Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Kübra Əliyarlının "Qeyb olmuş talelərin zühuru..." hekayəsini təqdim edir.
O gün də səhəri həmişəki kimi azan səsinə açmışdılar. Baş verəcəklərdən, onlar üçün yazılmış ssenaridən xəbərsiz... Alın yazılarının pozulduğu, insan beyninin dərk edə bilməyəcəyi o qorxunc hadisəyə saatlar qalmışdı...
Hava bir qədər daha tutqun, göy üzü daha bulanıq idi. Sanki dili olsa nəsə baş verəcəyini gizlincə də olsa pıçıldamaq istəyirdi. Ancaq həmin günkü şaxta oranın hər qış günü üçün xarakterik olduğu üçün heç bir işarə vermirdi.
80 yaşlı Zəhra nənə yenə yuxudan hamıdan tez oyanmış, yeniyetməlik yaşlarından ta bu günədək bir gün belə olsa axsatmadığı vərdişlərinə əməl etməklə günə başlamışdı. Hər bir həqiqi müsəlman kimi, o da Allahına bağlı, imanlı və inanclı insan kimi, ilk işi əl-üzünü yuyub, dəstəmazını alıb, namazına tələsirdi. Bu gün də ibadətini aram-aram, tələsmədən, ən müqəddəs borcu kimi etdi, ən çox hüzur tapdığı səcdədə uzun zaman vaxt keçirdi. Allahla danışmaq, onun dərgahına pənah aparmaq ən sevdiyi əməllərdən idi. Vacib namazlarını qılıb, qurtardıqdan sonra gündəlik zikrlərini, dualarını edərək, göz bəbəyi kimi qoruduğu canamazını ehmalca büküb, otağında uşaqların əlinin çatmayacağı bir yerdə, Qurani-Kərim kitabının yanında yerləşdirdi. 80 illik həyatında ayrılmaz yol yoldaşı olan, ən kədərli, sıxıntılı günlərində ümid yeri olan dualarının hopduğu cənəmazı və müqəddəs kitabını ömür-gün yoldaşı Ələkbər kişi Həcc ziyarətindən qayıdarkən hədiyyə almışdı.
Mətbəxə keçərkən, sübh namazlarını bitirən oğlu Məhəmməd və gəlini Fatimənin orada olduğunu gördü. Fatimə həmişəki həvəslə səhər yeməyi hazırlayır, Məhəmməd isə ona kömək etməyə çalışırdı. Ailə yeni doğulacaq üçüncü körpənin sevinci içərisində idi, ona görə heç kəs Fatimənin daha çox yorulmasını istəmir, əlindən gələn köməyi edirdi. Hətta Yusiflə Zəhra da onlara qoşulacaq balaca bacılarını səbirsizliklə gözləyirdilər. Ailə körpəyə ad belə fikirləşmişdi: taleyi də adının mənası kimi qaranlıq olan Leyla...
Doğulmadan gözlərini əbədiyyətə yuman, taleyi nakam Leyla... Bir neçə saat sonra baş verəcək müsibətin ən azyaşlı şahidi, qurbanı... Gördüklərini özü ilə qiyamətə saxlayan, bir məzarı belə olmayan körpə qızcığaz... Dilsiz, ağızsız, ancaq zamanı gələndə hayqırtısı bütün zalımların qənimi olacaq günahsız mələk...
Hava getdikcə işıqlanırdı. Ancaq yüzlərlə günahsız insan taleyinin zülmətə qərq olacağı hadisəyə çox az qalmışdı. Bu talelər üçün artıq ötən hər gecə səhərin aydınlığını müjdələmirdi, açılan hər səhərlər gecə qədər zülmət idi. Ömürlərinin şaxtadan donduğu həmin gün sanki bütün fəsillər, saatlar donmuşdu. Tarix də, zaman da o orada ilişib, qalmışdı...
Bu evdə, ocaqda hər bir azərbaycanlı ailədə olduğu kimi, gündəlik görüləcək işlər bir-birinin ardınca və vaxtında elə icra olunurdu ki, hər kəs öz üzərinə düşən məsuliyyəti də, öhdəliyi də çox yaxşı bilirdi. Yuxudan oyanan hər kəsin bir-biri ilə salamlaşıb, kef-əhval soruşması da ailənin səhər dialoqları içərisində öz gücünü qoruyub, saxlayırdı. Zəhra nənə, xüsusilə nəvələrinə öyrətmişdi ki, “Salam” sözü Allahın adlarından biridir. Ona görə salan vermək də, onu alıb, geri qaytarmaq da savabdır. Salamlaşmaq Allahı xatırlamaqla bərabər, insanlar arasında mənalı ünsiyyət ifadəsidir. Hətta mənası sülh və əmin-amanlıq olduğu üçün insanlara da bununla xoş arzularını bildirmiş olursan.
Böyüklərdən fərqli olaraq ailənin ən balaca sakinləri – Zəhra nənənin nəvələri – 10 yaşlı Yusif və 4 yaşlı balaca Zəhra isə bir qədər gec oyanır, əl-üzlərini yuduqdan dərhal sonra hamı ilə salamlaşır, hazır vəziyyətdə olan səhər süfrəsinə əyləşirdilər. Nənələrinin öyrətdiyi hər bir nəsihətə sözsüz əməl edirdilər. Yusifin öz sadə rejimi var idi: səhər yeməyini bitirdikdən sonra dərsə getmək, dərsdən qayıtdıqdan sonra ev tapşırıqlarını edib, ata-anası, qayğıkeş nənəsi ilə söhbət etmək, yenə birlikdə axşam yeməyi, vaxtında yatmaq. Atası hər gün Yusifə əlavə kitablar oxutdurar, tariximiz, şəxsiyyətlərimiz haqqında ətraflı məlumatlar verər, bəzən saatlarla Yusifi maraqlandıran sualları cavablandırar, mövzularda müzakirələr aparardı. Balaca Zəhra da evdəkilərin əhatəsində söhbətlər edir, müxtəlif oyunlar oynayırdı. Bu ailədə hər kəs uşaqların rejiminin pozulmamasına nəzarət edirdi. Çox keçməyəcəkdi ki, öz axarında davam edən, xoşbəxt günlərini bir-birinə calayan, arzu və istəklərilə ürəkləri quştək çırpınan bu körpələrin işığı söndürüləcək, fələk çarxı başqa istiqamətdə fırlanacaqdı... Gələcəyin ümidi olan bu körpələrin ümid işığı zülmətə qərq olacaqdı.
Bu səhər də Zəhra nənə süfrənin başında olmaqla, hər kəs öz yerini almış, ən sonda süfrəyə qaysaba dolu boşqabı yerləşdirən Fatimə əyləşmişdi. Evdəki odun peçinin istisində və çırtıltısında beləcə yeməklərini yeyib, bitirmiş, sonda şükür etməyi unutmamışdılar. Bu ənənə artıq uşaqların da yaddaşına həkk olunmuşdu. Onlar da hər dəfə yeməkdən sonra əllərini yuxarı qaldıraraq, qunut vəziyyətinə gətirər, Allaha şükür etməkdən böyük zövq alardılar:
- Şükür Sənə, Uca Allahım, Sənin verdiyin ruzi ilə biz doyduq. Hər kəs, yer üzündəki bütün uşaqlar doysun, xoşbəxt olsun...
Hər gün birnəfəsə dedikləri bu duaları isə onlara nənələri əzbərlətmişdi. Zalımların onlar üçün hazırladığı tələdən xəbərsiz olan Yusiflə körpə Zəhra dualarında yer üzündəki uşaqlara, hətta bütün insanlara xoş gün arzulayırdılar...
Bütün olub-bitəcəklərdən bixəbər, hər kəs gündəlik işlərinə tələsirdi. Ömrü həyət evində, əkin-biçində keçən, təsərrüfatla məşğul olan, Ələkbər kişi ağır xəstəlik səbəbindən erkən vəfat etdikdən sonra öz zəhməti ilə bircə balası Məhəmmədi min bir əziyyətlə böyüdən Zəhra nənə yenə gün boyunca həyətdə var-gəl edəcək, qışın şaxtasına, sazağına baxmayaraq, evdə qərar tuta bilməyəndə, yenə özünü həyətə ataraq, torpaqla vaxt keçirməyə başlayacaqdı. Adəm babamızdan miras qalan, insan yaradılışının simvoluna çevrilmiş, əvvəlimiz olan və axırımız olacaq torpaq Zəhra nənənin də əsl enerji mənbəyi idi. Həmişə deyirdi ki, torpaq bizim son mənzilimizdir, gərək ona yaxşı qulluq edək ki, axırımız da abad olsun. Axı o torpaqda bizim əzizlərimiz, doğmalarımız yatır. Zəhra nənə bu sözləri deyərkən haradan bilərdi ki, özünün naməlum son mənzilinin ünvanı oğlu Məhəmmədin ürəyinə əbədi dərd olacaq. Bu məşğuliyyətlər, sanki onun gündəlik ritualına çevrilmişdi, heç birini axsatmadan elə həvəslə icra edirdi ki. Maraqlı və rəngarəng qış geyimləri toxumaq da bu vərdişlərinin başında gəlirdi. Gündəlik ev işlərində gəlini Fatiməyə kömək etməyi də unutmurdu. Onun qabarlı, zədəli əlləri hər qadın kimi, onun da qeyrətinin, zəhmətinin izləri idi... Halal zəhməti ilə, heç kəsin haqqına girmədən, heç kəsin malına göz dikmədən Məhəmmədi böyüdüb, boya-başa çatdırmış, təhsil vermiş, ziyalı övlad yetişdirmişdi. Zəhra nənə qonşuluğa çox önəm verirdi, onun üçün bu münasibətlər müqəddəs sayılırdı. Onların olana xaincə göz dikmədən, haqqına girmədən ən əziz tikəsini belə onlarla bölüşməyi sevirdi...
Balaca Zəhra gah anasının, gah da nənəsinin yanında gəzişir, evdəki oyuncaqları ilə oynayaraq, öz balaca dünyasında yaşayırdı. 5-ci sinifdə oxuyan Yusif isə həmin məktəbdə tarix müəllimi işləyən atası ilə birgə artıq məktəbə yola düşmüşdü. Məktəb evlərinin çox yaxınlığında yerləşirdi. Yusif səhərlər məktəbə atası ilə getsə də, dərsdən sinif yoldaşlarına qoşulub, təkbaşına evə qayıtmağı bacarırdı. Birinci növbənin son dərs saatının zəngi çalınanda uşaqların gülüş səsləri, zarafatları məktəbin həyətini, bir qədər sonra isə ətraf məhəllələri bürüyürdü. Yusif də yolboyu balaca dostları ilə ya hansısa dərs saatını müzakirə edir, ya da oynaya-oynaya evlərinin istiqamətini alır, hər gün sevinə-sevinə evə qayıdırdı.
Günə birgə səhər yeməyindən başlayan ailə, bəzən nahar yeməklərində Məhəmmədin dərs saatlarından asılı olaraq bir nəfər əskik əyləşirdilər. Ancaq buna alışmışdılar. Bugünkü nahar yeməyini də Məhəmməd müəllimlər üçün ayrılmış bufetdə yeyəcək, müəllim yoldaşları ilə maraqlı söhbətlər edəcəkdi. Məhəmmədlə tarix müəllimi həmkarları tarixi mövzularda faktları müzakirə etməkdən böyük zövq alırdılar. Hər gün isə fərqli və yeni mövzular seçməyi bacarırdılar. Bu söhbətlərdə sanki tarix dil açıb, danışırdı...
Məhəmməd sinif otağına səsləndi:
– Açın kitablarınızı, uşaqlar. Növbəti dərsimiz 1918-ci ilin mart soyqırımıdır. Budur Vətənimizin acı tarixi, bunu hər biriniz bilməli və unutmamalısınız. Ermənilərin bizim başımıza gətirdikləri müsibətlər, qanlı faciələr... 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakıdan və bir sıra şəhərimizdə xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlarda 12 min nəfər soydaşımız amansızlıqla qətlə yetirilib. Daha bir vəhşilik isə budur ki, qətliamı ört-basdır etmək üçün onlar kütləvi məzarlıqlarda dəfn ediliblər. Bu günədək onların, eləcə də itkin düşənlərin taleyi bəlli deyil... Tarix boyu ermənilər öz xülyalarını həyata keçirmək naminə məkrli əməllərə əl atmış, qeyri-insani üsullardan çəkinməmişdir. Keçmişinə, tarixinə, dininə hörməti olmayan bu kütlə təfəkkürlü məxluqlar bununla öz simalarını bütün dünyaya sübut ediblər. Ancaq ümid sonda ölür, biz ədalətin zəfər çalacağına inanırıq. Çünki haqq olan Allah o günü bizlərə göstərəcək. Zalımın zülmü ədalətin təcəlli etdiyi yerə qədərdir...
Tarixin qanlı səhifələri vərəqləndikcə, şagirdlərin gözləri müəllimin kədərli üzündə gəzişirdi. Təlaş içində eşitdiklərindən donub yerlərində qalmış, qıpırdamadan diqqətlə müəllimlərinə qulaq asırdılar. Mart sazağını bədənlərində hiss edən uşaqlar, fevral şaxtasının daha amansız və qandondurucu olduğunu həmin gecəyədək bilmirdilər...
Məhəmməd müəllim sözlərinə davam etdi:
– Azərbaycan çox bəlalar çəkib, ancaq millətimizin sınmayan, əyilməyən vüqarı bizi daha da məğrur və mübariz edib. Budur bizim düşmənlərimizi qorxudan, onları tir-tir əsdirən. Onlar millətimizin polad iradəsini sındıra bilməyəcəklərini çox yaxşı dərk edirlər.
Bu günkü dərs saatı beləcə lirik notlarla başa çatmış, hər kəs üzündəki təəccüb və kədər dolu baxışlarla evlərinin yolunu tutmuşdu. Necə ola bilərdi ki, bu qədər haqsızlıq və qəddarlıq cavabsız qalsın?! Dünya bu qədər cinayətə göz yumsun?!
Məhəmməd evlərinə çatanda artıq günorta saat 3 radələri olardı. Darvazanın taqqıltısından atalarının gəldiyini duyan Yusif və Zəhra sevinclə onun qucağına qaçdılar. Onu bərk-bərk qucaqlayıb, öpməyə başladılar.
– Ata, bu gün ana dilindən “5” aldım. Müəllim dedi ki, sinifdə ən gözəl xətti olan sənsən. Öz ana dilimizdə gözəl yazıb, oxumaq, səlis danışmaq böyük
xoşbəxtlikdir. Çünki Azərbaycan dili bizim sərvətimizdir, biz bu sərvətimizə sahib çıxmalı, onu qorumalıyıq.
– Afərin, oğlum! Səninlə fəxr etdim. Müəllimin haqlıdır, sizlər yaxşı oxumalı, savadlı olmalısınız. Vətənimizə və xalqımıza layiqli övladlar olmalısınız. Bizim tariximizi, ədəbiyyatımızı araşdırmalı, öyrənməlisiniz. Tariximizi yaşatmaq bizim müqəddəs borcumuzdur.
Evə daxil olub, ailə üzvləri ilə salamlaşan Məhəmməd əyinini dəyişdikdən sonra, anası Zəhra nənənin yanında əyləşərək, onu əzizləməyə, əhvalını soruşmağa başladı. Bu vaxt Fatimə yayda qurudulmuş kəklikotundan hazırlanmış pürrəng çayı həyat yoldaşının qarşısına qoydu, yanında Qarabağ kətəsi ilə.
– Ata, dərslərimin çoxunu oxumuşam artıq, azalıb. Birlikdə yenə kitab oxuya bilərik, ya da yenə mənə tariximiz barədə maraqlı məlumatlar danışa bilərsən?
– Əlbəttə, oğlum.
Beləcə, Məhəmməd çayını qurtumlaya-qurtumlaya Yusiflə söhbət etməyə başladı:
– Bu gün sənə Azərbaycanın qədim mahallarından olan Zəngəzur haqqında danışacam. “Zəngəzur” sözü təmiz türk mənşəli toponimdir. “Zəngi” – qədim türk tayfasının adıdır. Tarixi mənbələrdə, qədim səyyahların tədqiqatlarında da Zəngəzur türklərin yurd yeri kimi təqdim edilir.
Atasının sözləri göz qırpmadan onu dinləyən Yusifin fikirlərinə hakim kəsilmişdi.
– Qədim türk eposu “Kitabi-Dədə Qorqud” dastanındakı hadisələrdən bəziləri Zəngəzurda cərəyan edir. XIX əsrin 20-ci illərində Qarabağ xanlığının tərkibində olduğu tarixi mənbələrdə təsdiq edilir. Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi tərəfindən 1920-ci il noyabrın 30-da keçirilən iclasın qərarı ilə Zəngəzur – sovet Ermənistanının tərkibinə verilir. Bu qərarın nəticəsi olaraq Azərbaycanın Naxçıvan bölgəsi ölkəmizin ərazisindən ayrı salınır və beləliklə, Azərbaycanın Türkiyə ilə, eləcə də bütün türk dünyası ilə quru əlaqələri kəsilir.
Tarixin qan donduran faktlarını eşitdikcə, Yusifin matı-mutu qurumuşdu. Eşitdiklərini uşaq ağlı hələ də qəbul edə bilmirdi. Necə ola bilərdi ki, bir millətin başına gətirilən bu qədər bəlalara dünya sussun?! Haqsızlığın bu qədəri artıq həddindən çox idi.
Beləcə, axşama doğru hava daha da tutqunlaşır, getdikcə soyumağa başlayırdı. Fatimə gününü daha çox keçirdiyi mətbəxdə axşam yeməyini yekunlaşdırmaq üzrə idi. Əvəlikli, Qırxbuğumlu, bol pərpətöyünlü qatıqlı aşların iyisi bütün evə yayılmışdı. Əsasən axşam yeməklərində süfrəyə bir neçə təam birlikdə verilirdi.
Zəhra nənə peçin dibində balaca Zəhraya paltar toxuyurdu. Sevincək olan balaca Zəhra isə gəlinciyi əlində göstərərək:
– Nənə, nənə, mənimki bitdikdən sonra, buna da toxuyarsan?
Nənə peçin istisindən pörtmüş üzündəki təbəssümlə baxaraq, nəvəsinə gülümsədi:
– Toxuyaram, nənə qurban. Ona da toxuyaram, ikiniz də geyinərsiniz. Hələ İnşallah Leyla sağ-salamat doğulsun, ona da toxuyaram, üçünüzdə də olar dəst.
Ata-oğul söhbətinə bir anda dərin sükut çökmüşdü... Sözün bitdiyi yer idi...
Bu sükutu Fatimənin “yemək hazırdır” sözləri pozdu, Məhəmməd və Yusif sanki kabusdan ayılmış kimi, nəzərlərini bir-birindən ayırıb, Fatiməyə baxdılar.
Fatimə süfrəni ehmalca qurur, hər kəs öz yerini almağa başlayırdı. Bir neçə dəqiqə sonra artıq hər kəs masadakı daimi yerini almışdı. Balaca Zəhra isə özündən daha çox gəlinciyinə diqqət göstərir, onun “ac qalmaması” üçün çaba göstərirdi. İştahla yeyilən axşam yeməyinin sonu da əvvəlkilərdə olduğu kimi, əllər göyə doğru açılmış vəziyyətdə şükür duaları ilə bitdi.
Çay süfrəsi ətrafında baş tutan ailə söhbətindən bir qədər sonra hər kəs səhər erkən oyanmaq üçün yatmağa getdi. Yusif qalan dərslərini də oxuyub, bitirdikdən sonra balaca bacısı ilə birgə artıq çoxdan idi şirin yuxuya dalmışdı. Zəhra nənə gecə namazlarında daha uzun ibadət edər, ələlxüsus xüftən namazından sonra mütləq Qurani-Kərimdən surələr oxuyar və öz həyat yoldaşı Ələkbər kişi ilə bərabər, bütün dünyadan köçənlərin ruhuna salavat çəkərdi.
Gecəyə doğru irəlilədikcə şaxta daha da kəskinləşir, üstəlik qar şiddətlənirdi. Havadakı təlaş və təlatüm getdikcə sərhəd tanımırdı. Sanki dili olsa idi, nələrdənsə xəbər verəcəkdi. Bütün Xocalı ailələri kimi, Zəhra nənənin ailəsi də sakit və hüzurlu bir günün sonunda öz evlərində dərin yuxuya getmişdi.
