Sentimental gözəllik - Nemət Mətin

Nemət Mətin

Nemət Mətin

22 noyabr 2022
# 17:45

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Nemət Mətinin "Sentimental gözəllik" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Hekayələrin qəbulu dekabr ayının 10-a qədər davam edəcək. Qeyd olunan tarixdən sonra göndərilən hekayələr müsabiqəyə qəbul edilməyəcək.

Həyat bizi çobanyastığı ləçəkləri kimi yolur. (Pol Oster)

Ən sevdiyi içki çay idi. Çayı necə bəh-bəhlə içirdisə, ona baxan da çay istəyirdi. Heç bir içki çayı əvəz edə bilməz — belə düşünürdü. Hə, bir də “Leon” filmini sevirdi. Bir çay ola, bir də bu film. Vəssalam. Onu daha heç cür xoşbəxt etmək olmazdı. Çox oğlan onu sevdi. Amma o yalnız çayı və Matildanı. Hə, Leon filmindəki bəstəboy, əlində dibçək gəzdirən və Leonu sevən Matildanı deyirəm.

Bu gün də gec yatacaqdı. Sosial şəbəkələrdə baş qatıb, əlinə keçən gözəl fikirləri paylaşacaqdı. Qulaqlıqda da Stinq oxuyur.


“If I told her that I loved you
You'd maybe think there's something wrong
I'm not a man of too many faces
The mask I wear is one” *


“Leon” filminin musiqisi idi. Nə vaxt kimisə sevəcəkdisə, Matilda qədər ürəkdən sevəcəkdi. Dəlicəsinə. Amma ümid edirdi ki, sevgisi filmdəki kimi bir tərəfli olmayacaq. Leon Matildanı yox, onun sevməyini sevirdi, axı.

O, həm də şeir yazırdı. İlk şeirləri zəif olsa da, sonrakılar maraqlı alınmışdı. Sanki ürəyi böyüdükcə şeiri də böyüyürdü. Ürəyini hər kəsdən gizlətməyə çalışırdı. Gözəlliyin mahiyyəti də elə bundadır. Gizlində yetişir. Baramanın içində gözəlləşən kəpənək kimi. Qönçənin içində böyüyən gül kimi…

Qısa saçları ona yaraşırdı. Təkcə özünü Matildaya oxşatmağa çalışmırdı. Saçları cod idi. Daramaq, duş qəbul edəndən sonra qurutmaq çətin idi. Bir tərəfdən də, adamın allahı var, qısa saçlı qadınlar bir ayrı gözəl olur.

Heç kimi sevə bilmirdi. Dərdindən ölənləri də, ona hədiyyə göndərənləri də, vəd verənləri də… Bir sözlə heç kimə ürəyini aça bilmirdi. Amma sevinc hissi uzun çəkmədiyi kimi, kədər də uzun çəkmədi. Günlərin bir günü dəlicəsinə sevdi. Adi bir tanışlıq zamanı sehirə düşdü. Oğlan çaydan çox kofeni xoşlayırdı. O, sevdiyi üçün çaydan imtina etdi. Mən sənə görə çayı kofeyə dəyişərəm — dedi. O gündən etibarən ürəyində gizlətdiyi bütün gözəllikləri aləmə yaydı. Kəpənək də, gül də sevgi kimi bir gün böyüdüyü, yetişdiyi yeri tərk edir. “Mən varam” — deyə qışqırır.

O gündən sonra təmiz dəyişildi. Nəinki çayı kofeyə, hətta Matildanı Nuranəyə dəyişdi. Özü oldu. Filmdəki sevgidən də böyük sevdi. Bütün sevgisiylə oğlanı yaşatdı. İnsan necə də dəyişərmiş. Sevgi adamı böyüdür.

İlk görüşdə oğlanın kirpiyi sağ yanağına düşdüyü üçün ona demişdi:

– Kirpiyin düşüb, arzu tut.

– Elə bax ki, hansı gözümə yaxın olduğunu bilim.

– Nə arzu tutdun?

– Ömürlük mənimlə qalmağını.

Sonralar daha bir neçə dəfə görüşdülər. Hər ikisi sevginin ağuşunda xoşbəxt idi. Gəzdikləri küçələri unutmayacaqdılar. İlk öpüşü, ilk yeməyi, ilk qucaqlamağı...

İlk görüş saat yeddidə baş tutacaqdı. İçərişəhər metrostansiyasının qapısından Nuranə çıxanda yaxınlıqdakı kilsə zəngi yeddi dəfə çaldı. Oğlan Nuranəni görmürdü. Zəngin səsini eşidəndə düşündü ki, xristian olsaydılar toyda eyni bu zəngdən çalınardı. Zəngin səsi adamın ürəyindəki cüzi bir pis fikiri də silkələyib çıxarar...

Nuranə oğlanın sevdiyi bənövşəyi rəngə o qədər vuruldu ki, o rəngdə geyimlər alır, o rəngdə dırnaqlarına boya axtarırdı. Gülləri də o rəngdə sevdi. Həyat başdan başa bənövşəyi rəngə bürünmüşdü. Nuranə ətrini belə dəyişmədi. Çünki oğlanın ağlını başından alırdı. Amma ətir bitmirdi ki, bitmirdi. Başqa yerə gedəndə o ətri vurmurdu Nuranə. Qısqanırdı ətrini. O yalnız oğlanla görüşə gedəndə ətrini sevə-sevə üzərinə vururdu.

Sentimental hislər sevgidən qaynaqlanır. Oğlan bunu ilk dəfə ona deyəndə incimişdi. Sonra özü də bunu hiss etdi və qəti qərara gəldi ki, oğlanların əksəriyyəti rasionalistdir, qadınlar isə sentimental. Qadınla kişi bir araya gələndə balans həyatı gözəlləşdirir. Bir görüşdə Nuranə göy üzünə baxaraq ulduzların olmadığını demişdi oğlana. O isə sentimentallığın lap dibinə enərək cavab vermişdi:

– Ulduzlar bizim sevgimizdən utanaraq gözlərini yumub.

Payız günlərinin birində parkda gəzişəndə oğlanın çiyninə qurumuş yarpaq düşdü. O əhəmiyyət verməsə də Nuranə oğlanın çiyninə toxunub yerə düşən yarpağı götürdü. Oğlan ona kitab hədiyyə etmişdi. Nuranə həmin yarpağı kitabın arasına qoydu. Bir dəfə isə dəniz kənarına gəzməyə getmişdilər. Balıqqulağını qulağına yaxınlaşdıran Nuranə gülümsəmişdi. Oğlana üzünü tutaraq sevgi dolu baxışlarıyla demişdi:

– Sanki qulağıma “səni sevirəm” pıçıldayırsan.

Sevginin həzin uğultusu...

Sonralar Nuranə çox az hallarda şeir yazdı. Görünür xoşbəxt insan şeir yazmağı düşünmür. Kədər adama nələr yazdırmaz. Sevinc hissi isə insanı poeziyadan uzaqlaşdırır. Yalnız oğlan üçün darıxanda ona aid şeir yazdı.

Vaxtı, zamanı unutmuşdular. Onlar üçün təqvim ancaq sevgi dolu anlarla hesablanırdı. Məsələn: qar yağanda Nuranənin saçlarına düşən qarı təmizləmək, yağış yağanda bir yerdə rəqs etmək və sairə və ilaxır.

Nuranə həddindən ziyadə həssas idi. Oğlanın ən adi sözlərini belə ürəyinə salır, ən sadə hərəkətlərini beynində sorğulayırdı. Hətta oğlan “sevirəm” qarşılığında “mən də səni” deyəndə, “mən də səni nə?” sualını verməyə tələsirdi. Tam cavabı gözləyirdi. Bir dəfə həftəsonu görüşündə oğlan yediyi yeməkdən ona vermişdi. Çəngəli düz dodaqlarına uzatmışdı. Nuranə üç gün bunu rəfiqəsinə sevinərək danışmışdı.

Tez küsüb, tez barışırdılar. Heç bir gün çəkmirdi ki, iki tərəfdən biri üzr istəyirdi. “Bağışla” sözünü azı min dəfə demişdilər.

Alınmayanda alınmır. Həyat xəyapərəstlər üçün hər zaman sürpriz hazırlayır. Bir ildən sonra oğlan Fransaya köçməli oldu. Ailəsi gedirdi deyə qala bilmədi. Evi də satmışdılar. O isə tək qaldı. Vaxtaşırı görüntülü danışırdılar. Məsafələr sevgiyə əngəl olmasa da, soyudur. Yavaş- yavaş aralarındakı spontan sevgi azaldı. Nuranə sevgisinə sadiq idi. Heç vaxt kofeni çaya dəyişmədi. Matilda da yeniyetməliyinin bir küncündə xatirə tək yaşayırdı. Natali Portman da illər sonra film haqqında deyirdi ki, “Leon” filmi ona sevinc gətirmədi. On iki yaşında özünü seksual hisslərin obyekti kimi hiss etmək çox qəribə idi.
O böyümüşdü. Ömrünün axırına kimi başqa birisini sevmədi.

* Və əgər sənə səni sevdiyimi desəydim,
səhv bir şey olduğunu fikirləşə bilərdin.
mən çoxüzlü adamlardan deyiləm,
taxdığım maska təkdir.

# 1571 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
#
#
# # #