Skamyadakı dəftər - Cavid Quliyev

Caviq Quliyev

Caviq Quliyev

8 dekabr 2022
# 18:00

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Caviq Quliyevin "Skamyadakı dəftər" hekayəsini təqdim edir.

Günorta vaxtı saatın əqrəbləri düz 12:00-ı göstərdikdə solğun ədası ilə Milli Onkologiya Mərkəzinin insan əlindən tərpənməyin mümkün olmadığı uzun, dar dəhlizlərində ayaq üstə növbə gözləyən, ortalıqda ora-bura vurnuxan adamlardan ümumi görünüşcə elə də fərqlənməyən, orta yaşlı, nimdaş geyimli bir kişi girişdəki skamyada əyləşən qadınların ilk dəfə insan görürmüş kimi soyuq, yad baxışları altında, asta addımlarla xəstəxananın binasına daxil oldu. Bədənini çulğayan ölgünlük və təəccüb qarışıq qorxu duyğusunun alnının kənarındakı puçurlanmış tərlə bütünləşib ehmalca yanaqlarına doğru süzüldüyü sifəti bu bədnam məkanın uzunmüddətli müştərilərindən və ya təcrübəli işçilərindən, bir azca da analiz qabiliyyəti digərlərindən fərqlənən, insan sərrafı birinin diqqətini cəlb edə bilsəydi, həmin an onun hələ bu macəranın başlanğıcında olması ilə bağlı dəqiq və yerində vurğulanmış şərhi səsləndirərdi.

Qapıdan keçib qeydiyyat şöbəsinə yaxınlaşan adam rəsmi prosedurları yerinə yetirmək üçün öz növbəsini tutub gözləməyə başladı. Ətrafda hökm sürən uğutlu kişinin beynini dumanlandırır, izdiham gurultusu sanki siqaret tüstüsünə çevrilib xərçəngin təzəcə caynağına keçən ciyərinə dolurdu. Sonu olmayan dəhlizlərdə kimlərsə qışqırır, növbə üstündə vəhşi heyvan kimi bir-birlərinin üstünə şığıyan insanların səsi bu haray-həşirin içində gah itib-batır, gah dənizdə dalğalarla mübarizə aparan insanın son çırpınışları sayaq yenidən baş qaldırırdı. Adam isə yalnız qarşısına baxırdı, içini dolduran ümidsizlik ətrafda qəzəbdən bağrı çatlamış insanların sinələrindən qopub gələn çığırtıların təsirilə xərçəng hüceyrəsi kimi getdikcə böyüyür, dayandığı foye gözlərinin qarşısında sanki nəhəng qəbrə çevrilir, daxilində baş qaldıran həyəcan yavaş-yavaş beyninə, ürəyinə, ən xırda hüceyrələrinə qədər metastaz verirdi. Bir anlığa dərindən ah çəkdi, indidən özünü yorğun hiss edirdi. Başlamamış məğlub olduğunu belə fikrindən keçirmişdi.
Rəsmi tələblər yerinə yetiriləndən sonra əvvəlcə həkimin otağına qalxmalıydı. Qeydiyyat şöbəsinin qarşısından sola döndü, liftə doğru irəlilədikcə hər nə qədər gözünü yayındırmağa çalışdısa da, dəqiqələrlə, saatlarla ayaq üstə, skamyalarda ümdə məqsədləri uğrunda qaxılıb qalmış insanların pəjmürdə simalarını görməkdən qaça bilmədi. Ətrafdakı üzlər adamın gözlərində güzgü effekti yaradırdı, o simalarda tanış nəsə vardı, bu tanışlığa səbəb olan şey orta yaşlı kişinin hisslər dünyasına hələ yenicə, lap təzəlikcə qədəm qoymuşdu. O sanki ölü doğulmuş körpə kimi idi; sakit, sükut içində, ancaq olduqca dağıdıcı, rəhmsiz, sitəmkar, hələ bəlkə bir az ədalətsiz.

Həkimlə bir neçə gün əvvəl görüşüb kimyaterapiyaların sayı, nələrə diqqət olunması və ümumi proseslə bağlı danışmışdı. İndi sadəcə gedib əlindəki kağızları ona təqdim etməli, sonra palatasına keçmək üçün ikinci dəhlizin girişində növbəsini gözləməliydi.

Həkim gülərüzlə onu qarşıladı, bütün məsələlər danışılmışdı, uzun-uzadı izahata ehtiyac yox idi. Adama dəhlizin qarşısında gözləməsi tapşırıldı. Yanına kiminsə gəlib gəlməyəcəyi soruşuldu. O, “xeyr, heç kim gəlməyəcək” deyə cavab verdi. Daha sonra asta addımlarla palataların yerləşdiyi ikinci dəhlizin girişinə doğru irəlilədi. Dəhlizin girişində az adam olsa da, həkimin otağı qarşısındakı tünlük bütün mərtəbənin abu-havasını korlamağa kifayət idi. Solğun simaların, ürəkbulandıran nəfəs, tər qoxularının lap yaxınlığından sivişib keçdikdən sonra qabaqda ikinci dəhlizin girişində, qapı kandarında arabir deyib-gülən, harasa vurnuxan ağxalatlı, baxımlı tibb bacılarının gündəlik olaraq ətraflarında baş verən hadisələrlə müqayisədə tamamilə laqeyd təsir bağışlayan sifətləri göründü. Bircə an gözlərini dəhlizin girişinə zilləyən adam, daha sonra döşəmədəki ağ rəngli metlaxların üzərindəki təkəmseyrək ayaq izlərinə, ləkələrə baxa-baxa addımlayaraq girişə gəlib çatdı. Qapıdan içəri keçib əlindəki digər kağızları piştaxta arxasında, bir az əvvəl ağzı qulağının dibində telefonla qurdalanan gənc xanımın qarşısına qoydu. Ona qapıdan çölə çıxıb bir qədər gözləməli olacağı ilə bağlı yenidən məlumat verildi. Adam sakitcə tabe olaraq, çölə çıxdı, ətrafa nəzər saldı. Yaxınlıqdakı liftin kənarında, skamyada yaşlı bir qadınla gənc bir xanım yanaşı əyləşib xısın-xısın nəsə danışırdılar. Baxışlarını onlardan yayındırıb sağ tərəfə nəzər saldıqda dayandığı giriş qapısının yanından bir neçə addım aralıda boş skamya olduğunu gördü, yaxınlaşıb dərindən nəfəsini dərərək əyləşdi və gözləməyə başladı. Əlini qaldırıb biləyindəki saata baxmaq istədikdə anidən gözü skamyanın üzərindəki göy üzlüklü dəftərə sataşdı. Adam bir neçə saniyə donuq nəzərlərlə dəftərə tamaşa etdikdən sonra onu skamyanın üzərindən götürdü; çox səliqəli idi, heç bir küncü əzilməmiş, üzəri yazılmamışdı. Dəftəri əlinə alan adam açmamışdan əvvəl qeyri-iradi üz qabığına, ora-burasına yenidən nəzər yetirdi. Başını qaldırıb ətrafına baxdı, yaxınlıqda dayanan insanlardan kiməsə məxsus ola biləcəyini düşündü. Lakin dəhlizin girişi qarşısında söhbətləşən iki tibb bacısından və bir az aralıdakı skamyada əyləşən iki qadından başqa heç kim yox idi. Adam yenidən dəftərə nəzər salaraq bu dəfə onu vərəqləməyə qərar verdi. Nazik dəftərin vərəqlərinin əksər hissəsi yazılı idi; sıx, lakin olduqca səliqəli yazılmışdı, ilk baxışdan gözəl yazısı olan bir məktəblinin xəttinə bənzəyirdi, adam ilk vərəqi maraqla oxumağa başladıqdan sonra qərarını dəyişdi, bu bənzətmə doğru ola bilməzdi, bu xətt səliqəli ola bilərdi, lakin müəllif əsla bir məktəbli deyildi, bu düşüncələrin sahibi başqa biri idi, başqa yaşın, bəlkə də tamamilə başqa dünyanın sakini olmalıydı. Dəftərdəki yazının başlığı belə idi:

Sonun dözülməzliyi haqqında

Başlıq qeyri-ixtiyari adamın diqqətini cəlb etdi və maraqla davamını oxumağa başladı.
“Mən – gələcək haqqında lap əvvəldən düşünmək, sabahını dünəndən yerbəyer etməyə çalışmaqla sonradan böyük səhvə yol verdiyini anlayan adam – bunları yazmaqda məqsədim var olmanın məstedici qədəhindən çox yox, bir qurtum da olsa ala bilməkdir. Bunu oxuyarkən bəlkə də bir an sıxılacaqsan, bəlkə də yarıda qoyacaqsan. Lakin inanıram, var olduğumun fərqində olan, bütünlüyümlə tanış olan bircə insanın, həm də mənə bənzər birisinin, mənimlə eyni yolda ləngər vuran bir kimsənin olması qəlbimi şad etməyə kifayət edər, təklikdən bu yolla xilas olmaq kiməsə acınacaqlı təsir bağışlaya, ola bilsin, kimsənin mənə yazığı, rəhmi də gələ bilər, amma bunlar heç bir əhəmiyyət kəsb etmir, mühüm olan xilas olmaqdır, yoxluğun müzakirə mövzusu olduğu anda istənilən əks-həmlə mənasızdır, burada, əslində, hər şey öz mənasını itirir, insanı nəfəs almağa davam etmənin uzunmüddətli mümkünlüyündən başqa heç nə düşündürə bilmir. Hərçənd ilk cümlədə adını çəkdiyim o məstedici qədəhin lap dibinə yaxınlaşdığımı hiss edirəm, lakin daxilimdən gələn, səbəbini açıqlaya bilmədiyim yenidən törəmə və hər il yer üzündə meydana çıxan milyonlarla yeni ssenarilərin tən ortasına göydən guppultuyla düşmə eşqi həyata qarşı korşalmış duyğularımı canlandırmağa çalışır. Bəzən öz-özümə, görəsən, nə qədər vaxtım qalıb deyə soruşuram. Otuz yaş ölmək üçün çox tezdir. Hərçənd bundan sonra uzun illər yaşasam belə, gələcək haqqında proqnozlarım pıçıltılı çərənləmələrdən kənara çıxmır. Bu pıçıltılar bəzən indiki vəziyyətimi təsəlli edən müsbət notları səsləndirsə də, çox vaxt qarşımda daha uzun yolun olma şansını əldən verməyin yaratdığı məhzunluq düşüncələrimi rahat buraxmırdı, çöhrəmdə təzahür edən qaranlıq izlər məni güzgüyə baxmaqdan belə çəkindirirdi.

İlk vaxtlar yaman tələskən olmuşdum. Dayanacaqda avtobusdan düşdükdən sonra özümü dabanbasma evə çatdırmaq, təngnəfəs olmaq mənə içimi asta-asta gəmirən xəstəliyə qarşı, heç olmasa, zaman müstəvisində qalib gəlmək üçün təsəlli olurdu. Artıq hər saatın, dəqiqənin, saniyənin qədrini bilmək lazımdır deyə fikirləşirdim. Evə tez çatmalıydım, vaxtını dəqiq olaraq bilmədiyim sonun yaxınlaşmasından sanki bu üsulla uzaqlaşmağa çalışırdım. Belə olduqda bir qədər də olsa, ömrümü uzadacağımı zənn edirdim. O qədər səbirsiz idim ki, evə çataçatda qarşıma çıxan qonşularla hal-əhval tutmaq belə mənə məcburiyyətdən doğan əzab kimi gəlirdi. Yolboyu qarşımı kəsən insanları gecikmədən yolumdan çıxdaş edib özümü evə çatdırırdım. Amma orada da tənhalıqdan xilas olmaq imkan xaricində idi. İlk dəfə xəstəxanada xərçəng olduğumu eşidəndə özümü itirsəm də, bir anlığa sakitləşmişdim, hisslərimi cilovlamağı bacarmış, həkimin təsəlliləri ilə hər şeyin düşüncəmdə adiləşməsinə, bir anlıq varlığımı lərzəyə gətirən ölüm həqiqətinin nəfəsini kürəyimdə, bu qədər yaxında hiss etmənin yaratdığı vahimədən xilas olmağa nail olmuşdum.

- Gecikmədən Onkologiyaya gedib kimyaterapiyalara başlamaq lazımdır. Növbəti analizlər üçün sizə bir xəstəxananın adını yazacağam. Mütləq orada elətdirin.
- Yaxşı olacaq, həkim?
Mütəxəssislərə xas soyuqqanlılıqla:
- Vaxtında üstünə düşməlisiniz, onda hər şey yaxşı olacaq – dedi.
Bədənimi gərginlik bürüsə də, öz aləmimdə təskinlik üçün vasvası adamlara xas cavab axtarırdım və budur, nəsə gözəgəlimli bir cümlə fikirləşib tapdım.

- Onsuz da indiyə qədər yaşamaq uğrunda mübarizə aparırdım, belə görünür, ciddi bir dəyişiklik yoxdur, mübarizə hələ də davam edir. – Necə də misilsiz özünümüdafiə instinkti, saxta rəşadət nümayişi idi. Sözlərimi xəfif doqaq qaçırması ilə yola verən həkim də bu həqiqəti üzümə çırpmaqdan çəkinmədi.

Xəstəxananı tərk etdikdən sonra içinə düşdüyüm təlatümlər məni boğmağa davam edirdi. Lakin uzunmüddət çəkən əzablar hadisələrə münasibətdə gec-tez bir çox şeyi adiləşdirə bildiyi və dostlarla edilən söhbətlər adamı həyati problemlər qarşısında sırtıqlaşdırdığı üçün mən də get-gedə bütün bu çətinliklər müqabilində olduqca barışdırıcı mövqe sərgiləməyə başlamışdım. Bəzən isə gələcəyin qeyri-müəyyənliyi haqqında qayğılar bütün varlığımı məngənə kimi sıxırdı, otuz yaşında ölüm qarşısında dəymədüşər olmamaq mümkün deyildi, ona görə də həmin gündən sonra həyatımdakı ən xırda olaylar belə asan şəkildə sentimental tərəfimi qabartmağa kifayət edirdi, məsələn, həyətimdəki dostum – balaca qara pişiyin belə hərdən atdığı cırmaqlar qəlbimə toxunmağı bacarırdı.

Hərdənbir yox olmanın verdiyi vahiməni də danmaq olmazdı, əlbəttə. Bu səbəblə, çox vaxt bundan çəkinsəm də, bir neçə yaxın dostumla söhbətimdə ölümdən sonra nəyin baş verəcəyi ilə bağlı məsələləri müzakirə etmək kimi axmaq cəsarətimdən doğan lüzumsuz həvəslər yaxamdan əl çəkmirdi. Müzakirələr zamanı mənsub olduğum cəmiyyətin doqmatik tərəflərindən irəli gələrək, əsas etibarilə, qarşılaşdığım metafizik yanaşmalar rahatlatmaq əvəzinə daha da sıxılmağıma səbəb olurdu. Hər şeyin ağ və qaradan ibarət olduğu ikinci bir dünyanın reallığını qəbul edə bilmək mənə uyğun bir şey deyildi.