Bu gecənin sükutunun pozulması həmişəkindən tamam fərqli oldu... Həmin gün sükutu azan səsi deyil, güllə səsləri pozdu...
Fevralın 25-indən 26-sına keçən gecənin şaxtası, çovğunu dünyadakı bütün qışların şaxtasını kölgədə qoyacaqdı. Bu gün – 25-ini 26-sına bağlayan gecə sanki yer üzündə qiyamət qopacaq, Allah belə olub, bitənlərdən dəhşətə gələcəkdi. Bu qədər zalımlığı, dəhşəti görən şeytan belə “insan”dan qorxmağa başlayacaq, onların şərindən Allaha “pənah aparacaqdı”... Qəlbləri möhürlənmiş, qəlb gözü kor olmuş bu zalımların zülmü bütün bəşər insanı üçün silinməz ləkə olacaqdı.
Zəhra nənənin ailəsindəki sükutu da güllə səslərindən oyanmış Məhəmmədin çığırtısı pozdu.
– Ana, ana, tez dur ayağa, ay ana. Şəhər alov içindədir. Ermənilər şəhərə hücum ediblər.
Bütün ailəsini oyatmağa, xəbərdar etməyə çalışan Məhəmmədin səsini çöldən gələn tank, güllə səsləri və insanların harayı kəsirdi. Artıq bütün ailə ayaqüstə, tədirgin halda nə baş verdiyini anlamağa çalışırdı. Yenicə namazını qılıb, yuxuya getmiş Zəhra nənə isə yarı yuxulu halda tir-tir əsən körpə nəvələrini sakitləşdirməyə çalışırdı. Fatimə isə onlara qısılıb, ağlayırdı. Hər kəs baş verən vəhşətin artıq fərqində idi. Bircə körpələrdən savayı. Onları qorxudan isə sadəcə gələn səs-küy və ağlaşma səsləri idi. Onlar silahı, tankı, gülləni oyuncaqda belə görməmişdilər. Bəzən Yusif böyüklərindən bu oyuncaqlardan almasını istəsə də, onlar buna etiraz edərdilər. Yusifə ancaq cizgi filmi qəhrəmanlarının maketlərini, ya da digər oyuncaqlardan, xüsusilə rəngli boyama dəftərləri və karandaşları alardılar. O da öz balaca dünyasında göy üzünü aydın təsvir edər, rəngli karandaşlarla səmanı həvəslə rəngləyərdi. Günəş isə öz işığı və istisi ilə bu rəsmlərə, onun öz dünyasına xüsusi gözəllik qatardı...
Həyətdən küçəyə boylanıb, evə qayıdan Məhəmməd:
– Ana, Fatimə, dərhal çıxmalıyıq. Uşaqlarla burada daha çox qala bilmərik. Bunların gözü dönüb, heç kimi görmürlər. Aləm dəyib bir-birinə. Göz qırpmadan tanklarla insanların üzərinə çıxır, güllə yağışına tuturlar. Bu azğınlaşmışların “insan” adı ilə əlaqəsi yoxdur...
Əli silahlı işğalçılar qarşılarına çıxan, basqın etdikləri evlərdə kimlər var idisə, körpə, qoca, qadın demədən vəhşicəsinə işgəncələr verir və qətlə yetirirdilər. Bütün şəhər bir tonqalı xatırladırdı, odun, alovun tüstüsü ərşə dayanmışdı, qan gölünə çevrilmişdi. Məhəmmədin məqsədi ailəsinin şəhərdən çıxmasına kömək edib, geri qayıtmaq idi. Lakin geri qayıtmayana qədər etiraz etməsinlər deyə bu qərarını anasından və həyat yoldaşından gizli saxlayırdı.
Dərhal ən qalın paltarlarını geyinib, evdən çıxmağa hazırlaşdılar. Küçə darvazasına çatanda o təlaşda gəlinciyini evdə unudan balaca Zəhranın çığırtısı kəsilsin deyə atası tez evə qayıdıb, onun gəlinciyini götürdü.
Küçələr qocaların, körpələrin, qadınların həyatını qurtarmaq üçün meşələrə tələsən insanlarla dolu idi. Ananın öz balasının karına çata bilmədiyi dəhşətlərlə dolu bu mənzərədə insanların fəryadı qulaqları batırırdı. Necə ola bilərdi ki, bu qədər harayı heç kim duymamışdı?!
Qışın soyuğunda, zülmət qaranlıqda meşələr insan selinə dönmüşdü. Meşələrə çatana qədər isə insanlar min bir əziyyətlərə qatlanmalı idilər, kimisinin çayı keçərkən ayaqqabısını su aparmış, ayaqyalın buz bağlamış çaylarda, yollarda, meşələrdə bədənləri şaxtadan donub, ölmüşdülər. Yollarını işıqlandırmağa fənərdən belə istifadə edə bilmirdilər. Çünki azğınlaşmış işğalçılar gördükləri və hiss etdikləri bütün yerlərdə gizlənənləri, yol gedənləri tapır, qəddarcasına öldürürdülər. Körpəsi əlindən alınıb, vəhşicəsinə öldürülən, təcavüzə məruz qalaraq, bətnindəki körpəsi süngü ilə qazılıb çıxarılan, namusunu qorumaq üçün özünü diri-diri qayalardan atan qız-gəlinlərin, diri-diri gözləri oyulan ahılların ruhları göy üzündə dolaşırdı... Hələ bu mənzərələr qarşısında bağrı yarılan, çarəsiz qalan oğulların fəryadını demirəm.
