Əlvida, xoşbəxtlik - Aliyə Kərimzadə

Əlvida, xoşbəxtlik - Aliyə Kərimzadə
2 iyun 2025
# 17:54

Kulis.az Aliyə Kərimzadənin "Əlvida, xoşbəxtlik" hekayəsini təqdim edir.

Adəm əhdinə bivəfa oldu

Və Allah bütün günahkar ruhları vəfasız sevda ilə cəzalandırdı…

Zeytun ağacının altında oturub gözünü xəfif əsən mehin tərpətdiyi yarpaqlara zilləmişdi. Buludların arasından bir görünüb, bir gözdən itən günəşin şüaları yığıma hazırlanan zeytun dənələrini parıldadırdı. Dərədən axan suyun şırıltısı sanki ona lay-lay deyir, elə yenicə dayanmış yağmurun ətrafa yaydığı torpaq qoxusu ciyərlərinə yayılırdı. Əlini uzadıb yerdən saralmış yarpaq götürdü, burnuna yaxınlaşdırıb qoxusunu bütün ruhu ilə əmdi sanki. Yarpağı ağzına atıb çeynəyə-çeynəyə son 7-8 ildə yaşananları götür-qoy etməyə başladı.

Etməyi düşündüyü şey açıqcası biraz gözünü qorxudurdu. Son bir neçə ili onsuzda anlıq qərarlarla yaşamış, düşünmədən aldığı qərarların özüylə bərabərində gətirdiyi nəticələrə sinə gərmişdi. Amma indi vəziyyət başqa idi axı, bu anlıq qərar olmamalı idi, bu qərarın gətirəcəyi nəticələrə hazır olduğunu düşünmürdü. Amma gec-tez bu qərarı verməli olduğunu da yaxşı bilirdi.
Zeytun bağının yuxarı tərəfində maşın səsi eşidildi. Artıq vaxt azdır, tez qərar verilməlidir. Axşamdan düşünə-düşünə qərara gəlmədiyi bu mövzuda Nadir maşından düşüb zeytun ağaclarının arası ilə Havinə yaxınlaşdığı vaxt ərzində qərar verməyə çalışırdı.
-Gəldim xanım ağam, gedə bilərik

Arxadan Nadirin boğuq səsi eşidildi. Salamsız-kəlamsız ayağa durub maşına tərəf irəlilədi. Artıq üz ifadəsindən onun ağlındakıları oxuyan Nadir vəziyyətin heç də ürəkaçan olmadığını anladı. Belə vəziyyətlərdə ən yaxşısının Havinə dəyib-dolaşmamaq olduğunu bilirdi. Dinməzcə qızın arxasınca maşına tələsdi. Hər zaman mindiyi maşını başqasının sürməyinə icazə verməyən, Nadirin bütün təkidlərinə baxmayaraq onu sərnişin oturacağına oturdub sükana özü keçən Havin maşına yaxınlaşanda keçib sakitcə yan qoltuqda oturdu. Nadir səsini çıxarmadan keçib sükan arxasında əyləşdi.
-Hara gedirik ağam, hara sürüm? - boğuq səslə soruşdu.

Havin üz-gözünü turşudub hövsələsiz şəkildə əliylə “sür” işarə etdi.

“Görəsən yenə nə baş verib, kim qanını qaraldıb bu qızın?” - Son aylar ərzində qızın başına gələnləri bir-bir beynində canlandıran Nadirin əlində imkanı olsa Havinə gözün üstündə qaşın var deyən hamını elə bir gecədə od vurub yandırmağa hazır idi.

Qara buludlar kəndin üstünü almışdı, yağış qısa fasilələrlə yağıb dayanırdı. Maşın palçıqlı kənd yollarında ağır-ağır irəliləyirdi. Havin sakitcə başını maşının pəncərəsinə dayayıb fikrə getmişdi.

***

Kəndə qayıdalı 14-15 ay olardı. Bu qısa zaman ərzində Havin çox çətin günlər yaşamışdı. Əslində 8 il əvvəl tərk edib getdiyi kəndə atasının ölümündən sonra xəstə anası üçün məcburən qayıtmalı olmuşdu. 8 il əvvəl arxasında qoyub getdiyi acıların ayağına dolanacağını bildiyi halda geri qayıtmışdı. 18 yaşında tək getdiyi yerdən övladı ilə geri qayıtması kənddə böyük hay-küylə qarşılanmış, keçən aylar ərzində özünü və övladı hər kəsə qəbulləndirmək Havin üçün heç də asan olmamışdı.

Atasının uzun müddət xəstə olub yatağa düşməsiylə zeytun bağları sahibsiz qalmış, zeytun fabriki işini dayandırmış, əməkhaqqı ala bilməyən işçilər işi tərk etmişdi.
Bu aylar ərzində Havin həm işləri toparlamağa çalışmış, həm də bir yandan kənddə haqqında çıxan dedi-qodularla mübarizə aparmışdı. Hamı onu və övladını xor görmüş, heç kim onunla çalışmaq istəmədiyindən çox ağır günlər keçirmişdi.

Amma Havin səbri, inadı və xoş ürəyi ilə əslində hər kəsə illər əvvəlki kimi onun da bu torpaqların qızı olduğunu xatırlatmış, özü və övladı üçün kənddə yaşanacaq bir guşə, kiçik bir yer etməyə çalışmışdı.
Zeytun fabriki işə düşən kimi, işləməyə razı saldığı işçilərlə bərabər səhərdən axşama kimi dəridən-qabıqdan çıxan Havin qısa zaman ərzində köhnə işçilərin hamısının əmək haqqısını ödəmiş, atasının borclu olduğu insanları razı salmışdı. Kənd məktəbinin və xəsdəxanasının təmiri üçün İstanbuldakı tanışlarını araya qoyaraq valilikdən razılıq alan Havin bu mövzuda da kənd camaatının üzünü güldürmüşdü. Hər şey azmış kimi zeytun yığımından geriyə qalan boş vaxtlarında kənd xəsdəxanasında pulsuz müayinə günləri də təşkil etmişdi ki, bu günlərdə qocaları, uşaqları müayinə edib dərmanla təmin edilməsi üçün əlindən gələni edirdi. Bütün bu gördüyü işlərin qarşılığında isə onun tək istəyi övladının kənddə xor görülməməsi, onun da bu kənddəki uşaqlar kimi sevgi görməsi və hamının qəbullənməsi idi.
İstədiyinə qismən də olsa nail olan Havin yaşananlardan sonra bütün çabalarına baxmayaraq Məlahət xalanın gözündə nə özünü, nə də övladını təmiz ada çıxara bilməyəcəyinə artıq əmin idi.
Məlahət Havinin 8 il əvvəl nigah masasında tərk edib İstanbula qaçdığı Muradın anası idi. Kəndin sayılıb seçilən ailələrindən olan Məlahət və həyat yoldaşı Tahsin bu hadisədən sonra Havinin ailəsinə düşmən olmuş, amma əvvəlcə Muradın Almanyaya , daha sonra isə Havinin kəndi tərk edib İstanbula gedişi ilə ,biraz da kənt caamaatının təkidi ilə sanki bu düşmənlik qismən sakitləşmişdi. Amma Havinin illər sonra kəndə övladı ilə qayıtması Məlahət arvadın içində qaysaq bağlamayan yarasını təkrar qanatmış, qıza olan kini dinmirdiki dinmirdi.

Hər fürsətdə Havini, anasını kənd meydanında təhqir edən Məlahətə hələ indiyə kimi bir dəfə də olsa pis kəlmə dememişdi Havin. Hər dəfəsində başını aşağı salar, Məlahətin içindəki zəhəri qusub özünü sakitləşdirməyini gözləyərdi. Kənardan bunu söz edənlərə isə “Mən o qadının evində çörək kəsmişəm, onun bişirdiyi yeməkləri yemişəm, dəfələrlə məni ləyənə qoyub çimizdirib Məlahət xala. Axı mən indi ona neçə kobud cavab verim axı?” - deyər, Məlahətin təhqiramız sözlərindən , qınayıcı baxışlarından yan keçməyə çalışardı.

Amma Havin hər nə qədər Məlahətin bütün acı sözlərinə, ünvanına söylənmiş təhqirlərinə tab gətirsə də övladına dil uzanmasını heç cür qəbul edə bilməzdi.

Ümid kənd meydanında Məlahətin ona söylədiyi “bic” sözünün mənasını Gülnaz nənəsindən soruşanda, Gülnaz başıalovlu özünü Havinə yetirmiş, bundan səbəb idi ki, Havin axşamdan bu yana özünə yer tapa bilmirdi.

***

Maşın kəndin içindən keçən ana yoldan ayrılıb qəbiristanlığın önündən keçən xırda daş yola çatanda Havin əli ilə Nadirə saxla işarəsi etdi. Yağış şiddətlənmişdi, daşlara dəyən yağış damcılarının səsi ətrafa yayılırdı. Havin maşından enib dar cığır ilə qəbiristanlığın darvazasına çatdı. Əlinin tərsi ilə üzünə tökülən saçlarını geri itələyib üzünü Nadirə çevirdi:

-Nadir dayı, sız Muradın məzarı hardadır bilirsiz?

Nadir bu sualı gözləmirdi. Maşını qəbiristanlığa sürdürəndə fikirləşmişdi ki, atası Həsənin məzarına gedir. Axı bura gələndən Havin heç Muradın məzarını soruşmamışdı, heç maraqlanmamışdı. İndi birdən-birə nə olduki...

-Hə bilirəm qızı..

Havin Nadirə sözünü tamamlamağa imkan vermədən darvazadan keçib qəbirlərin arasında gözdən itdi. Nadir tələsik qızın arxasınca özünü içəri atdı...

Gözlərini məzar daşına dikib sakitcə dayanmışdı. Onun bu halı Nadiri çox qorxudurdu. Bu evə kahya gəldiyi ilk gündən Havinlə arasında xüsusi bir bağ yaranmışdı. Elə bu səbəbdəndir ki, Havin kəndə geri qayıtdığı vaxtdan bəri kahyalığı buraxmış, Havinin əli-qolu olmuşdu Nadir kişi . O gülər üzlü, həyat dolu qızın son zamanlarda dönüşdüyü qaşqabaqlı, aqressiv və yorğun halı onu çox narahat edirdi, qızın halına yanırdı.

-Görəsən nə üçün məzar daşına köhnə şəklini vurublar hə?... onun son halını görmək istəyərdim..

Məzar daşından ona boylanan bir cüt göz... İlahi elə bil indi canlanacaq şəkil. Bir anlıq Murad qanlı-canlı qarşısında dayanıbmış kimi his etdi. Yenə ürəyi yerindən çıxacaqmış kimi oldu, əllərinin içi tərləməyə başladı, yenə o baxışlardan utanıb gözlərini yerə əydi. İllərlə içdən-içə sevdiyi adamla belə qarşılaşmaq da varmış taleyində.

Kəndə qayıdandan bəri özündə Muradla üzləşməyə heç cürə cəsarət tapa bilməmişdi. Axı Murad təkcə onun sevdiyi insan yox, həm də uşaqlığı, gəncliyi, qaranlıq keçmişi və reallaşmayan xəyalları idi...

Amma bu da bir həqiqət idi ki, bir zamanlar ürəyinin ən dərin yerlərində Murada bəslədiyi gizli eşqi zamanla həsrətə, Ümidi böyütməyə çalışdığı illər ərzində həyatın çətinlikləri ilə mübarizə apardığı zamanlarda isə həsrəti nifrətə çevrilmişdi. Muradın Almaniyada gəmidə işlədiyi müddət ərzində nəmdən və rütubətdən yaranmış böyrət yetməzliyindən vəfatından sonra isə ürəyində Murada olan nifrəti də sönmüş, bir zamanlar Muradın eşqi ilə atan ürəyi indi sadəcə qaranlıq bir boşluqdan ibarət idi.

Artıq hava qaralırdı, yağış dayanmışdı. Havin bir saata yaxın idi ki, Muradın məzarı başında ayaqüstə dayanmışdı. Nadir gözünü qızdan ayırmadan çarəsizcə gözləyirdi. Havin dodaqaltı mızıldanır, durmadan nələrsə təkrar edirdi, Nadir qıza yaxınlaşmağa cəsarət etmirdi, amma onun bu halı da ürəyini parçalayırdı.
Son çarə özünü toplayıb qıza yaxınlaşdı, ehmalca qızın qoluna toxunub - gecdir Havin, islanmısan tamam bala, gedək - dedi. Havin gücsüz bir şəkildə qolunu çəkib etiraz etmək istədi. Nadir qətiyyətli şəkildə qızın qolundan çəkib maşına mindirdi.
-Hara gedirik ağam, evə aparıb sizi?
-Sür Nadir dayı, can almağa gedirik...

Nadir qeyri-iradi əlini belindəki silahın üstünə qoydu...

***

Maşın ikimərtəbəli böyük evin qarşısında dayandı. Havin maşından enib hündür darvazaya yaxınlaşdı. Uşaqlığının, gəncliyinin keçdiyi o qırmızı kərpicli ev... Öz evlərindən çox burada vaxt keçirdiyi günlər, Muradın yan-yörəsindən ayrılmadan Məlahət xalanın nağılları ilə yuxuya getdiyi uşaqlıq xatirələri gözündə canlandı. Bir vaxtlar o da bu evin qızı, gəlini idi. İndi bu evdəki hər kəs ona düşmən gözüylə baxır, ona əmanət olan məsum bir cana dil uzadırdılar.
Ümidi övlad bilib bağrına basanda da , heç bilmədiyi tanımadığı böyük şəhərdə həyatda qalmaq üçün mübarizə aparanda da bir gün kəndə qayıdacağını, arxasında qoyduğu qaranlıq boşluqları doldurmaq məcburiyyətində qalacağını heç xəyal etməmişdi.
Ötən illər ərzində Gülnaz Havini nə qədər dilə tutsa da həyat mücadiləsində yaşadıqları bütün çətinliklərə baxmayaraq Havin çiyinlərinə könüllü aldığı bu yükü bir gün belə olsa ağırlıq kimi görməmiş, Ümid sayəsində həyata tutunmuş, yaşamağa bağlanmış , Gülnazı da sirrinə ortaq edərək ömrünün sonuna kimi onu hər kəsdən gizləməyə əhd etmişdi.
Günahların unudulduğu, ayıbların örtüldüyü böyük İstanbulda Gülnazla əl-ələ verib bir övlad böyütmüşdü o, amma indi Havin İstanbulun bütün keçməkeçlərini aşıb bu kiçik kəntdə boğulurdu.
Məlahətin uşağa qarşı hərəkətindən sarsılan Gülnaz bütün gecə Havinin əlinə-ayağına qapanıb ağlamış, qızı hər şeyi açıb danışmağa ikna etmək üçün çabalamışdı. Amma həyatında ilk dəfə Havin bir qərar verməkdən bu qədər qorxurdu.

***

Böyük tərəddüddən sonra havadan asılı qalan əlini yaxınlaşdırıb nəhayət ki, qapını tıqqıldatdı.

***

Eşitdiyi xəbərdən sonra Havin sevincindən səhərə kimi yata bilmədi. Ürəyi elə bərk çırpınırdı ki, sanki ətrafdan kimsə eşidəcəkmiş kimi hiss edirdi. Atasının sözləri qulaqlarında cingildəyirdi - “Artıq uşaqlar böyüyüb Məryəm, orda-burda bir yerdə görünmələri düzgün deyil. Tahsinlə danışmışam, o da razıdır, artıq bu işin adını qoymaq vaxtı çatıb”.
İlahi, bu məgər onun xəyallarını qurduğu gün deyildimi, illərlə için-için bu günün həsrəti ilə yanıb tutuşmamışdımı?
Atası Həsənlə Tahsin uşaqlıq dostu idi, bu səbəbdən də Murad və Havinin dostluğu da elə uşaqlıq illərinə dayanırdı. Havindən dörd yaş böyük olan Murad elə uşaqlıqdan Havinin qəhrəmanı, bu yaramaz, ipə-sapa yatmayan qızın bütün şıltaqlığının, nadincliyinin sadiq hamisi olmuşdu. Məktəbdə, həyətdə qıza arxa dayaq olan Murad, zeytun ağaclarının budaqlarında oyun yoldaşı, anası Məryəmin sillələrindən qoruyucusu, sirr və dərd ortağı olmuşdu Havinə.
İllər keçib hər ikisi böyüdükcə bu dostluq da böyümüş, aralarında ayrılmaz bir bağ yaranmışdı.
Bir neçə ay sonra Havinin 18 yaşı olacaqdı. O çox böyük həvəslə imtahanlar üçün hazırlaşır, həkim olacağı günün xəyalını qururdu. Bir yandan isə ürəyində Murada olan sevgisi hər gün biraz da artmaqda davam edirdi. Havin bu dostluğun nə vaxt və nə üçün sevgiyə çevrildiyini heç vaxt anlaya bilmədi. Murad isə Havinə sadəcə dost gözüylə baxır, Havinin onu sevəcəyi ağlının ucundan belə keçmirdi. Axı Havin hələ məktəb illərindən Muradın qızlara yazdığı məktubu onlara çatdıran, Muradın sevdiyi saysız-hesabsız qızlarla onu görüşdürən dostu idi sadəcə. Havin isə hər dəfə qəlbi sızlaya-sızlaya Muradın sevgi namələrini ünvana çatdırır, gecələr səhərə kimi Murad onu da sevsin deyə çarəsiz dualar edirdi.


Səhər o başdan yuxusuz gözlərini ovuşdurub ayağa qalxdı. Tez hazırlaşıb özünü həyətə atdı. Anası ilə sağollaşıb məktəbə getmək adı ilə evdən ayrıldı. Ayağını darvazadan çölə təzəcə qoymuşdu ki, tinin başında Muradın maşında onu gözlədiyini gördü. Sakitcə keçib maşında əyləşdi. Murad qaş-qabaqlı qıza dilucu “sabahın xeyir” deyib, maşını dərə yoluna sürdü.
İkisi də dərənin kənarında maşına söykənib dərə ilə uzanan çaya baxırdı. Heç biri söhbətə birinci başlamaq istəmirdi
-Atam dedi ki...
-Xəbərim var.
Araya sakitlik çökdü. Dərənin şırıltısı artıq Havının gərilmiş əsəblərini daha gərginləşdiridi.
-Atan dedi dedi də. Bəs sənin ağlın yoxdumu? Havin, sənə inana bilmirəm. Yəni sən atana demədin ki, biz Muradla dostuq sadəcə, bizim aramızda sevgi yoxdur. Nə yəni, bu belə deyilmi hə? Biz dost deyilikmi Havin?
-Bilirəm Murad, amma ata mənə demədi, sadəcə o anam ilə danışırdı..
-Kim nə danışıb mənə maraqlı deyil Havin. Əsas bizim hislərimizdi axı, bizdə bir-birimizi sevmirik elə deyilmi? Biz necə evlənə bilərik? Sən bütün bu olanları necə normal qarşılaya bilirsən?
Havin Muradın sözləri qarşısında susdu, artıq sözə ehtiyac yox idi - Axmaq elə özüməm ki, belə bir şeyin ola biləcəyinə ümid etdim. Axi Muradın səni sevmədiyini bilirsən axmaq Havin – ürəyində öz-özünə deyinməyə başladı.
-Yaxşı, onda ata mənə bu haqda nəsə desə deyərəm ki, istəmirəm, deyərəm ki, biz dostuq.
-Yox, hələ heç kimə heçnə demə!
-Necə yəni?
- Hələ heç kimə heçnə demə,məndən xəbər gözlə!

