Kulis.az Anton Çexovun "Qara rahib" əsərini Xalq yazıçısı Afaq Məsudun tərcüməsində təqdim edir.
May ayının əvvəlləri idi… Ramiz Rövşənlə mən Mərkəzdə oturub çay içə-içə bədii sözün təsir gücündən, klassik ədəbiyyatın əbədiliyindən danışır, adda-budda nümunələri yada sala-sala “əbədilik şkalası” na düşə biləcək müəllifləri götür-qoy edirdik ki, söhbət necəsə qəfildən, gizli narazılıqlar və qarşıdurmalar dolu ciddi ədəbiyyat müstəvisinə keçdi…
Mən az qisim əsərləri çıxmaq şərti ilə ədəbiyyatın, artıq əvvəlki təsir gücünə malik olmadığını, bir vaxtlar ağrılarının həqiqiliyi ilə ürəklər dağlayan “Hərb və sülh”, “Anna Karenina”, “Qırmızı və qara”, “Ovod”, “Madam Bovari” və sair bu kimi dünya ədəbiyyatı şedevrlərinin belə, istifadə müddəti başa çatmış köhnə qida məhsullarıtək keyfiyyətini və əhəmiyyətini itirdiyini deyib, tutarlı misallar gətirir, Ramiz məni bu “yanlış” mövqedən daşındırmağa, klassik ədəbiyyatın əbədi və dəyişməz dəyərinə inandırmağa çalışırdısa da, yadına saldığım bəzi nümunələrə rəğmən axır ki, razılaşmalı olurdu. Beləcə, biz bir ucdan sevib-sevmədiyimiz yazıçıları götür-qoy edə-edə, “istifadə müddəti başa çatmış ədəbiyyatlar” siyahısını genişləndirməyə başlamışdıq ki, necəsə birdən-birə hər ikimiz ali və müqəddəs olan nəyisə əlimizdən salıb sındırmış kimi, mövzu ətrafında ehtiyatla dolaşmağa, sanki kimə, ya kimlərəsə çıxardığımız ölüm hökmünə bəraət qazandırmağa çalışırmış kimi, məsələni yumşaq improvizələr və pauzalarla o üz-bu üzə çevirməyə başladıq... Bu əsnada mən “amma bax, Çexovu mən bu siyahıya salmazdım”, dedim və Ramizin bu sözümdən tutulduğunu, xırda, qonur gözlərinin gərilib yığıldığını sezib, söhbəti dəyişmək istədimsə, o, “məncə, elə o da həmin qəbildəndi,” - deyib mənalı-mənalı üzümə gülümsündü.
Ortaya pərt sükut çökdü. Mən yaddaşımı gərib, təcili şəkildə Çexovun əsərlərini - bir vaxtlar oxuyub kövrəldiyim “Albalı bağı”nı, “Üç bacı”nı, “Qağayı”nı... xoşbəxtliyi, bədbəxtliyi, yalanı və həqiqəti darıxdırıcı həyatlarının alt qatında axtaran sinirsiz qəhrəmanlarını, onların romantik dərdlər və mətləblər dolu cansıxıcı söhbətlərini, hətta bir vaxtlar oxuyub sarsıldığım “6 nömrəli palata”nın ağıllı dəlilərini belə yadıma salıb, ürəyimdə sevimli yazıçımla vidalaşa-vidalaşa:
- Hə, - dedim, - məncə də.
***
Söhbətin sabahı günü, adətim üzrə gəzintiyə çıxdığım səhər saatlarında qulaqcıqlarımı taxıb, audiomətnini dünəndən bəri yarıda saxladığım “Karamazov qardaşları”nın 6-cı fəslini dinləməkdən ötrü telefonumu açarkən, ekrana dərin suların dibindən qalxantək, çıxan Çexovun ağ-qara portretindən, şəkilin altındakı mətnin qara, yağlı şriftlə yazılmış “Çornıy monax” (Qara rahib) başlığından donub qaldım… Çexovun yaradıcılığına yaxından bələd olduğumu sansam da, heç bir vaxt heç yerdə adına belə rast gəlmədiyim bu əsərin, hansı səbəbdan qarşıma çıxarıldığından duyuq düşüb, heyrətdən nəfəsim tutul-tutula-tutula Ramizlə dünənki söhbəti , “istifadə müddəti başa çatmış ədəbiyyatlar” siyahısının Çexovla bitən kədərli sonluğunu xatırladıqca, başımın, hansısa əlçatmaz yüksəkliklərə qalxmıştək, hərlənməyə, gözlərimin qaralmağa başladığını hiss edib ayaq saxladım.
Bir müddət beləcə, yolun ortasında dayanıb dura-dura, bu sirli mesajın haradan, kimdən, necə göndərilə biləcəyi barədə düşünüb özüm üçün nələrisə müəyyən edib aydınlaşdırmağa çalışdımsa da, beynimin həyəcandan, ya qorxudan tutulub donduğunu hiss edib bu lüzumsuz “tədqiqatımdan” vaz keçdim… çox keçmədən, toparlanıb axır ki, mətni açdım və unudulmaz İnnokentiy Smoktunovskinin ifasında səsləndirilən bu Çexov şedevrini dinləyə-dinləyə yola düzəldim...
Afaq Məsud
I
Magistr Andrey Vasilyeviç Kovrin çox yorulmuş, əsəblərini pozmuşdu. O, müalicə almırdı, amma bir dəfə, necəsə, tanış bir həkimlə çaxır içərkən söhbətarası xəstəliyindən söz açmışdı, o da ona yaz və yay aylarını kənddə keçirməyi məsləhət görmüşdü. Elə həmin ərəfədə də o, Tanya Pesotskayadan uzun bir məktub almışdı. Tanya onu Borisovkaya qonaq dəvət edirdi və o bu qərara gəldi ki, həqiqətən də, havasını dəyişsə, heç də pis olmaz.
Yola çıxmazdan əvvəl, aprel ayında o, ata-baba yurdu Kovrinkaya yollanıb üç həftəni orada tək-tənha qalandan və havalar bir qədər düzəlib yollar açılandan sonra faytonla Borisovkaya - keçmiş hamisi və tərbiyəçisi, Rusiyanın tanınmış bağçısı Pesotskinin evinə yollandı.
Kovrinkadan Pesotskilərin yaşadığı Borisovkaya qədər yol yetmiş verstdən çox olmazdı və bahar çağı rahat, yaylı faytonda yumşaq torpaqlı yollarla səfər etmək, xüsusi ləzzət verirdi.
Pesotskinin suvağı tökülmüş nəhəng evinin, şir heykəlləri və sütunlar dolu girişi qarşısında əynində frak, lakey dayanmışdı. İngilis üslubunda salınmış qədim, qaraqabaq park evdən bir qədər aralıda axan çaya qədər az qala bir verst uzanır, açıqda qalan kökləri tüklü heyvan pəncələrini andıran şam ağacları dolu sıldırımlı sahildə - səssiz sakitlikdə bərq vuran suların və narazı cüllütlərin civiltiləri eşidilən gilli qumluqda bitirdi.
Bir sözlə, buraların hər zamankı balladalar yazılası rahatlıq dolu ab-havası...
Evin yaxınlığındakı istixanalarla bir otuz desyatinə yaxın ərazini tutan nəhəng meyvə bağında isə hər zaman, ən pis havalarda belə, şən və gümrah əhval-ruhiyyə hökm sürürdü. Pesotskinin bağında olan gül bolluğunu – nadir gözəllikli qızılgül və kameliyaları, düm ağından tutmuş kömür kimi qarasına qədər müxtəlif rəngli zanbaqları bir arada görmək, bu yaşına qədər Kovrinə nəsib olmamışdı.
Bahar yenicə gəlmişdi və gül-çiçək təntənəsinin əsil ehtişamı hələ bağlı istixanalarda gizli qalmaqda idi… Amma xiyabanın ləklərini dolduran gül-çiçək bolluğu kifayət idi ki, bağda gəzişərkən özünü zərif rənglər səltənətində hiss edəsən…
Bağın dekorativ hissəsi - Pesotskinin etinasız laqeydliklə “boş şey” adlandırdığı bu gözoxşayan mənzərələr, hələ lap uşaqlıq illərindən Kovrinə sehirli nağıllar aləmini xatırladırdı… Burada nələr, hansı əcaibliklər, təbiət üzərində aparılan hansı təcrübələr və nadir eybəcərliklər yox idi?!.. Meyvə ağaclarından yığılmış şpalerlər, qovaq ağacı quruluşuna salınmış piramidaşəkilli armud ağacı, şarabənzər palıd və cökələr, alma ağacından düzəldilmiş nəhəng çətirlər, tağlar, venzellər, şamdanlar, hətta Pesotskinin bağ təsərrüfatı fəaliyyətinə başladığı tarixi gavalıların düzülüşü ilə bildirən “1862” rəqəmi... Burada palma ağacının gövdəsitək dümdüz və yaraşıqlı ağaclara rast gəlinirdi ki, yalnız çox yaxından və diqqətlə baxanda bunların motmotu, yaxud qarağat kolu olduğu bilinirdi.
Bağı ən çox canlandırıb şənləndən - oranın daimi hərəkətliliyi, sübh tezdənnən axşamacan ağacların, kolların, ləklərin arası ilə əllərində toxa, ləyən və əl arabaları qarışqatək qaynaşan adamlar idi...
Kovrin Pesotskigilə axşam saatlarında - saat ona işləmiş çatdı...
Tanya və Yeqor Semyonıç təşviş və həyəcan içində idilər. Bir qədər sonra belə məlum oldu ki, aydın, ulduzlu səma və termometr göstəriciləri səhərə yaxın şaxta olacağından xəbər verirdi. Bağban İvan Karlıç isə şəhərə yollanmışdı və vəziyyətin aradan qaldırılması üçün ondan savayı bel bağlanası adam yox idi.
Şam süfrəsi arxasında söhbət yalnız sübh ayazının törədə biləcəyi fəsadlardan getdi və belə qərara alındı ki, Tanya gecə yatmasın. Saat on ikidən sonra bağa çıxıb hər şeyin öz qaydasında olub-olmadığını yoxlasın, Yeqor Semyonıç isə saat üçdə, yaxud daha tez oyansın…
Kovrin bütün axşamı Tanya ilə oturdu, gecədən xeyli keçmiş isə onunla birgə bağa yollandı... Hava soyumuşdu. Həyətdən yanıq iyi gəlirdi. Yeqor Semyonıça ildə bir neçə min rubl xalis gəlir gətirən “kommersiya bağı” deyilən meyvə bağı - ağacları və onlardan əldə olunacaq gəliri şaxtadan qoruyacaq qapqara, qalın tüstüyə bürünmüşdü. Buradakı ifrat dəqiqlik, gövdə və çətirləri bir-birindən fərqlənməyən eyniölçülü ağacların əsgər sırası ilə düzülüşü ümumi mənzərəyə darıxdırıcı monotonluq qatırdı...
Kovrinlə Tanya saman, quru təzək və çör-çöp qalağının közərdiyi xırda ocaq cərgələrinin arasından ötə-ötə, tüstü dumanının içi ilə ara-sıra kölgətək yeriyən bağ xidmətçilərlə üz-üzə gəlirdilər. Tüstü dumanının içində itib-batan bağda təkcə albalı, gavalı və bir neçə alma ağacının çiçəklədiyi gözə dəyirdi və yalnız tingliyə çatanda Kovrin sinədolusu nəfəs alıb:
– Mən hələ lap uşaqlıqdan buraların tüstüsündən asqırırdım… – deyə çiyinlərini çəkdi, – amma hələ də başa düşə bilmirəm ki, tüstünün şaxta ilə nə əlaqəsi var.
– Tüstü, bir növ buludları əvəzləyir, – Tanya dedi, – yəni buludlar olmayanda.
– Buludların bura nə dəxli var?
– Buludlu, dumanlı havalarda şaxta olmur.
– Belə de! – Kovrin deyib, gülə-gülə qızın əlindən tutdu.
Tanyanın soyuqdan qızarmış qara qaşlı, ciddi üzünə, paltosunun, başını sərbəst hərəkət eləməyə imkan verməyən dik yaxalığına və ümumiyyətlə, ətəyini şehdən islanmasın deyə, bir kənara yığmış bu incə qamətli, yaraşıqlı qıza baxdıqca Kovrinin ürəyi açılırdı...
– Ay Allah?! Bizim bu balaca qızımız necə böyüyüb?! – Kovrin dedi. – Mən sonuncu dəfə buradan gedəndə – düz beş il əvvəl siz lap uşaq idiniz. Arıq, çəlimsiz, saçları dağınıq, balaca bir qız... əyninizdə qısa ətəkli paltar... Mən sizi cırnatmaqdan ötrü “cüllüt” çağırırdım… Zaman nələr edir?!
Tanya köksünü ötürüb:
– Hə, düz beş il... – dedi. - O vaxtdan çox sular axıb... – və qəfildən onun üzünə dikilib qəribə həyəcanla - Andryuşa, siz Allah düzünü deyin, bizdən soyumusuz? - Amma heç bunu soruşarlar? Axı siz kişisiz?! Maraqlı həyatınız var… böyük adamsınız... Təbii ki, soyumusuz. Amma, Andryuşa, necə də olsa, çox istərdim, bizi əvvəlki kimi, öz doğmanız biləsiz… Məncə, bizim buna haqqımız var… – deyib susdu.
– Məncə də, Tanya.
