– Haradasa, 2004-2005-ci il olardı. Dəqiq yadımda deyil. Əmim nəvəsinin toyu idi, inan, məni gəlib toyun ortasından götürüb apardılar.

– Hara?

– Bu rol üçün çəkilişə.

– Maraqlıdır. Bəs 2005-ci ildən bu yana kino ilə bağlı heç bir iş görməmisiniz? Heç bir fəaliyyətiniz yoxdur?

– Var, Ənvər Əbluc çəkmişdi – “Tərsinə çevrilən dünya”. 2011-ci ildə İranla birlikdə çəkmişdilər.

– Orada aktyor kimi çəkilmisiniz?

– Yox, mən orda ikinci rejissor kimi işlədim.

Yusif müəllim bir qədər duruxub qəflətən soruşur:

– Nihat, bunlar, doğrudan, sizə maraqlıdır?

– Əlbəttə.

– Nə bilim, vallah. Görünür, mən bir az uzaq düşmüşəm deyə...

— Özəl televiziya kanallarının birində bir müddət dublyaj rejissoru da olmusunuz.

— Bəli, olmuşam. Haradasa, üç ilə yaxın işlədim.

— Dublyaja haradan hara?

— Mən dublyajı, ümumiyyətlə, pis bilirəm. “Yol əhvalatı” filmindəki rolda səs mənim deyil.

– Şahmar Ələkbərovundur.

– Bəli. Çünki onda nəsə tempi tuta bilmədim. Bir neçə dəfə yoxladım, olmadı, alınmadı. Ona görə zəng vurdum Şahmar Ələkbərova, danışdıq, razılıq verib gəldi, səsi yazdıq. Bilirsən, dublyaj işi bir az başqa sənətdir.

— Bəs necə oldu ki, gəlib dublyaj rejissoru oldunuz? İş yox idi, yəqin.

— Onu mən bacarıram da, görürəm ki, bu səs bu adama düşür, ya yox. Hər halda, bilmək daha yaxşıdır, bu da mənim işimin bir parçası olub.

— Yusif müəllim, heç baş rola çəkilmək istəməmisiniz?

— Çəksələr, niyə istəməyim? Sadəcə, çəkməyiblər. Nə bilim?!

– Bəs içinizdə nəsə belə bir hiss olubmu ki, məsələn, Nəsimini mən daha yaxşı oynayardım...

– Yox, ay kişi, nə danışırsan?! Mən heç vaxt elə bir düşüncədə olmamışam. O rolu Rasim Balayev elə yaradıb ki!.. Əlavə nəsə söz deməyə ehtiyac yoxdur.

– Mən Nəsimini məsəl gətirdim də, ay Yusif müəllim. Nəsimi olmasın...

– Yox, yox. Belə şey yoxdur.

Söhbətimiz bu məcrada davam elədiyi məqamda bir də eşidirəm ki, Yusif müəllim özünün romanlarından danışır.

– Maşallah, rejissor köməkçisi, aktyor, montajçı, kaskadyor... romançı... Daha nə qaldı?

– Hələ ki bunlar bəsdir. Məsələn, “Qatarda son görüş” adlı roman. Orada elə özümü yazmışam, orada bir dənə də olsun, uydurma şey yoxdur. Özümlə bağlı hər şeyi dəqiqəsi və saatı ilə yazmışam. Avtobioqrafikdir. Arxivlərdən çıxarıb yazmışam.

— Bu romanı neçənci ildə yazmısınız?

— 1991-1993-cü illərdə.

— Qalır o kitabdan sizdə?

— Mağazalarda da var.

— Bəs mən niyə indiyə kimi rast gəlməmişəm?

Yusif müəllim bu suala heç bir reaksiya vermir. Bu da bu sual üçün elə ən uğurlu cavabdır deyə əlavə nəsə demirəm.

– Başqa?

– “Təqibli yollar”, ”Asistent”, “Mozambikdən qayıdan Əzrail”, “Bu dağların sərt üzü”...

– Ay maşallah. Əməllicə ədəbi yaradıcılığınız var ki...

– Bu vaxta qədər hansı aktyor, rejissor müsahibin romançı olub?

– Heç biri. Bu kitablar kiril qrafikası ilə nəşr olunub, ya latın?

– Latın.

– Gərək gətirəydiniz, tanış olardım. İndiyə qədər bilməməyim mənim boynuma...

– Bir dənə qonaqlıq verərsən, gətirərəm.

Yusif müəllimin bu sözü üzərinə söhbətimizə yavaş-yavaş yekun vurub növbəti görüş yerimiz haqqında planlar qururuq.

Və elə müsahibədən ikicə gün keçmiş müsahibimdən zəng gəlir.

– Yusif müəllim, müsahibə hələ hazır deyil, gələn həftə, inşallah!... – deyib ilk sualın məsuliyyətindən bir az da olsa, yayınmağa çalışıram. Cavab isə məni daha da pis vəziyyətə salır:

– Ay kişi, o sənin öz işindir. Nə vaxt hazır edərsən, edərsən. Mən sənə kitablar söz vermişdim. Nə vaxt zamanın oldu, zəng elə, gəl götür... Qonaqlığı da öz boynuma...

Foto - İlkin Nəbiyev

# 3504 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #