Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Hafizə Məmmədovanın "Ömrün son fəsli" hekayəsini təqdim edir.
Gözünü açsa da, yerindən qalxmağa ərindi. Həm də telefonun zəngli saatının çalmasını gözlədi. Ondan da, hələ ki, səs-soraq yox idi. Deməli, vaxta var. Amma vaxtın uzun çəkməsindən şübhələnib yerindən qalxmadan əli ilə həmişə tumbonun üstünə qoyduğu telefonu aradı. Onu tapa bilməyəndə yerindən dikələrək stolüstü lampanı yandırdı. İlk növbədə döşəməyə baxdı. Telefonun orada “dincəldiyini” görəndə zarafatla “onu” qınadı:
– Ay səni, mən sənin zəngini gözləməkdə, sən isə burada… – Amma telefonu əlinə alıb ekrana baxanda özünü qınamaqdan çox, danladı. Saat 07: 45 göstərirdi. Bu, o demək idi ki, işə gecikmə ehtimalı var. Necə olub ki, zəngin səsini eşitməyib? Axı, missiyasına sadiq qalan telefonu, həmişə olduğu kimi bu gün də vəzifəsini yerinə yetirib xəbərdarlıq zəng çalmışdı. Yəqin ki, onun dili olsaydı, sahibindən inciyərdi. Çünki günah özündə idi. Zəng səsinə oyanmamışdı. Daha yubanmaq olmazdı. Əl-üzünü yumaqla kifayətləndi. Heç nahar da etmədi. Əks halda bir az da yubanacaqdı. Geyinib evdən çıxmamışdan qabaq bu dəfə divar saatına nəzər saldı. İş saatının başlanmasına nə az, nə çox, düz qırx iki dəqiqə qalırdı. Marşurutla getsəydi, yüz faiz gecikəcəkdi. Odur ki, evdən çıxar-çıxmaz taksi sifariş verdi. Blokdan çıxanda tünd göy rəngli avtomobil artıq onu gözləyirdi. Yalnız taksiyə oturandan sonra rahat nəfəs aldı. Sürücü maşını işə saldı. O isə gözünü yumdu. Səhər yuxusu şirin olur. Bir az mürgüləmək istədi. Nə qədər keçdi, deyə bilməz, amma birdən ona elə gəldi ki, maşın dayanıb. Tez gözünü acidı və təəccübləndi: “Ona elə gəldi nədir?” Taksi, doğrudan da, yerində “sayırdı” ki. Dilxor olub, bir qədər də əsəbi halda soruşdu:
- Xeyir ola, niyə getmirik?
Sürücü bir-birinin ardınca düzülmüş maşınları göstərərək, halını pozmadan cavab verdi:
- Yol bağlıdır, deyirlər qarşıda qəza olub.
Öz-özünə deyinsə də, gileyini sürücü də eşitdi:
- Belə də iş olar, gecikəndə taksyə minirsən, o da adamı gecikdirir.
Sürücü özünə haqq qazandırdı:
- Ay xanım, məndə nə günah? Qəzanı mən törətməmişəm ki?
- Eh, elə bu saata qalmışdı qəza. Gecikirəm axı...
Sürücü susdu. Belə hadisələrlə çox rastlaşdığından müştəriyə baş qoşmadı. Bir neçə dəqiqədən sonra maşınlar yavaş-yavaş hərəkətə gəldi. Siqnal səsləri bir-birinə qarışdı. Taksi də tərpəndi. O, isə gözünü saatdan çəkmir, dəqiqələrin bir-birini əvəz etməsini gördükcə, təəssüflə başını bulayırdı. Sərnişin xanımın bu hərəkətini güzgüdən izləyən sürücü müştərisinin bu əhvalına acıdı:
- Çoxmu gecikirik?
Qadın cavab vermədən təsdiq əlaməti olaraq başını tərpətdi.
Sürücü də bu sözə bəndmiş kimi sürəti artırdı. Amma artıq daha tələsməyin mənası yox idi: kifayət qədər gecikmişdi. Beynində gecikməyinə tutarlı səbəb axtarırdı ki, sürücü qabaqda gedən maşını vurmamaqdan ötrü qəfildən tormoz verib dayandı. “Ay” deyib bir boy özünü atdı. Və dodalarını elə sıxdı ki, dişləri biri-birinə dəydi. Birdən başına sanki qaynar su ələndi. Qəlbinin dərinliklərindən gələn səs qulağında əks-səda verdi: “ Sən neynirsən? Hara və niyə gedirsən?” Cavabsız sualların qarşısında aciz qalıb əli ilə alnını ovuşdurub ufuldadı. Gözlərini yumaraq öz-özündən gizlənmək istədi.
Köksündən qopan ahın naləsi qəlbini yandırdı. Sən demə, hələ də yuxudan tam ayılmayıbmış. Səhərdən nahaq gecikmə həyəcanı yaşayırmış. Axı, bundan belə işə gecikdiyi hallarda uzun-uzadı izahat yazmağa ehtiyac olmayacaqdı. Çünki... çünki bu gündən onun ömür kitabının, yeni, bəlkə də son fəsli başlayır. “İş həyatından sonrakı həyat” adlanırdı bu fəsil. Əl-ayağı sustaldı. Qəlbinə izah olunmaz sonsuz kədər çökdü. Çiyinləri büküldü. Özünü ələ alaraq sürücüdən maşını saxlamağı xahiş etdi. Sürücü təəccüblənsə də, səbəbini soruşmadan sərnişin xanımın istəyinə əməl etdi. Lakin taksidən düşən kimi gedə bilmədi. Ayaqları yerə yapışmışdı sanki. Amma bu da keçdi. Aram addımlarla yaxınlıqdakı parka keçərək boş oturacaqların birində əyləşdi. Özünü ağlamaqdan güclə saxlayırıd. Şair demişkən “dəli bir ağlamaq keçdi qəlbindən”. Hətta gözündə bir damcı yaş da gilələndi və elə dayandığı yerdə də “dondu”. Deyəsən, o da tıxaca düşmüşdü. Özünə acığı tutdu: bu nədir, heç özünə oxşamır? Elə küçədə, camaat arasında ağlamağı çatmırdı? Nə qədər ki hönkürməyib geri qayıtmalıdır. Onun göz yaşlarını kimsə görməməlidir. Necə ki, dünən ona xoş sözlər söyləyib gül-çiçəklə yola salanda özünü saxlamışdı, indi də hisslərinə qalib gəlməlidir. Qalxıb evə sari yol aldı. İndi bircə istəyi vardı: tanışlardan kimsə onu görməsin. Amma blokun ağzında qapıbir qonşusundan qaça bilmədi:
- Sabahın xeyir, ay Hicran, nə tezdən durmusan? Doyunca yatıb dincəlsənə.
Yaxşı ki, geri qayıdarkən yolüstü marketdən çörək almışdı. Əlindəki sellofan torbanı göstərib dedi:
- Hardan gələcəyəm səhər - səhər? Marketdən.
Səliməni qonşunun izahı qane etmdi deyə, eşitdiklərin qulaqardına vurdu. Başını tərpədərək, ona canı yanırmış kimi sözünə davam etdi:
- Hə, dünən eşitmişəm. Yəni hər şeydən xəbərim var. Sənə görə çox pis oldum. Axı, bu yolu mən də keçmişəm. Hər səhər geyinib, bəzənib evdən çıxar, dayanacağa catanda yadıma düşürdü ki, daha işləmirəm, pensiyçıyam. Axır ki öyrəşdim, alışdım yeni həyata. Sən də alışacaqsan.
Yerində donub donub qalmış Hicran isə eşitdikərinə inanmayaraq maddım-maddım qonşusuna baxırdı. “Nə vaxt, hardan?” suallarına cavab axtarırdı. Axı, cəmi bircə gündür ki, pensiyaya çıxıb. Deyəsən, neçəillik qonşusunu tanımırmış. Onun unikal istedadından xəbərsizmiş bu vaxta kimi. Səlimə isə Hicranın əhvalının dəyişməsinə fikir vermədən sözünə davam edirdi, həm də bu dəfə canıyananlıqla:
- Səni başa düşürəm, aldığın o pensiya ilə bundan sonra necə dolanacağın barədə düşünürsən. Amma heç fikir eləmə, fikir eləmə. Qonşun sənin haqqında fikirləşib. Bu yaxınlarda oğlum yeni şirniyat sexi açır. Gəlib orada işlərsən. Həm başın qarışar, darıxmazsan, həm də əməlli dolanarsan da.
Yoxsa aldığın o pensiya sənə ayın ortasına kimi zorla çatacaq.
Sonda sözlərini az qala gülərək tamamladı:
- Yaxşı, deməli, danışdıq (əslində, danışan təkcə özü idi). İndi isə məni bağışla. Vallah, vaxtım olsaydı səninlə doyunca dərdləşərdim. Amma tələsirəm (guya ki, onu saxlayan vardı?).