Fiziki dünya adlandırılan yerdə sahib olduğum düşüncə metodları ölümdən sonrakı həyat üçün faydalı olmazdı deyə düşünürdüm və ya bir həyat vardısa, orada yəqin ki, bu düşüncələrlə var olmayacaqdım, ən azından çürümüş bədənimin içərisində və ya hər səhər günəşin üfüqdə bərq vurduğu hər hansı məkan daxilində düşüncələrim də müəyyən bir halda var olmağa davam etməliydi. Onun orqanizmi başqa bir yerlə qəti bütünləşə bilməzdi. Digər tərəfdən bunun bir variant kimi qəbul olunması, yəni bədənimlə birlikdə düşüncələrimin, hisslərimin ən azından bu dünyanın başqa bir qatında, ətraf canlı aləmdən təcrid olunmuş olaraq naməlum halda var olmağa davam etməsi mənim üçün müsbət hal ola bilərdi. Çünki qeyri-ixtiyari olaraq digər dünyada buradakı həyat eşqimdən mütləq ki, nəzərəçarpacaq qırıntıların var olacağına inanmaq istəyirdim.

Lakin bir qədər sonra da belə bir qənaətə gəlirdim ki, hər nəyə bənzəyəcəmsə bənzəyim, bunun şüurunda olmaq məni büsbütün özümdən çıxaracaq, vəhşi tamahımdan doğan qarşısıalınmaz ehtirasla ilahi sistemin mənə bəxş etdiyi hədiyyə qismindəki bu fani dünya nəsnələrinin daha çoxuna sahib olmaq istəyəcəkdim, bu arzu günbəgün daxilimi gəmirəcəkdi. Yox, kitablarım, bir neçə dostum və təbiətin amansızcasına məğlubiyyəti və bu üçü olmadan, yalnız bunları düşünərək əbədi var olmağa davam etmək ehtimalı – yəqin ki cəhənnəm deyilən şey bu olacaqdı. Beləliklə, ölümdən sonrakı həyatla bağlı düşüncələrimi və yekun qənaətimi mənə daha çox iztirab verəcəyini düşündüyüm mistik ssenarilərdən uzaqlaşdırmağa qərar verdim. Bir yolla bu həyatdan hansısa nişanələr məndə qalmalıydı, hər vəchlə həyatla aramda intəhasız bir bağ qurmağa çalışırdım.

Bəzən otağımın taxta işləməli, xəfif çəhrayı ləkələrin sayrışdığı tavanına, bəzən çölə çıxıb cansız beton divarlarına nəzər salırdım, maşınların aramsız şütüdüyü yolların kənarında bürkülü günlərdə hərəkətsiz dayanmış ağaclara, şəhərdən çox uzaqlarda, əlçatmaz, ünyetməz nöqtələrdə aşkar şəkildə gördüyümü zənn etdiyim dağ zirvələrinə tamaşa edirdim, paxıllıq hissinə qapılmamağı bacarmırdım; həyətimdə ağacın dibində nə vaxtsa atılıb qalmış çəkic, üst-üstə yığılmış qırıq-quruq mişar daşları bəlkə də bundan sonra yüz illər yaşayacaq, haldan hala düşsələr belə başqa formada, başqa şəkildə və məkanda var olmağa davam edəcəklərdi, mən isə uzaqbaşı sosial həyatın səthi tərəflərindən bəhs edən monoqrafiyalardakı statistik məlumatlarda milyonlar, minlər kimi riyazi vahidlərlə ifadə olunan insan yığınlarının içində ilişib qalacaqdım. Ölümə yaxınlaşdığımı hiss etdikcə xəstəxana palatasında üzərində uzandığım çarpayıya dönüşmək arzusu necə də xoş səslənirdi, halbuki reallaşmayacağını bilsəm belə, bu arzumu ölümün caynağından xilas olmaq naminə istifadə edə bilərdim, amma bacarmırdım, çünki o, zaman keçdikcə nəzərimdə bax bu qədər real bir şeyə dönüşmüşdü, ən absurd nəsnələrlə dolub-daşan təxəyyül dünyası belə ondan uzaqlaşmağı şiddətlə istisna edirdi, o, nataraz dünyamın ən sabit hadisəsinə çevrilmişdi. Elə bəlkə də məhz buna görə bu qədər rahat onun haqqında danışa bilirdim, ya da sadəcə vərdiş etmişdim və ya vərdiş etməyə çalışırdım, özümü onunla bütünləşəcəyim həmin dəqiqəyə hazırlamaq üçün beyin məşqləri edirdim.

Xərçəngə yoluxduğumu öyrəndiyim gündən sonra bir neçə ay xeyli maddi xərclərim çıxdı, xəstəlik bədənimlə birgə ətrafımda mənə məxsus olan maddi varlığı da yeyib bitirirdi, bir az dostlar, bir az həyatımda yeganə qohumum olan əmim mənə kömək əli uzatdısa da, zəhrimara qalmış, əl çəkmək bilmirdi. Sonda onunla mübarizədə əsas dayaq nöqtələrimdən biri olan səbir də tamamilə öləziyib yox oldu. Kimyaterapiya üçün stolumun üzərinə qoyulan zərfin içərisindəki sonuncu pulu da yaşadığım küçənin başındakı təndirxananın kənarında dayanıb məndən onun üçün iki çörək almağımı xahiş edən yaşlı adamın cibinə dürtüşdürəndə qarşımda qəfil peyda olan üz ifadəsini əsla unutmamışam; arzusunda olduğum həyat eşqi sanki onun simasında zühur etmişdi, gözlərində çarəsizlikdən doğan müti qığılcımlar o qədər kəskin idi ki, şahı qarşısında təzim edən qullara xas təşəkkür etiketlərinə cavab verməyim belə mümkün olmamışdı, çox qısa bir an donuq nəzərlərlə üzümə baxan həmin adam elə həmin qısa müddətdə də yox olub getdi. Düzdür, sonra bunu etdiyim üçün xeyli peşman oldum, xəstəlikdən qabaq aclıq axırıma çıxacaqdı. Odur ki, nə qədər axmaqcasına bir hərəkət etdiyimin fərqinə varanda təlaşla çölə çıxdım, həmin adamı görəcəyim ümidi ilə təndirxananın yanına gəldim, yan-yörəyə nəzər saldım, lakin yox idi, o pulla bir də uzun müddət buraların həndəvərində fırlanmazdı. Suyum süzülə-süzülə geri qayıtdım, yaşamaq üçün bəlkə də ömrümə bir neçə ay da əlavə etmək imkanı yaradan kağızları əfəlliyimin ucbatından heçliyə tullamışdım və ya yaxınlaşmaqdan belə qorxduğum gerçəkliyə könüllü olaraq bir addım daha yaxınlaşmışdım. Həmişə insanın əbədi var olmaq istəyi ilə nələrisə özündən sonra miras qoyması maraqlı hadisə kimi cəlbedici təsir bağışlayırdı.

Əslində, ölümlə mübarizəyə girişdiyim ilk zamanlarda bir addım da olsa, irəli getmək məqsədilə düşdüyüm qaçatbasdı vəziyyətin hərdəmxəyal xüsusiyyətimdən qaynaqlandığı həqiqətini qəbul edə bilməmək məni bu hala salmışdı. Bir dəfə də kimyaterapiyadan sonra “MRT” müayinəsi etdirməkdən imtina etmişdim, guya həyatın gözümdə heç bir mənası qalmadığını və bundan sonra olanların yalnız hədər gedən vaxt olacağı qənaətinə varmışdım və nəticədə ağır psixoloji effektli xəstə bədəndən başqa heç nə əldə olmayacaqdı deyə güman edirdim. Lakin sonra yenə ölümdən qaçma instinkti məni zaman-zaman tale qismində peşkəş çəkdiyi ziddiyətlərlə xəyallarıma qənim kəsilən bu xəspuş həyatın ətəklərindən yapışmağa vadar etmişdi, hər şeyə rəğmən bacardıqca düşünə bilmək və sadəcə ətraf aləmin fərqində olmağa davam etmək belə min ölümdən ümdə hesab olunmalıydı; bunların olmadığı bir sistem təsəvvürəgəlməz idi.

Bir dəfə də neçə günsə çarpayımdan çıxmamışdım, bəlkə də bu halsızlıq, xəstəliyimin simptomlarından biri idi, amma mən bunu zamana qarşı laqeyd münasibətim şəklində qiymətləndirmişdim, həyatın davamlı hərəkətdə olanlar üçün çox sürətlə ötüb keçəcəyi, proseslər nə qədər sürətli baş verərsə, vaxtın bir o qədər sürətlə axacağı qənaətində idim, bu metodla sanki zamanın axarını yavaşıtmağa çalışırdım, qazandığım boş vaxtlarda bir az da nəfəs alacaqdım, çarpayımdan tavana baxa biləcək, bir-birinə keçmiş taxtalardakı nöqtəvari, çəhrayı izləri sayıb bitirəcəkdim, sadəcə dözülməz ağrılarla mübarizə aparmaq dəyişilməz olaraq qalacaqdı, zamanı yavaşıtma cəhdinin əvəzi yəqin ki bu olmalıydı.

Bir müddət sonra ətrafda seyr etmək üçün başqa şeylərin varlığı barəsində də düşünməyə başladım, hər halda həyat yalnız çəhrayı rəngdən ibarət deyildi; hər şeyə rəğmən bu həqiqəti dərk etmək lazım idi. Bu yazını yazdığım zaman ilin payız fəsli idi. Həzin şərq simfoniyalarının sədaları altında həyətdə yağış damcılarının islatdığı nar ağacının al-qırmızılığı solmuş, olduqca vağamlamış meyvələrinin xəfif toz ləkələrinə bulaşmış pəncərə vasitəsilə gözlərim önündə canlanan, üzərinə durmadan su çilənirmiş görüntüsünün məhzunluğuna tamaşa etmək günəşin bəlkə də mənim üçün bir daha doğmayacağı növbəti günündən xəbər verirdi. Bir dəfə əmimlə şəhərdə görüşmək üçün salonunda gözlədiyim restoranın pəncərəsinin qarşısında dayanıb küçədən axıb keçən, günəşin göydə sancaq təki asılıb qaldığı isti yay günlərində sıx ağaclı sahilləri döyəcləyə-döyəcləyə axan dağıdıcı çaya bənzər gurultulu izdihama tamaşa edərkən də buna bənzər hissi təcrübə etmişdim. Amma o zaman qarşımdakı nəsnələrin varlığı nəinki hərəkətsizliyə yaxın idi, hətta olduqca gümrah, coşub-daşan dalğa təəssüratı bağışlayırdı, həm də bilirdim axı, o axın qəddar idi, o axın sanki dözülməz dərəcədə sitəmkar xislətli vahid məxluqatdan təşəkkül tapmışdı.

Onun içinə düşüb itmək, kimliyini itirərək, kütlənin lazımsız parçalarından birinə çevrilmək üçün çəkilən iztirab təndirxananın yanında insanlardan çörək istəyən adamın pulun küncünü görəndə gözlərində yaranmış ani qığılcım üçün sərf etdiyi əziyyətin miqdarı qədər olardı; yəni heç nə, çox asan, demək olar, tamamilə əziyyətsiz, bəlkə də gözünü qəfildən yumub sonsuza kimi açmamaq qədər laqeyd və istehzalı. Hətta o kütlə içərisində kimsəsizləşmək, heç kimə çevrilmək hədəfi o qədər yaxın məsafədə idi ki, bir-birinə keçmiş çəhrayı taxtalı tavan altında uzanmış tənha adamın növbəti günün günəşinə çoxdan əlvida demiş daxili dünyasının öləziməkdə olan vəziyyəti ilə ölüm arasındakı məsafədən fərqlənmirdi. Məsələ heç də yalqızlığa qərq olmuş adamın içində olduğu vəziyyətdən cana gəlməyi deyildi, məni iri restoran pəncərəsinin qarşısından axan izdihama qarışmaq qorxusu da narahat etmirdi. Bütün bəşəri xüsusiyyətlər özündə cəmiyyətlərdən miraslar daşıyır.

Məni narahat edən bu cəmiyyətdə bəşəri, hətta mahiyyət etibarilə fövqəlbəşər xüsusiyyətlərin, ümumiyyətlə, doğulmaması ehtimallarının mövcudluğu idi. Çünki bu kimliyin əzəli-əbədi tərənnümçüsü olan insani xüsusiyyət və onun istehsal etdiyi məhsullar əbədiliyə ucalmaq uğrunda növbəti məhək daşı ola bilərdi, bundan məhrum olmaq və ya bu şansı heç vaxt əldə edə bilməmək əsl faciə olardı. Əslində, bəşəriyyətin arzuladığı sakral dinclik növünə doğru aram-aram irəlilədiyim bu yolda yəqin ki yeganə peşmanlığım əlimin yetmədiyi, ruhumun toxunmadığı, öləziyən şamın sönməmişdən qabaq axırıncı dəfə havaya şığıyan çılğın qığılcımları sayaq bəbəklərimin qaranlıq sonsuzluğundan doğacaq ocağı alışdırmadığı, tamamilə təbii, bütün süni təbəqələşmələrdən uzaq, hamının yaşaya biləcəyi sıravi hisslər olacaqdı; bütün qəlbimlə kiməsə bağlana bilmədiyim, arabir nəyə bənzədiyini qarşısıalınmaz acgözlüklə xəyal etdiyim məhəbbət duyğusunun qibtə dolu ağırlığı altında əzilməmək üçün vurnuxurdum. İlk vaxtlar həyatın hər üzündən kam almaq istəyi ölümə qarşı ən qüvvətli istinadgahıma çevrilmişdi.

Bu çılğın istək, qarşılıqsız bağlılığın həyat eşqimi daha da alovlandıra biləcəyini güman etmişdim. Lakin sonra vərdiş etdim, yox olmanın müqabilində al-əlvanlıqdan uzaq, quru sentimental duyğular dünyası mənim üçün kifayət etməyə başladı. Belə getsə, yəqin yavaş-yavaş ölümlə də ən rahat dinclik qismində barışacaqdım. Onun da varlığı fani aləmdə mövcud olan sentimental dünyamın arxasıdakı mənzərə kimi formalaşmağa başlayacaqdı; bir növ yayın ən qızmar vaxtı günəşin şəfəqləri içəri dolmasın deyə otağımın pəncərəsi üzərinə çəkdiyim ağ mələfə kimi. O mələfənin arxasında səs və rəngə bürünmüş başqa bir dünyanın varlığına inanmaq olduqca çətin idi, ya bəlkə də bu mənə sərf etmir, işıqlı otaqdakı əşyalar gözümü qamaşdırmağa kifayət edir, çöldəki günəş şüalarının artıqlığından zəhərlənmiş ağaclar, otlar, küçədəki səkinin üzərində atılıb qalmış, solğun rəngli siqaret qutusunun məlul görünüşünə xas qarışıq mənzərələri mənimsəmək sanki ölümün mahiyyəti ilə eynilik təşkil edirdi.
Bir dəfə evimin həyətindəki darvazanın döyülmə səsini eşitdim, çölə çıxıb qapını açdıqda iki balaca oğlan uşağının mənə baxdığını gördüm.