– Doğrudan? Düz sözünüzdü?
– Bəli, əlbəttə düz sözümdü.
– Bu gün siz təəccüblənirdiz ki, bizdə çoxlu şəkilləriniz var... Amma axı özünüz də bilirsiz, atam sizi necə sevir. Hətta bəzən mənə elə gəlir ki, o sizi məndən çox sevir. Sizinlə fəxr edir... Siz alimsiz, qeyri-adi insansız, özünüzə parlaq karyera qurmusuz… və o düşünür ki, bütün bunlarda onun da əməyi var. Mən ona belə düşünməyə mane olmuram. Qoy elə bilsin...
Artıq səhər açılırdı… Bu, bağdan qalxan tüstü burumları və ağac taclarının havada aydın görünməsindən bilinirdi.
Bülbüllər oxuyur, uzaq ətraflardan bildirçin səsləri eşidilirdi...
– Artıq yatmaq vaxtıdır. Həm də soyuqdur... – Tanya deyib onun qoluna girdi. – Andryuşa, çox sağ olun ki, gəldiniz. Bizim, az da olsa, tanışlarımız var, amma onlar çox darıxdırıcı adamlardı. Səhər-axşam işimiz - bağ, bağ, bağ... vəssalam. Ştamp, yarımştamp... aport, ranet, calaq, peyvənd... Bütün həyatımız bu bağa qulluqda keçir... Mən yuxularımda belə, alma-armuddan savayı heç nə görmürəm. Bütün bunlar, əlbəttə çox yaxşı və faydalı işlərdir, söz yox… Amma bəzən insanın ürəyi dəyişikliklər də istəyir axı?! Məsələn, bax, yadıma gəlir, necə siz tətildə, yaxud elə-belə bizə gələndə bütün ev, sanki çilçırağın, mebellərin örtükləri çıxarılmış kimi, işıqlanırdı, təzələnirdi... Onda mən lap uşaq idim, amma bunu anlayırdım…
Tanya şövqlə danışırdı və danışdıqca, nədənsə Kovrinin ağlına belə bir fikir gəldi ki, bütün yayı burada qala-qala bu balaca, çəlimsiz, dilli-dilavər məxluqa başı qarışa, ona bağlana, hətta vurula bilər. Hər ikisinin indiki halında bu, o qədər təbii və mümkün bir məsələ idi ki?!..
Bu fikirdən onun ürəyi açıldı, həm də gülməyi tutdu… Başını qızın qayğı dolu yaraşıqlı üzünə yaxınlaşdırıb asta səslə oxumağa başladı…
Onegin, gizləmək istəmirəm,
Tatyananı dəli kimi sevirəm...
Onlar evə qayıdanda Yeqor Semyonıç artıq yuxudan oyanmışdı...
Kovrinin yuxusu gəlmirdi deyə, indi də qoca ilə söhbətə girişdi və onunla birlikdə yenidən bağa qayıtdı.
Yeqor Semyonıç hündür, enlikürək, yekəqarın bir adam idi. Təngnəfəslikdən əziyyət çəksə də, elə sürətlə yeriyirdi ki, ona çatmaq olmurdu. Daim qayğılı görünür, hey harasa elə tələsirdi, elə bil bircə dəqiqə geciksə, hər şey məhv olacaqdı...
– Hə, qardaş, məsələ belədi... – o deyib, nəfəsini dərmək üçün ayaq saxladı. – Torpağın üzü, gördüyün kimi donub… amma indi termometri taxtanın ucuna taxıb torpağın səthindən ikicə sajen yuxarı qaldırsan görəcəksən ki, orada ilıqlıq var... Səncə bu, nədəndi görən?
– Düzü, bilmirəm, – Kovrin deyib astaca güldü.
– Hm... hər şeyi bilmək mümkün deyil əlbəttə. Zəka nə qədər də geniş olsa belə, hər şeyi ora yerləşdirə bilməzsən. Bir də axı, səninki daha çox fəlsəfədi, hə?
– Hə, psixologiyanı oxuyuram… Ümumilidə isə fəlsəfə ilə məşğulam.
– Darıxdırmır?
– Əksinə, onunla nəfəs alıram.
– Nə deyirəm? Xeyirlisi... – Yeqor Semyonıç çal saqqalını fikirli-fikirli tumarlaya- tumarlaya dedi. – Allah köməyin olsun. Mən sənə görə şadam. Çox şadam, qardaş...
Bu məqam nə baş verdisə, o sözünü kəsib sakitliyə diqqət kəsilidi… üzündə vahimə dolu həyəcan dolaşa-dolaşa, yerindən götürülüb ha tərəfəsə qaçıb ağacların arasına dolan tüstü dumanının içində gözdən itdi… və çox keçmədən uzaqdan onun tükürpədən, yanıqlı fəryadı eşidildi…
- Bu atı alma ağacına kim bağlayıb? Hansı yaramaz atı alma ağacına bağlamağa cürət edib? Ay Allah, ay Allah?! Hər şeyin axırına çıxdılar! Məhv elədilər, murdarladılar! Bağ məhv oldu! Batdı! İlahi?!
Kovrinin yanına qayıdanda qocanın üzündə çarəsiz üzgünlük dolu təhqir olunmuş ifadə dolaşırdı... Qollarını yana açıb ağlar səslə:
– Neyləyəsən? Bu lənətəgəlmiş xalqı necə başa salasan axı? – dedi. – Styopka gecə peyin gətirib, atını da alma ağacına bağlayıb… Əclaf yüyəni elə bərk çəkib ki, ağacın gövdəsi üç yerdən sürtülüb... Nə qədər demək olar? Xeyri yoxdu… Mal kimi dayanıb gözlərini döyür! Assan da azdı yaramazı!
Bir qədər sakitləşəndən sonra Kovrini bağrına basıb yanağından öpdü və astadan:
– Nə deyirəm, bala, xeyirlisi... – dedi. – Gəlməyinə çox şadam. Hədsiz şadam! Sağ ol ki, gəldin!
Sonra həmin qayğılı üzü və yeyin addımlarla bütün bağı dolaşa-dolaşa oranjereya və tinglikləri, yeraltı su anbarlarını və “əsrin möcüzəsi” adlandırdığı iki arı pətəkliyini keçmiş şagirdinə göstərməyə başladı…
Onlar sahəni gəzib-dolaşana qədər artıq günəş qalxmışdı və bağ parlaq gün şüsının işığına bürümüşdü. Hava da bir qədər isinmişdi. İrəlidən günəşli, şən və uzun bir günün yaxınlaşdığını duyan Kovrin, hələ mayın əvvəli olduğunu, eynilə bu cür günəşli, şən və uzun yay günlərinin hələ qabaqda olduğunu düşündü və birdən-birə köksündə uşaqlıq çağlarında, həmin bu bağda oynayarkən duyduğu sütül sevinc hissinin titrəyişini hiss etdi... Qocaya sarı çönüb, bu dəfə onu özü qucaqladı və nəvazişlə öpdü. Sonra hər ikisi təsirlənmiş halda evə dönüb doyumlu, qaymaqlı krendellərlə qədim çini fincanlarda çay içməyə başladılar və Kovrin yenə uzaq uşaqlıq və yeniyetməlik illərini, o dövrlərin bir sıra bu sayaq xırdalıqlarını xatırlamağa başladı. Eynilə belə bir parlaq günəşli gün, içində oyanan keçmiş xatirələri ilə bir-birinə qarışdı... Bütün bu qarmaqarışıqlıqdan ürəyi sıxıldısa da, eyni zamanda içində qəribə bir rahatlıq da duydu...
…Kovrin Tanyanın da yuxudan oyanmasını gözlədi. Onunla bir neçə fincan qəhvə içib, bağda gəzişəndən sonra öz otağına qayıtdı və yazı masasının arxasına keçdi.
…O diqqətlə oxuyur, qeydlər aparır, ara-sıra gözlərini mütaliədən ayırıb açıq pəncərələrdən görünən mənzərələrə, yaxud masanın üstünə qoyulmuş güldandakı şehli çiçəklərə baxmaqdan ötrü yuxarı qaldırır, sonra yenidən kitabın üzərinə endirir, səhifələri oxuduqca, hər damarının, rəqs edəntək, həzz dolu nəşə ilə titrəyişini duyurdu.
II
O burada da, şəhərdə yaşadığı həmin gərginlik dolu, narahat həyatına davam edir, çox oxuyur, yazır, italyan dilini öyrənir, hətta gəzintilər zamanı belə, qəribə gizli həyəcanla tezliklə otağına qayıdıb, yazı masasının arxasına keçəcəyi barədə düşünür, hədsiz az yatmağı ilə hamını təəccübləndirirdi. Belə ki, təsadüfən günorta saatlarında yarımca saat yuxulasa, sonradan bütün gecəni yatmır, ertəsi gün isə özünü, heç nə olmayıbmış kimi, gümrah və rahat hiss edir, danışıb-gülür, çoxlu şərab içir, bahalı siqarlar çəkirdi...
Pesotskigilə tez-tez qonaq gəlirdi. Yaxın qonşuluqda yaşayan xanımlar, demək olar ki, hər gün təşrif buyurur, Tanya ilə birlikdə royalda çalıb - oxuyurdular. Ara-sıra məclislərə ayrı bir qonşu da –skripkada mükəmməl çalan cavan bir oğlan da qatılırdı. Kovrin onların ifalarını acgözlüklə dinləyir, mahnı və musiqiləri dinlədikcə yorulub əldən düşdüyü - gözlərinin öz-özünə yumulmasından, başının, özündən xəbərsiz heysizliklə çiyninə enməsindən bilinirdi.
Bir axşam çay süfrəsindən sonra Kovrin eyvanda oturub kitab oxuyarkən, qonaq otağında Tanya - soprano, qızlardan biri - kontralto və cavan qonşu oğlan skripkada Braqanın məşhur serenadasını məşq edirdilər.
Kovrin serenadanın sözlərinə diqqət kəsilsə də, deyilənlərin rus kəlmələri olsa da, mənasını anlaya bilmədi. Axırda kitabı bir kənara qoyub, bütün diqqətini ifaya cəmlədi və dinlədikcə anlamağa başladı. Serenada - xəstəhal təxəyyüllü qızın bir gecə bağda qəribə, sirli səslər eşitməsindən bəhs edirdi. Səslər o qədər qəribə və ecazkar idi ki, qız onların adi, ölümlü bəndələr tərəfindən anlanıb qəbul edilməsinin mümkünsüzlüyü səbəbindən yenidən geriyə - göylərə qayıdan ilahi harmoniya olduğunu etiraf etməli olur...
…Kovrin serenadanı dinlədikcə, göz qapaqlarının bir-birinə yapışmağa başladığını hiss etdi. Ayağa qalxıb və heysiz addımlarla qonaq otağında, sonra zal boyu var-gəl eləməyə başladı, mahnı bitəndən sonra isə Tanyanın qoluna girib onunla birlikdə eyvana çıxdı.
– Bayaqdan məni bu səhər haradansa yadıma düşən bir əfsanə düşündürür… – dedi. – Yadıma sala bilmirəm, onu harada oxumuşam, ya kimdənsə eşitmişəm?.. Amma bu, çox qəribə, yəni heç bir məntiqə sığmayan əcaib bir əfsanədir. Onu da deyim ki, mənası da bir o qədər aydın deyil. Deməli, əfsanəyə görə min il bundan əvvəl uzun, qara geyimli bir rahib səhra ilə yol gedirmiş... Haradasa, Suriyada, ya Ərəbistanda... Bu əsnada rahibin getdiyi yoldan bir neçə mil aralıdakı gölün sahilinə duran balıqçılar suyun üzəri ilə sürüşəntək, yeriyən ayrı bir qara geyimli rahibi görürlər. Deyilənə görə həmin bu ikinci rahib ilğım imiş… İndi, olsun ki, əfsanənin nəzərə almadığı bütün optik qanunları unudun və hekayənin ardına qulaq asın. Deməli, balıqçıların gördüyü həmin o ilğım rahibdən digər rahib, ondan üçüncüsü əmələ gəlibmiş… Və belə-belə, həmin bu qara geyimli rahibin obrazı fasiləsiz olaraq, atmosferin bir qatından o birinə keçməyə başlayıbmış... Belə ki, zaman-zaman onu gah Afrikada, gah İspaniyada, gah Hindistanda, hətta Uzaq Şimalda belə görənlər olubmuş... Nəhayətdə o Yer atmosferinin hüdudlarından çıxıbmış və deyilənə görə indiyə qədər, heç cür sönüb yoxa çıxa biləcəyi şərait yaranmadan kainatda dolaşmaqdadır. Ola bilsin, indi onu haradasa Marsda, yaxud Cənub Xaçı bürcünün hansısa ulduzunda görənlər var, lakin əfsanənin əsas məğzi və mahiyyəti bundadır ki, əzizim, həmin o ilğım rahib səhra ilə yol getdiyi zaman kəsiyindən düz min il sonra yenidən Yerin atmosferinə düşəcək və insanlara görünəcək. Və guya ki, həmin o min il artıq başa çatmaqdadır... Əfsanənin məntiqinə görə qara rahibin təşrifini biz bu günə, ya sabaha gözləməliyik.
– Qəribədir, – Tanya dedi. Əfsanənin xoşuna gəlmədiyi gözlərinin dalğın ifadəsindən bilinirdi.
– Və hər şeydən daha heyrətamizi budur ki... – Kovrin güldü, – mən bu əfsanənin haradan yadıma düşdüyünü heç cür xatırlaya bilmirəm. Onu harada oxumuşam, ya kimdənsə eşitmişəm? Yoxsa qara rahib yuxuma girib? Allaha and olsun, xatırlaya bilmirəm. Amma əfsanə, nədənsə məni çox düşündürür. Bütün günü o haqda düşünmüşəm…
Kovrin Tanyanı qonaqların yanına ötürüb evdən çıxdı və fikirli halda ləklərin arası ilə dolaşmağa başladı. Günəş artıq batmaq üzrə idi. Çiçəklər yenicə sulanmışdı deyə, ətrafa xoşagəlməz rütubət qoxusu yayılırdı.
Evdə yenə oxumağa başladılar. Skripkanın insan iniltisinə bənzər səsi, getdikcə uzaqdan eşidilirdi…
Kovrin fikirlərini cəmləyib, həmin o əfsanəni harada oxuduğunu, ya kimdən eşitdiyini yadına salmağa çalışa-çalışa, tələsmədən parka tərəf yollandı və necəsə, özü də bilmədən çayın kənarına gəlib çıxdı.
Çılpaqda qalmış ağac köklərinin yanından ötüb, sıldırımlı sahillə uzanan ensiz cığırla aşağı – suya sarı endi, oradakı cüllütləri və iki ördəyi hürküdüb uçurdub yola düzəldi...
Batmaqda olan Günəşin son şəfəqləri qaraqabaq şam ağaclarının adda-budda budaqları arasından zəif-zəif sızmaqda idi, çayın üzərinə isə artıq qaranlıq çökmüşdü…
Kovrin asma körpü ilə çayın o biri sahilinə keçdi və qarşısında açılan ucsuz-bucaqsız, hələ bar gətirməmiş çovdar zəmisi ilə üz-üzə qaldı…
Uzaqlarda nə bir ev, nə bir canlı gözə dəyirdi və ona elə gəldi ki, cığır, əgər ona qoşulub bir az da getsə, onu Günəşin indicə enib qürub şəfəqini möhtəşəm əbədiliklə şölələndirdiyi naməlum, sirli məkana aparıb çıxaracaq.
“Nə qədər genişlik, azadlıq, rahatlıq, sakitlik…” - Kovrin cığırla addımlaya-addımlaya düşünürdü, - “sanki bütün dünya nəfəsini içinə çəkib mənə baxır, onu anlamağımı istəyir...”
Çovdar zəmisi, sanki onun düşündüklərindən hərəkətə gəlib xırda ləpələrlə yırğalandı… yüngül axşam küləyi nəvazişlə saçlarını oxşadı… Çox keçmədi ki, yenə külək əsdi… Amma bu dəfə güclü həmlələrlə əsib, zəmini dalğalandırdı, uğuldatdı… Arxadan şam ağaclarının lal pıçıltıları eşidildi və Kovrin heyrət içində donub dayandı…
Üfüqdə yerdən burula-burula göyə qalxan tufana, qasırğaya bənzər hündür sütun qaralmaqda idi... Kontur və cizgiləri dəqiq seçilməsə də, onun dayanıb-durmadan, dəhşətli sürətlə birbaş ona sarı - Kovrinin düz üstünə gəldiyi, yaxınlaşdıqca, get-gedə kiçilib aydınlanmağa başladığı bilinirdi...
Kovrin ona yol verməkdən ötrü özünü zəminin içinə atmağa güclə macal tapmışdı ki... qolları sinəsində çarpazlanmış qara geyimli, çal saçlı, qaraqaş rahib sürətlə yanından ötüb, yalın ayaqları yerə dəymədən, üç sajenə yaxın məsafəni qət etdikdən sonra Kovrinə sarı çöndü, başını salam işarəsi ilə yüngülcə tərpədib mənalı təbəssümlə gülümsündü.
Kovrin bütün bu mənzərəni dəhşətdən nəfəsi tutula-tutula seyr etdikcə “nə qədər solğun və dəhşətli dərəcədə arıq sifət...” düşündü.
Çox keçmədi ki, rahib yenidən böyüməyə başladı, böyüyə-böyüyə çayın üzərindən uçub səssiz çəkisizliklə gilli sahilin şam ağaclarına çırpıldı və onların arasından tüstü dumanıtək sızıb yoxa çıxdı...
- Buyur, bu da əfsanə... – Kovrin kiminləsə danışırmış kimi, özü-özünə astadan dedi. – Deməli, əfsanədə deyilənlər həqiqət imiş...
Bu əcayib olayın mənasını özünə izah eləməyə lüzum görmədən, rahibin nəyinki qara libasını, üzünü, hətta gözlərini belə, yaxından və aydın görə bildiyindən məmnun və həyəcanlı halda evə döndü.
Parkda, bağın içində adamlar rahat-rahat gəzişir, evdə musiqi çalınırdı... “Deməli, belə çıxır ki, rahibi tək bir o görüb” – Kovrin gizli sevinclə fikirləşdi və qəfildən ürəyindən, bütün bu gördüklərini Tanyaya və Yeqor Semyonıça danışmaq istəyi keçdisə də, onların bunu sayıqlama hesab edib, qorxuya düşəcəklərindən ehtiyat edib bu qərara gəldi ki, yaxşısı budur - sussun.
Kovrin bütün axşamı ucadan gülür, rəqs edir, o dərəcədə şənlənirdi ki, hamı, bütün qonaqlar və Tanya onun hədsiz cazibədar və maraqlı olduğunu, üzünün qəribə, ilahi nurla işıqlandığını sezdilər.
III
Şam yeməyi başa çatııb, qonaqlar evlərinə dağılışandan sonra Kovrin otağına qayıdıb divana uzandı. O, yalnız rahib haqqında düşünmək istəyirdi… lakin bir dəqiqə keçməmiş, otağa Tanya daxil oldu, əlindəki broşürləri və surəti çıxarılmış bir yığın yazılı vərəqi ona uzadıb:
– Buyurun, Andryuşa, atamın məqalələridir, oxuyun, – dedi. – Gözəl məqalələrdir. Əla yazır.
– Yaxşı görək, – Tanyanın ardınca içəri daxil olan Yeqor Semyonıç yüngül vicdan əzabı və saxta gülüşlə gülə-gülə deyib, Kovrinə sari çöndü. – Sən ona qulaq asma və xahiş edirəm, oxuma! Yox, əgər tez yuxulamaq istəyirsənsə, oxu. Yatmaq üçün gözəl yuxu dərmanıdır!
– Amma, məncə, əla məqalələrdir, – Tanya qəti əminliklə dedi. – Siz oxuyun, Andryuşa və atamı da inandırın ki, tez-tez yazsın. O, bağçılıq haqqında böyük elmi əsər yaza bilər.
Yeqor Semyonıç gərgin qəhqəhə ilə güldü və qızarıb pörtə-pərtə, adətən çılğın müəlliflərin işlətdiyi ifadələrdən işlədib, axırdan-axıra təslim oldu. Broşürləri titrək əlləri ilə götür-qoy edə-edə:
– Elə isə, əvvəlcə Qoşenin məqaləsini və bu rus müəlliflərinin məqalələrini oxu, – dedi, – yoxsa heç nə başa düşməyəcəksən. Mənim etirazlarımı oxumazdan əvvəl, nəyə etiraz etdiyimi anlamalısan axı?! Amma, məncə, dəyməz... Ürəyin sıxılacaq. Bir də, deyəsən yatmaq vaxtıdı axı?
Tanya otaqdan çıxandan sonra Yeqor Semyonıç Kovrinin yanında - divanda əyləşdi, dəridən ah çəkib bir qədər susduqdan sonra:
– Hə, qardaşım mənim... – deyə, aramla sözə başladı, – belə-belə işlər, mənim əziz magistrim... Bax, mən məqalələr də yazıram, sərgilərdə də iştirak edirəm, medallar da alıram... Deyirlər, “Pesotskinin almaları adam başı boydadı...”, “Pesotski bağ-bağçasıyla özünə var-dövlət düzəldib”. Bir sözlə, necə deyərlər, qaz vurub, qazan doldururam! Amma sual olunur: bütün bunlar kimə və nəyə lazımdı? Bağ, həqiqətən, gözəl, nümunəvidir... Bu, sadəcə bağ deyil, dövlət əhəmiyyətli böyük bir müəssisədir. Necə deyərlər, Rusiya təsərrüfatçılığı və iqtisadiyyatının yeni erasına atılan ilk addımdır. Amma nəyə xidmət edir? Məqsəd nədir?
– Məqsədin nə olduğunu, məncə, işin özü deyir... Kovrin yüngülcə əlavə edib susdu.
– Mən o mənada demirəm. Sadəcə, bilmək istəyirəm ki, mən öləndən sonra bu bağın taleyi necə olacaq? Mən olmasam, gördüyün bütün bu mənzərədən bircə aya əsər-əlamət qalmayacaq. Burada məsələ bağın böyüklüyündə, işçilərin çoxluğunda deyil. Məsələ ondadır ki, mən işimi sevirəm, başa düşürsən? Ola bilsin, canımdan artıq sevirəm. Sən özün bir düşün, hər şeyi mən özüm edirəm, səhərdən-axşamacan işləyirəm. Peyvəndləmə, budama - özüm, əkin məsələləri – özüm, hər bir şey özüm. Kimsə kömək eləyəndə, qısqanıram, əsəbiləşib özümdən çıxıram. Məsələ də, bax, bundadır... Yəni söhbət işə sevgidən, sərraf təsərrüfatçılıqdan, bu zəhmətkeş əllərdən gedir. Görürsən, bircə saatlığa harasa qonaq gedirəm və ürəyim, iynə üstündə oturmuş kimi əsir ki, görən bağda hər şey qaydasındadırmı? Bəs mən öləndə necə olacaq? Bağa kim baxacaq? Kim işləyəcək? Bağban? İşçilər? Hə? Bax, gör, sənə nə deyirəm, əziz dost! Bizim bu işdə birinci düşmən nə dovşandı, nə ağacqurdudu, nə də şaxta. Düşmən bu bağa yad adamdı!
– Bəs Tanya? – Kovrin gülə-gülə soruşdu. – O ki, dovşan qədər zərərli ola bilməz. Üstəlik, işi bilir və sevir.
– Əlbəttə, bilir və əlbəttə ki., sevir. Əgər mən öləndən sonra bağ ona qalarsa və o, bağa sahiblik edərsə… Onda əlbəttə ki, nəyinsə dərdini çəkməyə elə bir səbəb qalmır. Amma əgər o, Allah eləməmiş, ərə gedərsə? – Yeqor Semyonıç pıçıldayıb, qorxudan böyümüş gözlərlə Kovrinə baxdı. – Məsələ, bax, budur! Ərə gedəcək, uşaqlar doğulacaq, bağ-filan yada düşməyəcək… Ən çox qorxduğum da odur ki, ərə getdiyi adam tamahkarın biri ola və bağı alverçi arvadlara icarəyə verə... Belə olarsa, hər şey bircə ilin içində məhv olub gedər! Bizim işdə də, biləsən ki, arvadlar Allahın lənətidir!
Yeqor Semyonıç köksünü ötürüb bir qədər susdu, sonra:
– Bəlkə də xudbinlik edirəm, amma açıq deyəcəyəm: istəmirəm Tanya ərə getsin. Qorxuram! Buralara, bizə skripkası qoltuğunda, özündənrazı biri gəlir... Düz-əməlli çala da bilmir. Bilirəm, Tanya dünyasında ona ərə getməz, yaxşı bilirəm… amma onu görən gözüm yoxdu! Ümumiyyətlə mən çox əcaib adamam, qardaş, boynuma alıram - deyib ayağa qalxdı və otaq boyu həyəcanla var-gəl eləməyə başladı.
Onun nə isə çox ciddi nə iləsə bağlı danışmaq istədiyi, lakin açmağa ürək eləmədiyi bilinirdi. Nəhayət o, otağın ortasında ayaq saxlayıb əllərini ciblərinə saldı və Kovrinə sari çönüb:
– Mən səni hədsiz çox sevirəm, Andryuşa, - dedi, - odur ki, açıq danışacağam. Bəzi həssas məsələlərə mən çox sadə yanaşıram və düşündüyümü də açıq şəkildə deyirəm. Ümumiyyətlə, bu “mübhəm fikirlər” deyilən məsələni sevmirəm. Bax, açıq deyirəm: sən yeganə adamsan ki, qızımı qorxub-çəkinmədən ərə verərdim. Sən ağıllı, qəlbi olan adamsan və mənim işimin məhv olub-getməsinə imkan verməzsən. Və ən başlıcası - mən səni oğlum kimi sevirəm... Səninlə fəxr edirəm. Əgər Tanya ilə aranızda münasibət yaranarsa… onda.... nə deyim? Çox şad olardım… Hətta xoşbəxt olardım. Bunu tam bər-bəzəksiz, səmimi və açıq şəkildə deyirəm.
Kovrini gülmək tutdu. Yeqor Semyonıç ayağa qalxıb otağın qapısını açdı, çıxhaçıxda, qəfildən kandarda ayaq saxlayıb:
– Əgər Tanyayla bir oğlunuz olsaydı, ondan elə bir bağçı yaradardım ki... – dedi və bir anlıq düşünüb, – Əşşi, xam xəyallardı da danışıram, boş ver. Gecən xeyirə qalsın, – əlavə edib otaqdan çıxdı.
Kovrin otaqda tək qalandan sonra yerini rahatlayıb məqalələri gözdən keçirməyə başladı. Məqalələrdən birinin başlığı “Keçid mədəniyyəti haqqında”, digərinin “Cənab Z.-nin, bağa yararlı torpaqların yeni üsullarla becərilməsi ilə bağlı qeydlərinə dair bir neçə söz”, üçüncünün “Yuxulu gözlərlə bir daha peyvəndləmə haqqında” və sair və ilaxır idi. Mətnlərdə nə qədər narahat, nahamar ifadələr, xəstəhal dərəcədə iddialı hikkə! Məsələn, rus anton almasından bəhs edən ən sadə, sanki qərəzsiz başlıqlı məqalələrdən biri Yeqor Semyonıçın təhkiyəsi uyğun şəkildə “audiatur altera pars”-la başlayıb, “sapienti sat”- la bitirdi. Mətnlər “təbiəti fəxri kürsülərinin uca yüksəkliklərindən seyr edən patentli bağçılarımızın elmi cəhaləti”, cənab Qoşenin ifşasına yönəldilmiş “naşılar və diletantlar tərəfindən əldə edilmiş uğur” kimi tikanlı atmacalarla, “bağa oğru kimi soxulub, ağacların qol-budağını qıran mujiklərin şallaqlanmağına icazə verilməməsi” kimi tamamilə yersiz, süni şəkildə şişirdilmiş zəhərli sözlərlə aşıb-daşırdı…
“Əslinə qalanda, çox ürəyəyatan, maraqlı və sağlam işdir. Amma demə, burada da acıqlı ehtiraslar, soyuq müharibələr varmış...” – Kovrin düşündü. – “Olsun ki, bütün sahələrdə çalışan ideya adamları əsəbi olur, ifrat həssaslığı ilə seçilir. Görünür, belə də olmalıdır”.
Bunun ardınca o, Yeqor Semyonıçın bu məqalələrini hədsiz bəyənən Tanyanı – arıqlıqdan sinəsinin sümükləri seçilən, iri, ağıllı gözlərinin tünd bəbəkləri daim nə isə axtarırmış kimi, ha tərəfəsə dikilən, eynilə atası kimi xırda, tələsik addımlarla yeriyib hədsiz çox danışan, mübahisəni hədsiz sevdiyindən, hər sözü, ən əhəmiyyətsiz xırdalıqları belə, xüsusi mimika və jestlərlə ifadə edən solğun bənizli, bəstəboy qızı xatırlayıb, “olsun ki, əsəbidir” düşündü və kitabı açıb mütaliəsinə davam etdisə də, oxuduqlarından heç nə başa düşmədi və daha oxumadı. Bir neçə dəqiqə əvvəl mazurka oynayıb, musiqi dinləyərkən duyduğu anlaşılmaz şövq onu üzür, beynini müxtəlif fikirlərlə yükləyirdi.
Kovrin ayağa qalxdı, bir müddət qara rahib haqqında düşünə-düşünə, otaq boyu var-gəl eləməyə başladı və ağlına belə bir fikir gəldi ki, əgər bu qeyri-adi, əcayib rahibi təkcə o görübsə, belə çıxır ki, xəstədir və azarı artıq halüsinasiya həddinə çatıb. Bu fikirdən içində qorxu yarandısa da, bir o qədər uzun çəkmədi. “Amma mən özümü yaxşı hiss edirəm və bir kimsəyə zərər vermirəm?! Deməli, hallüsinasiya da olsa, bunda pis bir şey yoxdu”, – fikirləşdi və əhvalı düzəldi, divana əyləşib başını əlləri arasına aldı və bütün vücudunu saran qəribə sevinc hissini cilovlamağa çalışdı... sonra ayağa qalxıb, yenidən otaq boyu var-gəl eləməyə başladı, yazı masasının arxasına əyləşib kitabı açdısa da, işindəki fikirlər onu qane etmədi...
Nə isə möhtəşəm, hüdudsuz və sarsıdıcı olanı istəyirdi...
Səhərə yaxın soyunub, yatmaq istəməsə də, yerinə girdi. Axı yatmaq lazım idi?!
Yeqor Semyonıçın bağa sarı uzaqlaşan addım səsləri eşidiləndə Kovrin zəngin düyməsini basıb lakeyə, çaxır gətirməyi buyurdu. Çaxır gələndən sonra ondan bir neçə qurtum alıb yorğanı başına çəkdi, beyni dumanlanmağa başladı və o, yuxuya getdi.
IV
Yeqor Semyonıçla Tanya tez-tez küsüşür, bir-birinə xoşagəlməz sözlər deyirdilər. Bir səhər onlar yenə nə iləsə bağlı sözləşdilər. Tanya ağladı və otağına getdi, sonra nə nahara, nə də çay içməyə gəldi. Yeqor Semyonıç əvvəl-əvvəl ciddi görkəm alıb, hər kəsə ədalətin və qayda-qanunun hər şeydən üstün olduğunu sübut etmək istəyəntək, incik ədalarla gəzib-dolandısa da, çox keçmədən ürəyi dözmədi. Park boyu pərişan halda “ay Allah, ay Allah, ay Allah!” deyə-deyə dolaşıb, nahar zamanı əlini yeməyə uzatmadı. Axırda vicdan əzabından üzülə-üzülə Tanyanın bağlı qapısını taqqıldadıb ürkək səslə:
– Tanya… Tanya! – deyə-deyə qızını çağırmağa başladısa da, çox keçmədən qapı arxasından Tanyanın ağlamsınmış, zəif, lakin qətiyyətli səsi eşidildi…
– Məni rahat buraxın, xahiş edirəm.
Ev sahiblərinin bu üzüntülü halı evdəkilərin hər birinə, bağda işləyən fəhlələrə belə təsir edirdi. Kovrinin başı işinə qarışsa da, axırda onun da ürəyi sıxılmağa başladı və evin ümumi ab-havasını necəsə dəyişmək məqsədi ilə məsələyə müdaxilə etmək qərarına gəldi.
Axşamtərəfi Tanyanın qapısını döydü və onu içəri buraxdılar.
O, Tanyanın ağlamaqdan qırmızı ləkələr basmış üzünə heyrətlə baxa-baxa:
– Ay-ay-ay, ayıb olsun, – deyə sözə zarafatyana başladı. – Yəni məsələ bu qədərmi ciddidi? Ay-ay-ay!
– Bilsəydiniz, o məni necə incidir… – qız dedi və gözlərinə dolan iri, qaynar göz yaşları yanaqlarından süzüldü, əllərini bərk-bərk bir-birinə sıxa-sıxa sözününü ardını gətirməyə çalışdı. – O məni zinhara gətirib! Axı mən ona heç nə demədim?! Heç nə! Bircə onu dedim ki, əlinin altında günəmuzd fəhlələr ola-ola, əlavə işçilərə nə ehtiyac var? Dedim, bir həftədi onlar əllərini ağdan qaraya vurmurlar... Mən yalnız bunu dedim… O isə ağzını açıb, gözünü yumdu… Mənə dişinin dibindən çıxanı dedi... Elə ağır, təhqiramiz sözlər dedi ki... Axı niyə? Mənim günahım nədi?
– Yaxşı-yaxşı, bəsdi... – deyə Kovrin qızın saçlarını sığalladı. – Sözləşdiz, ağlaşdız, yetər. Çox küsülü qalmaq olmaz, düzgün deyil… Özünüz də bilirsiniz, o sizi necə sevir.
– O mənim… mənim bütün həyatımı məhv edib, – Tanya boğazına dolan qəhəri udub davam elədi. – Ondan eşitdiyim ancaq budur… Təhqir, həqarət… O məni bu evdə artıq adam sayır. Nolar? O haqlıdı. Günü sabah buradan gedəcəyəm, teleqrafda işə düzələcəyəm. Qoy belə olsun.
– Yaxşı, siz Allah, ağlamayın… Lazım deyil, Tanya. Ağlamayın, əzizim. İkiniz də əsəbisiz, hər şeydən hirslənib özünüzdən çıxırsız. Və hər ikiniz də günahkarsız. Gedək, sizi barışdırım.
Kovrin nəvaziş dolu əminliklə danışır, Tanya çiyinləri titrəyə-titrəyə, əllərini bir-birinə sıxa-sıxa ağlamağa davam edirdi. Qız elə ağlayırdı, elə bil həqiqətən də böyük faciə baş vermişdi. Ortada elə bir ciddi məsələ olmaya-olmaya bu qədər dərindən iztirab çəkdiyinə görə Kovrinin ona yazığı gəldi. Ən xırda, əhəmiyyətsiz bir şey bu məsum varlığın bütün gününü, bəlkə həyatını belə, qara edə bilərdi.
Odur ki, Tanyanı əzizləyib ovundura-ovundura fikirləşdi ki, bu dünyada əliçıraqlı axtarsa belə, bu qızdan və onun atasından savayı, onu öz yaxını, doğmasıtək sevən ayrı bir kəsi tapa bilməyəcək. Ardınca onu da fikirləşdi ki, bu iki insan olmasaydı, yəqin ki, o… - ata-anasını erkən yaşlarında itirən yeniyetmə ömrünün sonunacan yaxın doğmalara duyulan təmənnasız və əsil sevginin nə olduğunu bilməyəcəkdi, bu hissi duymadan böyüyəcəkdi.
Kovrin bütün bunları düşündükcə, dizinin yanında ağlaya-ağlaya içini çəkən Tanyanın sinirlərinin onun pozulmuş, xəstəhal sinirlərinə - dəmir maqnitə can atantəktək, qarşılıq verdiyini duyduqca, necəsə sağlam, güclü və qırmızıyanaq bir qadını sevə bilməyəcəyini, amma bu solğun bənizli, çəlimsiz, bədbəxt Tanyadan xoşlandığını anlamağa başlayırdı. Bu fikirlərlə o, qızın saçlarını, çiyinlərini daha nəvazişlə sığallayır, əllərini ovuclarına alıb sıxır, göz yaşlarını silirdi...
Tanya, axır ki, sakitləşdi. Kovrindən, özünü onun yerinə qoymasını xahiş edib, yenidən uzun-uzadı atasından, bu evdə yaşadığı dözülməz, ağır həyatından danışıb, bir qədər sonra xəfif təbəssümlə gülümsəməyə başladı. Allahın onu belə yaratdığını, xasiyyətinin ağır olduğunu etiraf edib içini çəkdi və nəhayət ucadan gülüb özünü “səfeh” adlandıraraq, tələsik halda otaqdan çıxdı.
Bir qədər sonra, Kovrin bağa çıxanda Yeqor Semyonıçla Tanya, heç nə olmayıbmış kimi, duzlu çovdar çörəyi yeyə-yeyə xiyabanda yanaşı gəzişirdilər.
V
Kovrin barış missiyasını uğurla yerinə yetirə bildiyindən məmnun halda parka yollandı. Orada skamyalardan birinə oturub düşüncələrə dalarkən, qulağına fayton çarxı səsləri və qadınların gülüşləri dəydi.
Evə yenə qonaqlar gəlmişdi. Axşamtərəfi, bağın kölgələri yerə yatanda uzaqdan yenə skripkanın səsi, şən mahnı sədaları eşidilməyə başlayırdı… Və bütün bu mənzərə, nədənsə Kovrinin yadına qara rahibi salırdı...
Yenə həmin əfsanəni xatırlayıb “görəsən, həmin o optik əcaiblik indi haralarda, hansı ölkədə, ya planetdə dolaşmaqdadır?” – fikirləşdi və çovdar zəmisində gördüyü qara kabusu təsəvvüründə canlandırmağa başlamışdı ki, üzbəüzdəki şam ağacının arxasından səssiz ehmallıqla çıxan dilənçisayağı ayağıyalın, başdan-ayağa qaraya bürünmüş ortaboylu çalsaç adamı sezdi...
Zil qara qaşları meyit sifətini andıran solğun bənizində xüsusilə gözə çarpan dilənçi onu başının sezilməz dostyana hərəkəti ilə salamlayıb səssiz addımlarla üzbəüzdəki skamyaya yaxınlaşdı və əyləşdi.
Kovrin həmin dəqiqə bu dilənçinin qara rahib olduğunu anladı…
Bir müddət hər iksi dinməz-söyləməz bir-birlərinə baxdılar... Kovrin heyrət içində, rahib nəvazişlə və bir qədər də, həmin mənalı təbəssümlə.
– Axı sən ilğımsan?! – Kovrin nəhayət dilə gəldi. – Nədən buradasan? Bir yerdə necə dayana, dura bilirsən? Axı bu, əfsanə ilə uyuşmur?!
Rahib həmin dəqiqə cavab vermədi, üzünə baxa-baxa sakit səslə:
– Nə fərqi var? – dedi. - Əfsanə, ilğım, mən... Bütün bunlar sənin oyanmış təxəyyülünün məhsuludur. Mən kabusam.
– Kovrin heyrət içində:
– Deməli... əslində sən mövcud deyilsən?
– Necə istəyirsən, elə də düşün, – rahib deyib, yorğun təbəssümlə gülümsündü. – Mən sənin təxəyyülündə mövcudam. Sənin təxəyyülün təbiətin bir hissəsidir və belə olan halda mən təbiətdə də mövcudam.
– Sənin çox qədim, ağıllı və olduqca ifadəli üzün var... Sanki sən, həqiqətən, min ildən çox yaşamısan, – Kovrin dedi. – Bilməzdim, mənim təxəyyülümün belə fenomenlər yaratmaq qabiliyyəti var. Amma… nədən mənə belə heyranlıqla baxırsan? Mən sənin xoşuna gəlirəm?
– Hə. Sən tamamilə haqlı olaraq “Allah tərəfindən seçilmiş” adlandırılan həmin o az qisim insanlardansan ki, əbədi olan ali həqiqətə xidmət edirsən. Sənin fikirlərin, niyyətin, heyrətamiz biliyin, bütün həyatın həmin o müdrik və ecazkar, əbədi və dəyişməz olana xidmət edir… və bu səbəbdən səmavi möhürün daşıyıcıları hesab edilir.
– Sən “əbədi olan həqiqət” dedin... Amma əbədi həyat yoxdursa və insanlar onun, yəni həmin o əbədi həqiqətin nə olduğunu anlamaq iqtidarındadırlarmı və bu, ümumiyyətlə onlara lazımdırmı?
– Əbədi həyat var. – Rahib astadan dedi.
– Yəni sən... insanların ölümsüz olduğuna inanırsan?
– Hə, əlbəttə. Siz-insanları çox böyük və parlaq gələcək gözləyir və sənin kimilər Yer üzündə nə qədər çox olarsa, həmin o gələcək bir o qədər tez gələcək. Sizsiz, yəni ali başlanğıca xidmət edən şüurlu və azad insanlarsız bəşəriyyət hədsiz miskin olardı və Yer üzü bu təbii artım üsulu ilə inkşaf hekayətinin sonunu çox gözləməli olardı. Axı siz onu, yəni bəşəriyyəti əbədi həqiqətlər səltənətinə vaxtından bir neçə min il əvvəl yetişdirirsiz?! Sizin ali xidmətiniz budur. Siz, insanların içində öləziyib sönmüş ilahi xeyir-duanın ali təcəssümüsüz.
– Bəs... əbədi həyat? Onun məqsədi nədir? – Kovrin soruşdu.
– Digər həyat növlərində olduğu kimi… həzz! Həqiqi ali həzz dərkdədir, əbədi həyat dərkə saysız-hesabsız tükənməz imkanlar açandır və “Ata Evinin məkanlarında mahiyyətlər çoxdur” deyiminin mənası budur.
– Bilsəydin, səni dinləmək necə xoşdur! – Kovrin əllərini ləzzətlə bir-birinə sürtə-sürtə dedi.
– Şadam, - rahib dedi.
– Amma bilirəm ki, sən gedəndən sonra mahiyyətinlə bağlı müəmmalar mənə rahatlıq verməyəcək. Axı sən kabussan, hallüsinasiyasan?! Və belə çıxır ki, mən psixi xəstəyəm, anormalam…
– Tutaq ki, elədi. Bunda utanıb-çəkinməli nə var ki? Sən xəstəsən, çünki həddindən çox işləmisən, özünü yormusan, bu isə o deməkdi ki, öz sağlamlığını ali ideya uğrunda qurban vermisən və həyatını qurban verəcəyin gün də uzaqda deyil. Bundan yaxşı nə ola bilər? Bütün nəcib insanların, ilahi vergili böyük istedad sahiblərinin can atdığı da budu.
– Yaxşı, əgər mən psixi xəstə olduğumu bilirəmsə, belə olan halda özümə inana bilərəmmi?
– Sən haradan bilirsən ki, bütün dünyanın pərəstiş edib inandığı dahi insanlar kabus görməyiblər? İndi alimlər də deyir ki, dahilik və dəlilik yaxın məfhumlardı. Dostum, yalnız sürü təfəkkürlü kütlə sağlam və normaldır. Zamanın gərginliyi, aşırı yorğunluq, miskinləşmiş cəmiyyət və sair bu kimi mətləblərlə bağlı mülahizələr, yalnız həyatlarının məqsədini bu gündə görən sürü təfəkkürlü insanları ciddi şəkildə həyəcanlandıra bilər.
Kovrin rahibin bu sözündən ürəklənib həyəcanla:
– Romalılar deyən kimi “Mens sana in soqroqe sano!”
– Romalıların, yaxud yunanların dediyi hər söz həqiqət deyil. Yüksək ovqat, ilahi ehtiraslar, ruhi oyanışlar, ekstaz... Peyğəmbərləri, şairləri, ideya yolunun əzabkeşlərini adi adamlardan fərqləndirən bu hallar insanın heyvani tərəfinə, yəni cisminə yaddır və onda ikrah doğurur. Təkrar edirəm, sağlam və normal olmaq istəyirsənsə, get, sürüyə qatıl.
– Qəribədi... sən tez-tez mənim də ağlıma gələnləri təkrar edirsən, – Kovrin dedi. – Elə bil mənim ən gizli, ən mübhəm fikirlərimi xəlvətcə sezmisən, ya dinləmisən. Amma gəl məndən danışmayaq. Bax, sən “əbədi həqiqət” deyəndə nəyi nəzərdə tutursan?
Rahib cavab vermədi. Kovrin ona baxdı və üzünü görə bilmədi...
Rahibin üz cizgiləri dumanlanıb əriməkdə idi... tədricən başı və əlləri şəffaflaşıb itməyə başladı... sonra bədəni, oturduğu skamya ilə birlikdə axşamın toranına qarışdı... və o tamamilə yoxa çıxdı.
– Hallüsinasiya bitdi! – Kovrin öz-özünə deyib güldü. – Amma heyif…
Bir qədər keçmiş, o şad-xürrəm, xoşbəxt halda geriyə - qara rahibin söylədiyi qısa mətnin qəlbini qürur hissi ilə doldurmaqla yanaşı, bütün vücudunu oxşayıb canına yağ kimi yayıldığını duya-duya evə yollandı. Seçilmiş olmaq, ali əbədi həqiqətə xidmət etmək, bəşəriyyətin Allah səltənətinə layiq səviyyəyə çatdırılması uğrunda canından keçənlərlə, İnsanlığı min illərin mübarizələrindən, günah və əzablarından qurtaranlarla, ideya uğrunda hər bir şeyini, cavanlığını, qüvvəsini, sağlamlığını qurban verib Yer üzünün ümumi rifahı naminə ölməyə hazır olanlarla bir cərgədə dayanmaq necə də yüksək, ali və xoşbəxt bir qismətdi!
Bir anlıq gözləri önündən təmiz, saf, alın təri və zəhmət dolu keçmiş həyatı keçdi... Nələri öyrənib, insanlara nələri öyrətdiyini xatırladı və bu qərara gəldi ki, rahibin sözlərində şişirtmə yoxdur.
Tanya parkın içi ilə ona sarı gəlirdi. İndi o ayrı paltarda idi.
– Siz burdasız? Biz də bayaqdan sizi axtarırıq, axtarırıq... – dedi, sonra təəccüblə Kovrinin heyrətdən işıqlanmış üzünə, göz yaşları dolu gözlərinə baxdı. – Amma... sizə nə olub belə? Necə də qəribə görünürsünüz, Andryuşa.
Kovrin əlini qızın çiyninə qoyub:
– Mən... hədsiz məmnunam, Tanya, – dedi, – və nəyinki məmnunam, xoşbəxtəm! Tanya, əziz Tanya, siz necə də yaraşıqlı, inanılmaz dərəcədə gözəl varlıqsınız. Mən o qədər şadam, o qədər şadam, Tanya! – Və qızın əllərini ovuclarına alıb öpə-öpə sözünə davam elədi. – Bax indicə, bu dəqiqələrdə mən ağılasığmaz dərəcədə işıqlı, möcüzəvi, hətta səmavi anlar yaşadım… Lakin bütün olanları sizə danışa bilmərəm, çünki məni dəli adlandıracaqsınız, yaxud inanmayacaqsınız. Yaxşısı budur, sizdən danışaq. Əziz və yaraşıqlı Tanya! Mən sizi sevirəm və bu hissə artıq alışmışam. Sizi yaxınlığımda hiss etmək, gün ərzində dəfələrlə görüşmək, artıq mənim qəlbimin ehtiyacına çevrilib. Heç bilmirəm, evə qayıdanda sizsiz necə keçinəcəyəm?!
– Yaxşı, siz Allah! – Tanya deyib güldü. – Siz bizi ikicə gündən sonra unudacaqsız. Biz balaca adamlarıq, siz isə böyük adamsız.
– Yox, gəlin ciddi danışaq! – Kovrin dedi. – Mən sizi özümlə aparacağam, Tanya. Nə deyirsiz? Mənimlə gedəcəksiz? Siz mənim olmaq istəyirsiz?
– Yaxşı, siz Allah! – Tanya dedi və yenə gülmək istədisə də, alınmadı... və üzü qırmızı ləkələrlə pörtdü, çevrilib tələsik addımlarla evə yox, parkın dərinliyinə üz tutdu, nəfəsi təngiyə-təngiyə – Mən heç bu barədə düşünməmişəm... Düşünməmişəm yəni! – Qız çaşqınlıqdan əllərini sındıracaqmış kimi, bir-birinə sıxa-sıxa danışır, Kovrin onun arxasınca yeriyirdi.
Qıza həmin heyran baxışlarla baxa-baxa:
– Mən bütün vücudumu sara biləcək sevgi istəyirəm, Tanya! – deyirdi. – Bu sevgini mənə yalnız siz verə bilərsiz. Mən xoşbəxtəm! Xoşbəxtəm!
Tanya çaşqınlıq içində idi... Sarsıntıdan bükülüb büzüşmüş, sanki birdən-birə on il qocalmışdı… Kovri heyrətini səngidə bilmir, qızın gözəlliyini ucadan, şövqlə vəsf etməyə davam edirdi...
– İlahi! O necə də gözəldi!
VI
Tatyana ilə artıq, nəinki eşq macərasının yaşandığını, hətta tezliklə toy olacağını Kovrindən öyrənən Yeqor Semyonıç həyəcanını gizləməkdən ötrü bir müddət boğazı pörtüb köpüşmüş halda, əlləri əsə-əsə otaq boyu var-gəl edəndən sonra faytonu qoşmağı əmr etdi və evdən tələsik çıxıb harasa getdi.
Furajkasını qulaqlarının üstünə basıb, atı qamçılayan atasını pəncərədən seyr edən Tanya onun əhvalını anlayıb sakitcə otağına çəkildi, qapısını arxadan açarlayıb bütün günü ağladı.
Şüşəli qış bağında artıq şaftalı və gavalı ağacları bar vermişdi. Bu sayaq tez xarab olan incə məhsulu qablaşdırıb Moskvaya yollamaq böyük zəhmət, diqqət və qayğı tələb edirdi. Yay hədsiz isti və quraq keçdiyindən hər ağacı ayrıca sulamaq lazım gəlirdi ki, buna da həm çoxlu vaxt, həm də əlavə işçi qüvvəsi tələb olunurdu. Üstəlik, bağda çoxlu tırtıl əmələ gəlmişdi ki, onları Yeqor Semyonıçla Tanya daxil olmaqla, evin bütün işçiləri və Kovrin, ürəkləri bulana-bulana barmaqları ilə basıb əzirdilər.
Bütün bunlarla yanaşı, payızqabağı ağac və meyvə sifarişləri qəbul etmək, bir xeyli yazışmalar aparmaq lazım gəlirdi. İşin bu qızğın çağında, baş qaşımağa belə, vaxt tapılmadığı gərgin günlərdə tarlada mövsüm işlərinə də başlanmışdı və fəhlələrin yarıdan çoxu bağı buraxıb ora getmişdilər.
Qızmar Günəşin altında səhərdən axşama qədər işləməkdən yanıb-qaralmış və əldən düşmüş Yeqor Semyonıç atını gərgin tələskənliklə gah tarlaya, gah bağa sürür, hərənin onu bir tərəfə çəkdiyi bu “dəlixanada” işlər belə getməyə davam edərsə, “gülləni başına çaxıb özünü öldürəci” kimi əsəbi bəyanatlar çığırırdı.
Bütün bunlar azmış kimi, bu yandan da, Pesotskilərin heç də az əhəmiyyət vermədiyi cehiz qayğıları meydana çıxmışdı. Bir-birinə qarışan qayçı cingiltiləri, tikiş maşınlarının tıqqıltısı, qaynar ütülərin buxarı, əsəbi və dəymə-düşər dərzi xanımın şıltaqlıqları hamını zinhara gətirməkdə idi... Tərslikdən də, demək olar ki, hər gün qonaqlar gəlir, onları əyləndirmək, yedirib-içirmək, bəzilərinə hətta gecələmək üçün yer salmaq lazım gəlirdi...
Lakin çox keçmədi ki, bütün bu zillət dolu iztirablı günlər narın duman kimi, ötüb keçdi.
Tanya hələ lap on dörd yaşından Kovrinin, məhz onunla evlənəcəyinə əmin olsa da, nədənsə, özünü - gözlənilmədən düşdüyü sevgi dolu səadətin ağuşunda hiss edirdi... O, nə baş verdiyini anlaya bilmədən, heyrət və çaşqınlıq içində vurnuxur, özünə belə, inanmağı gəlmirdi... İçi gah sevinc hissi ilə dolub-daşır, ürəyindən, qanad açıb buludlaracan uçmaq, orada Allaha dua etmək keçir, gah bu bürkülü avqust ayında doğma yuvasını tərk edib atasından ayrı düşəcəyindən üzülür, gah da beynindən ötüşən ani fikirlərlə özünü, Kovrin kimi böyük adama layiq olmayan hədsiz balaca və miskin birisi hesab edir, otağına keçib qapısını kilidləyir və orada acı hönkürtülərlə saatlarla ağlayırdı. Evdə qonaqlar olanda isə Kovrin gözünə hədsiz yaraşıqlı görünür, beynindən, bütün qadınların bu gözəl kişiyə vurulduğu və ona həsəd apardığı kimi fikirlər keçir, qəlbi dünyanı fəth etmiş kimi, hüdudsuz sevinc və qürur hisslərindənə aşıb-daşırdı. Lakin Kovrinin xanımlardan birinin üzünə gülümsəməyi kifayət edirdi ki, qısqanclıqdan əl-ayağı titrəsin, qonaqlardan ayrılıb otağına qaçsın, orada özünə qapanıb göz yaşı axıtsın...
Bu yeni duyğular Tanyanın elə sarmışdı ki, hətta təsərrüfat işlərində atasına kömək eləyəndə belə o, qeyri-ixtiyari, mexaniki hərəkətlər edir, nə şaftalıları, nə tırtılları, nə işçiləri, nə də sürətlə ötüb-keçən vaxtı sezmirdi...
Yeqor Semyonıç da, təxinən eyni vəziyyətdə idi. O, səhərdən axşamacan işləyir, hey harasa tələsir, hirslənib özündən çıxır, kiməsə acıqlanır və bütün bunlar ona, sanki sehrli yuxuda baş verirmiş kimi gəlirdi. İndi elə bil onun içində iki adam vardı. Biri – bağın bağbanı İvan Karlıçın təsərrüfat sahmansızlığı ilə bağlı hesabatlarını dinlədikcə, başını əlləri ilə qapayıb, əsəbiləşib özündən çıxan həqiqi Yeqor Semyonıç, digəri – söhbətin qızğın məqamı qəfildən əlini sərxoş hərəkətlə bağbanın çiyninə qoyub, “Nə deyirsən de, qan ayrı şeydi. Onun anası da möcüzəvi, nəcib, ağıllı bir qadın idi. Mələk simasıtək saf, mehriban, aydın üzünə baxmaq adama zövq verirdi. O, gözəl rəsmlər çəkir, şeirlər yazırdı… Beş əcnəbi dil bilirdi, gözəl oxuyurdu... Yazıq… Allah o dünyasını versin. Vərəmdən öldü… – kimi uzaq xatirələrə dalan saxta Yeqor Semyonıç.
Saxta Yeqor Semyonıç ah çəkir, bir qədər susduqdan sonra sözünə davam edirdi:
– Uşaq vaxtı bizdə qalanda onun da siması eynilə o cür saf, mehriban və aydın idi... Baxışı, davranışı, danışıq tərzi də eynilə anasınınkı kimi zərif və incə idi. Ağlı isə! O, dərrakəsi ilə hər zaman bizi heyrətləndirirdi. Yəni sözüm odu ki, magistr olmaq elə də asan məsələ deyil… Yəni heç asan məsələ deyil! Hələ bir dayan, İvan Karlıç, bax, gör on ildən sonra nələr olacaq! Ona çatan olmayacaq!
Və elə bu məqam həqiqi Yeqor Semyonıçın üzü qəfildən dəhşətli ifadə alır, o, başını tutub dəli kimi “Yaramazlar! Murdarladılar! Dağıtdılar! Axırına çıxdılar! Bağ məhv oldu! Öldü bağ!” deyə bağırmağa başlayırdı...
Kovrin isə ətrafdakı hay-küyə məhəl qoymadan, əvvəlki rejimində səylə işləməyə davam edirdi. Sevgi, sanki içindəki qığılcımı üfürüb alovlandırmışdı. Tanya ilə hər görüşdən sonra otağına - ayrılarkən qızı öpüb sevgisini bildirərkən yaşadığı ehtiras dolu şövqlə qayıdır və yarımçıq qoyduğu mütaliəsinə, yaxud əlyazma üzərində işinə davam edə-edə qara rahibin “Allah tərəfindən seçilmişlər”, “əbədi həqiqət”, “bəşəriyyətin parlaq gələcəyi” və sair haqqında dediklərinin, işinə nə isə xüsusi, qeyri-adi məna və əhəmiyyət qatdığını, qəlbinin qürur və ali ucalıq əzəməti ilə dolduğunu duyurdu.
Həftədə bir-iki dəfə parkda, yaxud evdə qara rahiblə görüşür, uzun-uzadı söhbətlər edir, görüşlərdən heç bir qorxu hissi duymur, tam əksinə - bu sirli təşriflərin, yalnız öz həyatlarını ali ideya uğrunda xidmətə qurban vermiş müstəsna insanlara, yəni seçilmişlərə nəsib olduğunu dərk etdikcə, daha da cürətlənirdi.
Günlərin bir günü rahib nahar vaxtı, qonaq otağında peyda oldu… Nahar masasından kənarda, pəncərələrdən birinin önündə əyləşdi.
Kovrin onu görcək sevinib, Yeqor Semyonıç və Tanya ilə söhbəti dərhal rahibə maraqlı ola biləcək mövzuya yönəltdi.
Qara qonaq dinməz-söyləməz onların söhbətini dinləyir, arada bir başını razılıq işarəsi ilə yüngülcə tərpədir, Yeqor Semyonıçla Tanya Kovrini maraqla dinləyir, onun onlarla yox, öz halüsinasiyası ilə danışdığını ağıllarına belə gətirmədən şən-şən gülümsəyirdilər...
Tezliklə müqəddəs Məryəm Ananın Anma bayramı, onun ardınca, Yeqor Semyonıçın israrlı təkidi ilə iki gün-iki gecə keçirilən “möhtəşəm gurultu” və mənasız hay-küy dolu toy günü gəlib çatdı...
Üç min rublluq ərzaq və içki bir anın içində yeyilib-içilsə də, muzdlu çalğıçıların bərbad ifaları, pafos dolu süni tostlar, lakeylərin qaç-qovu və tünlük üzündən, nə bahalı şərabların, nə də Moskvadan gətirilmiş heyrətamiz qəlyanaltıların dadını duyan olmadı.
VII
Necəsə bir dəfə, uzun qış gecələrinin birində Kovrin yatağında uzanıb fransız romanı oxuyurdu. Şəhər həyatına hələ də alışa bilməyən və vaxtaşırı, xüsusən axşamlar başağrısı tutduğundan tez yatan Tanya ara-sıra rabitəsiz ifadələrlə sayıqlamaları Kovrinin fikrini yayındırmırdı.
Saat üçün tamamı ötənə Kovrin dolabının üstündəki şamı söndürüb yerinə uzandı, gözlərini yumub bir müddət yuxulamağa çalışdısa da, yataq otağının hədsiz isti havasından və Tanyanın sayıqlamalarından yata bilmədi. Saat beşin yarısında o, yenidən şamı yandırdı və çarpayısının yanında, kresloda əyləşmiş qara rahibi gördü.
– Salam, – rahib dedi və cavab gözləmədən – indi nə barədə düşünürsən? – soruşdu.
– Şöhrət barədə... – Kovrin dedi. – İndicə oxuduğum fransız romanında şöhrət qazanmaqdan ötrü hər cür axmaqlıqlar edən, sonra da kədərdən üzülən bir adam, cavan alim təsvir olunur. Onun kədərinin mənası mənə çatmır.
– Çatmır, o səbəbdən ki, sən ağıllısan. Şöhrətə, maraqsız oyuncağa yanaşantək yanaşırsan.
– Hə, düzdü...
– Şöhrət sənin kefini açmır. Təbii... Sənin adını qəbir daşının üstündə oyacaqlar, sonra zaman onu, qızıl suyu ilə yazılmış hərfləri ilə birgə silib yoxa çıxaracaq... Bunda ürəkaçan, maraqlı, ya ibrətamiz nə var axı? Bir də, xoşbəxtlikdən, o qədər də çoxsunuz ki, bu qədər adı yadda saxlamaq zəif insan yaddaşının xörəyi deyil.
– Aydındı, – Kovrin razılaşdı. – Bir də, onları yadda saxlamağın mənası nədi axı? Nə isə, gəl ayrı məsələlərdən danışaq. Məsələn, xoşbəxtlikdən. Səncə, xoşbəxtlik nə deməkdi?
Saat beşin tamamında o, çarpayısında oturub, ayaqlarını döşəmənin üstündəki xalçasına sallaya-sallaya rahiblə danışırdı…
– Qədim zamanlarda xoşbəxt bir adam günlərin bir günü öz xoşbəxtliyindən, onun hədsiz böyüklüyündən qorxub, tanrıların ürəyini ələ almaqdan ötrü öz sevimli üzüyünü onların uğrunda sədəqə veribmiş, bilirsən? Son zamanlar məni də, həmin o Polikrat kimi, xoşbəxtliyim narahat etməyə başlayıb. Qəribədi ki, mən səhərdən- axşamacan, yalnız sevinc hissi duyuram... bu hiss bütün vücudumu, varlığımı elə sarıb, elə bil ayrı hisslərim yoxa çıxıb. Mən qəmin, darıxmağın nə olduğunu bilmirəm, demək olar ki, yatmıram... Bax, neçə vaxtdan bəri yuxusuzam… amma darıxmıram. Ciddi deyirəm, son günlər bu halım məni narahat etməyə başlayır.
– Axı niyə? – Rahib təəccübləndi. – Məgər sevinc fövqəltəbii hissdirmi? Məgər sevinc insanın təbii halı ola bilməz? İnsan, əqli və mənəvi inkişaf səviyyəsi ilə nə qədər yüksək və azaddırsa, həyat ona bir o qədər zövq verir. Sokrat, Diogen, Mark Avreli daim sevinc duyublar, kədər yox. Bunu həvariyunlar da deyir. “Hər zaman sevinin”- deyirlər. Eləcə sən də… sevin və xoşbəxt ol.
– Bəc birdən tanrılar qəzəblənərsə? – Kovrin zarafatla dedi və güldü. – Qəzəblənib, bütün rahatlığımı əlimdən alarlarsa… Məni soyuqdan donmağa, aclıq çəkməyə məhkum edərlərsə… Onda necə olsun?
...Bu arada Tanya yuxudan oyanmışdı, heyrət və dəhşətdən böyümüş gözlərlə ərinə baxırdı…
Əri üzünü kresloya tutub, əl-qol ata-ata danışır, gülür, gözləri parıldayırdı... Onun gülüşündə də qəribə nə isə vardı...
– Andryuşa, sən kiminlə danışırsan? – Tanya ərinin rahibə sarı uzanan əlindən tutdu. – Andryuşa! Kiminlə?
– Nə? Kiminlə? – Kovrin pərt təbəssümlə dedi və əli ilə qara rahibi göstərdi. – Onunla... Budur bax, oturub.
Tanya sarsılmış halda:
– Burada heç kim yoxdu... Heç kim! Andryuşa, sən xəstələnmisən! - deyib ərini qucaqladı, onu nədənsə qoruyurmuş kimi, böyrünə qısılıb əli ilə gözlərini qapadı və – Sən xəstəsən... – deyə, bədəni titrəyə-titrəyə hönkürməyə başladı. – Məni bağışla, əzizim, amma mən… artıq çoxdan hiss edirəm… Sənin ruhun nədənsə narahatdı... Sən... psixi xəstəsən, Andryuşa...
Tanyanın həyəcan dolu təlaşı, necəsə Kovrinə də keçdi... O bir də, bu dəfə artıq boş kresloya baxdı və qollarının, ayaqlarının birdən-birə sustaldığını hiss edib qorxu içində ayağa sıçradı, titrək səslə dodağının altında:
– Boş şeydi, Tanya... elə bir şey deyil... – mızıldana-mızıldana geyinməyə başladı. – Mən bir az nasazam... Bunu etiraf etməyin vaxtı çatıb...
Tanya hönkürtülərini zorla saxlaya-saxlaya;
– Mən çoxdandı hiss edirəm... Bunu atam da duyub... – dedi. – Sən özün-özünlə danışırsan, bir cür qəribə təbəssümlə gülümsəyirsən... yatmırsan... – qəfildən çılğın fəryadla – İlahi?! Ay Allah! Bizə rəhmin gəlsin! – deyib dəhşət dolu gözlərlə ərinə baxdı. – Amma sən qorxma, Andryuşa, qorxma! Allah xatirinə qorxma... deyib dağınıq hərəkətlərlə geyinməyə başladı… və Kovrin yalnız indi - Tanyaya baxdıqca, vəziyyətin ciddiliyini anlamağa başladı... Qara rahiblə söhbətlərinin, əslində nə olduğunu başa düşdü. Artıq özünə də aydın oldu ki, o - dəlidir.
Çox keçmədən, hər ikisi geyinmiş halda otaqdan çıxdılar.
Tanya irəlidə, o, onun arxasınca zala keçdilər. Həmin axşam onlarda gecələyən və Tanyanın hönkürtüsünə yuxudan oyanan Yeqor Semyonıç əynində xalat, əlində şam, zalın ortasında dayanmışdı…
– Sən qorxma, Andryuşa, qorxma... – Tanya üşüdürmüş kimi, titrəyə-titrəyə danışırdı. – Ata, hər şey keçib-gedəcək... Keçib gedəcək...
Həyəcandan nitqi qurumuş Kovrin qayınatasını görüncə, yarızarafatla “Təbrik edə bilərsiz, deyəsən, mən dəli olmuşam”, demək istədisə də, yalnız dodaqlarını tərpədə və acı təbəssümlə gülümsünə bildi.
Səhər, saat doqquzda onun əyninə palto, üstündən kürk geyindirib, qalın şala bürüdülər və faytonda həkimə apardılar.
O, müalicə olunmağa başladı.
VIII
Yenə yay gəldi və həkim ona kəndə getməyi məsləhət gördü.
Kovrin artıq sağalmışdı, daha qara rahibi də görmürdü, indi, sadəcə ona fiziki gücünü toplamaq lazım idi.
Kənddə qayınatasıgildə qalarkən o bol süd içir, gün ərzində, yalnız ikicə saat işləyir, dilinə şərab vurmur, tütün çəkmirdi.
Müqəddəs İlya Günü ərəfəsi bir axşam evdə gecə ayini keçirilirdi. Dyaçok buxurdanı keşişə ötürəndə qədim, nəhəng zalı məzarlıq qoxusu bürüdü və Kovrinin ürəyi sıxıldı. O, bağa çıxıb, güllərin gözəlliyinə məhəl qoymadan bir qədər gəzişdi, sonra skamyada oturdu və parka yollandı.
Çayın kənarına çatıb aşağı endi, bir müddət orada suya baxa-baxa fikirli halda dayanıb durdu. Ötən il onu burada, həmin bu sahildə gənc, şən və gümrah görən qaraqabaq şam ağacları daha pıçıldaşmırdılar... Elə hərəkətsiz, lal-dinməz dayanmışdılar, elə bil onu tanımırdılar. İndi doğrudan da onu tanımaq çətin idi. Başı qırxılmış, uzun, gözəl saçlarından əsər-əlamət qalmamışdı… yerişi ağırlaşmış, üzü ötən yayla müqayisədə xeyli kökəlmiş və saralmışdı.
Kovrin bunları düşünə-düşünə asma körpü ilə çayın o biri sahilinə keçdi. Ötən il çovdar zəmisinin yırğalandığı acıq sahədə indi yenicə biçilmiş yulaf dərzləri gözə dəyirdi. Günəş artıq batmışdı və üfüq sabahkı havanın küləkli olacağından xəbər verən al qırmızı şəfəqlərlə şölələnməkdə idi.
Ətraf sakitlik idi... və Kovrin ötən il qara rahibin ilk dəfə göründüyü səmtə baxa-baxa, axşam şəfəqləri sönməyə başlayanacan, təxminən iyirmi dəqiqə dayanıb durdu... Bir qədərdən sonra yorğun və pərişan halda evə döndü.
Ayin artıq başa çatmışdı. Yeqor Semyonıçla Tanya artırmanın pillələri üstdə yanaşı oturub çay içiə-içə nə haqdasa danışırdılarsa da, Kovrini görəndə susdular və o, hər ikisinin baxışlarından, söhbətin ondan getdiyini anladı.
– Deyəsən, sənin süd içmək vaxtındır, – Tanya dedi.
– Xeyr, vaxtı deyil... – Kovrin artırmanın ən aşağı pilləsinə əyləşə-əyləşə dedi. – Özün iç. Mən istəmirəm.
Tanya təşviş içində atasına baxıb günahkar səslə:
– Axı sən özün də hiss edirsən, südün sənə nə qədər xeyiri var.
– Hə, yaman çox xeyri var! – Kovrin əsəbi rişxəndlə güldü. – Sizi təbrik edirəm, cümə günündən bu yana çəkim bir funt da artıb! – Qəfildən hər iki əli ilə başını tutub acı qəhərlə – Axı niyə, niyə siz məni müalicə etdiz? Bromlu preparatlar, isti vannalar, istirahətlər, hər qurtumuna, hər addımına miskin qorxu dolu nəzarət... Bütün bunlar mənim axırıma çıxacaq. Mən dəli olurdum, dahilik iddialarım vardı, amma kefim kök idi, özümü gümrah, hətta xoşbəxt hiss edirdim?! Özüm-özümə maraqlı, fərqli, hətta bənzərsiz dərəcədə məxsusi gəlirdim?! İndi dərrakəli və təmkinliyəm... Hamı kimi. Yəni hamıdan biriyəm. Mən... sıravi ortabab bir adama çevrilmişəm... və artıq yaşamaq mənə darıxdırıcı gəlir... Siz məni nə günə qoyduz? Mən hallüsinasiyalar görürdüm, amma bu, kimə mane olurdu ki? Sizdən soruşuram! Kimə mane olurdu?
Yeqor Semyonıç duruxub:
– Nə dediyini heç özün də bilmirsən, – dedi və içini çəkdi. – Adam eşitmək belə istəmir.
– Eşitməyin də!
…Son vaxtlar ətrafdakı insanlar, xüsusən Yeqor Semyonıç Kovrini qıcıqlandırırdı. O, qayınatasının suallarını soyuq, quru, bəzən hətta kobud ifadələrlə cavablandırır, onu kinayə və nifrət dolu acıqlı baxışlarla süzürdü.
Yeqor Semyonıç kürəkəninin bu münasibətindən pərt olub özünü itirir, özündə hər hansı bir günah görməsə də, vəziyyəti yumşaltmaq məqsədi ilə günahkar öskürtülərlə öskürməyə başlayırdı.
Onların mehriban, səmimi münasibətlərinin birdən-birə nədən korlanmasının səbəbini anlamayan Tanya atasına qısılıb, təşviş dolu gözlərlə üzünə baxır, nə baş verdiyini anlamağa çalışsa da, heç nə anlaya bilmirdi. Aydın olan bir bu idi ki, atası ilə əri arasında münasibətlər gündən-günə korlanır, atası sürətlə qocalır, əri ətiacı, əsəbi, deyingən və maraqsız bir adama çevrilir...
Tanya artıq nə gülə, nə mahnı oxuya bilir, nahar vaxtı əlini yeməklər uzatmır, gecələr yatmır, özünü anbaan dəhşətli nəyinsə baş verəcəyinin nigaranlığından o qədər üzüb əldən salırdı ki, bir dəfə huşunu itirib yataq otağının döşəməsində qalmış və axşamacan özünə gələ bilməmişdi.
Tanya evdə keçirilən ayinlərdən biri zamanı atasının ağlamağını xatırladısa da, üçlükdə artırmada oturarkən haradansa yadına düşən bu mənzərəni beynindən qovmağa, o barədə düşünməməyə çalışırdı…
– Budda və Məhəmməd, yaxud Şekspir nə qədər xoşbəxtdirlər ki, xeyirxah qohumları və həkimlər onları ilham və ekstazdan müalicə etməyiblər! – Kovrin dedi. – Əgər Məhəmməd də əsəb sakitləşdirici bromlu kalium qəbul edib, sutkada cəmi iki saat işləsə və bol-bol süd içsəydi, o gözəl insandan nə qalardı, bilmirəm… Xeyirxah qohumlar və həkimlər məsələni o yerə gətirib çıxaracaq ki, bəşəriyyət küt qoyun sürüsünə çevriləcək! Sıravilik dahilik hesab ediləcək! Və sivilizasiya da beləcə məhv olub gedəcək... Bilsəydiniz, sizə necə minnətdaram! – Kovrin acı rişxəndlə dedi, sinirlərinin aşırı gərginliyini duyub artıq-əskik danışmasın deyə ayağa qalxdı və içəri keçdi.
Evdə sakitlik idi... Açıq pəncərələrdən içəri tütün və yalapa qoxusu dolurdu. Ay işığı yaşıılımtıl çalarla nəhəng, qaranlıq zalın döşəməsinə, royalın üstünə yayılmışdı...
Kovrin yalapanın eyni ilə bu cür qoxuduğu, Ay işığının evin və pəncərələrindən eyni ilə bu cür süzüldüyü, heyrət və ilham dolu ötən ili xatırladı...
Ötən ilin həmin o ab-havasını geriyə qaytarmaqdan ötrü özünü cəld kabinetinə atıb, tünd siqar yandırdı və lakeyə şərab gətirməyi buyurdu.
Amma siqar ağzında xoşagəlməz acılıq yaratdı, şərab da, artıq ötən ilki dadı vermədi. Bir qurtum siqardan, iki qurtum şərabdan başının hərləndiyini, ürəyinin sürətlə döyünməyə başladığını hiss edib “Yadırğamaq” deyilən şey budur, demək” düşündü və otağına qayıdıb bromlu kalium qəbul etməli oldu.
Axşam yatmazdan əvvəl Tanya:
– Atam səni hədsiz çox sevir, bilirsən. Amma sən, nədənsə ona əsəbiləşirsən… bu isə onu məhv edir. Gör bir, necə qocalıb?! Elə bil o, günbəgün yox, saatbasaat qocalır… Yalvarıram sənə, Andryuşa, Allah xatirinə, mərhum atanın xatirinə, mənim dincliyim və rahatlığım xatirinə onunla nəvazişlə davran.
– Alınmır və istəmirəm. – Kovrin quru və qəti səslə dedi.
– Axı niyə? – Tanya bütün vücudu ilə titrəməyə başladı. – İzah et, niyə?
– Çünki ondan xoşum gəlmir, vəssalam. – Kovrin saymazyana deyib, çiyinlərini çəkdi. – Və gəl, onun haqqında danışmayaq. Axı o, sənin atandır?!
– Başa düşə bilmirəm… heç nə anlamıram… – Tanya gicgahını sıxıb, gözlərini məchul nöqtəyə zillədi. – Bu evdə nə isə izaholunmaz, dəhşətli bir şey baş verir. Sən çox dəyişmisən, özünə oxşamırsan. Sən ağıllı, qeyri-adi insansan, amma mənasız, boş şeylərdən qıcıqlanıb özündən çıxırsan, hər işə qarışırsan. Elə əhəmiyyətsiz xırdalıqlara baş qoşursan ki, adam, sadəcə, məəttəl qalır… İnana bilmir ki, bu, sənsən… Yaxşı, yaxşı, əsəbiləşmə, – Tanya özü-öz dediklərindən qorxub ərinin əllərini öpməyə başladı və öpə-öpə sözünə davam elədi. – Sən ağıllı, mehriban, nəcib insansan və atama qarşı ədalətli olacaqsan. Axı o, o qədər xeyirxahdır?!
– Xeyirxah deyil, sadəcə, ürəyi yumşaqdır. Sənin atan kimi tox sifətli, hədsiz səxavətli, duz-çörəkli və bir qədər də qəribəlikləri olan əmilər, yəni bədii əsərlərdə oxuduğum, elə həyatda da rast gəldiyim gülməli vodevil qəhrəmanları bir vaxtlar xoşuma gəlirdi, məni əyləndirirdi. Amma indi onlar məndə yalnız ikrah doğurur. Bu, təpədən-dırnağacan özünəvurğunluqdan yoğrulmuş miskin xudbinlərdir. Onlara qarşı məndə ən qatı ikrah hissini doğuran isə, bu adamların harın toxluğu və sırf qabana, yaxud donuza məxsus sarsılmaz mədə optimizmidir.
Tanya yatağına çöküb, başını balışın üstünə qoya-qoya:
– Bu, işgəncədir, – dedi.
Səsindən hədsiz yorulduğu, danışmağa belə çətinlik çəkdiyi hiss olunurdu.
– Qış girəndən bura bircə dəqiqə belə, rahatlığımız olmadı… -dedi. - Bu, dəhşətdir, İlahi! Mən əzab çəkirəm…
– Hə, əlbəttə! Axı mən İrodam, sən və sənin sevimli atan isə məzlum Misir çağalarısınız, əlbəttə!
Qəfildən ərinin üzü Tanyaya eybəcər göründü… Nifrət və rişxənd dolu kinayə insanın üzünü necə dəyişə bilərmiş? O ərinin sifətində nəyinsə çatışmadığını, başı qırxılandan sonra üzünün ifadəsinin dəyişdiyini hələ bir müddət əvvəl də hiss etmişdi. Odur ki, ürəyindən ona acı sözlər demək keçsə də, içinə çökmüş ikrah hissindən çəkinib susdu və ayağa qalxıb yataq otağını tərk etdi.
IX
Kovrinə müstəqil kafedra vermişdilər. İlk mühazirə dekabrın 2-nə təyin olunmuşdu və bu barədə universitetin dəhlizində elan da asılmışdı. Lakin həmin gün o, tələbələr üzrə müvəkkilinə teleqram vurub, xəstələnməsi səbəbindən mühazirəni oxuya bilməyəcəyini bildirdi.
Onun boğazından qan gəlirdi... Neçə vaxtdan bəri idi ki, o, qan tüpürürdü. Olurdu ki, qan ayda iki dəfə və daha dolu axırdı. Onda o, hədsiz zəifləyir, süst düşürdü. Xəstəlik onu o səbəbdən bir o qədər qorxutmurdu ki, mərhum anasının həmin bu xəstəliklə düz on il, bəlkə ondan da bir az artıq yaşadığından xəbəri vardı. Həkimlər də təhlükəli bir şey olmadığını deyir, ona sadəcə, həyəcanlanmamağı, sağlam həyat tərzi keçirməyi və mümkün qədər az danışmağı məsləhət görürdülər.
Yanvar ayına salınan mühazirə də, həmin səbəbdən baş tutmadı, fevralda isə artıq kursa başlamaq gec idi. Odur ki, mühazirələri növbəti ilə keçirməli oldular.
