Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Əminə Babayevanın “Yaxşı ki” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Soyuq bir qış günü idi. Günəş bəmbəyaz qarı əritmək üçün təpədən işıq saçırdı. Quşların səsi ərtafa yayılmışdı. Özümə süzdüyüm bir fincan çayı gətirib sobanın yanındakı, üzəri arxivdən gələn məktublarla dolu masaya qoyub, stulda əyləşdim. Məktubları tək-tək səliqəyə saldıqda, digərlərindən fərqlənən bir məktub gözümə dəydi. Məktubun üzərində gözlərimi gəzdirdim. Kimdən gəldiyi, kimə gəldiyi barədə məlumat yox idi. Bilirəm, bu düzgün olmayacaqdı, amma məktubu açmağa başladım. Əl yazısı ilə yazılmış zərif bir məktub tutmuşdum kobud əllərimin arasında.
Başlıqda: "Məni unudan kitab sevər dostuma." yazısı ilə qarşılaşdım. Məktubu həyəcanla oxumağa başladım.
"Əziz dostum. Bu məktubu yazmaqda məqsədim, sənə qarşı olan böyük sevgimdir. Bəlkə də bu məktub sənə hər gün gələn məktublar kimi maraqsız gələcək, bəlkə də bir tərəfə atacaqsan. Yada oxusan da məni xatırlamayacaqsan...
Düşünürsən ki, səni tanımayan birinə niyə məktub yazasan ki? Amma yox, əziz dostum, sən məni xatırlamasan da sənə olan sevgimdən bu məktubu yazacağam.
Təzə köçmüşdük o binaya. O qaranlıq, bir o qədər də aydınlıq bina.
Atamın işlərinə görə hər dəfə başqa şəhərə köçmək məcburiyyətində qalırdıq. Amma bu dəfə, bir gecə sən ayrıldın o binadan. Ah, əziz dostum. Xatırladıqca gözlərim dolur, kədər bürüyür baxışlarımı.
Bir gün yenə sadə bir səhərə oyandığımı düşündüm. Yerimdən qalxıb pəncərəyə doğru irəlilədim. Pəncərədən binanın qarşısında böyük bir maşının dayandığını və içərisindən əşyaların daşındığını gördüm. Bir qədər fikirləşdikdən sonra üst mərtəbəyə yeni birinin köçəcəyini xatırladım. Həyəcanla qapıya doğru getdim. Qapını bir az araladıqda saysız-hesabsız kitabların üst mərtəbəyə doğru daşındığını gördüm. Bu görüntü məni, həqiqətən də, cəlb etmişdi. Bir az daha qaldıqdan sonra yenidən otağıma doğru irəlilədim. Tələsik şəkildə hazırlaşıb evdən çıxdım. Daşınma hələ də davam edirdi. Mən də onlarla birlikdə yuxarıya doğru irəlilədim. Qapı aralı olduğunda içəriyə daxil oldum. Gözlərim bir daha böyük bir otağı dolduran kitabları gördükdə, heyrətlə açıldı. Yavaşca, kitablara toxunmağa başladım. Otaqda fərqli dillərdə kitablar mövcud idi. Bir az daha bu evdə qaldım. Hər bir kitabdan bir az da olsa, oxumağa çalışdım. O gün səni hələ görmədən, sənə qarşı içimdə bir sevgi yarandı, əziz dostum.
Hələ yeni evinə köçməmişdin və mən hər dəfə pəncərədən sənin gəlişini, bu qədər kitablara aşiq biriylə tanış olmaq ümidiylə gözlədim.
Nəhayət, o gün gəlib çatdı. Qapıdan çıxdıqda qarşımda mənə tanış olmayan, amma bir o qədər də uzaq gəlməyən simayla qarşılaşdım. İyirmili yaşlarda, əsmər, qumral saçlı, yaşıl gözlü biriydin. Mənə gülümsəyərək (bəlkə də mənə elə gəlmişdi) yuxarı mərtəbəyə doğru qalxdın. İçimdəki qəribə bir həyəcanla sən olduğunu anlamışdım.
Əziz dostum, o gün gördüm səni. Mənə kitabları sevdirən insan, səni heç vaxt unutmayacağam.
O gündən sonra arabir qarşılaşır, amma heç danışmırdıq. Gəlişindən uzun zaman keçmişdi. Artıq səni hər səhər əlində yeni bir kitabla görməyə öyrəşmişdim. Əlində gördüyüm hər bir kitabı mən də alıb oxudum. Sənin oxuduğun hər misranı mən də oxudum. Keçirdiyin hər bir duyğunu mən də keçirdim. Artıq bu hal normal həyatımın bir parçası olmuşdu. Sən yeni bir kitab almadan gecə səhərə qədər kitab oxuyurdum ki, alacağın yeni kitabı səninlə eyni vaxtda oxuyum. Amma bu hal çox çəkmədi. Bir gün yenə sənin yeni alacağın kitabı görmək üçün həyəcanla yerimdən qalxıb, hazırlaşaraq qapıya doğru getdim. Amma hər gün gördüyüm yerdə olan sən, bu gün orda deyildin. Xeyli vaxt gözlədim, amma sən gəlmədin. Sənin buranı tərk etdiyini öyrənməyim çox çəkmədi. Ah, əziz dostum. Heç gözləmədiyim bir anda çıxdın həyatımdan. O vaxtdan sonra kitablara küsdüm. Düşündüm ki, sən olmadan, kitabların da mənası olmaz.
Pəncərədən hər gün yolunu gözlədim. Amma heçvaxt gəlmədin. Bugün, neçə vaxt sonra əlimə bir kitab alıb vərəqlədim. Təsadüfən açdığım səhifədə belə bir cümlə ilə qarşılaşdım. "Bəzi insanlar həyatımıza nə isə qatmaq üçün daxil olur. Və daha sonra səssizcə çıxırlar həyatımızdan." Sən mənim həyatıma sərvət dəyərində olan kitablar qatdın, sevgili dostum.
Yaxşı ki qısa zaman da olsa səni tanıdım…"
Gözlərimdən bir damla yaş süzüldü yanağıma. Bir nəfəsdə oxuduğum bu məktub, məndə fərqli hisslər yaratdı. Məktubu masaya qoydum. Dərindən bir iç çəkərək masadakı çayı gətirib eyvana doğru yaxınlaşdım. Səmaya doğru baxaraq içimdən dedim: "Yaxşı ki"