Oyun - Şahin Səmədovun hekayəsi

Oyun - Şahin Səmədovun hekayəsi
12 avqust 2026
# 10:25

Kulis.az Şahin Səmədovun "Oyun" hekayəsini təqdim edir.

Bu dünyada yaşamaq çətindir. Ən qorxulu olan isə bir oyunun içində yaşamaqdır. Oyun şəhərin daxilində idi, daha dəqiq desək şəhər təmamilə oyundan ibarət idi. Bilməzdim ki, oyun adamı belə dəyişir və adamlar da şəhərlər kimi əvvəlcə simasını, sonra yaddaşını itirə bilərlər.
Mən hər gün insanın özünü necə alçaltdığının şahidi olmuşam, onlar dolayı üsullarla rəzil davranışlara məcbur edilirdilər. Bu dəhşət çox vaxt saxta bir təbəssümlə, hərdən həqiqi yalvarışlarla, cilddən cildə girməklə, ən əsası isə yaltaqcasına baş verirdi.
Bu yerlərə qayıdışım təsadüfən olmuşdu. Başqa bir şəhərdə yaşayırdım. Həyatım tozlu kitab rəflərinin və saralmış səhifələrin arasında keçmişdi. Balaca bir nəşriyyatda redaktor idim: hər gün başqalarının xəyallarını bəzəyən cümlələri düzəldir, nöqtə və vergüllərin buraxdığı boşluqlarda öz çarəsizliyimi gizlədirdim. Aldığım maaş sadəcə kirayə puluma və dolanışığıma bəs edirdi. Yəni rəflərdəki yüzlərlə hekayənin arasında öz hekayəsini itirən kasıb təbəqənin o sakit adamı idim. Çətinliklərdən yaxa qurtarmaq üçün tam fərqli, yüksək məvacibli iş axtarırdım. Beləcə zamanı geriyə bükərək gəlib uşaqlığımın qaçıb keçdiyi o doğma, amma indi mənə yad görünən şəhərə çıxdım.
Əvvəlcə gedib dağın üstündə salınmış parkdan şəhərə baxdım. Evlər və küçələr interyerlər haqda səhifələrdəki gözəl fotoşəkillərə oxşayırdı, kənardan baxdıqda tam olaraq maket şəhərlərdəki binalar və kimsəsiz küçələri xatırladırdı. Keçmişdə burada zavod - fabriklərin fəhlə və ustaları, mühəndislər, müəllimlər, həkimlər yaşamışdılar. Bilirdim ki, artıq zavod-fabriklər yoxdur, şəhərin keçmiş sakinlərinin çoxu evsiz-eşiksiz və işsiz-gücsüz sərgərdana çevriliblər, bu şəhərə yaraşmayan görkəmdə onun ətraf küçələrində dolaşırlar, az bir qismi isə baş götürüb başqa şəhərlərə qaçmışlar. Şəhərin yeni sakinlərinin nə işlə məşğul olduqlarını bilmirdim, onlar demək olar ki, gözə dəymirdilər.
Şəhərin mərkəzi hissəsinə doğru addımlayırdım. Qarşıda mühafizəçilərin dayandığını gördüm. Onlardan biri yoluma çıxıb soruşdu:
-Bilərzik var?
-Nə bilərzik?
-İçəri keçmək üçün.
-Yoxdur.
-Bilərziksiz olmaz, - dedi.
Bu söz mənə güllə kimi dəydi, nə deyəcəyimi bilmədim. Belə bir vəziyyətlə qarşılaşacağım heç ağlıma gəlməmişdi. Düşündüm çox şey dəyişib, məni doğma hesab etdiyim şəhərə buraxmaq istəmədilər. Mübahisə etməyin mənasız olduğunu anladım. Mühafizəçinin məlumatından sonra vəziyyətin nə qədər ciddi olduğunu bildim.
- Şəhərın mərkəzi hissəsinə daxil olmağın yalnız bir yolu var: oyunda iştirak etmək.
- Nə oyun?, - soruşdum.
- Agentlikdən soruşun, biz bilmirik. Burada hansı oyunlardan çıxırlar onu bir məsləhətçi , bir də iştirakçılar bilir.
- Hansı agentlik?
- İnsan alveri agentliyi, - dedi.
Bir müddət götür qoy etdikdən sonra bilərzik almaq məqsədilə insan alveri agentliyinə getməyə razılıq verdim və həmin vaxt heç nədən özümü oyuna saldım, bilirdim ki, geriyə yol yoxdur.
Şəhərin mərkəzinə ayaq basan kimi agentliyə tərəf yollandım, mühafizəçi ünvanı dəqiq demişdi. Girişdəki xüsusi yoxlanışdan keçdikdən sonra içəri daxıl olaraq növbə götürüb gözləməyə başladım. "Biz oyunun içərisindəyik" - divarda iri hərflərlə belə yazılmışdı. Sonralar bu yazını bir neçə yerdə gördüm və mənim üçün nə qədər əhəmiyyətli olduğunu anlamağa başladım. Bu sözlər hər dəfə insanlığın nə qədər vacib olduğunu xatırladırdı. Oyunçuya çevrildikdən sonra digər iştirakçıların çoxundan fərqli olaraq bu yazını hər gün xatırlayırdım, reallığı dərk etməyə çalışırdım. Hesab edirdim ki, bu ağlımı qorumağa kömək edəcək, şüur səviyyəm yerində qalacaq. İştirakçıların çoxunun dərrakələrinin azaldığının şahidi olmuşdum. Onlar düşüncəsiz hərəkətlər edir, heç bir məntiqə sığmayan fikirlər söyləyirdilər, özlərinə hesabat verməyəcək dərəcədə oyunun zibilliyində itib batmışdılar.
Çox keçmədi ki, məni qəbul keçirilən otağa dəvət etdilər. Orada məsləhətçilər və qəbula gəlmiş müxtəlif adamlar oturmuşdular.
Baş məsləhətçi mənə əyləşmək üçün yer göstərdi və dedi:
- Oyunda əsas məqsəd pul qazanmaqdır və bunun üçün qaydalar çərçivəsində bütün vasitələrdən istifadə etmək olar.
Mən oyunun qaydaları haqda ətraflı məlumat veriləcəyini gözləyirdim. Elə bu vaxt qapı açıldı və orta yaşlı bir nəfər içəri daxil oldu. Hansısa fahışənin üzünün ifadəsi, paltarı, yerişi və s. ilə onun kimliyini müəyyən edə bildiyim kimi qarşımdakı adamı da asanlıqla tanıdım, alçaldılmış mənliyini saxta görkəmi arxasında gizlətmişdi. Elə bil ilk baxışdan özü haqda deyirdi ki, mən vicdansız və alçaq bir adamam.
-Şikayətiniz nədəndir?, - məsləhətçi gələn adamdan soruşdu.
-Mən vicdanımı itirmişəm - adam səmimi bir tərzdə, ancaq ehtiyatla dedi. Bu etiraf heç kəsə qəribə gəlmədi. Hər kəs susaraq ona baxırdı.
-Burada qeyri adi heç nə yoxdur, - məsləhətçi dedi.
-Necə yəni itirmişəm? - kənarda tək oturmuş bir nəfər ciddi soruşurmuş kimi dedi.
-Yəni ki, vicdanımı satmışam.
-Bu mümkün deyil. Vicdan meyvə-tərəvəz deyil ki, alıb satasan,- həmin tək oturmuş adam dedi və hamı ucadan güldü. Vicdanını itirmiş adam isə ciddi görkəm almışdı və çox həyəcanlı görünürdü. Dodaqları altdandan kiməsə yalvarırmış kimi nəsə pıçıldayırdı. Əllərini tez - tez üzünə çəkir, sanki alnına həkk olunmuş o görünməz ləkəni silməyə çalışırdı. Hər hərəkətində bir tərəddüd, hər addımında bir qorxu vardı. Mənə elə gəldi ki, o yaşayan bir bədəndir, ruhu çoxdan öz günahlarının altında əzilərək can vermişdir.
-Məsələn mən böyrəyimi satmaq haqda düşünmüşəm. Amma vicdanımı satmaq heç ağlıma gəlməyib,- yanımda oturmuş yenicə tanış olduğum məsləhətçiyə yavaş səslə dedim.
- Çox asan başa gəlir, bunun üçün cərrahi əməliyyata da ehtiyac yoxdur, - məsləhətçi zarafat etdiyimi başa düşüb cavab verdi və biz güldük.

-Xahiş edirəm məni oyundan əvvəlki vəziyyətimə qaytarın, əvvəlki adam olmaq istəyirəm. Vicdansız adam heç nədən zövq ala bilmir, elə ona görə də gözüm doymur. Son zamanlar çox acınacaqlı vəziyyətdəyəm. Oyundan qazandığım pullar məni xilas etməyəcək. Siz mənə kömək etməlisiniz, mən də vicdanlı adamlar kimi yaşamaq istəyirəm. Daxilimdə böyük bir boşluq yaranıb. Vicdanın yerini necəsə doldurmalıyam,-vicdanını itirmiş adam dedi. Gözlərini yerdən qaldırmırdı, sanki baxacaq hər bir cüt göz onun günahlarını üzünə vuracaqdı.
- Gedin vicdanınızı satdığınız yerə və bacarırsınızsa geri alın, vəssalam, - kənarda oturmuş adam dedi.
- Danışan bu axmaq kimdir? - kənarda oturmuş adamı göstərərək yanımdakı məsləhətçidən yavaşca soruşdum.
- O da vicdanını satanlardandır, indi də ağlını itirib.
-Ağlını niyə ?
- Onun artıq heç nəyi qalmayıb. Bütün varını və yoxunu əlindən alıblar. Ona görə də havalanıb.
-Oyundan çıxıb?
-Bəli, oyunun qaydalarını pozduğuna görə çıxarılıb. O ömrünün böyük hissəsini oyunda yaşayıb, bütün mərhələlərdən məharətlə keçib ən yüksək mərtəbəyə yüksəlmişdi, arzusunda olduğu sərvəti toplaya bilmişdi, -dedi.
Məsləhətçinin mərhələ və sərvətlə bağlı dediklərini tam anlamasam da hər şeyini itirmiş bu axmaq adama yenidən nəzər saldım. Onun kədərli görkəmi vardı, yaşılın ağlayan rəngində olan köynək geyinmişdi. Harada olduğumu hələ tam olaraq dərk etməmişdim.
- Mən belə yaşamaq istəmirəm, belə yaşamaqdansa ölmək yaxşıdır, - vicdanını itirmiş adam dedi.
-Ölmək yaşamağın düşmənidir, onu inkar edir. Əgər ölmək həqiqətdirsə yaşamaq yalandır. Yalana baş əyməkdənsə ölmək yaxşıdır. Çağır cəlladı başımı vursun, məni artıq yükdən xilas edin, - ağlını itirmiş adam dedi və key-key hırıldadı. Artıq ona ciddi yanaşmırdım. Ancaq buna baxmayaraq axmaq fikirləri ciddiyə almaq kimi mənasız keyfiyyətim məni düşünməyə məcbur etdi. Vicdansız adamın ölmək istəməsi məni narahat etməyə başladı. Həyatımı çətinləşdirməyi bacarsam da qısaltmaq fikrim heç vaxt olmayıb, nə qədər mənasız olsa belə çox yaşamağ tərəfdarı idim.
- Vicdanını itirə bilərsən, mənliyini alçaldarsan, kişiliyini əksildərsən, lap elə bütün həyatını məhv edərsən, amma özünü öldürmək yolverilməzdir, bağışlanmaz günahdır. Yaşamaq gücü olan insan ölümü məğlub edə bilər. Ölümə təslim olmadınsa yaşayacaqsan, ölüm sənin yaşamaq ruhunun qarşısında acizdir, insanın fiziki varlığını qoruyan ölməz ruhudur. Sizdə olan sağlam, ölməz ruhun varlığına əminəm, - baş məsləhətçi dedi. O dəlinin yanında özünü daha da ağıllı göstərməyə çalışırdı.
- Xəstə cəmiyyətdə sağlamlıq təhlükəlidir, xəstələnməsən ölə bilərsən, - ağlını itirmiş adam dedi. Onun dedikləri heç kim üçün maraqlı deyildi. Buna baxmayaraq heç kes onun sözünü kəsmirdi və danışmasına mane olmurdular.
- Təsadüfən açılan qapıyam, məni bağlayan yoxdur. Həmişə özümü buraxıb yaşamışam,- ağlını itirmiş adam dedi.
- Ağlımı itirmişəm, nə danışdığımı bilmirəm. Mənimlə xoşagəlməz zarafat ediblər, oyun oynayıblar. Mənimki də belə gətirdi. Mən də insan kimi yaşamaq istəyirdim,- ağlını itirmiş adam sözünə əlavə etdi. O sanki başqalarının onun haqda nə düşündüklərini bilirmiş kimi danışırdı.
- Vicdanın yerini doldurmaq mümkün deyil. Ancaq yenə də sizin bir çıxış yolunuz qalıb, - baş məsləhətçi vicdanını satmış adama baxaraq dedi.
-Bu hansı yoldur, - vicdanını satmış adam soruşdu.
-Bu çıxış yolunu sizə deyərəm, ancaq indidən bildirməliyəm ki, çətin olacaq. İtirdikləriniz düşündüyünüzdən dəfələrlə çox olacaq.
- Xahiş edirəm deyin, mənim üçün fərqi yoxdur. Vicdanlı insan olmaq üçün nə etməliyəm?
-Bunun üçün özünüzü yenidən yaratmalısınız,- baş məsləhətçi qısa sükutdan sonra kəskin şəkildə bildirdi.
-Anlamadım, özümü necə yenidən yaratmalıyam?
- Biz sizə kömək edərik,- baş məsləhətçi dedi.
Bir müddət ətrafda baş verənlərdən xəbərim olmadı. Artıq baş məsləhətçinin dediklərini dinləməsəm də bütün fikrim onda qalmışdı. Adından göründüyü kimi onun işi başqalarına məsləhət vermək idi. Ona qibtə edərək düşünürdüm: o xoşbəxt adamdır, dünyanın ən rahat və asan işi ilə məşguldur. Çünki iş barəsində mənim bəxtim heç vaxt gətirmirdi. Oyuna gəlməyimin əsas səbəbi də bu idi.
- Ora haradır?, - vicdanını satmış adam baş məsləhətçidən soruşdu. Onların söhbətini yenidən dinləməyə başladım.
- Ora dünyanın heç bir xəritəsində yoxdur, orada zaman axmır, insanlar rütbələrilə deyil, ruhlarının təmizliyi ilə ölçülürlər. Amma ora getməyin amansız bir şərti var: birinci yaddaşın təmamilə silinməli, keçmişin darmadağın olmalıdır. Orada keçmişlərindən imtina edərək insan olmağın ən ali mərtəbəsinə - saf vicdana qovuşmuş həqiqi azad ruhlar yaşayır. Onlar o yerlərə keçmişlərini unudaraq yeni həyat məqsədilə gəliblər. Onların heç bir kəsi olmasa da təmiz vicdanları ilə özlərini dünyanın ən zəngin insanları hesab edirlər. Vicdanlı olmaq üçün sizə etdiyim bu təklifi dəyərləndirin,- baş məsləhətçi dedi.
- Əlbəttə, mən razıyam,- vicdansız adam bildirdi.
Həmin vaxt otaqda nisbi sakitlik hökm sürürdü. Pərdələr pəncərələrin önünü örtmüşdü. Onsuz da buludlu, tutqun bir hava vardı. Kimsə alaqaranlıq otağın işıqlarını yandırdı və bu ümumi əhvala müsbət təsir etdi, buna görə təşəkkür edənlər də oldu. Ağlını itirmiş adam başını yuxarı qaldırıb gur işıqda gözünə görünən mələklərə tamaşa edirdi.
- Siz sabah gəlsəniz məsləhətdir,- baş məsləhətçi mənə dedi.
-Yaxşı, yaxşı, - çəkinə-çəkinə dedim.
Artıq tərəddüd etməyə başlamışdım. Ancaq geriyə yolun olmadığını yenidən xatırladım və sağollaşıb otaqdan çıxdım. Qeydiyyatdan keçdim və mənə də digər oyunçular kimi bilərzik verdilər.
İlk gün oyun haqda heç bir dolğun məlumat əldə edə bilməmişdim. Agentlikdən çıxdıqdan sonra şəhəri gəzməyə başladım. Ümumi götürdükdə şəhər həqiqətən də öz əvvəlki simasını dəyişmişdi. Binaların boz divarlarına baxdıqda elə hiss oyanırdı ki, bu divarlar insanları qorumaq üçün deyil, onların azadlığını içəridə həbs etmək üçün tikilib. Şəhərin üzərinə elə bir sükut çökmüşdü ki, adamlar bədənlərilə burada olsalar da ruhları ilə çoxdan bu şəhəri tərk etmişdilər. Küçələrdə heç bir uşaq gülüşü, heç bir səmimi söhbət eşidilmirdi: hər kəs öz daxıli qəfəsində səssizcə düstaq həyatı yaşayırdı. Ancaq yenə bəzi yerlər var ki, doğmadır, hər keçidi, hər döngəsi, hər daşı hekayədir, adama nə isə xatırladır. Bir müddət gəzdikdən sonra parkda skamyada oturdum, özümü son dərəcə yorğun hiss edirdim və tam sakitlikdə yalnız tikintidə eşidilən səsləri dinləyirdim. Daha çox dəmir tıqqıltısı və hərdən yerə düşən taxta şaqqıltısı eşidirdim. Qara fikirləri özümdən uzaqlaşdırmışdım.
