Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Xan Abdullanın “Qarışqa, insanlar və pişik balaları” hekayəsini təqdim edir.
Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.
Onlar bizim qapıbir qonşumuz idilər. Nəinki biz, bütün bina sakinləri bu misgin, həyasız, yaramaz ailənin əlindən təngə gəlmişdi. Bizim işimiz daha çətin idi, gecə səs-küylərindən yata bilmir, yemək yeyən zaman qeyri-ixtiyari onları düşünürdük, yeyib-içdiyimiz zəhərə dönürdü. Bir dəfə bacım stoldan qalxıb tualetə qaçdı və öyüyüb qusdu.
Bəzən evlərinin üfunəti evimizin içinə dolurdu, hələ də düşünürəm, görəsən, bu dözülməz, başağrıdan, bıçaqla kəsiləcək qədər qatı qoxunun səbəbi nə idi, bu üfunət necə yaranırdı. Heç blokumuzdan əlli metr uzaqdakı yan-yana düzülmüş beş-altı zibil yeşiyindən elə qoxu gəlmirdi. Sanki bu ev böyük bir sallaqxana idi və orada kəsilib qəranələrdən asılan heyvanlar heç yerə aparılmır, elə oradaca qalıb çürüyür, iylənirdi.
Dostum Murad demişdi ki, bir dəfə İlhamənin quyruğundan yapışdığı azman bir siçovul leşini evlərinə apardığını görüb. Muradın bir azca gopçuluğu vardı, bir neçə həftədən sonra həmin xəyali siçovul küçüyə, daha sonra isə yaşıl gözləri olan beçəyə çevrilmişdi. Ancaq düşünürəm ki, onun sözlərində xırda da olsa, həqiqət payı vardı. Yoxsa o qoxu necə yaranırdı? İlhamə ailənin böyük qızı idi. Qarğa dimdiyi kimi burnu, bal rəngli gözləri vardı, üzü həmişə çirk-pas içində olurdu, saçı çirkdən par-par parıldayır, yay-qış bir paltoda gəzirdi. Ot-pıtraq yapışmış xaki rəngli paltosu zığ-palçığın içində olur, cındırından cin ürkürdü. İllər ərzində onu başqa paltarda görmədim. Ayaqlarının altına tikan batıbmış kimi bir dəqiqə bir yerdə dayanmır, elə hey ora-bura qaçırdı. Sağ əli də həmişə paçasının arasında olurdu. Daim zümzümə edir, dodağının altında nəsə mızıldanırdı. Onu cırnadan uşaqları daşa basır, ən pis söyüşlərə qonaq edirdi. Elə söyüşlər ki, mən onları İlhamədən başqa kiminsə ağzından eşitməmişəm. O söyüşlər evin içində də eşidilirdi, anamla bacım utanıb qıpqırmızı olurdu, mən daha çox utanırdım. Ona dəyib-dolaşan olmasaydı, heç kimlə işi olmazdı. Özü üçün gəzib-dolaşar, paçasının arasını ləzzətlə qaşıyar, öz aləmində xəyali dostları ilə söhbətləşərdi.
Ailənin beş üzvü vardı. Solmaz uşaqlar hələ böyüməmiş dul qalmışdı. Deyirlər ki, əri yaxşı kişi olub. Xeyirxah, namuslu, dürüst, xeyrə-şərə yarayan, bir azca da o söz... Bu idbar qadın kişinin başını yeyib. Bir gün Yaqub kişi səhər evdən çıxıb, gedib qaraja – yük maşını ilə rayonlara mal aparırmış. Görüb ki, qolunun üstündə bir qarışqa dazıyır. Bilib ki, bu qarışqa evin qarışqasıdır. Razı olmayıb ki, onu yurd-yuvasında ayırıb başqa bir yerə aparsın. Evə qayıdıb. Qarışqanı mətbəxdəki masanın üstünə üfürüb. Gözünə döndüyüm Solmaz isə gözünün qabağında barmağı ilə əzib qarışqanı. Neçə ildir ürək xəstəsi olan kişi arvadın yaxasından yapışıb, əlini qaldırıb ki, üzünə tutarlı bir şillə çəksin. Amma çəkə bilməyib. Ürəyi partlayıb Yaqubun... Bunu hamıya o vaxt uşaq olan İlhamə danışıb...