Səlimədən yaxası güclə qurtaran Hicran isə hələ təəccüb icində idi. Pillələri qalxdıqca təəccüblə götür-qoy edirdi. Görəsən, hardan bllib? Kim xəbər verib? Bu suallar ona rahatlıq vermirdi. Sonra öz-özünə təsəlli verdi: “Eh, bunun nə əhəmiyyəti? Fakt odur ki...” Mənzilin qapısını açıb dəhlizə ayağını qoyan kimi qapını təkcə kilidləmədi, həm də açarla bağladı. Qonşu qadının gələcəyindən ehtiyat edirdi. Bilirdi ki, bu dəfə qarşılaşsalar, yenə də onun hisslərinə toxunacaqdı. Otağa keçib çantasını lazımsız əşya kimi divanın bir küncünə ataraq özündən başqa kimsə olmasa belə, əli ilə üzünü qapayaraq hönkürdü. Amma bu hönkürtüdən çox, hayqırtıya bənzəyirdi. Sanki göylərdə ildırınm çaxdı. Sürətlə yağan yağış göy üzünü təmizlədi. Bayaqdan qınadığı qonşu qadına ürəyində “sağ ol” dedi. Əgər onun qəlb dalayan sözləri olmasaydı, ürəyini boşaltmaz və bununla da sakitləşməzdi. Ali təhsilli mütəxəssis olduğu halda sexdə işləmək təklifi onun qüruruna toxunmuşdu. Amma “yeni həyat” məsələsində qonşusu haqlı idi. Hiss edirdi ki, ona da yeni həyata uyğunlaşmaq asan olmayacaq. Bu da sözdür, otuz yeddi il eyni idarədə çalış, günlərin birində ona desinlər ki, daha qocalmısan, get layiq olduğun istirahətə, yəni pensiya vaxtıdır, çıx, otur evdə. Bircə gündür, cəmi bircə gündür ki, otuz yeddi il Fərhad kimi külüng çaldığı iş yerindən ayrılıb. Amma təkcə iş yerindənmi? Əlbəttə də ki, yox! Ona öz evi qədər doğma olan ikinci evindən, sevimli işindən, qohumlardan çox üzünü gördüyü iş yoldaşlarından ayrılıb. Otuz yeddi il necə də tez gəlib keçdi? Otuz yeddi il. Əgər işə başlarkən ona desəydilər ki, səni otuz teddi il sonra işdən azad edərək, pensiyaya göndərəcəklər, gülər və deyərdi ki: “Təki o zamana kimi yaşayım, o vaxta kimi çalışım.” İndi isə budur, yaşadı da, çalışdı da. Lakin o zaman dediyi sözlər bu gün ona necə də az az gəlir. Altmış beş yaş nədir ki? Özünü yaxşı hiss edir. Sağlamlığından şikayətçi deyil. Elə il olub ki, heç xəstəlik vərəqəsi də götürməyə ehtiyac duymayıb. Bundan belə necə dözəcək?
Yeni həyata necə uyğunlaşacaq? Nə olsun ki, daha tezdən durmaq lazım gəlməyəcək. İş yerinə vatında çatmaq üçün bəzən nəinki oturmağa, hətta ayaq üstə durmağa güclə yer tapılan avtobusa minməyə ehtiyac olmayacaqdı. Hər ay beş-on vərəqlik hesabatlar hazırlamayacaqdı. Saatlarla iclaslarda oturub səbrzliklə onun bitməsini gözləməyəcəkdi. Hələ bunlar nədir ki? İşdən qayıdanda da yolüstü bazarlıq edərək, evə gələn kimi dincini belə almadan mətbəxə keçib tələm- tələsik xörək hazırlamayacaq. Televizora baxa-baxa elə divanda mürgüləməyəcək. Gecənin bir aləmində yuxudan ayılanda televizoru elektrik şəbəkəsindən ayırmadığına görə özünü danlamayacaqdı. Gör nə qədər problemlərdən azad olur. Amma bu çətinliklərə baxmayaraq, iş həyatı yenə də gözəl idi. Indi bunlarsız yaşa, görək, necə yaşayırsan.
Həyat səhifələrini vərəqlədikcə ürəyindən” kaş bir mözüzə baş verəydi” keçdi. Nəhayət onu heç bir tərəfə aparmayan düşüncələrdən yoruldu. İndi hiss etdi ki, səhərdən ağzına bir tikə də çörək almayıb. Mətbəxə keçdi. Özünə nahar hazırladıqca düşünürdü:” Bəlkə iş yoldaşlarındn birinə, daha doğrusu, ona qəlbən yaxın olanlardan biri ilə danışsın. Telefonu açaraq nömrələri gözdən keçirdi. Amma “kimə, kimə?” deyə soraraq sonda fikrindən daşındı. Lazım deyil. Kimsəni narahat etmək lazım deyil. Həyatın çox imtahanlarından keçib. Bu da keçəcək. Sadəcə bir qədər zam… Telefon zəngi onu düşüncələrdən ayırdı. Kadrlar şöbəsinin müdüri idi. Yoxsa? Yoxsa gözlədiyi möcüzə baş verib? Ümidlə telefona cavab verdi:
- Bəli, yaxışı, siz necəsiniz? Aha, başa düşdüm. Sağ olun.
Eh, düşündüyü kimi deyilmiş. Hec bir möcüzə-filan da yoxdur. Sadəcə gedib əmək kitabçasını götürməlidir. Vəssalam.
Son ümidi də qırıldı. Əslində, son ümüdi işdən azad olunması haqqında verilən əmri öz gözü ilə görüb onu oxuyandan sonra, onu təm- təraqla təqaüdə yola salanda qırılmışdı. Lakin dünən olanlar bu gün ona yuxu kimi gəlir, tam mənası ilə çatmırdı. Yaxşı, bəs indi nə etsin? Axı, kadrlar şöbəsinin müdiri ona tapşırdı ki… Yox, yox, indi gedə bilməz. Hisslərini biruzə verəcəyindən ehtiyat edirdi. Qoy bir neçə gün keçsin. Ona kimi bir az da olsa, sakitləşər. Həm də iş yoldaşlarını görmək üçün bir bəhanə olar. Bir də ki, bəhanə niyə axtarır? Dönə-dönə dedilər ki, onu yenə kollektivin bir üzvü hesab edirlər. Qapılar onun üzünə yenə də açıqdır. Ürəyi nə vaxt istəsə gələ bilər. Kollektivin bütün bayram şənliklərinə o da dəvətlidir. Bunları düşündükcə sanki üzünə gün döğurdu. Tərəddüdünə son qoyuldu.
Həmin gündən bir neçə gün keçmişdi. Həyat isə davam edirdi. Dünən sevimli işindən ayrılan altmış beş yaşlı çalışan qadın yavaş-yavaş yeni həyata uyğunlaşırdı. Getdikcə bir daha əmin olurdu ki, həyat təkcə arı kimi çalışmaqdan ibarət deyildi. Hərdən cırcırama kimi istirahət adı ilə “oxumaq” da olarmış. Lakin… Bəli, məsələ də elə o lakində idi. Həyatında nə isə çatmırdı. O nə isənin adı da… İnsan övladl çox qəribədir. Nə qədər çətinlik olsa belə alışdığı həyat tərzindən asanlıqla ayrıla bilmir. Yeni həyata uyğunlaşmağı da həmçinin. Taleyi ilə barışmaq gərək. Olan oldu. Gələcək haqqında düşünmək lazım. Amma indi yox. İndi getmək zamanıdır. Axı, onu gözləyən var.
***
Qapıda onu saxladılar. Gözətçi idi: Nazim.
- Tanımadınız, mənəm də, Hic…
Nazimin tükü belə tərpənmədi, hətta onun sözünü ağzında qoydu:
- Yad adamları içəri buraxmağa ixtiyarım yoxdur.
- Axı…
Nazim bu dəfə qapının üstündəki yazını ona göstərdi:
- Oxumadınız? Deyirsiniz, sizə görə iş yerimi itirim?
Pərt oldu. Qayıdışı heç yaxşı başlamadı. Əgər dünənə kimi ona salam verən gözətçi də onu yad hesab edirsə, gör, başqaları nə fikirləşlr? Əslində o yazıqda nə günah. Əmr yuxarı yerdəndir, o da tabe olmalıdır da. Öz qulağı ilə eşitdi: ona görə işini itirə bilməz. İş yeri itirməyin dadını yaxşı bilən adam kimi, o, gərək gözətçini çoxxx gözəl başa düşsün. Kadrlar şöbəsinin müdirinə zəng vurdu. Yalnız onun “dabro”sundan sonra içəri keçə bildi. Lakin ayaqları getmirdi. Belə tezliklə unudulacağını təsəvvür etməzdi. Ürəyinə dammışdı ki, onu daha bir sürpriz gözləyir. Pillələri qalxarkən iş yoldaşlarından biri ilə qarşılaşdı:
- Zümrüd, salam, necəsən?
- Hicran, sənsən? sağ ol.
- Nə var, nə yox? Nə yaman tələsirsən? Uşaqlar necədir?
- Eh, nə bilim e, o qədər iş var ki. Sən allah, bağışla. Tələsirəm.
Zümrüd getdi. Onun ardınca baxaraq düşündü. Vaxt vardı, o da belə tələsirdi. Yəqin bir zaman o da kiminsə sualını bax beləcə cavabsız qoymuşdu.
Həmin adamı bax beləcə pərt etmişdi, indicə onu pərt etdikləri kimi. Bu da ikinci zərbə.
Köksünü ötürüb yoluna davam etdi. Üstünə kadrlar şöbəsi yazılmış qapıya yaxınlaşıb şəhadət barmağı ilə onu tıqqıldatdı. Sonra isə yavaşca itələdi.
Bağlı idi. Qəbul otağına keçdi. Katibə işindən ayrılıb ona gözucu nəzər saldı:
- Nə lazımdır?
- Salam, Nərmin xanım, necəsiniz? Mən Elnarəni görmək istəyirdim.
Nərmin işarə ilə direktoru kabinetini göstərdi. Deməli, direktorun kabinetindədir. Bəs dedi ki, otağında onu gözləyir. Yəqin onunla danışandan direktor onu çağırtdırıb. İkinci sualını verdi:
- Gec çıxar?
Nərmin çiynini çəkdi. Eyni zamanda dili də açıldı:
- Amma bilirsiniz də, burada gözləmək olmaz. Zəhmət olmasa, dəhlizdə gözləyin.
- Yaxşı. Amma xahiş edirəm ki, Elnarəni görəndə mənim gəldiyimi bildirin.
- Yaxşı, – dedi. Amma işim çoxdur, ola bilsin ki, unudum.
Nədənsə bu dəfə incimədi. Sadəcə zorla gülümsəyib sağollaşıb qəbul otağını tərk etdi.
Lakin dəhlizdə də durmadı. İş yolgaşları ilə görüşmək üçün bir zaman çalışdığı otağa yollandı. Amma ondan əvvəl votsabda Elnarəyə iş yerində olduğunu bildirdi.
Bu da çalışdığı 50… nömrəli otaq. Qapı açıq olsa da, içəri keçməyə tələsmədi. İlk dəfə bu qapını açarkən yaşadığı həyəcanı yenidən yaşadı. O həyəcanla bu həyəcanın arasında fərq olsa da, adı eyni idi: Həyəcan. Otaqda dörd nəfər otururdular. İndi yəqin ki, üç nəfərdirlər. Bu tezliklə yerinə işçi götürməzlər bəlkə də. Həyəcanını içində boğaraq otağa keçmək istəyirdi ki, qapı üzünə çırpıldı. Yenə də pərt oldu. Bu nədir? Pərtlik pərtlik ardınca gəlir. Geri qayıtmaq istəsə də, fikrindən daşındı. Qapını döyüb otağa keçdi. İstər-istəməz oturduğu stula nəzər saldı. Orada bir cavan qız oturmuşdu. Deməli, yerinə işçi götürüblər. Gördüyü mənzərə onda qısqanclıq hissləri doğursa, özünü tez ələ aldı. Zərifənin də yeri boş idi. Yoxsa onu da yaşa görə işdən azad ediblər? O ki hələ cavandır (Amma sonradan biləcəkdi ki, Zərifə xəstə olduğundan işə çıxmır). Səkinə və Sevil isə öz postunda idi. Başları yaman qarışıq idi deyə, onun gəlişini də duymamışdılar. Əllərindəki qələmlə qarşılarına qoyduqları kağıza nə isə yazır, bəzən yazdıqlarını pozaraq düzəlişlər edirdilər. Ayın sonuna az qalırdı. Yəqin aylıq hesabatı hazırlayırlar. Yalnız təzə götürülən həmin o cavan qız hərdən güzgüdə özünə sığal verirdi. Elə ona ilk fikir verən də o oldu.
- Sizə kim lazımdır? – deyə maraqla soruşdu.
Hicran isə cavab vermədən uzun illər birlikdə çalışmış iş yoldaşlarına nəzər saldı:
- Salam.