Gözlərindəki təəccüb qarışıq maraq hissi bədənimi anidən soyuq suya toxunanda yaşadığım ani titrəyiş kimi lərzəyə gətirmişdi, gözlərinin düz içinə, oradakı təzətər həyatın isti qığılcımlarına həyatın yeni çalarını kəşf etmənin verdiyi acgözlüklə zillənmişdim. Onlar da mənim kəsalətli bədənimə maraqla, bir az da qorxuyla baxmışdılar, sanki saçı tökülmüş başımdan, dümağ bədənimdən ehmalca axıb gedən həyatın son işartılarını izləyirdilər. Oynadıqları top həyətimə düşmüşdü, onu istəmişdilər. Topu onlara qaytardım, sonra isə bir az oyunlarına tamaşa etmək üçün özüm də çölə çıxdım. Hava gözəl idi. Ciyərlərimi dolduran axşamın sərin mehi canıma yayılan dincliyi artırırdı. Ortalıqda qaçışan uşaqların sevincləri, yıxıldıqları zaman çirkli paltarlarıyla havadakı tozanağın içindən heç nə olmayıbmış kimi topa doğru şığımaları, hərdən oyunun yaratdığı həyəcanın sentimental tərəflərinə üstün gəldiyi hallarda bir-birlərinin üzərinə qəddarcasına bağırmaları həyatın bütün tərəflərinin çılpaq tamaşasını gözlərim önündə açmışdı. Oyun bitdikdən sonra onlarla mehribancasına sağollaşıb evə qayıtmaq üçün darvazanın qapısından içəri keçəndə, uşaqlardan birinin “Gördün onu? Lap meyitə oxşayır” deməyi, sonra kiminsə çəkdiyi şaqqanağın ciyiltili səsi belə bu tamaşanın hər üzünü özündə ehtiva edən ayrılmaz parçası tək qətiyyən məni incitməmişdi. Yox, mənə əzab verən bunlar deyildi.

Əslində, canımı çənginə almış xəstəliyin verdiyi fiziki iztirablar hər şeyə nifrət etməmə səbəb olsa da, məhz heç nə olmamış kimi yaşamağa davam etmək, yarıda kəsilmiş filmin zibilliyə atılmış xarab lenti kimi yarımçıq qalmaq məni özümdən çıxarırdı. Əmim mənə, tək olduğumdan, onlarda qalmağımı təklif etmişdi. Atamla anamı itirəndən, xəstəliyim üzə çıxmadığı zamanlarda belə bir neçə dəfə təklif olunsa da, qəbul etmirdim. Əslində, müalicələrimin hələ ilk mərhələsində onlarda iki həftəyə yaxın qalmışdım. İlk günlər hər şey yaxşı idi, mənim üçün də, onlar üçün də bir problem yox idi, lakin yenə də nigaranlıqdan uzaqlaşa bilmirdim, evimdəki təkliklə buradakı çoxluğun yaşatdığı hisslər bir-birilə tərs-mütənasiblik təşkil edirdi. Tanımadığım insanlar onlara gəldiyi vaxt məni görən kimi məğlub olmaqda olan bədənimin acizliyi və bu mənzərə qarşısında əsl münasibətlərini örtbasdır etmək üçün arxasında gizləndikləri saxta gülümsəmələri getdikcə daha da iztirabverici təsir bağışlayırdı, onlar bunu sezmədiyimi zənn edirdilər, lakin bütün hadisələr pərdə arxasında gizlənən uşağın sadəlövhlüyü qədər lüt-üryan ortada idi. Həm də bu minvalla bir müddət sonra onları da narahat edəcəyimi güman etdim, ona görə də çox qala bilmədim və bütün israrlara baxmayaraq, dönə-dönə minnətdarlığımı ifadə edib, evimə qayıtdım.

Əmim tez-tez arxamca gəlirdi, müalicələrimlə maraqlanır, onlara gəlməyimlə bağlı durmadan israr edirdi, lakin mən yenə də öz bildiyimlə hərəkət edirdim. Sonda tamamilə əldən düşdüm, ətrafdakıların yersiz qürur adlandırdıqları bir çox hərəkətlərim hamını bezdirdi. Mən isə mübarizə aparmaq yerinə, daim yaxınlaşan ölüm haqqında vahimə ilə düşünməkdən özümü saxlaya bilmirdim. Halbuki o, fikrini çəksəm də çəkməsəm də, bir addımlığımda məni güdməyə davam edirdi. Sızdığı boşluqdan bütün bədənimə yayılmaq üçün fürsət axtarırdı. Amma sonradan başa düşmüşdüm, anlamışdım ki, məni qorxudan şey haqqında düşünmək əbəsdir, bununla mübarizə aparmaq və ya ən azından xəyalımdakı xoşbəxt gələcəyə bir addım da olsa, yaxınlaşa bilmək naminə bunu etməliyəm – yazmalıyam, ölümlə, həyatla, insanlarla burada danışmalıyam.