Həmin axşam gedib mənim üçün müvəqqəti ayrılmış yataqxana nömrəsində qaldım, cəmi bircə gün.. Səhər isə yenidən agentliyə getdim,orada eyni adamlarla rastlaşdım. Otaqda baş məsləhətçi, onun köməkçisi, ağlını itirmiş adam və dünən gördüyüm üç nəfər oturmuşdu. Onların adını bilmirdim, heç maraqlanmadım da, nəyimə gərəkdir, onsuz da adları yadda saxlamaqda çətinlik çəkirəm, daha doğrusu tez unuduram. Amma bu şəhərdə bir nəfərin adı yaddaşıma daşla qazındı sanki. Başqa heç bir adı xatırlaya bilmirəm, onun adı isə beynimdə əks səda verir. Əlbəttə, onun kim olduğunu biləcəksiniz.
Bir az keçdikdən sonra baş məsləhətçi məni yaxına çağırdı və söhbətə başladı:
- Oyun on mərhələdən ibarətdir. Bütün mərhələlərdə qaydalar eynidir, sadəcə səviyyələrinə görə fərqlənirlər. İlk mərhələlərdə yaşamaq üçün ən vacib gündəlik təlabatlar qarşılanır. Hər növbəti mərhələdə oyunçuların təlabatları yüksəlir. Birinci, yəni öyrənmə mərhələsində güzəştlər çox olacaq, iştirakçılar bu mərhələdə qaydalarla praktiki tanış olurlar və müxtəlif vərdişlərə yiyələnirlər. Hər hansısa qaydanı pozmaq səhv kimi qeyd olunur. Buraxılmış səhv haqda məlumat istənilən iştirakçı tərəfindən agentliyə ötürülə bilər. Satqınlıq burada qeyri iradidir, hər kəsin bacaracağı ən adi bir iş sayılır. İkinci mərhələdə iki, üçüncüdə isə yalnız bir səhv etmək imkanı verilir. Növbəti mərhələlərdə səhvlər bağışlanmır. Son mərhələlərdə sözün həqiqi mənasında hərtərəfli və açıq-aşkar fahişəliyə cəlb olunmuşlardır, artıq onlar üçün maddi zənginlikdən başqa heç nəyin fərqi yoxdur. Digər mərhələlərdən fərqli olaraq buradakılar fahişə olduqlarını hər addımda nümayiş etməlidirlər. Son mərhələdəki oyunçular gecə həyatı sürürlər, hava qaraldıqdan sonra fəaliyyətə başlayırlar. Müəyyən səbəblərdən aşağı mərhələdəkilərlə onların qarşılaşması mümkün olmur, yəni onların həyat tərzi və təlabatları arasında kəskin fərq olur. Əlbəttə, bütün oyunçular eyni qaydalara tabedirlər, onların hər biri özlərini satmaqla məşğuldur. Buna baxmayaraq dərəcələr fərqlənir. Fahişəlik ancaq hərfi mənada anlaşılmamalıdır, bu söz özünün bütün mənalarını nəzərdə tutacaq-özünüz şahidi olacaqsınız, - deyərək nitqinə qısa fasilə verdi. Nəfəs almadan danışırdı, onu diqqətlə dinləyirdim. Hiss olunurdu ki, danışdıqlarını hər gün təkrar etdiyinə görə artıq əzbərləmişdi.
"Oyuna düşmək buna deyiblər. Öz başıma oyun açdım" -həmin an öz özümə dedim. Ancaq narahatçılığımı birüzə vermədim. Digər tərəfdən düşündüm ki, maddi zənginliyə çatmağın ən asan və qısa yolunu tapmışam. Ancaq yanılmışdım. Ölmək bunun yanında heç nədir. Öldükdən sonra düşdüyün məchul qaranlıqdan xəbərin olmur. Burada isə zülmətin tən ortasında yaşamağa məhkum olursan. Sonra baş məsləhətçi sözünə davam etdi:
- Mərhələlər arası müddət 1-3 il davam edir. Oyçuların məqsədi mərhələni tez başa vurmaqdır. Hansısa mərhələni keçə bilməyərək orada uzun müddət qalanlar da az deyil. Qaydalar isə çox sadədir. Yuxarı mərhələdəki oyunçular mövqelərinə görə üstün sayılır.
Onlara yaltaqcasına yanaşmalısınız. Yeri gəldi gəlmədi tərif deməlisiniz, canla- başla qulluq göstərməlisiniz. İstənilən vaxt saxta gülüş nümayiş etdirməyə hazır olmalısınız, bunu həm də ucadan, inandırıcı etməyi öyrənməlisiniz. Bütün bunları özünə təlqin etməklə fikirlərində köklü dəyişikliklər baş verəcək. Vicdanını itirəcəksən, bu ən yaxın adamlarla münasibətdə belə hiss olunacaq. Vicdan, şərəf, ləyaqət və namus kimi anlayışları unutmalısan, bunların sənə heç bir halda aidiyyatı olmayacaq.
Özündən aşağıdakılara isə əksinə, əclafcasına davranmaq tələb olunur.
Əlbəttə, bunun üçün hər dəfə onları söyməyə ehtiyac yoxdur. Bəzən yuxarıdan aşağı bir baxış, laqeyd münasibət kifayət edir. Narahat olmayın, oyun özü sizə nəyi, necə və harada etmək lazım olduğunu öyrədəcək. Bu davranışla onların səndən aşağı mövqedə olduqlarını xatırlatmalısan. Belələrilə dost münasibətində olmaq səhv kimi qeyd olunacaq.
Yalnız iki dəfə üzürlü səbəbdən səhv etmək imkanın var. Üçüncü dəfə oyundan kənarlaşdırılırsan. Məğlub kimi oyundan çıxarılanlar əldə etdikləri var dövləti geri qaytarırlar və ömürlərinin qalan hissəsini itirilmiş mənəviyyatları ilə yaşamağa məcbur olurlar. Qalib gələnlər isə mənəvi dəyərlərini qurban versələr belə maddi zənginlik içərisində dünyanın istənilən yerində yaşamağa davam edirlər, - dedi. Ümumiyyətlə isə baş məsləhətçi mənə ardıcıl və ətraflı məlumat verdi.
Baş məsləhətçinin dediyi kimi qaydalar sadə idi, amma onlara əməl etmək böyük qurbanlar hesabına başa gəlirdi. Görəcəyim işlə yanaşı mənəvi alçaldılmaya məruz qalacağam. Kim buna razı olar? Əlbəttə, heç kim. Daha doğrusu bunu könüllü şəkildə özüm etməliyəm. Təbii və inandırıcı alınmalıdır.
Alçaldıqdan sonra yenidən əvvəlki vəziyyətə qayıtmaq olmur. Ona görə də qərar verməzdən öncə ciddi düşünmək lazım gəlir. Mənim üçün oyun artıq başlamışdı, düşünmək çox gec idi. Mənəvi alçaldılma maddı yüksəlişlə eyni zamanda və bərabər dərəcədə baş verir. Yəni alçağın yekəsi həm də ən zəngin adam deməkdir. Hər dəfə "maddi zənginlik", "var - dövlət" ifadələrini eşidərkən nələri qurban verəcəyimi vecimə almırdım.
Yalnız əmək sərf etməklə yaşamaq mümkün deyildi, hətta yolverilməzdir. Oyun müddətində oxumaq üçün kitablar qadağan olunmuşdu. Bu qadağa təmamilə yersiz idi. Onsuz da beynimiz elə məşğuliyyətlər tapmışdı ki, oxumağa həvəs qalmamışdı. Boş vaxtımızda başqa işlərlə məşğul olurduq. Məsələn, tanıdığımız müxtəlif insanların həyatını müzakirə edir, onların səhvlərini, mənfi xüsusiyyətlərini üzə çıxarmaqla baş qatırdıq.
Baş məsləhətçi oyunun qaydalarını izah etdikdən sonra agentliyi tərk etdim və iş yerimə yollandım. Burada əsasən aşağı mərhələlərdən olan oyunçular işləyirdilər. Onların bir birilərilə necə ünsiyyət qurduqlarına, aralarındakı davranışlara yenicə fikir verməyə başlamışdım ki, bir nəfər yaxınlaşıb əmrlə danışdı, öz tapşırıqlarını verdi.
-Aydın olmayan nəsə var? - axırda dedi.
-Xeyr, yoxdur,-dedim.
-İşində ol.
-Oldu, - dedim və işə başladım.
O ilk iş yerim haqqında ətraflı danışmaq, o günləri yenidən xatırlamaq istəmirəm. Oradakı şərait sadəcə fiziki yorğunluq deyil, insan ləyaqətini alçaldan bir bataqlıq idi. O mühitdən bəhs etmək ruhumu yenidən qaranlığa qərq edir. Orada bir il dörd ay vaxtımı və enerjimi itirdim. İkinci mərhələdə çətin günləri geridə qoyub tam fərqli bir işə keçdim. Şəhərin səs küylü küçələrindən birindəki balaca kafedə işləməyə başladım. Günüm yad insanların sifarişlərini hazırlamaqla, kassa aparatının monoton səsi və sınıq stulları düzəltməklə keçirdi.
Kafedəki ilk iş günüm həyacan dolu bir sınaq idi. Bar arxasında əllərim əsə- əsə fincanları düzəldərkən, yaşlı, saçları təmamilə ağarmış, amma gözlərində dərin müdriklik olan bir kişi içəri daxil oldu. O mənim ilk müştərim idi. Pəncərə kənarındakı masada əyləşərək mənə tərəf gülümsədi.
Yaxınlaşıb həyəcanla soruşdum:
- Xoş gəlmisiniz.... Nə sifariş edirsiniz? İlk günümdür, bir az gecikdirsəm bağışlayın.
Qoca mənə baxıb mülayim səslə dedi:
-Tələsmə, oğlum. Bu şəhərdə hər kəs harasa qaçır, heç olmasa sən kofeni tələsdirmə. Mənə sadəcə tünd bir qara kofe ver. Amma içində heç bir şirinlik olmasın.
- Bəli, bildim, şəkərsiz, dərhal hazırlayaram, - deyib arxaya döndüm.
Əlimdəki ən ucuz və keyfiyyətsiz qəhvə dənəciklərini üyüdərkən ağlımdan qəribə fikir keçirdi: qocanın istədiyi o xüsusi tünd kofenin yerinə bu ucuz qarışığı hazırlayıb ona baha qiymətə satmalıyam. O onsuz da şəkərsiz və tünd içir. Dad fərqini anlamayacaq. Əgər xəbər tutsaydı, "ilk günümdür" bəhanəsinin arxasına sığına bilərdim.
Bura işə düzələrkən mənə dedilər ki, heç bir məvacib verilməyəcək. Öz qazancını müştəriləri aldatmaqla əldə etməlisən. Ancaq müştəri xəbər tutsa bu səhv kimi qeyd olunacaq.
Fincanı dolduranda ürəyim bərkdən döyünürdü. Kofeni gətirib masaya qoyanda, qoca fincandan qalxan buxarı izləyərək yenidən dilləndi:
- Bilirsən, bu kafenin qapısından içəri girən adamların çoxu bura kofe içməyə gəlmir.
- Bəs nə üçün gəlirlər? - maraqla soruşdum.
-Zamanı dayandırmaq üçün, - dedi və fincanı qaldırıb mənə baxdı. - Kimisi ayrılığın acısını bir az da uzatmaq üçün küncdə tək oturur, kimisi də həyatının ən böyük yalanını qarşısındakına demək üçün cəsarət toplayır. Sən sadəcə içki paylamırsan, insanların hekayələrinə şahidlik edirsən.
- Mən sıravi bir işçiyəm, öz həyatımı güclə idarə edirəm, başqalarının hekayəsi mənə uzaq görünür, - deyə gülümsədim.
-Elə demə, - qoca kofesindən bir qurtum alıb başını yellədi. - Bu şəhərdə hamımız müvəqqətiyik. Hamı bir gün buranı tərk edəcəyini düşünür, amma heç kim çamadanını yığmağa tələsmir. Sən hələ gəncsən. Gözlərində hələ bu boğucu şəhərin tozu yoxdur, ümid var. Çalış bu ümidi kiməsə qurban vermə.
-Ümidi? Kimə qurban verə bilərəm ki?
-Gözəl bir cüt gözə, oğlum. Gözəl bir cüt gözə bütün dünyanı qurban verərlər. Sonra isə geriyə sadəcə o gözlərin qaranlığı qalar.
O gün qocanın nə demək istədiyini tam anlamamışdım. Sadəcə ilk iş günümün fəlsəfi zarafatı kimi qəbul etmişdim. Amma illər sonra Gülnazla məhz bu kafedə qarşılaşanda və sonda onun yad baxışları ilə üz-üzə qalanda qocanın mənə dediyi hər bir söz qulağımda yenidən əks səda verəcəkdi.
Bu kafedə düz iki il kəpənək qalstuk taxıb iyrənc işlər gördüm.
Oyunda ünsiyyət qarşılıqlı olaraq "salam", "necəsən? " sözlərilə başlayırdı. Verilmiş sualın cavabı heç bir əhəmiyyət daşımır, çox vaxt cavabı gözləmədən növbəti sual verilirdi. Bu şəhərdə salamlaşmaq belə müvəqqəti idi: hər kəs bir birinə sabah burada olmayacaq kimi yad və məsafəli davranırdı. Heç kim bir-birinin gözünün içinə baxmırdı. Çünki hər kəs qarşı tərəfin gözlərində öz çarəsizliyini görməkdən qorxurdu.
İlk günlər qaydaları adi qarşılayırdım, özüm üçün əksiklik hesab etmirdim. Qaydalar sərtləşdikcə istəmədən onlara boyun əyməli olurdum, bir müddət sonra adiləşməyə başlayırdılar və bu cür davam edirdi. Bir neçə ildən sonra özün də bilmədən yaltaq və riyakar adama çevrilirsən.
Üçüncü mərhələdə də oxşar işdə çalışdım. Dördüncü mərhələdə isə böyük bir reklam agentliyinin küncündəki masada, kompüter ekranının mavi işığında ömrümü əridirdim. Başqalarının zəngin brendlərini ucaltmaq üçün şüarlar yazır, afişalar dizayn edirdim. Parıldayan, lyuks həyatları reklam edən o rəngli dünyanı öz əllərimlə qururdum, amma ayın sonunda cibimə qalan sadəcə kartımdakı bir neçə yüz manatlıq orta təbəqə maaşı olurdu. Əksər işçilərdən fərqli olaraq müdriyyətə açıq aşkar yalvarmırdım, sadəcə onların qılığına girirdim və yanlış olaraq yüksək əmək haqqına ümid edirdim. Ancaq dördüncü mərhələdə yeni işdə nisbətən normal əmək haqqı almağa başladım. Bir müddət işlədikdən sonra özümə kiçik bir ev aldım. Böyük binaların vizual xətlərini çəkən sıravi bir memar idim. Zəngin insanların yaşayacağı lüks villaların lahiyələrini cızarkən özümün iki otaqlı evimin kədərli divarlarına sığınırdım. Ancaq getdikcə əlavə gəlirlərim çoxalırdı. Əlavə pul qoparmaq üçün müştərilərimi müxtəlif üsullarla aldadırdım, onlara yalan vədlər verirdim.
Bir dəfə böyük bir holdinq rəhbəri qarşımda əyləşmişdi. Tikəcəyim lyuks villanın çertyojlarını masanın üzərinə sərdim. Gözlərimin içinə baxıb, " Mənim üçün pulun önəmi yoxdur, memar bəy. Sadəcə ən keyfiyyətli materiallar istəyirəm." dediyi an içimdəki o amansiz tamahkarlıq oyandı.
- Divar örtükləri üçün yalnız İtaliyanın xüsusi karyerlərindən gətirilən, nadir tapılan ağ mərmərlərindən istifadə etməliyik,- dedim, səsimi tam bir peşəkar kimi rəvan saxlayaraq.
- Onun kvadratmetri və loqistikası bizə təxminən üçqat baha başa gələcək, amma keyfiyyətini əsrlərlə saxlayacaq, - dedim.
Müştəri çertyoja baxa-baxa başını yellədi:
-Əgər fərq bu qədər böyükdürsə büdcəni artıraq. Keyfiyyətdən qaçmaq olmaz. Sən sənədləri və smetanı hazırla, mən dərhal təsdiq edim.
-Narahat olmayın, mən hər şeyi şəxsən idarə edəcəm,- deyib gülümsədim.
Əslində isə yerli bazardan götürdüyüm standart, sadəcə yaxşı cilalanmış daşları İtaliya brendi adı altında sənədləşdirdim. Aradakı o böyük qiymət fərqi isə birbaşa mənim gizli hesabıma köçdü. Bəli, mən artıq insanları aldatmağı peşəkar səviyyədə öyrənmişdim. Oyunun ən qəddar qaydaları ilə oynayırdım.
Həm də bu iş mənə mərhələni tez adlamaq üçün bir şans idi. Beşinci mərhələni də memar kimi işləyəcəyimə razılıq vermişdim. Digər tərəfdən də memarlıq təhsilim olduğu üçün məşğuliyyətim ruhuma yaxın idi. Qacancım məni qane edirdi. Şəhərin ən lyüks məkanlarına gedə, illərlə arzuladığım şeyləri bir göz qırpımında ala bilirdim.

Bu şəhərdə yalanın ayaq tutub yeridiyinin şahidi oldum. İkiüzlülük, yaltaqlıq adi həyat tərzi sayılırdı.
Orqanizmdəki bütün proseslər biri digərilə əlaqədar olduğu üçün baş verənlər insana hərtərəfli təsir edir. Oyunçuların nitqinin fərqli olduğunu müşahidə etmişdim, onlar duyğu orqanlarının normal adamlarda olduğu kimi fəaliyyət göstərmədiyini tədricən anlayırlar.
Şəhərin oyunçuları qırmızı adamlar hesab olunurlar. Bu birbaşa dərinin rəngilə əlaqədar olmasa da dünyanın hər yerində onlar belə qəbul edilir.
Burada nə az, nə çox, düz bir şəhər qırmızı adam birlikdə oyun oynayırdı.
Etdiklərimi və etmədiklərimi şüurlu şəkildə anladığıma görə də mənəvi iztirab çəkirdim. Qaranlıq daha da şiddətlənirdi. Artiq dözə bilmirdim. Əxlaqi immunitetim müqavimət göstərirdi. Ancaq yenə də sonadək oynamağı düşünürdüm.
Gülnazla tanışlığım beşinci mərhələdə baş verdi. Hər şey təmamilə təsadüfən, payızın yağışlı bir günündə başladı. İllər əvvəl çalışdığım kafedə pəncərə kənarında oturub, küçəyə baxaraq keçmiş günləri xatırlayırdım. O qədər dalğın idim ki, masanın üzərindəki kofe fincanına əl uzadanda başqa bir əllə toqquşdum. Başımı qaldıranda onu gördüm.
-Bağışlayın, deyəsən bu mənim kopuçinomdur, - deyə gülümsədi.
-Oh, çox üzr istəyirəm, mən elə bildim... - utandığımdan sözümü tamamlaya bilmədim.
-Eybi yoxdur, əgər seyr etdiyiniz mənzərə maraqlıdırsa, kofemi sizinlə bölüşə bilərəm,- dedi və icazə istəmədən yanımdakı boş stulda əyləşdi.
O gün saatlarla fərqli mövzularda danışdıq. Səsi o qədər səmimi, gülüşü o qədər isti idi ki, sanki onu illərlə tanıyırdım. Həyatıma təmamilə təsadüfən girən bu qəribin tezliklə mənim bütün dünyam olacağından hələ xəbərsiz idim.
Əlbəttə, o da oyunun iştirakçısı idi, pula görə abırsızca yaşamağı seçmişdi. Ancaq yenə də münasibət qurdum. Adi həyatda heç beləsini görməmişdim. Bir müddət keçdikdən sonra mənə məxsus evdə birlikdə yaşamağa başladıq. Oyunun iştirakçıları olmağımıza baxmayaraq aramızda çox səmimi münasibət vardı.
Bir gün yenə adətimiz üzrə axşam dəniz kənarına gəzintiyə çıxmışdıq.
-Külək saçlarını darmadağın edib, - dedim.
-Bu dəniz qırağının küləyini sən özün istədin, indi də şikayət edirsən? - deyə büzüşərək cavab verdi.
-Şikayət etmirəm, sadəcə bu mənzərəni izləmək xoşuma gəlir. Donursan?
-Bir az... Amma dənizin səsi o qədər gözəldir ki, getmək istəmirəm.
-Gəl bura, - deyib qolumu çiyninə atdım və onu özümə sıxdım. - İndi necədir? Yenə donursan?
-Yox, indi sanki yay fəslidir. Sən həmişə belə isti olmaq məcburiyyətindəsən?
-Bu sadəcə sənə özəl bir istilikdir.
-Doğurdan? Deməli mən çox şanslıyam,-başını qaldırıb gözlərimin içinə baxdı.
-Şanslı olan mənəm. Bəzən düşünürəm ki, sən olmasaydın mən bu qaranlıq dünyada nə edərdim?
-Yəqin ki, tək tənha dəniz kənarı ilə gəzib küləkdən şikayət edərdin,-dedi.

Hərdən düşünürdüm ki, onunla oyunu tərk edə bilərik, gedib başqa şəhərdə insan kimi yaşayarıq. Ancaq fikrimi ona deməyə cürət etmirdim. O oyunun qaydalarına görə növbəti mərhələlərdə mənə xəyanət etmək məcburiyyətində qalacaqdı. Son mərhələdə isə açıq aşkar fahişəliklə məşğul olacaqdı. Ancaq hələ beşinci mərhələdə olduğumuzu nəzərə alıb gözləyirdim. Əlbəttə, biz çoxdan satılmışdıq və uduzmuşduq, elə oyuna düşmüşdüm ki, artıq çıxmaq çətin idi.
Bir gecə yenə bu barədə düşünürdüm:
-Yatmamısan? - deyə pıçıldadım. O həmişə məndən tez yuxuya gedirdi.
- Yox, belə o qədər rahatam ki, gözlərimi yumub bu anı qaçırmaq istəmirəm, - deyib mənə daha da sığındı.
-Sən həmişə belə çox düşünürsən? - gülümsədiyini səsindən hiss etdim. - Gözlərini yum və dincəl. Hər şey yaxşı olacaq,-dedi.
-Bəzən qorxuram...., - başımı qaldırıb qaranlıqda güclə seçilən gözlərinə baxdım.
-Qorxuram ki, oyanaram, bütün bunlar sadəcə bir yuxu olar. Sən yox olarsan.
-Dəli olma, məni bərk qucaqla, - nəfəsi üzümə toxunurdu. - Mən haraya gedə bilərəm ki? Sənin yanında, bu çarpayıda, bu evdə.... Sən mənim dünyamsan, yuxu deyiləm, realam. Yox, insan bədəni deyilsən sanki, yanar peçsən. Həmişə belə qaynarsan? - dedi.
-Bu peç sadəcə sənin üçün işləyir. Başqalarına qarşı kifayət qədər soyuq biriyəm, bunu bilirsən.
-Sən də söz ver ki, həmişə belə birlikdə olacağıq,-dedi.
-Söz verirəm.
Səsinin hər bir tonuna, danışdığı hər söhbətə inanırdım. Amma bütün bu sözlər sadəcə gələcək fırtınadan əvvəlki son sakitlik imiş.
Həmin gecənin səhəri istirahət günü olduğu üçün bir az gec oyandım. O mətbəxdə oturmuşdu.
-Yenə mənim ən sevdiyim köynəyimi geyinmisən? - gülümsəyərək dedim.
-Sənin köynəklərin mənimkilərdən daha rahatdır, günah məndə deyil,-çiyinlərini çəkdi.
-Yaxşı ki, ayaqqabılarımızın ölçüləri eyni deyil, yoxsa evdən ayaqyalın çıxmalı olardım.
-Bu pis ideya deyil, əslində, gələn dəfə bunu da yoxlayaram.
-Yox, xahiş edirəm, bu fədakarlığa hazır deyiləm,-dedim və yaxınlaşıb saçlarından öpdüm.
-Amma ciddi deyirəm, sənə çox yaraşır. Sən geyinəndə köynək daha gözəl görünür,-dedim.
-Bax bu tərifə görə bəlkə sənə dadlı bir yemək hazırladım.
-Doğurdan? Yoxsa yenə o yandırdığın makarondan yeyəcəyik? - gözlərimi qıyaraq zarafatla soruşdum.
-Hey! O sadəcə bir dəfə olub! Həm də o makaronun reçepti elə idi.
-Əlbəttə, əlbəttə, mən də buna inanmışdım, - deyə bərkdən güldüm və əllərini tutdum. Eybi yox, sən yandırsan da, mən sənin əllərindən hər şeyi yeyərəm.
O vaxt onun gözləri parıldayırdı. Səmimi görünürdü, ya da mən elə zənn edirdim.
Tanışlığımızın birinci ilini qeyd etməyimizə sayılı günlər qalmışdı. Gələcək üçün planlar qururduq, ancaq hiss edirdim ki, artıq eyni dildə danışmırıq.
Onunla ayrılmamışdan tam bir gün əvvəl aramızda mübahisə oldu. Amma bu alışdığımız yüngül mübahisələrdən deyildi:o artıq mənə qarşı təmamilə laqeyd olmuşdu. Otaqda bir kölgə kimi gəzir, baxışlarını məndən qaçırırdı. Mən eyni sözü dəfələrlə, bəlkə onuncu dəfə idi ki, ondan soruşurdum. Amma cavab vermirdi. Sözlərim sanki onun qulaqlarına çatmır, havada asılı qalırdı. Elə bil canlı insana yox, soyuq daşa deyirdim sözümü.
-Sənə deyirəm! Eşitmirsən məni? - səsimi bir az da qaldırdım. - Neçə gündür nə baş verir. Sən məni təmamilə yox sayırsan. Səninləyəm, eşidirsən məni, - daha ucadan dedim. Yenə cavab vermədi, sadəcə dərin bir nəfəs alıb digər otağa keçdi. Arxasıyca getdim.
-Sənlə danışıram! Eyni sualı neçə dəfə soruşmalıyam? Gülnaz, niyə susursan? - içimdəki səbr tükənirdi, qolundan tutmaq istədim.
-Bezmişəm, - dedi nəhayət, səsindəki soyuqluq canımı dondurdu.- Sənin bu bitməyən sorğu suallarından, hər şeyi şişirtməyindən bezmişəm.
Mən sadəcə ona diqqətlə baxdım və heç bir kəlmə də demədən otaqdan çıxdım. İşə tələsdiyim üçün çıxıb getdim. Həm də mübahisəni uzatmaq istəmirdim, içimdəki fırtınanı sakitləşdirməyə çalışırdım. İşə çatdıqdan bir neçə saat sonra zəng gəldi və məni insan alveri agentliyinə dəvət etdilər. Günortadan sonra gələ biləcəyimi bildirdim. Agentlikdə həyatımın ən böyük sarsıntısı ilə üz üzə qaldım. Gülnaz sadəcə məni tərk etməklə kifayətlənməmiş, gedib məndən şikayət etmişdi. Adımın qarşısına yazılan o ifadələri oxuyanda gözlərimə inana bilmədim: mənə qarşı ağlasığmaz bir şər-böhtan atmışdı. İfadəsinə yazmışdı ki, güya mən onu təhqir etmişəm, üstünə möhkəm qışqırmışam və qolunu bərk sıxaraq ona fiziki xəsarət yetirmişəm. Qəlbində bircə damla belə pislik daşımadığına inandığım o qadın, indi məni az qala bir cinayətkar kimi qələmə vermişdi. Onun ifadəsiylə baş başa qalanda dərk etdim ki, həyatımı qurban verməyə hazır olduğum qadın məni yalnız qəlbən yox, həm də qanun qarşısında təmamilə məhv etmək istəyir. Onun şikayəti həqiqi olsaydı belə oyunun qanunlarına zidd deyildi və səhv sayılmırdı. Ancaq xəbərdar etdilər ki, iki ay müddətinə ona yaxınlaşa bilmərəm, hətta yaxınlığından keçsəm belə bu hərəkəti səhv kimi qeyd edəcəklər. Yenidən şikayət etsə müddəti uzadacaqlar. Məsləhətçinin sözünə məhəl qoymadım və birbaşa evə yollandım. Yolda gedərkən ehtimal etdim ki, onu yüksək mərhələyə keçiriblər və yeni vəzifə təklif ediblər. Onun məharətli oyunçu olduğuna şübhəm qalmadı.
Evə çatdıqda onunla kandarda qarşılaşdıq. Dünyamı isidən qayğıkeş əlləri indi soyuq qapı dəstəyindən yapışmışdı, gözlərində həmişə gördüyüm o tanış parıltı getmişdi. Əlində bərk bərk sıxdığı qara çantası sanki aylarla qurduğumuz hər şeyi içinə yığıb aparırdı. Barmaqları çantanın zəncirindən elə yapışmışdı ki, elə bil səmimi keçmişindən qalan son izi də buraxmaq istəmirdi. Kandarda dayanıb mənə yad baxışlarla baxanda anladım: getmək qərarını çoxdan veribmiş. Anladım ki, səmimiyyət onun xarakteri deyil, sadəcə bu günə qədər ödədiyi icarə haqqı imiş.
-Deməli hər şey yalan idi? Birgə qurduğumuz xəyallar, verdiyin vədlər... Hamısı oyun idi? - dedim.
-Sən sadəcə inanmaq istəyirdin, özün özünü aldatmısan, - dedi. Səsində zərrə qədər də peşmanlıq yox idi.
-Bəs o qədər xatirə? Bir birimizə baxıb gülümsədiyimiz o günlər? Onlar da yalan idi? - əlindən tutmaq istədim, amma özünü geri çəkdi. Aramızdakı məsafə sanki keçilməz uçuruma çevrilmişdi.
-Onlar sadəcə keçmişdə qaldı. Zamanı geri qaytarmaq olmur, özün yaxşı bilirsən.
-Məni heç sevmədin? Heç olmasa bir anlıq da olsa dürüst ol. Sənin üçün heç bir dəyərim olmadı?
-Bu sualların artıq heç bir mənası yoxdur. Hər şey bura qədər idi, - dedi.
Son sözünü deyib qapıdan çıxdı. O sadəcə qapıdan çıxmadı, mənim daxılımdəki bütün inancları da özü ilə apardı.