Bir saniyəsi əsrlərə bərabər olan həmin gecə o insanlar üçün səhər heç vaxt açılmadı... Göy üzündə yarımçıq qalmış, qeybə çəkilmiş talelərin, bu dünyadakı işini bitirmədən, həyat imtahanını vermədən kəsilmiş, nakam qalmış ruhların tıxacı var idi sanki... Bu vəhşətə ad qoymaq mümkün deyildi. Bir insan ömrü üçün bu qədər sınaq, sadəcə cəhənnəm əzabı idi. Bəlkə ondan da dəhşətli. Çünki cəhənnəm əzabında Allahın ədalət tərəzisi çaşmaz, ancaq burada günahsız insanlara verilən işgəncələr kafirlərin yazdığı amansız ssenari idi.
Göz gözü görmürdü. Bu anda qoca anasını, hamilə həyat yoldaşını və iki məsum körpəsini alovun içindən çıxarmağa çalışan Məhəmmədin boğuq səsi eşidildi. O, şaxtadan tir-tir əsən, qorxudan şok içində olan körpə uşaqlarını sakitləşdirməyə çalışır, hər iki uşağını qucağında güclə daşıyırdı:
– Ağlamayın! Sakit olun! Ermənilər səsimizi eşidib, yerimizi tapacaq və bizi öldürəcək. Bir azca da dözün, çatmağımıza az qalıb.
Məhəmməd uşaqlar soyuqdan daha çox ağlamasınlar deyə əynindəki paltonu qızına, ən son qalın gödəkcəsini isə Yusifə geyindirməyə başladı. Uşaqların dişləri bir-birini vurduqca, meşəni keçəndə ayaqqabısı cırılıb qalan, daşlı-çınqıllı yollarda ac, susuz, yuxusuz, şaxtadan yeriməkdən təngə gəlmiş yaşlıların, qadınların naləsi də körpələrin səsinə qarışmışdı. Hər kəs çalışdığı qədər sakit olmağa çalışır, o dəhşətli işgəncələrə, təcavüzlərə məruz qalmamaq üçün donub, buz heykəl olmağa belə razı idilər...
Bu vaxtı soyuqdan nəfəsi kəsilməkdə olan, bətnindəki uşaqla tir-tir əsərək, qoca qaynanasını o qaranlıqda özü ilə aparmağa çalışan Fatimənin ayaqlarından sanki daş sallanırdı. Artıq ayaqları yerimirdi. Bütün körpələr və uşaqlar daha çox üşüməməsi və ağlamaması üçün valideynləri tərəfindən sinələrinə sıxılmış, yuxuya getmələri üçün Allaha dualar edilirdi. Həmin gün meşədə hər kəsin etdiyi, demək olar ki, bu idi. Çünki uşaqların səslərindən onların yerini müəyyən edən zalımlar heç kəsə rəhm etmirdilər.
Geriyə dönüb baxanda isə Xocalı od tutub, yanırdı. Şəhər demək olar ki, tamamilə məhv edilmişdi. Meşələrə sığınanlar isə ələ keçirildikcə, daha şiddətli amansızlıqla qətlə yetirilirdilər.
Bu anda xeyli arxadan dəhşətli atəş səsləri eşidildi. Qonşu Səmayə xalanın bütün ailəsi güllələnmişdi. Gördüklərindən dəhşətə gələn Məhəmməd və digərləri qocaları, qadınları və uşaqları xilas etmək üçün onları tez uzaqlaşdırmağa və gizlətməyə tələsirdilər.
Qorxudan gözləri sanki bəbəyindən çıxacaq insanlar çarəsiz halda bir-birindən imdad diləyirdi. Hava da getdikcə daha çox buz bağlayır, nəfəs almaq olmurdu. Həmin gecə insanlar ömürlərinin ən sərt və kəsici qışını yaşayırdı.
Anası ilə Fatimənin halından ürəyi parçalanan Məhəmməd:
– Ana, Fatimə, hamı eyni yerdə gizlənməsin. Daha çox səs olmasın, kənardan bilinməsin. Siz ikiniz də tez-tez gəlin, bu ağacın arxasında sakitcə əyilib, oturun. Yaxınlıqda gizlənməyə başqa yer yoxdur. Hərə bir yerə pənah aparıb. Biz də bura sığınaq. Artıq səsdən yerimizi biliblər, hər an quduz it kimi üstümüzə cuma bilərlər.
Bir yandan anası və həyat yoldaşını gizlətməyə çalışan Məhəmməd, digər yandan balacalarını sakitləşdirməyə, ürək-dirək verməyə çalışırdı. Artıq atəş səsləri və addımları getdikcə daha çox yaxınlaşırdı... Hənirti, iti addımların altındakı qar xışıltısı o an dünyanın ən qorxunc səsi kimi, məzlum insanların qulağını deşirdi.
– Məhəmməd, yaxınlaşırlar. Bir çarə tapmalıyıq. İndi burada hamımıza işgəncə verəcəklər. Özümüz heç, Məhəmməd, ana və uşaqlar yazıqdır.
Fatimə sözlərini bitirməmiş, başının üstünü 10-a yaxın pəzəvəng aldı. Onlardan bir neçəsi Məhəmməddən uşaqları qopararaq, sərt bir şəkildə yerə, qarın üzərinə tulladı. Uşaqlar qışqıraraq ağlamağa başladılar. Qorxudan gözləri bəbəklərindən çıxacaqdı. Məhəmmədə isə bir neçə güllə atəş edildi. Aldığı yaralardan çoxlu qan itirərək ölümcül vəziyyətdə yerə uzandı, sızıltısı eşidilməyə başladı. Nəsə demək istəsə də halı qalmamışdı, sadəcə çox zəif nəfəsi gəlib-gedirdi. Həmin gün qar da rəngini dəyişmişdi, o gün ilk dəfə qar al qırmızı rəngə boyanmışdı. Təkcə Yusiflə balaca Zəhranın deyil, meşədə ələ keçirilən bir çox qocanın, qadının, kişinin, körpənin hayqırtısı göy üzünü bürümüşdü.
Yıxıldığı yerdən taqətsiz halda zarıyaraq imdad diləməyə çalışan Məhəmməd:
– Buraxın yaşlı anamı, həyat yoldaşımı. Onlar sizə nə edib axı?! Öldürməyin onları, bizə nə istəyirsinizsə edin, onlara dəyməyin. Günahsız insanlar, qadınlar, körpələr sizlərə nə edib axı?! Vicdanınız olsun, insafınız olsun! Ay Allahsızlar, dinsizlər, imansızlar...
Bu zaman Fatimənin də vahimə və qorxu dolu səsi eşidildi:
– Məhəmməd, Məhəmməd, Məhəmməd, Aman Allahım, Sən mənə ölüm ver, Sən məni əcəlimlə mükafatlandır, bu murdarların əlində çirklənməyim. Ölüm haqqdır, Uca Rəbbim, Sən kömək et bizə, burada al canımızı. Bu necə müsibətdir başmıza gəldi?! Bunları da Allah yaratmayıbmı? Bir ana doğmayıbmı?!
Onların bu fəryadına cavab olaraq hırnaşma, qəhqəhə səsləri aləmi bürüyür, ucadan ağır təhqirlər, söyüşlər edilirdi. Qadınları, qızları saçından sürüyüb, yerlərdə təpikləməyə başlayır, etdikləri əməllərdən zövq alırdılar. Başları havalanmış bu zalımlar sonradan Zori Balayanın məlum utancverici kitabının “qəhrəmanlarına” çevriləcəkdilər... O, “ruhumuzun dirçəlişi” yazarkən, əslində, ruhunun da, insanlığının da yerlərdə süründüyünün fərqində deyildi.
Fatimənin səsindən ürəyi qan ağlayan Məhəmmədin yalnız qulaqları eşidir, gözləri görürdü. Ancaq yerindən qıpırdaya bilmir, nəfəslərini güclə alıb, verirdi. Sonradan heç vaxt o səslər qulaqlarından getməyəcəkdi. Yusiflə Zəhra isə baş verənlərdən dəhşət içində idilər. Körpələrin göz yaşları üzlərində donub, qalmış, sanki bir gecədə qocalmışdılar. O gecə haqq, ədalət ayaqlar altında can verirdi...
Artıq çox gec idi. Həmin gün yüzlərlə insan günahsızcasına qətlə yetirilmiş, təcavüzə uğramış, işgəncələrə məruz qalmışdı. Balalar yetim, ata-analar övladsız qalmış, bir neçə ailə tamamilə məhv edilmişdi.
Fatimə də o acı taleni yaşayan yüzlərlə insandan biri idi. Onun bətnindəki uşaq çıxarılmış, gözləri qarşısında amansızcasına yandırılmış, özü isə bəşər tarixində misli görünməmiş işgəncə üsulları ilə öldürülmüşdü. O gecə qətlə yetirilən bütün qadınlar bir qadının yaşaya biləcəyi bütün fəlakətləri yaşamışdılar. Qoca Zəhra nənə də o gecənin günahsız mələklərindən biri idi. Son nəfəsində çatdırıb kəlmeyi şəhadətini deyə bilmişdi:
– Şәhadәt verirәm ki, Allahdan başqa ilah yoxdur, şәhadәt verirәm ki, Məhәmmәd Allahın elçisidir. Şәhadәt verirәm ki, möminlәrin әmiri Əli Allahın dostudur.
Bütün bunlar isə ağır yaralanmış Məhəmmədin və onun iki balaca körpə balasının gözləri önündə baş vermişdi. Onlar həmin gün o meşədən qurtula bilən azsaylı insanlardan olmuşdu. Buna qurtulmaq demək olarsa... Uzun illər o travma ilə yaşamağa məhkum oldular, cismən yaşasalar da, ruhən hələ də Xocalıdakı günlərində idilər. Əsl qurtuluşları isə növbəti dəfə sükut pozulanda olacaqdı...
Bu dəfəki sükut isə gecə yox, gündüz pozulmuşdu, səhər tezdən. Zəhra nənənin yuxusuna haram qatan o səs düz 30 il sonra o zaman sükutu pozanların yuxusunu ərşə çəkdi... Bu dəfə də göydən yerə od yağırdı, ancaq o od məzlumun, günahsızın deyil, zalımın başına yağırdı, axan qan da qisas qanı idi. Artıq çərxifələk tərsinə yox, elə düzünə dövran edirdi. 30 ilin həsrətinə 44 gündə son qoyulmuşdu.
Qocalmış, çəkdiyi dərdlərdən və həsrətdən beli bükülmüş, üzünə min ilin qırışı düşmüş Məhəmməd kişi sinif otağında üzünü şagirdlərinə tutaraq:
– Xoşbəxt atayam ki, oğlum Yusif nənəsinin, anasının, doğulmamış dünyadan köçən bacısı Leylanın, o gecə qanı axıdılan bütün günahsız insanların qisasını aldı. O şaxtalı qış gecəsində qadınlarımıza, uşaqlarımıza qalxan namərd əlləri dəmir yumruğu ilə qırdı. O gecə əli, ayağı yalın bizləri öz yuvamızdan çıxmağa məcbur edənlər, özləri namərdəcinə, arxalarına belə baxmadan torpaqlarımızdan qaçdılar. Dağıdıb, viran qoyduqları yurdun min bir ahını alaraq... O gecə göydən od olub yağan bütün alovlar, əslində, zalımların özləri üçün hazırladıqları cəhənnəm atəşi idi.
Məhəmməd kişi dərin köks ötürərək sözlərinə davam etdi:
– İti qovan kimi qovduq onları ata-baba yurdumuzdan. Əbədi olaraq qovduq. Bir daha murdar ayaqlarını bizim müqəddəs torpaqlarımıza basa bilməyəcəklər. Çünki o torpaqlarımızda şəhidlərimizin qanı axıb, neçə-neçə övladımız şəhadətə ucalıb. Hamımız gedib, Şuşamızı görəcəyik, Cıdır düzünün havasını içimizə çəkərək, Qarabağın şikəstəsini bağrı bütün dinləyərək deyəcəyik:
– Gözün aydın, Pənahəli xan, qurub-yaratdığın şəhərimiz artıq azaddır. Gözün aydın, Xan qızı, suyun bol axsın İsa bulağı, gözün aydın güllələnmiş heykəllər. Gözün aydın, Polad Paşam, düşmənin kabusuna çevrilmiş Seyid Mübarizim! Gözün aydın o dəhşətləri inləyə-inləyə, hıçqıra-hıçqıra lentə alan, dünyaya hayqıran, silahı kamerası olan Çingiz! Gözün aydın atası da, anası da Vətəni olan Səbuhi! Gözün aydın 3000 qardaşın tək bacısı Arəstə! Gözünüz aydın canını Vətənə sipər edən, soyuq səngərləri özünə yurd bilən, qeyrətli oğullar! Gözünüz aydın şəhadətindən sonra atasının adını daşıyan körpələr, bir gecədə saçları qışın yağmış qarı tək ağaran cavan analar, bala dərdindən qaməti əyilmiş, ürəyi dağlı, lakin qürurlu, vüqarlı şəhid ailələri! Bu qanlar yerdə qalmadı. Bu zəfər bizim haqqımız idi!
İndi içimizdəki kədərə bir azca da olsa su səpildi. Bu qisas qiyamətə qalmadı!
Beləcə Məhəmməd kişi bir gözündə kədər, digərində sevinc və qürur hissi ilə sözlərini tamamladı.
Xocalıda qeyb olmuş, qəsd edilmiş talelər 30 ildən sonra Şuşanın dirilişi ilə zühur etdi. Ancaq bizim yolumuzu gözləyən nakam talelər hələ də var... Bu həsrət hələ bitməyib, ürəyinin bağrı yarılan neçə-neçə dirimiz, qəbrinin baş daşından vurulan neçə-neçə ölümüz var yolumuzu gözləyən. Ədalət mütləq zəfər çalır! Baş daşından lal-dinməz boylanan, boylanmağa baş daşı olmayan ruhlarımız da bir gün mütləq dillənəcək. Dirilib, yenidən öləcək, haqq-hesab günündə, sirat körpüsündə ləngər vuran o qatillərə haqqını haram edəcək! Zalımlar qəflət yuxusundan ayılanda isə çox gec olacaq. Gərək bu zalımlar günahsız çarmıxa çəkilməyin nə demək olduğunu ataları İsanın taleyindən dərk edərdilər... Xocalıda dərisi soyulduqdan sonra yaşadığı evin divarına qollarından mismarlanan 7 yaşlı körpə də o gecə İsanın taleyini yaşayırdı...
Hər gün babası Məhəmmədlə ziyarət etdiyi şəhid məzarlarının önündə iki yaşlı Zəfərin sayğı sükutunu bu dəfə “Xudayar” təsnifi pozdu: Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başında dastana döndü!” Bu səda hələ neçə-neçə obaları dolaşacaq, səmalarda pərvaz edən ruhlarımızın yarasına məlhəm olacaq...