Universitetdə oxuduğum illərdə gələcəklə bağlı qurduğum xəyallarda həyatımın baş obrazı olmaqdan qarşısıalınmaz həzz duyardım, bunun mənim üçün praktiki dünyada təzahür edə biləcək yeganə ssenari olduğunu zənn edirdim, mənim layihəm bu idi, bundan qeyrisini fikirləşmək hər halda ağılsızlıq olardı, lakin xəyal dünyamın anidən əbədi boz rəngə bürünməsi gerçək aləmlə bütün bağlarımın qopmasına kifayət etdi. Son ümidim isə yazmaqda idi, çünki xəyal dünyam əslində bu təməl üzərinə qurulmuşdu, şirin arzularımın yeganə və bənzərsiz övladı peşəkarlaşdırmaq istədiyim yazmaq qabiliyyətim idi, bunu reallaşdırmalıydım, labüd ölümün qarşısında yeganə və ən möhkəm arqumentim, sən demə, yalnız bu ola bilərmiş. Lakin xəstəlik imkan vermir, o, yavaş-yavaş düşüncələrimi ağırlaşdırır, dözülməz fiziki iztirablar duyğularımı korşaldır, beynimi dumanlandırır, artıq o, gizləndiyi yerdən çıxıb, mən onunla açıq meydanda lap üz-üzə dayanmışam, üzərimə endirilən zərbələr bütün varlığımı titrətməyə kifayət edir. Nəhəng romanlara, kitablara sığdırmaq istədiyim həyatım ölümün qətiyyəti ilə xırdaca bir hekayənin içərisinə tıxılıb qalmağa məhkumdur.

Mənim üçün bu da kifayət edər deməkdən savayı seçimim yoxdur, bəlkə də bunun özü belə mübarizə yolunda mühüm addım olacaq, insan bəzən sonda əldə etməyəcəyini bildiyi şeyi istəmək məsələsinə hədsiz çox baş yorduqda keçən dəqiqələrini boşa sərf etdiyinin fərqinə varmır, hər halda, bunu oxuyan, məni başa düşəcəyinə ümid etdiyim bircə adamın belə varlığı, hal-hazırda ölü vəziyyətdə olan bu düşüncələrin canlanmasına xidmət edəcək, həyatda geri qayıtmayan bədənim burada, bu misraların arasında yenidən özünə can tapacaq; bu dəfə başqa şəkildə, bəlkə də tamamilə başqa təxəyyül dünyasının içərisində.

Bunu şayəd mənim kimi birisi oxuyar deyə yazdım, hər şeyə rəğmən yaşamanın, ölümə qarşı müxtəlif formalarda dayanaqlı, əbədiliyin çiyinlərində ucala bilən yeni arqumentləri gətirə bilmənin mümkünlüyünə həmişə inandığım, bu inamımı başqasına ötürə bilməyin yaratdığı istəyə qarşı gələ bilmədiyim üçün yazdım, beləcə həm var olmağa davam edəcək, həm də başqasını həyat mübarizəsində öz həqiqətlərimlə tanış edə biləcəyimi dərk etdim. Bəlkə də sən bu misraları oxuyanda mən artıq həyatda olmayacağam, lakin inanıram, hüceyrələrimdən qopan və fikirlərə dönüşən hər enerji mənbəyi yeni düşüncələrin törəməsinə təkan verəcək, bu minvalla, ola bilsin, əbədilikdən azca da olsa, kam almağı bacaracağam”.

Son cümləni də diqqətlə, bütün varlığıyla süzgəcdən keçirən adam dəftəri bağladı, bir anlıq qeyri-iradi dəftər əlində ayağa qalxdı, ətrafda gəzişdi, ürəyinin sıxıldığını hiss etdi, gözü sanki həyəcanla kimisə axtarırdı. Bəli, o həmin adamı, bu cümlələrin müəllifini görmək, onunla danışmaq istəyirdi. Ola bilsin, elə bir az əvvəl buradaymış deyə fikrindən keçirdi. Palatalara baxmaq istədi, lakin buraxmadılar. Həm də axı onu necə tanıyacaqdı? Siması haqqında təsəvvüründə heç nə canlanmırdı. Burada, bu skamyada bir az əvvəl kimin əyləşdiyini soruşdusa da dəqiq cavab verə bilən olmadı.

Piştaxtanın arxasındakı qız buradan gün ərzində onlarla adamın keçdiyi dedi. Kişi isə onu görə bilməməyi qəbul edə bilmirdi. Qısa müddət ərzində üzünü görmədiyi, adını bilmədiyi, bir kəlmə belə kəsmədiyi insanı bu qədər yaxından tanıya bilmək onun üçün anlaşılması çətin hiss idi.
Qapıdakı tibb bacısı yanına gələrək növbəsinin çatdığını bildirdi. Dalğın halda dəhlizə daxil olan adam dəftəri gödəkcəsinin iç cibinə qoydu. Bir az sonra içindəki intizar alışdığı kimi də qəribə şəkildə yox olub getdi. O, binanın qapısından içəri daxil olduğu andakı narahat adam deyildi. O artıq kənardan daha təcrübəli, daha asudə adam təsiri bağışlayırdı. Kiçik bir dəftərin dəyişdiyi insan ömrü boyu özünü belə qayğısız hiss etməmişdi.

# 1737 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
#
#
# # #