***

Üç-dörd gün Muraddan xəbər gəlmədi. Havin evin içində atasının gözünə görünməməyə çalışırdı ki, atası bu mövzunu açmasın. Bir yandan da Muradın nə üçün xəbər gözlə dediyini, nə fikirləşdiyini anlamağa çalışırdı. Neçə dəfə zəng edib, mesaj yazsa da Murad cavab verməmişdi.
Yenicə yatmağa hazırlaşırdı ki, telefon zəng çaldı. Zəng edən Murad idi.
-Həyətdə gözləyirəm , tez düş aşağı, danışmalıyıq
İki dəqiqə sonra Havin həyətdə qoz ağacının altında Muradın qarşısında idi. Murad çox fikirli görünürdü. Havin onu heç də xoş xəbərlərin gözləmədiyini his etmişdi.
-Sabah atam gələcək, sizinkilərlə danışacaq.
-Hansı mövzuda?
-Evlilik mövsunu deyirəm də Havin. Madəm hamı bunu istəyir evlənəcəyik. Amma...
-Evlənəcəyik? – Havinin gözləri parıldadı
- Bax Havin, sən mənim dostumsan, mənim üçün çox dəyərlisən. Amma biz bir-birimizi sevmirik.
-Bəs dedin evlənəcəyik?
-Hə evlənəcəyik. Amma sadəcə hər kəs sussun deyə.
-Necə yəni?
-Otur, indi hər şeyi başa salacam sənə. Bax Havin, sən nə istəyirsən? Həkim olmaq. Elə deyilmi? Səncə atan sənə İstanbula gedib oxumağa icazə verəcəkmi hə?
Havin susdu, gözlərini yerə dikib başını yellədi.
-Görürsən, mən haqlıyam. Bu evlilik ilk əvvəl mənə də dəlilik kimi gəldi. Amma indi baxıram ki, qurtuluşumuz budur. Evlənərik, İstanbula gedərik. Sən məktəbini oxuyarsan, bitirərsən. İstədiyin gələcəyi qurarsan, məndə öz həyatımı yaşayaram
-Bəs sonra Murad? Sonra nə olacaq? Bu dəlilikdir, sən özün dedin.
-Sən elə həmişədən belə qorxaq idin də Havin. Ağıllı ol, bu əla təklifdir, sən də qəbul et.
-Mən oxuyacam. Həkim olacam. Bəs sənin qazancın nə olacaq hə?
-Məndə bu kəntdən uzaqda, İstanbul kimi şəhərdə həyatımı yaşayacam. Daha nə olsun? - Murad zarafatyana gülümsədi.
-Səni tanıyıram Murad, sən əbəs yerə bu kəndi, ailəni qoyub getməyə razı olmazsan. Hələ dünənə kimi mənə həkim olmağın yaxşı fikir olmadığını sən deyirdin. İndi nə olub sənə, mən həkim olum deyə hər kəsi arxanda qoyub getməyə razısan yəni?
-Sənə nə lazımdı axı Havin? De görüm, mən deyənlə razısan ya yox?
-Yox razı deyiləm! Sabah atangil gələndə də deyəcəm ki,səninlə evlənmək istəmirəm! –Havin hirslə oturduğu kötüyün üstündən durub evə qayıtmaq üçün tələsdi.
Murad Havinin tərs tərəfini çox yaxşı bilirdi, inadı tutanda atasını belə tanımayan bu qızın dediyini edəcəyinə heç şübhəsi yox idi.
-Yaxşı, yaxşı ay dəli. Hara gedirsəne, gəl görək - Qızı qolundan tutub geri dartdı, güc bəla ilə gətirib təkrar kötüyün üstündə oturtdu.
Havin narazı üz ifadəsi ilə keçib Muradın yanında əyləşdi:
-Hə, başla görək, nədir dərdin?
-Mənim sevdiyim var Havin, onu da özümlə İstanbula aparacam.
Araya süküt çöldü. Havin qəlbinin çatırtı ilə sınıb düşən tellərinin səsini Murad eşidəcək deyə elə qorxurdu ki, nəfəs belə almağa çəkinirdi.
-Madəm sevdiyin var, mənimlə niyə evlənirsən? Get, onunla evlən – Acıqlı səs tonuyla donquldandı
-Olmaz, onunla evlənə bilmərəm, ən azından bu kəntdə...
-Niyə? Evlidi? – Havin təəccüb dolu gözlərini Murada dikdi
-Yox...
-Bəs onda niyə?
-Hamilədi...
Yenə araya süküt çökdü. Havin artıq nə his edəcəyini bilmirdi.
-Kimdi?
-....
-Bilirsən ki kim olduğunu deməsən əl çəkən deyiləm!
-Bilirəm
-Kimdi?
-....
-Yəqin ki Şeymadir hə? Onun Füsunun toyunda sənə necə baxdığını görmüşdüm. Belkə də Sevimdir. O da hər yerdə səni sevdiyini danışırmış. Nəbilim ee belkə də Hicran....
-Zeynəb
-Zeynəb kimdi?
-Zeynəb müəllimə
Araya intizar dolu sakitlik çökdü. Murad başını əllərinin arasında sıxıb dinməz oturmuşdu.
Havin gözlərindən süzülən yaş gilələrini gizlətmək üçün başını yana çevirib həyətdən darvazaya uzanan yola boylanırdı. Avazı çıxdığı qədər qışqırmaq, hönkürmək istəyirdi amma büzüşüb pişik balası kimi oturmaqdan başqa bir şey gəlmirdi əlindən.
-Bəs indi nə olacaq Murad?
-Bilmirəm Havin, tamam başımı itirmişəm. Mən işlərin bu dərəcəyə gəlib çatacağını bilmədim.
-Çoxdandı? – Havin suallarını belə çətinliklə seçir, deyəsən Muradın yerinə də o utanırdı
-Dörd aylıq... Artıq gecdir, başa düşürsən? Birazdan qarnı böyüyəcək... Bu vəziyyəti kəndə qəbul etdirə bilmərəm Havin. Hələ atamı heç demirəm...Zeynəbi bu vəziyyətdə İzmirə atası evinə də göndərə bilmərəm. Başa düşürsən çıxılmaz vəziyyətdəyəm. Bu evlilik tək qurtuluşdur. Nə olar razılaş, səndə İstanbulu istəyirsən axı..
-Qorxuram Murad.. Bu işlərin altından qalxa bilmərik. Kimsə öyrənsə sonumuz necə olar heç bilmirəm.
-Heç kim hecnə öyrənməz Havin. Zeynəbi İstanbula göndərəcəm, bizdə tezliklə toyu edərik, onsuzda sənin imtahanına da çox az qalıb. Mən hər şeyi planlamışam sən narahat olma. Doğuma kimi bizdə köçərik İstanbula. Sənə nə lazımdı kömək edərəm Havin. Əgər özünə görə narahatsansa səni tək qoymaram, bilirsən ki mənim üçün dəyərlisən.
-Murad bu dəlilikdir
-Bir zibildir düşmüşəm də Havin, səndən istədiyim şey ciddi məsələdir bilirəm. Amma hazırda səndən başqa heç kim kömək edə bilməz mənə...

