"Satıcı oğlan xəyalındakı qadını soyundururmuş kimi..." - Fəridə

"Satıcı oğlan xəyalındakı qadını soyundururmuş kimi..." - Fəridə
1 dekabr 2025
# 14:00

Kulis.az Fəridənin "Levhi-Sükut" yazısını təqdim edir.

Bizə nədənsə həmişə nəyisə düzəltməyi öyrətmişdilər. Sınanı başqa cür qiymətləndirməyi, çatlağı gizlətməyi... Biz bir şeyi atacaq qədər zəngin deyildik. Bəlkə də, elə buna görə münasibətlərdə sevginin qopmuş yerini sükutla yapışdırır, ümidlər yamayırıq...

Ata bilmirik. Əl çəkə bilmirik. Getməyə cəsarətimiz də yoxdur.

Bəzi qapılar yalnız çıxmaq üçündür, amma... Bəzi qapılar artıq içəri açılmır. Biz evinin yolunu itirmiş uşaqlar kimi harasa qayıtmalı olduğumuzu bilirik, amma hara?!

Bir zamanlar həyatına nəfəs kimi girən insanlar, günlərin birində üstündən yük kimi gedir. Həyatın ən böyük ironiyası zamandır, bəlkə də. Boş qalan yerlərə həmişə ağrı köçür...

Mağaza vitrini qarşısında dayanıram. Satıcı oğlan xəyalındakı qadını soyundururmuş kimi ehmalca manikenin çiynindən sürüşdürür köynəyi. Sevişmələrimizi xatırlayıram.

Baxışlarım vitrin şüşəsində donub qalır. Səni düşünürəm. Mən həmişə bu üzündə dayanmışam şüşənin, sən o üzdə. Həyat kimi paltar dəyişmisən elə bil... Ən məhrəm xatirələrin düyməsi qopub düşür içimdən.

Heç kim tapmayıb nə vaxtsa itirilmiş xoşbəxtliyi. Mən də axtarmıram. Uzandıqca köhnəlir bütün müharibələr: ölüm, itim, dağıntı... Artıq həyəcanlanmıram heç nəyə.

Yaxın birinin ölüm xəbərini eşidir, inanmırsan. Toxunmaq istəyirsən soyuq bədəninə son dəfə. Bəzi sevişmələr də belədir: eşqin öldüyünə inanmaq üçün mütləq son dəfə toxunmalısan – bumbuz, yad, ruhsuz.

Qaranlıq köynəyini geyindirir gecəyə. Yaddaşdan bir sevişmə silinir. İçimdə bir nəfəs azalır. Bir ad adiləşir. Bir üz solur. Bir gecə daha mənim olmur.

Və mən… evin yolunu itirmiş uşaq kimi hələ də harasa qayıtdığımı düşünürəm və hara qayıtmamalı olduğumu yaxşı bilirəm. Sənin ürəyinə eşqimi salsın deyəmi, yoxsa eşqini məndən alsın deyəmi dua edim, bilmirəm.

Heç nə itməz deyə arxayınam, aramam. O lövhəyə yazılacaq axı:

“Səni sevən bir qadın vardı.
İnsan itməkdən yorularmı?"

Mən yoruldum itməkdən sənin arzusuzluğunda.

Və kitabdakı kimi: "Dəniz kənarı ilə qaçan alabaş... Dönürəm yanına – tənha, əliboş"...

# 1509 dəfə oxunub

Oxşar xəbərlər

İsanın günahı - İsaak Babelin hekayəsi

İsanın günahı - İsaak Babelin hekayəsi

13:30 27 yanvar 2026
Düzbucaq - Kəmalə Mirzəyevanın hekayəsi

Düzbucaq - Kəmalə Mirzəyevanın hekayəsi

11:00 24 yanvar 2026
25 Avqust 1983-cü il - Borxesin hekayəsi

25 Avqust 1983-cü il - Borxesin hekayəsi

14:10 17 yanvar 2026
"Porno filmə baxanda onu yadına salıb kövrəlmişdi" - Bəhruz Tağızadə

"Porno filmə baxanda onu yadına salıb kövrəlmişdi" - Bəhruz Tağızadə

10:00 17 yanvar 2026
Danışmağı öyrənənə qədər susmaq çətin deyil... - Məşhur macar yazıçıdan aforizmlər

Danışmağı öyrənənə qədər susmaq çətin deyil... - Məşhur macar yazıçıdan aforizmlər

18:00 16 yanvar 2026
Mıxlanmış qapı - Günün hekayəsi

Mıxlanmış qapı - Günün hekayəsi

14:32 16 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər