Cəllad - Sədi Çoban

Sədi Çoban

Sədi Çoban

9 dekabr 2022
# 16:30

Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Sədi Çobanın "Cəllad" hekayəsini təqdim edir.

Cəllad iki qurbanının boynunu vurduqdan sonra çönüb üçüncüyə baxdı. İnsanlar hey qışqırırdılar. Bir an öncə onun da başını yerdə görmək istəyirdilər. Cəllad baltanı başının üstə qaldırsa da tərəddüd etdi. Nə düşündüsə, baltanı yavaşca aşağı endirib bir neçə addım geri çəkildi. Meydan bir anda sükuta qərq oldu. Cəllad alətlərinin olduğu yerə gedib baltanı bir kənara atdı. Çoxdandır işlətmədiyi qılıncını çəkib bu günlük sonuncu qurbanı olan qıza yaxınlaşdı. Onun saçlarını ehmalca yığıb sinəsinə tökdü. Və... və vaxt itirmədən qılıncı kürək nahiyəsindən qızın qəlbinə yeritdi. Bu, görünməmiş bir mənzərə idi. Cəllad adətinə xilaf çıxaraq edam məhkumunun boynunu vurmamış, sadəcə olaraq onu öldürmüşdü. Daim kəsik başa və bədənə tamaşa edən gözlər, indi heyrət və "niye?" sualı ilə cəllada zillənmişdi. Niyə o belə bir ölüm üsulu seçmişdi?
Səslər yüksəldi:

– Hə, yəqin, onu sevirmiş...

– Bəlkə, onun qohumudur?

Lap arxadan biri qışqırdı:

– Yox, heç biri deyil. Cəllad başı kəsərək o gözəl üzü ayaqlar altına atmaq istəmədi sadəcə...
Fərziyyələr bir-birinin ardınca gəlməyə başladı.
Cəllad isə heç kimə cavab vermədi, yavaş hərəkətlərlə əşyalarını yığmağa başladı.
– Maskanı çıxart.
– Hə çıxart onu!
Bəziləri bəlkə üzünü görsələr onun niyə belə etdiyin təxmin edəcəklərini düşünürdülər.
– Karsan?!
Cəllad çönüb bunu deyən adamın gözlərinin içinə baxdı. Adam qorxdu:
– Mən şey... elə demək istəmədim...
Kim olduğu bilinməyən, heç vaxt üzü görünməyən cəllad ayağa qalxdı. Arxasını kütləyə çevirib saraya – qala divarlarına doğru getməyə başladı.
O, gülürdü, bəli gülürdü. Maskanın altından qımışır, qəhqəhə çəkməmək üçün özünə güclə hakim olurdu.
Cəllad qala qapılarından içəri keçib gözdən itənə kimi hamı onu izlədi.
Meydan boşalmağa başlasa da hələ qalanlar var idi. Onlar bir açıqlama gözləyirdilər, amma heç bir izah olmadı. Əsgərlər önə çıxıb kütləni dağıtdı...
Otağında qılıncını yuyan cəllad hələ də gülürdü. Çöldən addım səsləri eşidildi. Qapı təpiklə açıldı. Kralın qəzəblə parıldayan gözləri onu axtarıb tapdı:
– Bu gün göstərdiyin o tamaşa nə idi?!
– Oradaydınız?
– Əlbəttə, yox. Amma nə etdiyini az qala bütün şəhər danışır.
– Deməli işə yarayıb – cəllad ayağa qalxıb kralla üzləşdi.
Kral içəri keçdi:
– Nə işə yarayıb? – O, cavab tələb edirdi.
– Mən işimi gördüm. 3 leş təhvil verməli idimi, verdim.
Qılıncı silib qınına keçirdi və masanın üstünə qoydu.
– Özünü axmaq yerinə qoyma – kral bir az da ona yaxınlaşdı. – Nə dediyimi bilirsən.
– Yaxşı. İzah edim. Mən siz dediyiniz kimi məhz bir tamaşa göstərdim. O meydan, o səhnə, o tamaşaçı mənimdir. Diqqət mərkəzində olmalı olan, müzakirə edilməli olan mənəm, o zibil məhkumlar yox. Əsas işi mən görürəm, amma alqışlanan, xatırlanan o leşlər olur. Bu gündən sonra bu gedişat dəyişəcək.
– Yəni sən o qızı tanımırdın, sadəcə əyləncə olsun, kütlə səni görsün deyəmi qaydalardan kənara çıxdın? – kral heyrətlə ona baxırdı.
Cəllad güldü. “Kralı da təəccübləndirə bilmişdi”:
– Baxın, indi onlar gedib bu gecə məni müzakirə edəcəklər, göstərdiyim o kiçik səhnəcik şəhər boyu yayılacaq. Hamı məndən danışacaq. Əlahəzrət, xalq həmişə sizi müzakirə edəcək deyil ki. Bir az da biz gündəmdə olaq. Və gələn dəfə meydan ağzına kimi dolu olacaq. Bu, indidən məni həyəcanlandırır – o, əlini əlinə sürtdü və əlavə etdi – əgər başqa sualınız yoxdursa, mən tələsirəm. Şəhər boyu gəzib içki məkanlarına baş çəkməli, özüm barədə uydurulan əhvalatlara qulaq asıb həzz almalıyam.
– Sən xəstəsən! – kral iyrənmiş kimi ona baxırdı. O, çönüb otaqdan çıxdı.
Cəllad ucadan gülüb kralın arxasınca qışqırdı:
– Əlbəttə, xəstəyəm. Bu pis işi ancaq mənim kimi xəstə biri görə bilər.

# 1707 dəfə oxunub

Oxşar xəbərlər

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

Yay tətilini necə keçirdim - Əli Zərbəlinin hekayəsi

11:24 22 noyabr 2024
İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
# # #