Getməzdən əvvəl dönüb mənə son dəfə baxdı. O an onun şeytani baxışları vardı, maskası təmamilə düşmüşdü.
-Məni ən çox yandıran gedişin deyil, aylardır qucaqladığım o səmimi insanın əslində heç vaxt var olmamasıdır. Unutma, bu gündən sonra qazandığın hər qəpikdə mənim sənə olan təmiz inamımın qanı olacaq, -dedim.
Sözlərim dabanına toxunan atəş kimi onu yandırdı. Çevrilib mənə elə qorxaq, elə yad baxdı ki, sanki qarşısında mən deyil, onun cinayətinin şahidi idim.
Pəncərəni açıb siqaret yandırdım. Tüstünü havaya üfürərkən anladım: o məni satmadı, öz ucuz qiymətini bəlli etdi. O özünü çölün qaranlığına atmışdı, mən isə siqaretin közündə onun bəhs etdiyi saxta gələcəyi yandırırdım.
O küçə işığının lampasında çoxdan yox olmuşdu. Amma mən gözlərimi hələ də qaranlığa dikmişdim: çünki itirdiyim onun kölgəsi deyildi, sevgiyə olan inamım idi. Pəncərədən sızan gecənin qaranlığı evdəki boşluğu tamamlayırdı:mən artıq gedişin acısını deyil, ruhumda açılan o qaranlıq, sakit azadlığı seyr edirdim.
Hər şeyi geridə qoyub sadəcə unutmaq istəyirdim. Zaman geçir, yaralar sağalmır. O soyuq baxışlar hər gecə ruhumu zəhərlənməyə davam edirdi.
Ayrılığımızdan sonra xəbər tutdum ki, yeni mərhələdə ona yüksək vəzifə veriblər. Artıq yüksək təbəqədən olan adamlarla ortaq işlər görürdü. Onun uğurlarından xəbər tutduqca aramızdakı uçurumun dərinliyini daha yaxşı anlayırdım.
Mən də dayanmadım. Nəhayət illərdir çəkdiyim zəhmət bəhrəsini verdi: qalxıb Gülnazın olduğu, mənə yuxarıdan aşağı baxdığı mərhələyə çatdım, elit iş adamlarının masasına oturdum. Durmadan artan gəlirlərim və qazandığım nüfuz məni təmamilə fərqli bir insana çevirdi. Artıq lüks həyatın tam mərkəzində idim. Bank hesablarımdakı rəqəmlər, rəhbərlik etdiyim nəhəng layihələr və yüksək gəlirlərim məni şəhərin ən hörmətli adamlarından birinə çevirdi. Mən artıq aşağı mərhələnin o çarəsiz uşağı deyildim. Amma acınacaqlı olan o idi ki, bank hesabımdakı rəqəmlər çoxaldıqca ruhumdakı o böyük boşluq zərrə qədər də dolurdu.
Onunla eyni məkanlarda, eyni rəsmi görüşlərdə idim. Mən həyatım boyu çox insan tanımışdım, çox simalar görmüşdüm, amma heç kim ruhumun ən dərin qatlarına toxuna bilməmişdi. Gülnazı elə bir saf, elə bir fədakar qəlblə sevmişdim ki, sanki ondan əvvəl heç yaşamamışdım, ondan sonra isə bir daha heç kimi elə sevə bilməyəcəkdim. O mənim bu dünyadakı ilk və son həqiqi sevgim idi, mənim ruhumun ən işıqlı və ən qaranlıq tərəfi idi. Ancaq bilirdim ki, o indi çoxdan başqa bir yad peçin istisinə sığınıb qızınır. Əlbəttə, onun kimi yüngül yola gedənlərin münasibətləri uzun sürmür, onlar şəxsi mənafelərinə uyğun olaraq sevgililərini dəyişməyə meyilli olurlar.
Amma hər zirvənin bir enişi varmış. Zaman keçdikcə Gülnaz öz səhvlərinin, yanlış seçimlərinin qurbanı oldu. O parıltılı dünya onu təmamilə uddu: yanlış yollara düşdü, xəyanət etdiyi insanların xəyanətilə üzləşdi. Elit təbəqə onu eyni soyuqqanlılıqla sıxıb kənara atdı. Sonda o öz amansız səhvinə görə təmamilə heç nəsiz, tək- tənha və çarəsiz qaldı. O oyunu tərk etməzdən qabaq necə oldusa təsadüfən qarşılaşdıq və göz gözə gəldik. Məni görəndə sanki bir cinayətkar kimi gizlənməyə yer axtarırdı. Gözlərindəki o vaxtkı təkəbbürdən əsər əlamət qalmamışdı: geriyə sadəcə sönük, qorxmuş və çarəsiz bir baxış çökmüşdü. Oyundan qovulduqdan sonra onu bir daha görmədim. Gülnazdan sonra oyunda yaşamağa davam edirdim, uduzmaq istəmirdim. Pullarımı itirməkdən qorxurdum, onlara görə şərəf və ləyaqətimdən keçmişdim, vicdanımı satmışdım. Özüm də bilmədən yaltaq və riyakar adama çevrilmişdim.
Bilirdim ki, sonadək oynamaq iqtidarında deyiləm. Bu oyunun diktə etdiyi amansız qaydalardan, saxta gülümsəmələrdən və hər addımda qurulan tələlərdən birdəfəlik yorulmuşdum . Daha çox əldə etdikcə əslində özümdən əksilirdi. Hər küncündə xəyanətin, şər - böhtanın qoxusu gələn bu küçələrdən canımı qurtarmaq, bədənimin hər hüceyrəsinə hopmuş boğucu havasını ruhumdan çıxarmaq istəyirdim.
Bu lənətə gəlmiş oyunu yarımçıq tərk etmək məcburiyyətində qaldım. Qərar verdikdən sonra insan alveri agentliyinə yollandım.
Masasının arxasında oturan baş məsləhətçi eynəyinin üstündən mənə soyuq və diqqətli bir baxış atdı.
-Deməli hər şeydən imtina edirsən? - deyə soruşdu, səsində həm təəccüb, həm də gizli bir istehza vardı. - Səbəb nədir? Sən karyeranın ən yüksək mərhələsindəsən.
-Çünki mən bu oyunda qalib gəldikcə özümə uduzdum,- dedim, səsimdə heç bir tərəddüd yox idi.
-Pul və güc sənə insanları idarə etmək azadlığı verir. Bu şəhərdə bundan böyük nə ola bilər ki?
-Azadlıq, - acıqla gülümsədim. - Bu şəhərdə azadlıq yoxdur. Bu şəhərin özü nəhəng bir oyundur və biz hamımız onun piyadalarıyıq.
-Seçimində azadsan, ancaq oyundan çıxmağın da öz qaydaları var.
-Bəli, bilirəm. Mən oyundan əvvəlki vəziyyətimə qayıtmaq istəyirəm, - dedim.
-Yaddaşın təmamilə silindikdən, beynin ağ bir vərəqə çevrildikdən sonra səni o sirli məkana aparacaqlar,-dedi.
Baş məsləhətçi ilə razılaşdım. Yaddaşımın itəcəyi o anı qorxu ilə yox, böyük bir xilas kimi gözləyirəm:çünki unutmaq mənim yeganə sağalma yolumdur.
Baş məsləhətçinin köməkçisi mənə gedəcəyim yer haqda məlumat verdi. Aldığım məlumata görə oranın sakinləri vaxtı ilə bizim bu şəhərin qurbanları olublar, amma idi bədənləri yüngül, baxışları isə billur kimidir. Oranın hüzurunu elə təsvir etdi ki, sanki bərpa olunmuş vicdan və ləyaqət o torpaqlarda nəfəs alan hər kəsin ortaq havasıdır. Keçmiş əzabların silindiyi bu məkanda heç kim bir birinin adını və ya gəldiyi təbəqəni soruşmur, çünki hər kəs bilir ki, yaddaşsızlıq bura gələnlərin ən böyük azadlığıdır. Oradakı insanların baxışlarında göl sakitliyi hakimdir. Onların gözlərinin içinə baxanda keçmişin dumanını, xəyanətlərin kölgəsini və ya qazanılmış saxta statusların qürurunu görməzsiniz: onların baxışları bir uşağın ilk dəfə dünyaya baxdığı an qədər təmizdir. Oradakı insanlar bir birini rəqib kimi görmürlər, çünki ləyaqət bura toplaşan hər kəsin ortaq geyiminə çevrilmişdir.
Sonda məsləhətçi dedi ki, ora qatarla gedəcəksən və yala düşdükdən sonra yaddaşın təmamilə itəcək.
Qatara minməzdən əvvəl bu boz mənzərəyə son dəfə baxdım və kafedəki o ilk iş günümdə qocanın dediyi sözləri xatırladım: "Bu şəhərdə hamı bir gün buranı tərk edəcəyini düşünür, amma heç kim çamadanını yığmağa cəsarət etmir." Mən o cəsarəti tapmaq üçün ruhumun darmadağın olmasını gözlədim. İndi qatar yerindən tərpənir və mən ilk dəfə olaraq Gülnazın əsirliyindən çıxıb, harada olduğunu bilmədiyim o real azadlığa tərəf gedirəm.

# 119 dəfə oxunub

Oxşar xəbərlər

"Xoşbəxtlik sənət əsəridir, onunla ehtiyatla rəftar edin..." - Edit Vartondan sitatlar

"Xoşbəxtlik sənət əsəridir, onunla ehtiyatla rəftar edin..." - Edit Vartondan sitatlar

15:00 11 avqust 2026
"Həyatla ölüm arasındakı xətt göz qapağından qalın deyil..." - Yapon yazıçıdan sitatlar

"Həyatla ölüm arasındakı xətt göz qapağından qalın deyil..." - Yapon yazıçıdan sitatlar

12:30 11 avqust 2026
"Nə isə sarsıdıcı olanı istəyirdi..." - Cexovun "Qara rahib"i Afaq Məsudun tərcüməsində

"Nə isə sarsıdıcı olanı istəyirdi..." - Cexovun "Qara rahib"i Afaq Məsudun tərcüməsində

10:00 11 avqust 2026
"Mərhəmətin cana xeyri azdır..." - "Qum dəryasının kapitanları"ndan bir hissə

"Mərhəmətin cana xeyri azdır..." - "Qum dəryasının kapitanları"ndan bir hissə

15:20 10 avqust 2026
"Kübar xanımlardan zəndeyi-zəhləm gedir..." - Mixail Zoşenko

"Kübar xanımlardan zəndeyi-zəhləm gedir..." - Mixail Zoşenko

13:50 10 avqust 2026
"Mənim kitablarım yandırılmağa layiq idi..." - Alman yazıçıdan sitatlar

"Mənim kitablarım yandırılmağa layiq idi..." - Alman yazıçıdan sitatlar

12:00 10 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər