Bu gün görkəmli yazıçı, dramaturq İsi Məlikzadənin doğum günüdür.
Kulis.az bu münasibətlə ədibin məşhur "Gümüşgöl əfsanəsi" povestindən bir hissəni təqdim edir.
Günlərin bir günü Yavər gülə-gülə, sevinə-sevinə gəldi ki, bəs qurtardım o qıznan, bu gen dünyada bir o qala, bir mən, genə almaram onu...
Neçə vaxt idi ki, Yavər qızlardan uzaq gəzirdi, daha evlənməkdən söhbət salmırdı, ancaq dünən sevinə-sevinə dedi ki, dostlar, Fidan adlı bir qıznan tanış olmuşam, bu qız qiyamət qızdı, mən ömrümdə belə ağıllı-dərrakəli, gözəl-göyçək qız görməmişəm.
Dedi ki, bu qızın böyük qardaşı tarix elmləri namizədidi, universitetdə baş müəllimdi - qohumların, dostların uşaqlarını instituta şappiltıynan düzəldəcəyik; ortancıl qardaşı avtomobil müfəttişidi - daha Orxanın maşınına dəyibdolaşan olmaz; kiçik qardaşı ərzaq mağazasının müdiridi - ətimiz, yağımız havayı gələcək; anası qənnadı fabrikində ustadır. Hem də deриtatdır, amma dürüst bilmirəm haranın deputatıdır-bir müşkül işimiz olanda salarıq qabağa; Fidan özü də, gözünüz aydın, uşaq həkimidir - körpələrimiz xəstələnəndə day təcili yardım-filan çağırmayacağıq.
Yavər dedi, dostlar, mən Fidanın dərdindən ölürəm, Fidan da mənim dərdindən ölür, iki dünya bir olsa, genə alacam onu. Sonra da dedi ki, sizin barənizdə Fidana çox danışmışam, sabah axşam saat yeddidə "İyirmialtılar" metrosunun qabağında üçümüz də Fidanla görüşməliyik, sizi restorana aparacam...
Onlar bu axşam saat yeddidə "İyirmialtılar" metrosunun qabağında dayanıb gözlədilər, gözlədilər, Fidan gəlib çıxmadı. Yavər heç eynini də pozmadı, saatına baxıb gülümsəyə-gülümsəyə dedi:
- Yəqin Fidanın vacib işi olub... Eybi yoxdu, bu gecəmizi onsuz keçirərik. Gəzə-gəzə restorana gedəndə də, liftə minib on ikinci mərtəbəyə qalxanda da, Orxan yalnız Yavərlə Fidan barədə düşündü.
Düşündü ki, qızla tanışlıq əhvalatını, deyəsən, Yavər özündən uydurub. Fidan yəqin Yavərin yaxşı qız tapmaq arzusundan yaranıb...
İndi Yavərlə Səfa Orxanın lap yaxınlığında rəqs edirdilər. Yavər qızın qulağına nəsə pıçıldayırdı, qız da gözlərini Orxana zilləyib xoşbəxt-xoşbəxt gülümsəyirdi. Yavərin əhvalının duruluğu Orxanın Fidan barədəki şübhəsini bir az da artırdı. "Ola bilməz ki, sevdiyin qız görüşə gəlməyə, sən də qətiyyən vecinə almayasan bunu. Bu Yavər lap mat qalmalı adamdı. Bayaq metronun qabağında elə bil Fidanın gəlməməyinə sevinirdi. İndi də sevinir. Odu ey, zalımın üzündə guya gül bitib".
İndi Orxan Yavərin sifətini bütöv görürdü. Yavər elə fərəhlənirdi, deyirdin, bəs dünyanın ən bəxtəvər adamıdı. Yavərlə Səfa yavaş-yavaş Orxandan uzaqlaşdılar. O biri oynayanların arasına girhagirdə Yavər başını qəflətən irəli uzadıb, tez də çəkdi və Orxana elə göründü ki, Yavər Səfanın boynundan öpdü. Orxanın təpəsindən dabanına qədər bir ağrı zolağı keçdi.
Birdən-birə qulaqlarında qopmuş uğultu ətrafdakı bütün səs-küyü batırdı. Elə bil adamlar musiqiyə deyil, onun qulaqlarındakı uğultuya oynayırdılar. Orxan istədi durub elə buradaca Yavəri şillələsin, ayaqlarının altına salıb çığnasın. Bu dəm Səfagil rəqs edə-edə Orxana yaxınlaşdılar. Orxan baxıb gördü ki, Səfa yenə ala gözlərini ona zilləyib ilıq-məhrəm bir təbəssümlə gülümsəyir. Əllərinin əsməcəsi dayanmasa da, Orxan içində bir sərinlik, arxayınlıq duydu.
"Yavər belə qələt eləyə bilməz. Yoxsa, Səfa o dəqiqə dərsini verərdi onun. Səfaya bələdəm mən. Səfa kişilərin çoxundan qeyrətlidi".
Rəqs qurtardı. Yavər stolun arxasına keçən kimi badələrə konyak süzdü. Onun şüşə tutan əli titrəyirdi. Bunu görəndə Orxanın beyninin qurdu təzədən tərpəndi. Yavərin əlinin əsməyi təbdən çıxartdı onu. "Bu nə murdar fikirdi girib mənim beynimə? Bəlkə bayaq məni qara basmışdı, bəlkə kefliyəm mən?" Üç adam bir şüşə konyakı hələ yarı eləməmişdi.
Nə keflilik? Orxan nə qədər içir-içsin, ağlı-huşu yerində olur, gözləri də ağı qaradan seçir. Orxan ayıq-sayıq gözlərilə gördü ki, Yavər Səfanın boynundan öpdü. Öpdü, öpdü, öpdü... Orxan Səfanın boynuna baxdı, guya Yavərin dodaqlarının izini görəcəkdi orda. Səfanın boyun-boğazı tərtəmiz idi, ağappaq idi. Yanaqlarındakı allıq-qırmızılıq da çəkilib getmişdi. Üzünün dərisi süd rəngində idi. Bu süd rəngi Orxana xoş gəlirdi, illah da gecələr: ay işığında, elektrik işığında elə bil bu ağlıq bir az da artırdı. Yavər badəsini götürüb sağlıq demək istəyəndə, Orxan onu sancmaq həvəsinə düşdü.
- Tamadalıq da bir istedaddı, - dedi. - Sən, görünür, mahir tamadalardansan.
Yavər Orxanın sözlərindəki lağı başa düşmədi. Gülə-gülə:
- Qoy oturmuşuq, - dedi.
Yavərin səsindən də Orxanın zəhləsi getdi. Yəni kişi səsidi bu? Yer üzündə belə ət tökən səs yoxdu. Eşidəndə adamın bədəni çimçişir. Nə əcəb Orxan bu vaxtacan fikir verməyib buna? Fikir verməyib ki, Yavərin səsi siçan ciyiltisinə oxşayır? İndi Yavərin nazik, qara bığından da, aypara qaşlarından da, azacıq üzdə olan dəyirmi gözlərindən də Orxanın zəhləsi getdi. Sən demə, Yavərin üzü körpə qız üzü kimi totuq imiş, dodaqları sallaq, işıltılı imiş, səliqəylə yana daradığı yumşaq saçlı yağlı, parıltılı imiş. Oğlan xeylağı da bu qədər sığallı-tumarlı olarmı?
Orxan dedi:
- Sənə əməkdar tamada adı versələr, halaldı.
Yavər Orxanın içini didib-dağıdan qəzəbdən xəbərsiz idi, ona görə də onun sözlərindəki acılığı, eyhamı duymadı.
- Zarafatsız, məndə tamadalıq məharəti var, - dedi. - Bu yaxınlarda bir dostumun qardaşının toyu idi. Nazirlər sovetində işləyir o dostum. Məclisə böyük vəzifəli adamlar toplaşmışdı. Heç kim ağsaqqallığı boynuna götürmədi. Axırda məni verdilər qabağa. Bilirsən, necə tamadalıq elədim? Canımçün, hamınım ağzı açıla qalmışdı.
Orxan açıq-aşkar istehzayla:
- Yox, əşi, - dedi.
Orxanın səbbini almaq üçün Səfa stolun altında ayağını onun ayağına toxundurdu. Orxan basılmadı.
- Lap hamının ağzı açıla qalmışdı? - dedi. - Böyük vəzifəli adamların da ağzı açıla qalmışdı?
Yavər Orxanın bu sualından təəccüblənə-təəccüblənə:
- Böyük vəzifəli adamları nə bilmisən? - dedi. - Onların içində elələri var ki, üç cümləni dal-dala qoyub danışa bilmirlər. Tamadalıq savadnan, vəzifəynən deyil, ha.
Səfa bayaqdan başa düşmüşdü ki, Orxan söhbəti qəlizləşdirmək niyyətindədir. Orxanın dizinin kündəsini ustufca sıxdı. Orxan qızın səssiz-sözsüz xahişinə, yalvarışına məhəl qoymadı. Yavərin dəyirmi gözlərinin içinə baxa-baxa soruşdu:
- Sənin ki belə məharətin var, nə əcəb toylarda pulnan tamadalıq eləmirsən?
Yavər dillənmək istədi, ancaq Orxan ağzını açmağa macal vermədi. Dedi:
- Sən alverçisən, Yavər, bilirəm. Aldığın məvacib hara, xərclədiyin hara? Layka plaş, dublyonka, cins şalvar, importni cir-cindır satırsan.
Yavərin gözlərindəki təbəssüm o saat silinib getdi. Badəni süfrəyə qoyub çaşqın-çaşqın gah Orxana baxdı, gah Səfaya. Qız Orxanı daha işarə, him-cim eləmirdi; iş-işdən keçmişdi. Orxan soruşdu:
- Alver eləmirsənsə, bu qədər pul səndə hardandı? Hə?
Yavər acı-acı gülümsədi:
- Heç səndən soruşurammı ki, "Jiquli"ni nəynən almısan?
Orxan belə sual gözləmirdi; bir az tutuldu, dirənə-dirənə cavab verdi:
- Məlumdu necə almışam... Hamı bilir... Kömək eləyiblər... Anam otuz beş ildi sahə həkimi işləyir. Bacım, yeznəm xaricdə... Lap tutalım ki, maşını mənimçün alıblar? Nə olsun? Halal pulnan alıblar, amma sən...
Səfa, yalvarırmış kimi, astadan:
- Orxan, bəsdi də, dedi.
Yavərin gözlərinə çökmüş çaşqınlıq tez də çəkilib getdi, dodaqlarında sirli bir təbəssüm dolandı. Onun əhvalındakı bu qəfil dönüş də Orxana xoş gəlmədi. Orxan şəhadət barmağını Yavərə tuşlayıb:
- Sənin xərclədiyin pul, haram puldu, - dedi.
Yavər gərginliyi sındırmaq üçün bu sözləri zarafata salıb güldü.
- İstəyirsən məni hirsləndirəsən, - dedi, - amma hirslənməyəcəyəm, havayı zəhmət çəkirsən. Sənin danışığın yadıma bir dostumu saldı. Şairdi, özü də yaxşı şairdi. Hərdən şəhərdə darıxanda cumur rayonlara, kəndlərə. O tərəflərdə onu yaxşı qarşılayırlar. Rayon rəhbərləri süfrə açırlar onunçün, süfrədə - day nə deyim - can dərmanı, naz-nemət... Şair dostum yeyir, içir, sağlıq deyir, onun da sağlığına dönə-dönə badə qaldırırlar. Axırda, canını yediyim şair keflənir, olur lül atəş, başlayır ev yiyələriynən dalaşmağa. Deyir, siz juliksiz, oğrusunuz, siz kəndlilərin qaını içirsiniz, bu süfrədəkiləri özünüz qazanmamısınız. Nə başını ağrıdım, şair qardaş ev yiyələrinin aşının suyunu verir. Ev yiyələri də neyləsinlər - dayanıb baxırlar bir-birilərinin üzünə... Şair dostum yatıb-ayılandan sonra elədikləri yadına düşür, xəcalətdən qaçır ordan. O yerdə ki işləri korlayıb, day ora getməyə ömür-billah üzü gəlmir. Bir dəfə ona dedim, a, bu nə xasiyyətdi səndə? Vallah, elə eləyəcəksən, axırda ayaq basmağa rayon, kənd tapmayacaqsan bu boyda Azərbaycanda. Deyir, elə bilirsən nanəciblikdən belə eləyirəm? Yoox, deyir, içki məni götürəndən sonra dumanlı beynimdə bircə fikir dolanır. Fikirləşirəm ki, əyə, belə də iş olar? Bura gəlirəm, bunlar məni qonaq eləyirlər, bunlar Bakıya gəlirlər, orda da yenə bunlar məni qonaq eləyirlər. Öz-özümə deyirəm, əyə, ay tifağı dağılmış, bəs sən nə vaxt kişi olacaqsan? Nə vaxt sənin cibin imkan verəcək ki, bunları bir stolun başına yığasan? Baxıram onların süfrəsinə, görürəm yox, qardaş, belə süfrə açmağa mənim heç vaxt qeyrətim çatmayacaq, qarnımın borcunu qaytara bilməyəcəyəm. Bax, onda cin vurur təpəmə, mən də dalayıram, sancıram camaatı...
Yavər köks ötürüb susan kimi Orxan dedi:
- Göydən üç alma düşdü.
Yavər kürəyini stulun söykənəcəyinə dirəyib, gülümsəyə-gülümsəyə:
-Neynək, - dedi, -hesab elə ki, sənə kiçik, müasir bir nağıl danışdim bu gecə.
Səfa Orxanın qolundan yapışıb təntik-təntik:
- Qalxaq, dedi, - havam çatmır burda. - Mehmanxananın qarşısında Yavər onlarla xudahafizləşdi.
- Sabah Fidan mütləq gələcək. Yenə həmin vaxt "İyirmialtılar" metrosunun qabağında görüşək. Sabah başqa yerə gedərik... "Moskva" restoranına. Gəlin ha, Orxan.
Yavər dönüb uzaqlaşdı. Səfa Orxanm enli sinəsini yumruqlarıyla döyəclədi.
- Kobudun biri kobud... Vəhşi... İnsafsız... Axı, yazıqdı Yavər, niyə qəlbinə dəydin onun?
Orxan qızın yumruqlarmı iki əliylə tutub sinəsinə sıxdı.
- Yavər arsızlıq elədi bu gecə.
- Bizə görə özünü şən aparırdı o. İstəmirdi ki, bizim qanımız qaralsın.
- Sənin bu iş yoldaşın sırtığın sırtığıdı. Hələ utanmaz-utanmaz bizi sabah restorana dəvət eləyir.
Səfa az qala ağlamsına-ağlamsına dedi:
- Axı niyə başa düşmürsən ki, bu, restorana dəvət deyildi, söyüş idi, məzəmmət idi, ay...
Orxan Səfanı özünə tərəf çəkib, gözlərindən öpdü. Qız dartınıb, mehmanxananın qabağındakı adamlara ürkək-ürkək baxdı.
- Onlardan utanmırsan? - dedi və Orxanın qoluna girdi. Asta-asta bulvara doğru addımladılar. Göydə yepyekə, ağappaq bir ay vardı, hər yan bəyaz işığa qərq olmuşdu. Bu bəyaz işıqda Orxanın gözləri qaranlıq bucaq axtarırdı, çətirli ağacların altında boş skamya axtarırdı. Qız isə qəsdən onu adamların gur yerinə çəkirdi.