***

Səhəri gün Tahsin guya Həsənlə danışmağa gəlmişdi, mövzu elə alındı ki, elə oradaca elçilik edildi, Havin Murada verildi. Heç Havindən soruşan da olmadı. Axı bu hamının gözündə gözlənən son idi. Bu iki gənc körpəlikdən bir yerdə böyümüşdülər, onları bir- birindən yaxşı heç kim başa düşmürdü, birlikdə çox yaxşı dil tapırdılar, hər yerə birlikdə gedirdilər və bütün kəndin gözlədiyi də Muradla Havinin evlənəcəyi idi.
Murad ata-anasını nişanı və toyu tezliklə etməyə, Havin imtahan verən kimi onu da götürüb İstanbula getməyə bir təhər razı salmışdı. Atası Həsən Havinin İstanbula getməsinə narazı olsa da Muradın bu təklifi qarşısında səsini çıxarmamışdı.
Murad üçün hər şey qaydasında gedirdi, hər şey onun planı üzrə irəliləyirdi. Havin isə sonunu düşünmədən verdiyi bu qərarın ona gətirəcəkləri sürprizlərdən xəbərsiz, heç olmasa İstanbulda həkim olacağı xəyalına sarılaraq düzgün qərar verdiyinə özünü inandırmağa çalışırdı.
Məktəbdə Zeynəb müəlliməni görəndə yolunu dəyişir, onunla üz-üzə gəlməməyə çalışırdı.
Məktəbin bitməsinə iki aydan da az vaxt qalmışdı. Zeynəb müəllimə dərs ilini başa vurduqdan sonra İstanbula getmək üçün Muradı bir təhər razı salmışdı. Böyüyən qarnını heç kim görməsin deyə səhər o başdan məktəbə gedər, gün qaralanda məktəbi tərk edib tələsik özünü evə salardı. Məktəbdə tənəffüslərdə belə otaqdan bayıra addım atmaz, gen-bol paltarlarla vəziyyəti idarə etməyə çalışardı.

Beləcə günlər bir-birini qovaraq bir neçə ay keçdi. Muradın bütün etirazlarına baxmayaraq atası qonşuluqdakı boş ərazidən Murad və Havin üçün ev tikmiş, anası Məryəm də madəm ev var qızımın bütün cehizləri o evə daşınacaq, İstanbulda yaşasalar da burada da bir yuvaları olacaq deyə israr etmişdi.
Toya cəmi 3 gün qalırdı. Havinin son cehizləri də bu gün evə daşınıb yerləşdirilmişdi. Evə qayıdanda ürək xəsdəsi olan anasının dərmanlarının yeni evdə qaldığı məlum olmuş və Havin gecə at belində tələsik anasının dərmanını götürmək üçün evə qayıtmalı olmuşdu.
Həyətə çatanda yuxarı mərtəbədə işiqların yandığını gördü. Amma evdən çıxanda bütün otaqları bir-bir yoxlayıb işıqları söndürdüyünə əmin idi. Yəqin Murad evə baxmaq üçün gəlib deyə düşündü. Əlini tapının dəstəyinə atdı, qapı bağlı idi. Necə ola bilər axı, Murad gəlibsə qapı da açıq olmalıdır. Ürəyinə bir şübhə düşdü. Evin arxasına keçdi, pəncərədən içəri boylandı, amma qaranlıq idi, heçnə görünmürdü. Qapını açıb içəri daxil olmalı idi, başqa çarə yox idi. Ehmalca kilidi açıb barmaqlarının ucunda pilləkənlə ikinci bərtəbəyə qalxdı. Dəhlizdən keçib içəridən işiq gələn otağa tərəf ehmalca irəlilədi. Otağa yaxınlaşdıqca içəridən səslər eşidilirdi. Artıq əmin idi, evdə kimsə var. Otağa girməyə cəsarət etmədi, elə dəhlizdən başını uzadıb otağa baxanda gördüklərinə inana bilmədi.

****

Nigah masasında ətrafdakıların sual dolu gözlərinin Havinə dikilməsi sanki qızı yuxudan oyatdı. Başını ağır-ağır qaldırıb nigah məmurunun nə üçün ona cavab gözləyirmiş kimi baxdığını anlamağa çalışırdı. Nigah məmuru təkrar nigaha razı olub olmadığını soruşmaq üçün mikrafonu əlinə aldı. Məmurun ağzından çıxan üç-beş kəlmə Havinə bitməz-tükənməz cümlələr kimi gəldi. 3 gün idi beyni dumanlı olan Havin bir neçə gün əvvəl təzə evdə gördüyü mənzərəni heç kimə söyləyə bilməmiş, günlərdir beynində dönüb dolaşan suallara cavab tapmamışdı. İndi bu onun son saniyələri idi, məmur sözünü tamamlayana kimi bir qərar verməli idi. Saniyələr saatlar, günlər kimi uzandı sanki, Havinin bütün uşaqlığı, gələcəyi, atası,anası canlandı gözündə, məmurun sualını tamamlamasına səbri çatmadı, dəli kimi yerindən atılıb ayağa durdu. Təəccüblənmiş qohum-qardaşın arasından atasının ona dikilmiş gözləri ilə qarşılaşdı bu an. Səssizcə başını yellədi atasına , arxasına baxmadan iti addımlarla nigah masasından uzaqlaşdı.
Evdə sanki matəm elan olunmuşdu, toya yığışan əqrabaların hərəsinə bir söz söylənmiş, bitməz tükənməz suallara başdansovdu cavablar verilmiş, hər kəs evinə yola salınmışdı. Havin elə gəlinliyi əynində otağında pəncərənin qarşısında dayanmışdı. Həyətdə Tahsin kişi əlini-qolunu oynada-oynada atası ilə danışırdı, nə dediyini eşitməsə də Havin olacaqları təxmin edə bilirdi. Anası Məryəm qapının arxasından Havini dilə tutur, qapını açsın deyə qızı yola gətirməyə çalışırdı. Məlahət arvad isə dizlərini döyür, gah Havinə gah da anasına nalayiq sözlər deyir, oğluna edilən bu haqsızlığı heç cürə qəbul etmək istəmirdi.
Saatlar beləcə ötüb keçdi. Əl-ayaq həyətdən yığılmışdı, anası ağlayıb-ağlayıb sakitləşmiş, Havinin qapını açmayacağına əmin olduqdan sonra otağına çəkilmişdi. Atası Həsən isə bircə kəlmə də deməmiş, qaş-qabaqlı həyətdə o baş bu başa gedib gəlməkdən bihal düşüb evin arxa otağında olanları götür-qoy etməyə çalışırdı.
Havin elədiyi hərəkətin doğuracağı nəticələri fikrincə canlandırmağa çalışsa da beyni donmuşdu. Amma bundan sonra hər şeyin onun üçün çətin olacağını bilirdi. Etdiyi hərəkəti atasına necə açıqlayacağını bilmirdi, axı hər şeyi açıb danışsa atası sakit dayanmayacaqdı. Bu işin sonu qanla bitə bilərdi və Havin bunu çox yaxşı bilirdi. Ən yaxşısı bu işdə hamının onu günahkar bilməsi , Muradın bu işdən günahsız bir şəkildə sıyrılması idi.

Elə təzəcə gəlinliyi üzərindən çıxarıb evin küncünə atmışdı ki, telefonuna zəng gəldi. Havin bayaqdan Muradın zəng edəcəyini düşünsə də Murad hec mesaj da yazmamışdi. Muradın bu səssizliyi əslində Havini qorxudurdu.
-Qapıda gözləyirəm, düş aşağı!
Havin Muradı hələ belə görməmişdi. Sanki bir neçə saat içində Murad qocalmış, alnına düşmüş, Havinin aşıq olduğu o qırışlar elə bil biraz da artmışdı. Əsəbiləşəndə boğazında qabarıb üzə çıxan damarlar eləbil indicə partlayacaqdı. Üzündən zəhrimar yağırdı, kəssən qanı axmaz dedikləri bu olsa gərək.
- Sən neynədin ay axmaq?! Bu nə oyundu çıxartdın hə? Axı hər şeyi danışmışdıq, razılaşmışdıq. Məni nə vəziyyətdə qoyduğunu anlamırsan sən?
- Qışqırma mənə Murad. Sənə hələ bu da azdı
- Ay qız başın xarab olub sənin nədi? Sən özünü nə hesab edirsən ? İstəmirdin başdan yox deyərdin, məndə bir hal çarəsini tapardım özümə. İndi sənə görə hamı mənə namusu iki paralıq olmuş biri kimi baxacaq başa düşürsən sən?
- Sən onsuzda namussuzun biri imişsən Murad, mən hər şeyi gec anlamışam
- Kəs səsini, sən məni alçalda bilməzsən!
- Buna cəsarət belə etmə, Murad! - Havin Muradın havaya qaldırdığı əlini elə havada tutub Muradın az qala qan damlayan gözlərinin düz içinə dikdi üzünü - Mən hər şeyi gördüm Murad...
- Nə gördün? Nə boş-boş danışırsan?
- Sizi gördüm.... Təzə evdə...Səninlə Zərifəni... Üç gün əvvəl...
Murad əlləri ilə üzünü örtüb yerdəki kötüyün üstünə çökdü. Xəcalətindən başını qaldırıb Havinin üzünə baxa bilmədi.
-Havin o bir səhv idi.. bir də olmayacaq...
- Sən o səhvi Zeynəb müəllimə üçün də demişdin Murad. Sənin bu səhvlərin bitmir, belə başa düşdüm ki, bitməyəcək də. Mən sənin bir sözünlə həyatımı, gələcəyimi ortaya qoydum... Sənsə bizim üçün hazırlanmış evdə başqa biri ilə...- Havin sözünü tamamlamağa belə utandı, gördüyü , gözlərindən silinməyən o sahnəni dilinə gətirməyə həya elədi.
Elə bu vaxt arxadan gələn hıçqırıq səsinə ikisi də geri çevrilib ətrafa boylandı. Zeynəb müəllimə zeytun ağaclarının arxasında çiyinləri atlana-atlana hıçqırırdı.

***

Bütün bu yaşananlardan bir həftə keçirdi, amma vəziyyət Havinin təxmin etdiyindən də pis idi. Ortalıq sakitləşmək əvəzinə hər gün bir insident yaşanırdı. Məlahət arvad hər gün Havingilin evinin qarşısında Havinin ünvanına təhqiramız ifadələr işlədir, anası Məryəmi təhqir edir, oğlumu bədbəxt etdiniz deyə fəryad edirdi.
Atası hər gün Havini nə üçün belə qərar verdiyi üçün sıxışdırır, qızın dilindən söz almağa çalışırdı. Havin isə dili lal olmuş, kəlimə belə çıxmırdı ağzından. Hələ kəntdə çıxan şayiələri heç düşünmək istəmirdi Havin. Ağzı olan danışır, hərə öz aləmində bu evliliyin baş tutmamasına bir səbəb uydururdu. Kimi Havinə qara yaxır, kimi Muradı günahlandırır, yayılan şayələrdən təngə gələn Tahsin kişi hər gün əlində silah evə hücüm edir, oğlunun yaşananlardan sonra kənddə qala bilməyib Almaniyaya üz tutmağında Havini müqəssir hesab edirdi. Bütün bu olaylar silsiləsində Havin növbəti anlıq qərarının astanasında idi.

Əlində yol çantası güzgünün qarşısında dayanmışdı. Atasının axşam təkrar-təkrar verdiyi suallara cavab ala bilməməsinin ardından dediyi sözlər qulaqlarında cingildəyirdi “İtil qarşımdan, mənim sən adda qızım yoxdur artıq”. Atasının sevgisi, nəvazişi ilə böyüyən Havin ilk dəfə idi atasından belə şözlər eşidirdi. O atası həqiqəti bilməsin, düşünmədən başlanan bu oyunun sonu qanlı bitməsin deyə atasının qarşısında susarkən Həsən kişinin bu qədər gözü dönəcəyini təxmin etməmişdi. Artıq nəinki bu kənddə, heç ata evində də ona yer yox idi.
İki-üç dəst paltarı tələsik yol çantasına qoyub, ətrafa göz gəzdirdi. Tələsik vəsiqəsini, telefon və digər bir neçə lazımi əşyaları çantaya atıb evi tərk etdi.

Səhər dan yeri təzəcə ağarmağa başlayanda Havin Zeynəb müəllimənin evinin qarşısında idi.

***

İstanbulda avtovağzala ayaq basanda Havinin canına üşütmə düşdü. O artıq neynədiyinin fərqində idi. Keçən bir neçə saat ərzində sanki Havin böyümüş, həyat onun çiyinlərinə hazır olmadığı yüklər qoymuşdu. İndi o təkcə öz həyatından, gələcəyindən yox, həm də yanında özü ilə gəlməyə, yeni bir həyata başlamağa ikna etdiyi Zəynəb müəllimə və bətnindəki uşaqdan da məsul idi.
Keçən bir neçə ay ərzində Havin var gücüylə həyata tutunmağa çalışır,bir yandan da Zeynəbə dəstək olmaq üçün dəridən-qabıqdan çıxırdı. Muradın xəyanətiylə sarsılan Zeynəb, Muradın hər şeyi atıb Almaniyaya gedişi ilə bir daha yıxılmış, bətnindəki uşaq belə onu həyata bağlamağa yetərli olmamışdı. Bir yandan ata-anasına qarşı böynunun bükük olması, bir yandan Muradın etdiyi hərəkətlər qızın ürəyinə nisgil kimi yığılmış, onu həyatdan küsdürmüşdü. Havin bir yandan işləyir, bir yandan imtahanlar üçün çalışır, Zeynəbin kirayə tutduğu bir göz evdə onun bu çətin həyat sınağında ən böyük dəstəkçi olmaq üçün əlindən gələni edirdi.
Anası ilə gizlicə danışan Havin atasının onu birdəfəlik sildiyindən, övladlıqdan rədd etdiyindən xəbərdar idi. Amma indi onun nə atasının gözündə ölmüş Havin üçün, nə də hər şeyi viran edib Almaniyaya üz tutan gizli sevdası Murad üçün yas tutmağa vaxtı yox idi.
Lakin Havinin bütün çabalarına baxmayaraq Zeynəb günü-gündən saralıb-solur və Havin gözləri önündə şam kimi əriyən qızın dərdinə çarə ola bilmirdi. Bütün qürurunu kənara atıb bir neçə dəfə Murada zəng etsə də zənginə cavab verən olmamışdı.

Aylar sonra xəsdəxana dəhlizində Zeynəbin və körpəsinin həyatla ölüm arasındakı mübarizəsini gözləyən zaman həyatda tək olduğunu dərk etməyə başlamışdı. Hələ dünən nəticəsi bəlli olmuş imtahanlara sevinə bilmədən Zeynəbin halı pisləşmiş, təcili əməliyyata alınmışdı. Havin heç imtahandan keçdiyini, universitetə daxil olduğu xəbərini belə verə bilməmişdi Zeynəbə. İndi Havin xəstəxanada keçmək bilməyən dəqiqələrin Zeynəbi həyatdan qopardığının fərqində idi.
Budur, əməliyyat otağının qapısı açıldı. İri cüssəli ,sərt mizaclı həkimi görən kimi Havin tələsik həkimin qarşısına qaçdı. Həkim soyuqqanlılıqla başını bulayıb Havinin yanından ötüb keçdi.
Bu da son... Vəfasız bir sevginin sonu... Bir həyatın sonu... Ya da iki həyatın... Bəlkə də üç...
Daha sonra tibb bacıları Havinin önündən əməliyyat otağına, ordan da təkrar başqa otağa girib çıxdılar. Havin sadəcə gözünün önündə hərəkət edən qaraltılar görürdü. Dəhlizin ortasında dayandığından tələsik o yana bu yana qaçışan tibb bacıları qızı çiynindən itələyib dəhlizin kənarına sovurdular. Ayaqüstə dayanmağa çətinlik çəkirdi, əlini divara atıb özünü dəstəklədi. Tibb bacısı qolundan tutub dəhlizdəki oturacaqda əyləşdirdi - “Uşağı keçib yenidoğulanlar palatamızda görə bilərsiniz, cənazəni isə bir-iki günə sizə təhvil verəcəklər”

***

Havin günlərlə yenidoğulanlar palatası, morq və baş həkimin otağı arasında qaldı. Cənazəni necə təhvil alacağı, harda dəfn edəcəyi haqqında heç bir fikri yox idi. Düz bir həfdə baş həkimə dil tökdükdən sonra nəhayət ki, Zeynəbin kimsəsizlər qəbiristanlığında dəfn olunması, körpənin Havinə təhvil verilməsi üçün baş həkimin razılığı alındı. Bu bir həftə ərzində Havin bir gün belə olsa xəstəxananı tərk etmədi, gecəni belə xəstəxananın həyətindəki oturacaqlarda, xəstə yaxınlarının gözləməsi üçün yerlərdə keçirtdi.
Dayanmadan Murada zəng edir, mesaj göndərir bu vəziyyətdən çıxış yolunu təkcə Muradda görürdü. Murad isə qızın heç bir zənginə cavab vermir, sanki kar və kor olmuşdu. Nəhayət ki, israrlı mesajlardan sonra Muraddan cavab mesajı görəndə Havinin ürəyində az da olsa ümid işiğı yanmışdı. Lakin anidən yandığı kimi anidən də qasırğada batan gəmi misali qaranlıq sulara gömülmüşdü o ümid. “Həyatımı məhv etməyinə imkan verməyəcəm” Bu Muradın oğlu olmasına göstərdiyi “sevinc” hissi idi.
Beləcə Havin bu yolda artıq tək olduğunu qəbul etmiş oldu. Xəstəxananın həyətində oturub nə edəcəyini düşünməyə çalışırdı. Hardansa qulağına mahnı səsi gəlir, onsuzda gərgin olan sinirlərini tarıma çəkirdi. Başını qaldırıb ətrafına boylandı. Xəstəxananın giriş qapısında gül satan iri gövdəli, şişman, buruq saçlı roman qadın bir yandan gül almaları üçün insanları çağırır, bir yandan mahni zümzümə edirdi.
İlk baxışdan qadının qırışmış sifəti, qara buruq saçları əndamına yaraşmayan al-əlvan geyimi Havinin diqqətini çəkmişdi. Deyəsən elə Havin də çarəsiz, miskin duruşu ilə roman qadın Gülnazın diqqətini çəkmişdi ki, hər dəfə həyətdə onu görəndə elə uzaqdan, heç yaxınlaşmadan ona gül təklif edərdi. Havin isə acı-acı gülümsəyər, başını yelləyib “yox” deyərdi. Beləcə onların arasında illərlə davam edəcək dostluğun ilk addımı atılmış, hər ikisinin kürəyinə yük olacaq, hər kəsdən saxladıqları yalanın təməli qoyulmuş oldu. Kim bilə bilərdi ki, bu həyatda heç üzü gülməmiş, kimsəsiz, hamının dəli sandığı roman Gülnaz ilə Midyatdan nigah masasından qaçıb gəlmiş Havinin həyat yolu İstanbulda bir xəstəxanada kəsişəcək və bu iki qadın həyat yolunu birlikdə addımlayacaqlar.

***

Baş həkimin qəraıi ilə Ümid körpəni tibb bacısı gətirib Havinin qucağına verdi. Havin hər şeydən xəbərsiz bu məsul körpə ilə hara gedəcəyini və bundan sonrakı yaşamını necə davam etdirəcəyini bilmirdi. Amma əmin olduğu tək bir şey var idi, əsla bu körpəni tərk etməyəcəkdi. Körpəni bərk-bərk sinəsinə sıxıb aşağı mərtəbəyə -morqa endi. Lazimi sənədlərə qol çəkib qeydiyyat masasındakı tibb bacısına qaytardı.Tibb bacısı aşağıdan yuxarı Havini və qucağında durmadan ağlayan körpəni süzüb:
-Təksiz? Bəs köməyə gələn yoxdur? – soruşdu
Havin başını yelləyib, gözünü morqun qapısına zillədi
-Yaxşı, keçin çıxış qapısında gözləyin, cənazəni sizə təhvil verəcəklər. Baş həkim tapşırıb, bu da dəfn üçün sənədlərdir.Yəqinki cənazə maşını da harda olsa gələr indi.
Havin tələsik sənədləri də götürüb özünü dəhlizdəki çaxnaşmanın arasından bir-təhər çıxış qapısına atdı. Deyəsən yaxında nəqliyyat qəzası olmuşdu, xəsarət alanlar xəsdəxanaya gətirilirdi.
Həyətə çıxan kimi ətrafa boylandı, cənazə maşını təcili yardım maşınlarının arasından sıyrılıb qapıya tərəf yaxınlaşırdı. Elə bu anda iki nəfər xəstəxana işçisi cənazəni gətirib Havinin qarşısına qoydular, maşının gəlməyini gözləmədən uzaqlaşdılar.
Xəsdəxanada yeni gətirilən xəsarət alanlara görə təlaş davam edirdi. Maşından enən sürücü ətrafa nə qədər boylansa da bir nəfər tapmadı ki, tabutun kənarından tutsun maşına qoysun. Həkimlər, tibb bacıları, morq işçiləri yaxınlaşan təcili yardım maşınlarına tərəf tələsirdi. Naəlac qalan yaşlı sürücü üzünü Havinə tutdu:
-Qızım, bir əl at cənazəni maşına qoyaq
Havin ətrafına göz gəzdirdi, həqiqətən də kömək edəcək heç kim yox idi. Adyala bükülmüş, ağlamaqdan göyərmiş körpəni sinəsindən ayırıb tərəddüdlə kənara, həyətdəki yaşıl otların üstünə qoydu. Tabutun kənarından yapışıb güc bəla maşına yerləşdirilməsinə kömək etdi. Cəld çevrilib otların üstündən körpəni götürməyə tələsdi. Körpə otların üstündə yox idi.
Havin gözlərinin qaraldığını, başının gicəlləndiyini his etdi. Elə bu an qolundan güclü bir əl tutub yığılmağına imkan vermədi.
Başını qaldıranda roman qadın Gülnaz Havin ilə üzbəüz dayanmışdı və Ümid körpə Gülnazın gül səbətində şirin yuxuya getmişdi.

***
Dəmir qapı çırıltı ilə açıldı. Nadir bayaqdan əli tətikdə qapıda Havini gözləyirdi. Qızın maşına tərəf getdiyini görəndə təəccübləndi:
-Ağam hara gedirsiz, bəs biz can almağa...
Əlini belindəki silahinin üstünə qoydu. Havin gülə-gülə qapını açıb sükan arxasına keçdi.
-Öldürmək üçün hər zaman silaha ehtiyac yoxdur, Nadir dayı. Bəzən atəş etmədən də can almaq olur.
Nadir hec nə anlamadan sakitcə keçib sərnişin oturacağında əyləşdi.

***

Yağış şiddətini artırmışdı. Havin yağış damcılarnının sədası altında Gülnaz nənəsinin lay-layı ilə mışıl-mışıl yatan Ümidə sarılıb çoxdandı gözlərində ərşə çəkilmiş yuxuya dalmışdı.

Tahsin kişi çardağın altında günəşin doğmasını gözləyirdi. Artıq onun sabaha ümidi var idi. Məlahət isə Muradın məzarı başında saç-başını yolur, göz yaşları sel olurdu. O həyat davasında ikinci dəfə məğlub olmuş, ikinci dəfə oğul itirmişdi....

# 667 dəfə oxunub

Oxşar xəbərlər

Anka - Orxan Həsəninin yeni hekayəsi

Anka - Orxan Həsəninin yeni hekayəsi

16:21 3 iyun 2025
Tanımal Mustafa - İkinci Mahmudun hekayəsi

Tanımal Mustafa - İkinci Mahmudun hekayəsi

18:01 30 may 2025
Xəncər - İlyas Əfəndiyevin hekayəsi

Xəncər - İlyas Əfəndiyevin hekayəsi

17:00 26 may 2025
Atam və mən - Nobel mükafatçısının hekayəsi

Atam və mən - Nobel mükafatçısının hekayəsi

15:30 23 may 2025
Gilənar çiçəkləri və fleyta - Günün hekayəsi

Gilənar çiçəkləri və fleyta - Günün hekayəsi

18:38 22 may 2025
Tapdığın avtobusu - Tağı Türkün hekayəsi

Tapdığın avtobusu - Tağı Türkün hekayəsi

10:40 20 may 2025
# # #