O daha Tanya ilə yox, başqa birisi ilə – onun qeydinə qalan, uşaq kimi qulluğunda duran, özündən iki yaş böyük bir qadınla yaşayırdı. Əhvalı pis deyildi, deyilənlərə əməl edirdi, Varvara Nikolayevnanın (qadının adı belə idi) onu Krıma aparmaq təklifinə də, ürəyinə bu səfərdən yaxşı bir şey çıxmayacağı damsa da, həvəslə razılaşmışdı.
Onlar Sevastopola axşamüstü çatdılar və səhər tezdən Yaltaya yola düşməzdən əvvəl bir qədər dincəlməkdən ötrü mehmanxanaya yerləşdilər.
Yol hər ikisini yormuşdu. Varvara Nikolayevna bir neçə fincan çay içib yatağına girdi və tezliklə yuxuya getdi.
Kovrin isə uzanmadı. Hələ evdə ikən, vağzala getməzdən bir saat əvvəl o, Tanyadan məktub almışdı, amma zərfi açmağa ürək eləməmişdi və indi o məktub yan cibində idi… Onu yadına saldıqca, içindən xoşagəlməz giziltilər keçirdi.
İndi o, Tanyayla evliliyini qəlbinin bütün dərinliyi ilə səhv hesab edir, onunla biryolluq üzülüşdüyündən rahatlıq duyurdu. Vaxtın axarı ilə ağıllı, sayıq gözlərindən savayı, bütün vücudu ilə ölüb canlı meyitə çevrilmiş o qadınla bağlı ən kiçik xatirə belə, Kovrində özünə qarşı acımaq hissindən savayı heç nə oyatmırdı.
Zərfin üzərindəki yazı ona - iki il əvvəl necə ədalətsiz və qəddar olduğunu, ruhi tarazsızlıq hallarının, sıxıntı və tənhalığının, həyatdan narazılığının heyfini günahsız insanlardan necə aldığını xatırlatdı… Bu yazı ona həm də, necə bir dəfə öz dissertasiyasını, xəstəlik dövründə yazdığı məqalə və monoqrafiyalarını tikə-parça edib pəncərədən çölə atdığını, küləyin havaya sovurduğu kağız qırıqlarının necə ağacların budaqlarına, çiçəklərə ilişib qaldığını… onları uzaqdan seyr etdikcə, necə yazdığı hər sətirdə heç nəyə əsaslanmayan cəfəng iddialarını, yüngül, yersiz şövqünü, özündənrazı bədgümanlığını gördüyünü və bütün bunların - öz qüsurlarının mütaliəsi təəssüratını yaratdığını, sonuncu dəftər cırılıb pəncərədən atılandan sonra nədənsə, birdən-birə içinə dolan acı kədəri arvadının otağına keçib, ona bir xeyli ağır sözlərlə ovutmasını xatırlatdı... Ona nə zülmlər edirdi, İlahi?! Yadına düşdü, necə bir dəfə onu incitmək, ürəyini qırmaq məqsədilə, atasının onların evliliyində uğursuz rol oynadığını, yəni ondan qızı ilə evlənməyi xahiş etdiyini deyərkən, söhbətə təsadüfən qulaq müsafiri olmuş Yeqor Semyonıç hövlnak halda otağa daxil olub, əsəbilikdən danışa bilmədiyindən, qəribə böyürtü səsləri çıxara-çıxara yerində vurnuxmağa başlamışdı... Atasını bu halda görən Tanya necə dəhşət içində çığıraraq huşunu itirmişdi… Bir sözlə, faciə...
Bütün bunları o, məktubun üzərindəki tanış xətlə yazılmış yazıya baxa-baxa xatırlayır, ürəyi pis-pis sıxılırdı.
Kovrin eyvana çıxdı. Hava xoş və mülayim idi. Dəniz ətri gəlirdi…
Əsrarəngiz liman Ayın və sahil işıqlarının rənginə boyanmışdı... Bu, elə bir sehrli çalar idi ki, Kovrin ona ad verməyə çətinlik çəkirdi… Göy rənglə yaşılın zərif, həlim qarışığından yaranmış əsrarəngiz çalar...
Suyun üzü bəzi yerlərdə göy kuporos rənginə çalır, bəzi hissələrdə isə, sanki limanı su əvəzinə, Ay işığıyla dolduğu təəssüratını yaradırdı... Bütövlükdə ecazkar rənglər ahəngi, dinc sakitlik, ali hüzur...
Aşağı mərtəbədə, eyvanın altında, deyəsən, pəncərələr açıq idi. Çünki qadınların danışığı və gülüş səsləri aydın eşidilirdi. Olsun ki, məclis vardı.
Kovrin özünü toparlayıb axır ki, məktubu açdı və otağına keçib oxumağa başladı…
“İndicə mənim atam öldü. Buna görə mən sənə “borcluyam”. Onu sən öldürdün. Bağımız da məhv olur, orada tamamilə yad adamlar ağalıq edir. Ayrı sözlə desəm, atamın ən çox qorxduğu baş verir. Mən buna görə də sənə “borcluyam”. Bil ki, sənə bütün qəlbimlə nifrət edirəm və tezliklə ölüm arzulayıram. Mən necə əzab çəkirəm, ürəyim dözülməz ağrılardan yanıb-yaxılır. Səni görüm lənətə gələsən! Mən səni qeyri-adi insan, dahi sanmışdım, sənə aşiq olmuşdum, sən isə demə, miskin bir dəli imişsən...”
Kovrin məktubun ardını oxuya bilmədi, onu cırıb atdı… və içini qorxuya bənzər qəribə bir narahatlıq sardı.
Varvara Nikolayevna arakəsmənin o biri üzündə yatmışdı, aramla aldığı nəfəsi aydın eşidilirdi. Aşağı mərtəbədən də səslər gəlir, qadın gülüşləri eşidilirdi... Amma nədənsə ona elə gəldi ki, mehmanxanada ondan savayı heç kim yoxdu.
Ürəyi dərddən qubarlamış zavallı, bədbəxt Tanyanın məktuba köçürdüyü lənətdən, ona ölüm arzulamasından ürəyi sıxıldı… İki il əvvəl onun və yaxınlarının həyatını alt-üst etmiş həmin o sirli qüvvənin indicə içəri girib, onu yenidən cənginə alacağından qorxmuş halda gözucu qapıya boylandı…
Uzun illərin təcrübəsindən bildiyi “sinirlər yerindən oynadısa, ən yaxşı sakitləşdirici işləməkdir” deyimini yadına salıb fikirləşdi ki, təcili şəkildə yazı masasının arxasına keçməli və diqqətini var qüvvəsi ilə hər hansı mətnin, ya fikrin üzərində cəmləməyə çalışmalıdır.
Bu fikirlə o, qırmızı rəngli portfelindən, Krımda qalarkən darıxmasın deyə, hər ehtimala qarşı götürdüyü çox da böyük olmayan kompilyativ bir işin konspekti tutulmuş dəftəri çıxardı. Masanın arxasına əyləşib konspektlə məşğul olmağa başladı və işlədikcə ona elə gəldi ki, tədricən əvvəlki dinc, rahat və qayğısız halına qayıdır. Lakin çox keçmədi ki, konspekti tutulmuş mətn onu dünyanın faniliyi ilə bağlı fikirlərə aparıb çıxardı… və o, əlini saxlayıb həyatın insana verdiyi ən xırda, kifayət qədər adi nemətlərin əvəzini ondan nə boyda zülüm və əziyyətlərlə çıxdığı barədə düşünməyə başladı... Məsələn, qırx yaşında mühazirə oxumaq, sıravi professor olmaq, ağır nəzəri dildə adi, üstəlik başqa kimlərinsə ona maraqsız və darıxdırıcı fikirlərini şərh etmək, bir sözlə, ortabab alim mövqeyi qazanmaqdan ötrü ona, yəni Kovrinə on beş il oxumaq, gecə-gündüz çalışmaq, ağır psixi xəstəliyə tutulub uğursuz nikahın acılarını yaşamaq və indi yadına salmaq belə istəmədiyi daha nə qədər axmaqlıqlar və haqsızlıqlar etmək lazım gəlmişdi...
Kovrin indi aydın dərk edirdi ki, o - sıradan bir adam, yəni adi ortabablıqdır və bu fikirlə o səbəbdən asanlıqla razılaşırdı ki, qənaətincə, hər bir insan ona verilənlə qane olmalıdır.
Konspekt, getdikcə onu sakitləşdirirdisə də, döşəmədə ağaran məktub qırıntıları fikrini bir yerə toplamağa imkan vermirdi.
Odir ki, masanın arxasından qalxıb, məktub qırıqlarını yerdən yığdı və pəncərəni açıb çölə atdısa da, dəniz sarıdan əsən yüngül meh onları havaya uçmağa qoymadan, pəncərənin məhəccərinə səpdi... və onu yenə qorxuya bənzər anlaşılmaz narahatlıq hissi sardı… Yenə ona elə gəldi ki, mehmanxanada ondan savayı heç kim yoxdu.
Eyvana çıxdı… Liman saysız-hesabsız mavi, firuzəyi və alov rəngli gözləri ilə canlı kimi ona baxır, sanki onu qoynuna çağırırdı…
Hava da isti və bürkülü idi. “Suya baş vurmaq pis olmazdı” Kovrin fikirləşdi.
Bu məqam alt mərtəbədən skripka və onun müşaiəti ilə romans oxumağa başlayan iki məlahətli qadın səsi eşidildi.
Nə isə tanış motiv idi. Aşağı mərtəbədə oxunan romans - gecələr bağda sirli səslər eşidən və bunun adi, ölümlü insanların dərk etmək iqtidarında olmadığı müqəddəs harmoniya olduğunu etiraf edən xəstə təxəyyüllü qızdan bəhs edirdi…
Kovrinin həyəcandan nəfəsi tutuldu, ürəyi əzildi… və sinəsində, nə vaxtsa çoxdan unutduğu qeyri-adi, şirin şövqün titrəyişini hiss etdi…
...Limanın o biri sahilində çovğuna, qasırğaya bənzər qaramtıl, hündür sütun göründü… limanın içindən dəhşətli sürətlə ötüşüb mehmanxanaya sarı irəliləməyə, yaxınlaşdıqca kiçiməyə başladı...
Kovrin ona yol verməkdən ötrü özünü kənara atmağa güclə macal tapdı…
Çalsaçlı, qara qaşlı, başıaçıq, ayağıyalın rahib çarpazlanmış qolları sinəsində, Kovrinin yanından ötüb otağın ortasında dayandı. Nəvaziş dolu gözlərlə Kovrinə baxıb qətiyyətli və sakit səslə:
– Sən niyə mənə inanmadın? – dedi. – Əgər o vaxt “sən dahisən” deyəndə mənə inansaydın, bu son iki ilini bu qədər kədərli və miskin keçirməzdin.
Kovrin artıq Allah tərəfindən seçilmiş dahi olduğuna inanırdı... Odur ki, qara rahiblə söhbətlərini dərhal xatırlayıb danışmaq istədi… lakin boğazından açılıb sinəsinə süzülən qan buna imkan vermədi. O nə edəcəyini bilmədən, əllərini sinəsinə çəkdi və qolçaqlarının da qana bulaşdığını gördü... Var gücünü toplayıb, arakəsmənin o biri üzündə yatan Varvara Nikolayevnanı çağırmaq istədisə də, heysiz səslə:
– Tanya... – deyə çağırıb yerə yıxıldı, sonra əlləri üstə dikəlib yenə – Tanya! – deyə çağırdı.
…O, Tanyanı… – ləçəkləri tər şehli gül-çiçək dolu geniş bağı, tüklü gövdəli şam ağaclarının sıralandığı nəhəng parkı, ucsuz-bucaqsız çovdar zəmisini… möcüzəvi elmini, gəncliyini, cəsarətini, sevincini... gözəl həyatını çağırırdı…
Döşəməyə söykəli qalmış üzünün altında yığılan qan gölməçəsinə baxa-baxa, ağzını açıb nə isə demək istədisə də taqətsizlikdən səsini çıxara bilmir, bütün vücudunu izaholunmaz, hüdudsuz səadət sarırdı...
Aşağıda, eyvanın alt mərtəbəsində serenada çalınır, qara rahib qulağına - onun dahi olduğunu və yalnız zəif olan insanın, cisminin tarazlığını itirib, artıq “dühanın qabığı” işinə yaramadığı səbəbdən öldüyünü pıçıldayırdı...
Varvara Nikolayevna yuxudan oyanıb arakəsmənin arxasından çıxanda Kovrin artıq canını tapşırmışdı... Döşəmənin üstündə, üzündə səadət dolu xoşbəxt təbəssüm, hərəkətsiz qalmışdı.
1884
şpaler – yolun hər iki tərəfində əkilmiş ağac və ya kolların budama yolu ilə şəkilləndirilməsi;
venzel – ad və soyadların baş hərflərinin bir-birinə keçirilərək, naxışlı yazılışı;
krendel – bulka növü;
Mazurka – milli Polşa rəqsi;
audiatur altera pars - başqa tərəfi də dinlə; digər tərəf də eşidilsin;
sapienti sat - başa düşən üçün kifayətdir;
dyaçok - pravoslavlarda ruhani rütbəsi olmayan kilsə xadimi;
buxurdan - pravoslav və katolik ayinlərində buxur yandırılan qab.