Axır ki, gözlər kağızlardan ayrıldı, gördüklərinə inanmırmş kimi əvvəlcə təəccübləndilər. Sonra üzlərə təbəssüm qondu. İlk öncə Sevil ona yaxınlaşıb görüşdü:
- Hicran, salam. Nə yaxşı gəlmisən.? Elə darıxmışdım ki, sənin üçün.
- Doğrudan?
Sevil onun səsindəki incikliyi duysa da, özünü o yerə qoymadı:
- Ay səni, heç dəyişməmisən. Elə həmin ki, Hicransan ki, durmusan.
Səkinə isə sektor müdiri idi. Çox sərt qadın olsa da, işinin bilicisi idi. Onu elə oturduğu yerdən salamlayandan sonra dedi:
- Salam, Hicran. Zəhmət olmasa, qapını ört, bura yaman soyuqdur.
Amma Sevil Hicrana imkan vermədi:
- İstilik sistemini təzə qoşublar deyə, hələ otaqlar qızmayıb, deyərək qapını özü örtdü.
Deməli, qapını otaq soyumasın, deyə, bağlamışdılar. O isə elə düşünmüşdü ki…
Sevil isə bir ucdan üyüdüb tökürdü:
- De, görüm, necəsən, darıxmırsan ki? Yeni həyata necə uyğunlaşa bilirsən?
“Yeni həyat!?” Qonşu da belə demişdi: Yeni həyat.
Cavab axtarana kimi Səkinənin növbəti iradını eşitdi:
- Xahiş edirəm, bir qədər yavaş. Həm də iş vaxtı işlə məşğul olmaq lazımdır, iş çoxdur.
Səkinənin iradı Sevilə ünvanlansa da, Hicran da öz payını götürdü.
- Yaxşı, elə mənim də işim var, gedim, sizə mane olmayım.
Çıxdı. Amma bir-iki addım atmışdı ki, Sevilin səsini eşitdi:
- Hicran, dayan. Yoxsa incidin məndən?
- Yox, nə incimək. Səkinə haqlıdır, iş vaxtı işlə məşğul olmaq lazımdır.
Sevil inanmadı:
- Sən canın, incimə, Səkinəni tanımırsan? Şirin sözü də ağzından acı kimi çıxır.
Hicran gülümsədü:
- Narahat olma, heç kimdən incimirəm. Sən də geri qayıt, iş vaxtı səni dəhlizdə görüb irad tutarlar.
Sevil isə haqlı olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxırdı:
- Sən canın, incimə. Özün işləyib görmüsən də. Daha sənə deyim. İşdən ayrılmağına da heç heyfslənmə. Kaş sənin yerində mən olardım. Elə gözləyirəm ki…
Hicran təəccüblənməyə bilmədi:
- Nəyi? Nəyi gözləyirsən ki?
Sevil özünü itirdi. Doğrudan da, nəyi gözləyiridi ki? Sonra özünü sədəlövhlüyə vurub elə sədəlövhlüklə cavab verdi:
- Necə nəyi? Pensiyaya çıxmağımı da.
Hicranln dodağında istehzalı təbəsüm gəzdi. Sevil isə özünü görməməzliyə vuraraq sözünə davam etdi:
- Heç yerə getmək olmur. İstirahət günündə də ev işlərindən baş açmaq olur ki…
Hicran Sevili dinlədikcə, onun səmimiliyinə inanmır, ondan tez ayrılmağa çalışırdı. Telefondan gələn siqnal səsi onu sevindirdi. Yəqin ki, Elnarə idi: səs göndərmişdi. Açıb baxdı. Eıədir ki, var. Mesaj Elnarədən gəlmişdi. Hicran getməyə tələsdi:
- Yaxşı, Sevil, çox sağ ol. Amma indi məni üzrlü hesab et, bağışla, getməliyəm.
- Yaxşı, amma söz ver ki, görüşəcəyik. Söz verirsən?
- Əlbəttə.
Söz versə, amma gördüyü münasibət, eşitdiyi boğazdan yuxarı sözlər onu mütəəssir etmişdi. Olanları təhlil edib düşünür, düşündükcə də öz- özünə təsəlli verirdi: “Hicran, Hicran, heç kimdən incimək lazım deyil. Həyat davam edir. Çalışmaya son qoymusan, yaşamağa ki yox. Dünyanın axırı deyil ki!?” Doğrudan da, necə də gözəl səslənirdi: “Dünyanın axı deyil ki?!”