Üzünü elə bil səriştəsiz bir rəssam çəkmişdi Solmazın. Köhnəlib xarab olmuş boyalarla... Anaş qurbağaya oxşayırdı. Düşünürdüm ki, onu soyundurub yaşıl rəngə boyasan, qurbağadan fərqlənməz. Tez-tez İlhaməni qarğayır, dükana nəsə almağa göndərirdi. Bir dəfə İlhaməni aldığı çörəyin yarısını yolda yediyi üçün binanın qabağında təpiyinin altına salmış, söyə-söyə evə sürükləmişdi. İlhamənin bütün gün paçasında olan əli ilə çörəyi qoparıb yediyini düşünəndə ürəyim bulanırdı...
Binamızın bir çox sakini kimi Solmaz da dəmiryolçu idi. Ailəyə, demək olar ki, o baxırdı. Bir də böyük oğlu Tural velosiped təmir edib qəpik-quruş qazanırdı. Sonradan bildim ki, dəmiryol vağzalında incə, məlahətli səslə qatarların gediş-gəliş vaxtını səsləndirən sirli qadın, sən demə, Solmaz imiş. Görəsən, o səsi necə çıxara bilirdi? Axı İlhaməyə qarğayanda səsi tamam başqa cür çıxırdı...
Ailədə bir nəfər ağıllı-başlı adam var idisə, o da Mələk idi. Gözəl, güləş üzlü, mehriban, mələk kimi Mələk... Qısa saçı şəvə kimi idi, iri gözləri girdə sifətini daha gözəl göstərirdi, uzun qıçları vardı, səsi isə kişi səsinə bənzəyirdi – yeganə qüsuru bu idi. İstəyirdi ki, qonşu qadınlarla qaynayıb-qarışsın, ancaq ailəsinə görə onu yaxın qoymurdular. Elə ailəsinə görə məktəbi yarımçıq qoymalı olmuşdu. Bütün gün sinif yoldaşları yazıq qızı ələ salıb gülürmüşlər... Qadınlar yay vaxtı gecəyarısına kimi binanın qabağında, söyüd ağaclarının altında üzbəüz qoyulmuş skamyalarda oturub tum çırtlaya-çırtlaya qeybət edir, qar-qar qarıldayırdılar. Bir neçə dəfə nədənsə Mələk də onlara qoşulmaq istəmiş, gedib yanlarında oturmuşdu. Yəqin ki, tək, yalqız olduğu, darıxdığı, ya da hamı kimi, digər insanlar kimi olmaq istədiyi üçün... Amma qara qarğalar ağ qarğanı dimdikləyib qovmuşdu. Düzdür, dillənib Mələyə nəsə deməmişdilər, amma mehribanlıq da göstərməmişdilər... Anam ürəyiyuxa qadındır deyə digər qadınlara demişdi ki, qoyun gəlsin, otursun, yaxşı qızdır, mehriban olun ona qarşı. Amma kim idi anama qulaq asan? Yeganə səbəb qadınların kobudluğu deyildi, gecənin bir vaxtı Solmazın səsini eşitmişik: “Bir də görməyim gedib o qəhbələrə qoşulasan, qaxıl otur evində”. Həmin qadınların arasında mənim anam da var idi və bu söyüşü yeməyə məcbur idim. Əks təqdirdə bundan betər söyüşlər üstümüzə güllə kimi yağacaqdı.
Hər gecə Allaha yalvarırdım ki, necəsə rədd olub getsinlər buradan, ölsünlər, itsinlər, quş olub uçsunlar. Bacım da etiraf etmişdi ki, o da hər axşam yatmazdan qabaq dua edir ki, o ailə yoxa çıxsın. Bircə Mələyə yazığım gəlirdi. Hər dəfə məni görəndə gülümsəyib salam verir, isti əlləri ilə ilə saçımı tumarlayır, buxağımı oxşayırdı. Mən güzgü kimi təbəssümünü geri qaytarırdım. Bəzən gülümsəməzdi və mən ondan bərk inciyərdim, sonra düşünərdim ki, yəqin kefi yoxdur. Axı kefinin olmaması üçün kifayət qədər səbəb vardı.
Ən qorxulu üzvü Tural idi. Solmazın böyük oğlu... İki metrə yaxın boyu, möhkəm, əzələli bədəni vardı. Onu Herakla bənzətmək olardı, əgər ağzında dişləri olsaydı... Ağzının sağ tərəfində bircə çürük dişi vardı. Sanki damağına kibrit çöpü soxmuşdular, ancaq kükürdü çöldə qalmışdı. Uşaq vaxtı xəstəlik keçiribmiş. O “diş”i Tural güləndə görmüşdüm, çox zaman həyətdə şahmat, domino, nərd oynayan ağsaqqal kişilərin başının üstünü kəsdirir, təkəbbürlü baxışlarla oyuna tamaşa edir, kimsə oyunda səhv həmlə edəndə hırıldayır, ağzının içi apaydın görünürdü. Gülüşü filmlərdəki ciyərinə güllə dəymiş əsgərlərin nəfəs almağa çalışmasına bənzəyirdi. Dişləri olmadığı üçün damaqları elə görsənirdi ki, guya dodaqlarının altında, ağzının içində əlavə bir cüt dodaq var, həmin o eybəcər “diş” isə dodağın üstündəki murdar bir ət xalıdır.
Heç kim oyun masasını onunla bölüşmək istəməzdi, çünki çox vaxt da bir bəhanə tapıb dava çıxarar, oyunu pozardı, pəhləvan kimi güclü olduğu üçün binamızın sısqa kişiləri ona nəsə deməyə çəkinərdilər.
Saçını həmişə arxaya darayırdı, sinəsini qabağa verib xoruz kimi təşəxxüslə yeriyirdi. Binanın arxa tərəfində ağaclığın içində özünə guşə düzəldib velosiped təmir edirdi. Özünün də balaca bir velosipedi vardı, oturacağını əməllicə yuxarı qaldırmışdı. Həmin velosipedə minəndə sirklərdə velosipet sürən ayı potalarını xatırladırdı. Pişikləri yaman çox sevirdi, harada pişik görsə, Allah verəndən qabaqlarına qoyub onları yedizdirir, bəzən də əlinə götürüb tumarlayır, qulaqlarına nəsə pıçıldayırdı.
Bir dəfə qış vaxtı onu məktəbimizin arxa tərəfindəki bulaqda tumançaq yuyunduğunu görmüşdüm. Deyəsən, gözlərimi zilləyib diqqətlə ona baxmışdım ki, dilə gəlib nə üçün ona baxdığımı soruşmuşdu. Bəlkə də, heç baxmamışdım. Sonra isə məni danlamağa başlamış, hətta söyüş də söymüşdü. Mən əvvəl heykəl kimi quruyub qalmış, sonra dabanıma tüpürüb evə qaçmışdım... Onda doqquz-on yaşım olardı. Həmin binaya bir neçə həftə qabaq köçmüşdük. O ailə haqda qonşulardan az-çox nələrsə eşitmişdik, anam da bərk-bərk tənbeh etmişdi ki, onlardan gen gəzim.
Deyirdilər ki, Tural uşaqbazdır. Murad demişdi ki, məktəbin tualetində Turalı bir uşağın yancağını əlləşdirərkən görüb. Turalı harada görsəm, yolumu dəyişir, gözünə görünməyəyə çalışırdım, qorxurdum ondan. Muradın dediklərindən sonra daha çox qorxmağa başladım, elə zənn edirdim ki, Tural məni tutsa, başıma oyun açacaq. Həmin qış xəstələndim. İki həftə yerimdən qalxa bilmədim. Gördüyüm kabuslar məni incidirdi, sayıqlayırdım... Gözümü yuman kimi Turalı görürdüm, həmin tualetdə yancağımı əlləşdirir, Murad da qıraqda durub bizə baxır, ağlayırdı. Deyirdim ki, get atamı çağır, o isə yerindən tərpənmir, eləcə bizə tamaşa edirdi. Yuxu isə dəfən-dəfən təkrarlanırdı.
Anam alnıma soyuq dəsmal qoyub başımın üstündə ağlayırdı... Dəsmalın soyuqluğunu hiss edib yuxudan oyandım, atam qonşu otaqda siqaret çəkirdi, qoxusunu hiss etdim. Uzun müddət idi ki, siqaret çəkmirdi... Atam gəlib başımı sığalladı, sonra qurbağaya toxunubmuş kimi diksindi, iki dəfə dərindən nəfəs alıb soruşdu ki, Tural sənə nəsə edibmi. Yəqin yuxuda Tural barədə sayıqlamışdım, elə bilmişdilər ki, nəsə edib mənə. Atam dedi ki, o alçağı öldürəcək. And-aman elədim ki, heç nə olmayıb.
Yuxuya gedir, eyni şeyləri görürdüm. Anam, atam və bacım, yəqin ki, eyni cəfəngiyata sürəkli qulaq asmalı məcbur olurdular. Sonradan bacım necə sayıqladığımı təqlid etdi, bərk utandım: “Ata.. Kömək elə, ata... Turaldan xilas elə məni, ata... Murad, get atamı çağır... Ata...” Atam Turala heç nə eləmədi, mənə inanmağı tərcih etdi. Çünki Tural ondan iki dəfə böyük idi. Onu döyə bilməzdi, gərək öldürəydi. Bəs onda ailəsinin aqibəti necə olacaqdı?..
Turalın kiçik qardaşının adı Akif idi. Çox qəribə şakəri vardı, evə qapıdan yox, pəncərədən girərdi, başı kəl başı kimi iri idi. Üzünə, elə bil, tava çırpmışdılar. Fətir kimi yumru sifətinə incə və çəhrayı dodaqları qətiyyən yaraşmırdı. Güləndə üzündə elə ifadə yaranırdı, sanki iki mötərizə işarəsinin arasına tire işarəsi qoymusan. Onun da dişləri salamat deyildi, çoxu çürümüşdü. Çənəsinin zənəxdanında fındıq gizlətmək olardı, gözləri çaş idi, Turaldan yarım qarış alçaq olardı.
Çox qəribə idi ki, biz o binaya təzə köçəndə anama qulaq asmayıb onunla dostlaşmışdım, baxmayaraq ki, yaşca məndən səkkiz-on yaş böyük idi. Vaxtını məktəbin arxasında keçirirdi. Mən topumu götürüb məktəbin meydançasına gedirdim. Gəlib qapıda dururdu, deyirdi ki, vur, mən “Neftçi”nin qapıçısı olmuşam. Ancaq vurduğum topların heç birini qaytara bilmirdi. Ağzından çox pis qoxu gəlirdi – eynən evlərindən gələn qoxu... Akif bağayarpağı yeməyi sevirdi.
– Get bircə dənə bağayarpağı dər, sonra yu, gətir mənə, yeyəcəyəm, – mənə deyirdi.
Yerdən bağayarpağı dərir, Turalın yuyunduğu həmin bulaqda yuyub gətirirdim, yeyirdi və yenə istəyirdi.
– Bəlkə, beş-altısını dərim, hamısını birdən yuyum, gətirim ye, – ona təklif edirdim.
Razılaşmırdı, mütləq bir-bir yumalı idim. Akifin qardaşından zəhləsi gedirdi, deyirdi ki, onu öldürəcək. İlhaməni yaman çox istəyirdi. Onun yanında kimsə İlhaməyə güldən ağır söz deyə bilməzdi, hətta anası belə...
Bir gün mənə dedi ki, bundan sonra özümü dəliliyə vurağacam – əsgərliyə aparmamaları üçün. Elə o gündən sonra bir neçə il onu görmədim, amma səsini eşidirdim, evdə idi. Görəsən iki-üç il evin içində nə ilə məşğul olmuşdu? Səsi gəlirdi: “Yemək ver... Su gətir... Qapını ört... Qışqırma... Səs salma...”
Sonralar çölə çıxmağa başladı, əsasən də gecələr çıxırdı, gəzib-dolaşır, bəzən də qışqırıb nəsə deyirdi, kimə qışqırdığını bilmirəm, yəqin ki, özü də bilmirdi. Bir dəfə köhnə dostluğumuzun xatirinə ona salam vermişdim, ancaq üzü elə bir ifadə qonmuşdu ki, guya yanında İlhaməyə şapalaq vurmuşdum. Həmin gündən sonra bir də ona salam vermədim.
Bir axşam çörək almağa gedəndə tində qabağımı kəsdi, əlində qəmə vardı. Hava olduqca soyuq idi. Titrəməyə başladım, amma soyuğa görə yox. Ömrümdə heç vaxt elə qorxmamışdım, elə bildim ki, məni öldürəcək... Üzümə xeyli tamaşa elədi. Ağzımı açıb nəsə demək, dostluğumuzdan danışmaq, hal-əhval tutmaq istədim...
– Bıçaq yaman kütdür... Yaman kütdü bıçaq... – Akif qəfildən dedi.
Ağzının qoxusu burnumu cırmaqladı. Üzümə elə nifrətlə baxdı, sanki bıçağının küt olmasının səbəbkarı mən idim. Elə bildim ki, bıçağın küt olmasına təəssüflənir, çünki məni istədiyi kimi öldürə, həzz ala bilməyəcək. Gözlərimi zənəxdanına zilləmişdim. Gözləyirdim ki, qonşulardan kimsə gəlsin, məni bu adamdan xilas eləsin. Qaçmaq barədə qətiyyən düşünmürdüm, çünki Akif həddən artıq sürətli idi.
– Həyatdan bezmişəm...
Mən də onun yerinə olsaydım, həyatdan bezərdim.
– Al bu bıçağı, sox mənə. Tez ol... – Akif dedi.
Bu vəziyyətdə nəsə demək şüurlu şəkildə asqırmaq kimi bir şey idi. Ona görə də səsimi çıxarmırdım.
– Al bıçağı sox mənə. Tez ol...
Susurdum... Bıçağı ondan nə vaxt aldığımı xatırlamıram, amma gördüyüm o oldu ki, bıçaq əlimdədir, özü də tiyəsi özümə tərəf... Başımı qaldırıb Akifin üzünə baxdın, qaçıb getdi – sürətlə və arxasına baxmadan.
Həmin an bir neçə il qabaq Turalın qabağından necə qaçdığımı xatırladım. Əlimdə bıçaq bir müddət gözlədim. Bıçağı yerə atıb evə qayıtdım, çörəyin harada olduğunu soruşdular, heç nə demədim, qapıdan çıxıb dükana getdim, bıçaq isə atdığım yerdə yox idi, yenidən evə qayıtdım və dedim ki, çörək qurtarıb.
Mənə elə gəlirdi ki, o bir daha bıçaqla qabağımı kəsəcək, ancaq gözlədiyim kimi olmadı. Məni görəndə pişik görmüş siçan kimi qaçıb uzaqlaşırdı. Pişik demişkən, binanın həyəti də, arxa tərəfi də pişik leşləri ilə dolmuşdu. Bir dəfə də binanın həyətində Muradla söhbət etdiyim zaman ufaq bir mavrı yerə çırpıldı, elə səs çıxardı, sanki, kimsə kiminsə belinə tutarlı bir şapalaq ilişdirib. Kimsə binanın çatısından yerə tullamışdı yazığı. Çırpıldıqdan sonra yarım dəqiqə can verdi, ağzından qon şoralandı, səsi gəlmirdi, quyruğunu bir neçə dəfə buladı və öldü. Pişik balasını aparıb ağlaya-ağlaya basdırdıq. Sonradan öyrəndik ki, pişikləri çatıdan atan İlhamə imiş. Çünki Tural evdə İlhaməni nəyə görəsə əməllicə budamışdı. Üzü-gözü gömgöy idi İlhamənin. Akif buna görə Turalla tutaşmışdı binanın qabağında. Axı İlhamə onun üçün hamıdan əziz idi. Mənim üstümə çıxardığı bıçağı Turalın da üstünə çıxarsa da, hadisə qansız-qadasız sovuşmuşdu.
İlhamə pişikləri Turalın pişiklərə olan sevgisinə görə öldürürdü, intiqamını ondan bu cür alırdı.
Günlərin bir günü qapımız şiddətlə döyüldü, açdım ki, Muraddır.
– Geyin gəl. İlhamə özünü çatıdan atıb yerə, – Murad dedi.
Qaçıb gəldim, izdiham vardı, hər ağızdan bir avaz çıxırdı. Analar meyidə tamaşa etmək istəyən uşaqlarının qulaqlarından yapışıb evə aparır, yenidən qayıdıb izdihama qoşulurdu, polislər bir-birlərinin və digər adamların üstünə qışqırırdılar, kişilər öz qənaətlərini bir-birləri ilə bölüşürdülər. İlhaməni gördüm, lüt-anadəngəlmə idi, yeniyetmə qız döşləri kimi balaca, quru döşləri vardı, qasığı da ifrat dərəcədə tüklü idi, paltosu ağaca ilişib qalmışdı. Deməli, İlhamə paltonun altından heç nə geymirmiş. Ayağı qırılmış, sümüyü dərisini deşib çölə çıxmışdı, başı da saxsı kimi paralanmışdı.
– Yaxşı olub ona, zərrə qədər də yazığım gəlmir, bilmirdi ki, pişik öldürmək qanqarğışdır? – Murad dedi.
Elə güman edirdi ki, Tural atıb İlhaməni.
Akif gəldi, özünü meyidin üstünə atdı, çığıra-çığıra meyidin üzündən öpməyə başladı, onun da üz-gözü qan oldu, polislər Akifi meyiddən ayırmağa çalışsalar da, onların əlindən qurtulub qabağına çıxanı vurmağa başladı, Turalın adını çəkib söyüşlər söydü. Sonra ağaca qalxmağa çalışdı ki, paltonu götürüb İlhamənin üstünü örtsün. Amma bacarmadı. Aşağı düşdü, köynəyini çıxarıb bacısının üstünə saldı. Akifi tutub bölməyə apardılar, bir neçə həftə qalıb çıxdı. İlhamə beləcə ölüb getdi, paltosu bir neçə gün çinar ağacının başında qaldı, daha sonra o da yoxa çıxdı, yəqin, polislər götürüb apardılar...
Akif bölmədən çıxdıqdan bir həftə sonra qardaşını öldürdü – Tural çardağın altında ağsaqqalların nərd oynamasına tamaşa edərkən haradansa tapdığı lingi onun başına çırpdı. Mən həmin vaxt məktəbdə idim, nə hadisəni, nə də Turalın cəsədini gördüm. İnanmırdım ki, kimsə Turalı – bu dişsiz yarımallahı öldürə bilər. Amma qanlı nərdtaxtanı və daşları görəndə inandım... Akif qışqırırmış ki, bacımı o öldürdü, mən də onu öldürdüm, yaxşı elədim... Akifi tutub apardılar. Solmaz da çox yaşamadı, şəkərdən öldü. Ev Mələyə qaldı... Mələk evi satıb Bakıya köçdü. Dərzi idi, işini çox yaxşı bacarırdı. Mələk Bakıda evləndi. İndi uşaqları da var. Düºünürəm ki, İlhamə pişikləri öldürməsəydi, Tural İlhaməni çatıdan atmasaydı, Akif Turalın başını əzməsəydi, Solmaz yaşasaydı, Mələk, yəqin ki, ömrünün sonuna kimi bədbəxt olacaqdı. Çox qəribədir... İndi düşünürəm, görəsən, Mələk yenə əvvəlki kimi gülümsəyirmi. Yəqin ki, gülümsəyir... Onun xoşbəxtliyi uğrunda qurban getmiş insanlara və heyvanlara rəğmən...