44 - Anar Şamilin hekayəsi

44 - Anar Şamilin hekayəsi
10 noyabr 2026
# 12:08

Kulis.az Anar Şamilin “44" hekayəsini təqdim edir.

Qapının yanında dayanan kök kişi ətrafındakıları izləyir, növbəsinə girə biləcək adamları əvvəlcədən müəyyənləşdirməyə çalışırdı. Əynində qolu yarıya qədər qatlanmış, ütülü, klassik köynək vardı. Əl yaylığını boynuna salmışdı. Analiz cavablarını bacardığı qədər səliqəli tutmağa çalışırdı. Bəzən bunu unudur, barmaqları ilə sıxıb əzir, vərəqləri yenidən səliqə ilə bir-bir düzərək digər əlinə alırdı. Köynəyinin ətəyini dəfələrlə düzəltməyə çalışısa da, buna nail ola bilmirdi. Köynək kəmərdən çıxırdı.

İçəridən gələn səsin qapıya yaxınlaşdığını hamı eşitdi. Qapının önündə gərginlik yarandı. Növbə nömrəsi altı olan içəridəki xəstə çölə çıxarkən kök kişi özünü dərhal otağa atmaq istədi. Lakin yenicə gəlmiş qadın onu qolundan tutub saxladı.

- Dayan görüm, nömrən neçədir?

Kök kişi əsəbi halda cavab verdi.

- Yeddi. Nə dəxli var?

- Beşdir məndə.

Kök kişinin əsəbindən sifəti qızarmışdı. O anlayırdı ki, qadın öz növbəsini buraxmışdı, lakin bunu qadına sübut edə bilməyəcəkdi. Bu səbəbdən deyə bilməyəcəyi sözlərin hamısını özündə saxlamağa çalışırdı. Qadın isə artıq həkimin qəbulunda idi. Pərviz əllərini çarpazlayıb divara söykənmişdi. Ətrafında baş verənlərə fikir vermirdi. Sadəcə bir dəfə kök kişinin sifətinə baxıb gülümsədi. Dəhlizdə səslənən rəqəmləri eşidəndə əlindəki kağıza baxdı. Üzərində 44 yazılmışdı. Rəqəmlərin oyatdığı xatirələr onun əhvalını tamamilə dəyişdi. Daxilindəki həyəcan artıq zahiri görkəmində də özünü büruzə verirdi. Növbə vərəqinə təkrar baxdığı üçün özünü danladı. Başını qaldırıb ətrafına göz gəzdirdi. Səs-küy artıq yox idi, hər kəs sakitcə bir boşluğa baxırdı. Pərviz belə hallarda adəti üzrə kənardakı səs küydən daxili həyəcanını azaltmaq üçün istifadə edirdi. Özünü idarə edə bilmək üçün əlindəki kağızı büküb açmağa başladı. Getdikcə hərəkəti sürətlənirdi. Alnında tər damcıları görünürdü. Dərindən nəfəs aldı. Düşdüyü vəziyyətin başqaları tərəfindən fərq edilməsini istəmirdi. Özü eşidəcək dərəcədə səsləndirdi: “Sakitləş... Keçdi... Hər şey keçmişdə qaldı”

- Hara gedirsən?

Kök kişinin yenə növbəsinə girmişdilər. Yenidən səs küy yarandı.

- Bayaq birini buraxdım. Mənim növbəmdi. Yeddiyyəm..

- İstəyirsən qırx yeddi ol, mən gedəcəyəm.

Səs-küy Pərvizin köməyinə çatdı. Baş verən münaqişə onu daxilindəki narahatlıqdan uzaqlaşdırırdı. Kağızı bükməyi dayandırdı, nəfəs alması düzəlməyə başladı.

Kişi oğlanın sinəsindən yapışdı.

- Heç kimi qoymaram!

Oğlan onun əlindən çıxıb boğazından tutdu. Qolları titrəyirdi. Gözündə qəzəb var idi.

- Mən... qaziyəm... Sən burda kef edəndə mən..

Baş verənləri izləyərək sakitləşməyə çalışan Pərviz qəfil onlara yaxınlaşdı. Oğlanın çiyninə arxadan əlini qoydu. Oğlanın üz ifadəsi dəyişdi. Pərviz əlini onun çiynində saxlayaraq qulağına pıçıldadı:

- Burax... Sakitləş.. Vəziyyət nəzarətdədir..

Oğlan üzünü çevirib diqqətlə Pərvizə baxdı. Sonra kişinin boğazını buraxdı. Kişi yerdə oturaraq özünə gəlməyə çalışdı. Pərviz oğlana işarə etdi:

- Sən keç.

Oğlan axsayaraq içəri keçdi. Pərviz kişiyə baxdı. Kök kişi aşağıdan yuxarı nifrətlə Pərvizə baxdı.

- Mən idim axı növbədə.

Pərviz əyilərək onunla göz səviyyəsinə gəldi.

- Mən burada dayanıram və bundan sonra sənin növbənə heç kimi buraxmayacağam. Razılaşırıq?

Kişi cavab vermədi. Üzünü çevirib əks tərəfə baxdı.

Pərviz anlayırdı ki, verilən təqaüdlə indi dolanmaq mümkün olsa da, ailə böyüdükcə çətinləşəcək. Bu səbəbdən bir neçə iş yerinə müraciət etmişdi. Keçən həftə mağazada mühafizə işi ilə bağlı müraciətinə müsbət cavab vermişdilər. Sənədlərin tamamlanması məqsədilə xəstəxanadan tibbi arayış almalı idi. Səhər ürək həkiminin müayinəsindən keçdikdən sonra möhürün vurulması üçün baş həkimin qəbuluna gedəcəkdi. Lakin kök kişiyə yardım etdikdən sonra bu günlük missiyasının bitdiyini hiss etdi. Daxilindən gələn hansısa səs ona sabah daha yaxşı olacağını deyirdi. “Bir işin dalınca gedərkən dava-dalaşla rastlaşırsansa, o işi sabaha saxla. Əks halda, uğursuzluq gətirəcək”. Nənəsi bu fikri ona o qədər təkrarlamışdı ki, Pərviz artıq belə hadisələri asanlıqla müəyyənləşdirə bilirdi.

Evə qayıtmazdan əvvəl yolda həmişə getdiyi kafelərdən birinin qapısının qarşısında dayandı. Tələbəlik illərində Reyhanın sayəsində belə məkanlara alışmışdı. Yoxsa nənəsinin yanında böyümüş kənd uşağı üçün bu cür yerlər çox yad idi. Hər dəfə bura gələndə ilk dəfə burada sifariş verdiyi anı xatırlayırdı. Həmin vaxt Reyhan sakitcə dayanmışdı. Pərviz ona danışmamağı tapşırmışdı. Kənarda, dodaqlarının altında gizlətdiyi təbəssümlə onu izləyirdi.

- Buyurun.

- Ən yaxşısı hansıdır?

- Zövqə bağlıdır. Bizdə espresso, americano, kapuçino, latte, mokka var. Espresso qatı və tünd qəhvədir. Americano daha yüngüldür. Kapuçino südlü köpüklə hazırlanır, latte isə daha çox südlü olur. Mokka şokoladlı qəhvədir. Soyuq içkilərdən də frape və buzlu latte var.

Barista cümləsini bitirdikdən sonra diqqətlə Pərvizə baxdı. Pərviz isə sürətlə sadalanan adları xatırlamağa çalışırdı.

- Latte nəlidir?

Barista lövhəni göstərdi.

- Buradan daha rahat seçə bilərsiniz. Amma buzlu latte ən yaxşı seçimdir.

Pərviz qapının kandarında dayanmışdı. Keçmişi təbəssümlə xatırladıqdan sonra içəri daxil oldu. Barista ilə səssiz salamlaşdı.

- Latte zəhmət olmasa.

Masalardan birində əyləşmək istədi. Ətrafına göz gəzdirdi. Yeganə boş masa mətbəxin qapısı yanında idi. Qapı ağzında oturmağın ruzisini azaldacağına inandığından kənarda dayanıb gözləməyi üstün tutdu. Qısa müddət sonra masalardan biri boşaldı. Pərviz dərhal boş yeri tutdu. Üzündə bir təbəssüm vardı. Bu günün ilk qələbəsini qazanmışdı. Bu vaxt masadar qəhvəni gətirdi. Pərviz təəccüblə masadara baxdı. Çünki qəhvəni həmişə özü götürərdi. Masadarın ilk iş günü idi. Ona müştərilərə təbəssümlə yaxınlaşmağı öyrətmişdilər. Bu səbəbdən dodaqlarını geri çəkib dişlərini göstərirdi. Pərviz qəhvəni masadarın əlindən götürdü. Qəhvədən bir qurtum alıb pəncərədən çölə baxdı. Anidən baxışları dondu. Beynində xatirələr müharibəyə başladı.

“Dumanlı havada səngərə doğru gələn addımları hiss etmək olurdu. Əzilən torpaq su ilə qarışıb səslər çıxarırdı. Sakitcə dayanıb dəstək qüvvələrini gözləyirdilər. Postu qoyub geri çəkilmək olmazdı. İrəli getsəydilər, sayca çox olan düşmənin açıq hədəfi olacaqdılar. Vaxtı uzatmaq üçün səngərdə müdafiə olunmaq lazımdır deyən qrup komandiri dəstək gəlməsə Şəhid olacaqlarını bildirdi. Pərviz səngərə söykənərək əlindəki qırmızı ipə toxundu. Nənəsini xatırladı. İpi qoluna taxarkən - “Səni bütün bəladan, pis hadisələrdən qoruyacaq” - demişdi. Pərviz səngərin ön tərəfində dayanmışdı. Müdaxilə olarsa ilk reaksiyanı o verməli idi. Anidən addım səsləri dayandı. Səngərə nəsə atıldı. Pərvizin arxasında dayanan Emin, “Qumbara” deyərək qışqırdı. Pərviz donub qalmışdı. Özünü atəş açmağa hazırlamışdı. İndi isə nə edəcəyini bilmədi. Bədəni gərilmiş, sanki hərəkət etmək qabiliyyətini itirmişdi. Beyin gözləmə mövqeyində idi. Arxadan komandirin səsini eşitdi. -Emin dayan-. Emin qabağa keçərək qumbaranın üzərinə atladı.”

Pərvizin diqqətlə baxdığı, çöldə dayanan maşın pəncərə önündən uzaqlaşdı. Xatirlər yenidən geri çəkilməyə başladı. Pərviz qəhvənin masanın üzərinə dağıldığını gördü. Əlləri əsirdi. Yenidən sağ qolundakı qırmızı ipə toxundu. Sakitləşdi. Bu an qarşısında bir nəfər əyləşdi.

- Yaxşı nömrədi hə?

Pərvizi sualı anlamadı.

- Bayaq diqqətlə baxdığın maşın nömrəsini deyirəm. “44 ZA 092”- rus dilində gözəl anlam verir. «za» - «üçün» deməkdir. 44 günlük müharibə 92-ci ildə Xocalıda yaşananların əvəzinə. Ermənistana nə vaxtsa səyahət etsəm, bu nömrəli maşınla gedəcəyəm.

Pərviz rus dilini bilmirdi. Maşının nömrəsindəki 44 rəqəmindən başqa heç nəyə fikir verməmişdi. Qarşısında əyləşən naməlum adamın nə üçün onunla söhbətə başladığını da anlamırdı.

- Adım Sadiqdir, sizi dostumun əsgərlik vaxtı mənə göndərdiyi şəkildən tanıdım.

Sadiq telefonu cibindən çıxarıb ekranındakı şəkli göstərdi.

- Həm qrup yoldaşım, həm də yaxın dostum olub. Hərbi xidmətə bir yerdə getmişik. Döyüşlər başlayanda isə fərqli qruplara bölündük.

Yoldaşı həmişəki kimi onu qapının qarşısında gülümsəyərək qarşıladı. Pərviz bu adətin heç vaxt dəyişməyəcəyinə əmin idi. Çox utancaq olduğuna görə həyat yoldaşını seçməsinə də nənəsi kömək etmişdi. Reyhanın gülüşünə cavab olaraq Pərviz gün ərzində ilk dəfə rahatlıqla güldü.

- Sən iş tapan kimi ilk maaşınla itirdiyin dişlərini bərpa etdirək.

- Mən onları itirdiyim yerlərə indi gedə bilmirəm.

Hər ikisi bir müddət susaraq bir-birinə baxdı. Nəhayət, Reyhan söhbətə başladı.

- Yenə pişik keçib qarşından?

- Yox... Xəstəxanada problem çıxdı.

- Olsun, sabah daha yaxşı olacaq.

Reyhan mətbəxə keçdi. Ayaqqabılarını düzdükdən sonra Pərviz də onun ardınca getdi. Lakin qapının önündə dayanıb divardan asılmış şəkillərə baxdı. Şəkillərdən biri onda Reyhana qarşı mənfi hisslər oyadırdı. Evin dəhlizi balaca və dar idi. Burada paltar dolabı, güzgü və ayaqqabı rəfi vardı. Divardan iki şəkil asılmışdı. Biri nənəsinin sağlığında çəkilmiş son şəkli idi. Nənəsi, o əsgərlikdə olarkən rəhmətə getmişdi. Digər şəkil isə övladının qundaqda olan şəkli idi.

Otağa qaranlıq çökmüşdü. Hər ikisi beli üstə uzanıb tavana baxırdı. Sükut səsini çıxarmadan bütün otağa yayılmışdı.

- Pərviz, bu gün bələdiyyədən gəlib məni və qəsəbədə yaşayan bir neçə qadını kinoteatra apardılar.

- Niyə?

- Yeni nümayiş olunan filmə baxmaq üçün.

- Öz hesablarına?

- Hə.

- Film nədən idi?

- Müharibədən. Bizim müharibədən. Çox ağladım. Biz qadınlar kişilərin haqqını yeyirik. Biz heç vaxt əsgər yoldaşını səngərdə itirmiş bir kişinin hisslərini yaşaya bilmərik.

- Yaşamayın da, heç kim əsgər yoldaşı ilə yataqda uzanmaq istəməz.

Hər ikisi güldü.

- Bəyəndin filmi?

- Filmə baxarkən hə, sonra isə film çox yad gəldi. Sanki bizim yaşadıqlarımız haqqında idi, amma bəzi səhnələr və obrazlar yad idi.

- O necə olur?

- Bilmirəm. Amma məndə çoxlu suallar yarandı.

- Cavablarını tapdın?

- Səndən soruşacaqdım.

- Soruşma məndən..

Sükut çökdü. Pərviz ayağını digər ayağına sıxdı. Yenə başlamışdı. Reyhana bildirməməyə çalışdı. Lakin Reyhan Pərvizin hər axşam təkrarlanan ağrısına artıq öyrəşmişdi. Hərəkətlərindən hər şeyi anlamışdı. Pərvizin əlini bərk sıxdı.

- Ağrıkəsici gətirim?

- Keçəcək.

Pərviz ayağındakı ağrılara alışmışdı. Bu, onun seçimi deyildi. Qalan həyatını həmin ağrı ilə yaşamalı idi.

Səhər yola düşərkən həyətdəki zibil yeşiyinin yanında dayanıb siqaret çəkdi. Bu hər dəfə tərgidəcəyinə söz verib əməl edə bilmədiyi vərdişlərindən biri idi.

Siqaretdən son qullabını alıb özünə söz verdi. Bu gün arayışı alıb sənədlərini yekunlaşdıracaqdı.

Artıq küçələrindən xeyli uzaqlaşmışdı. Dayanacağa doğru yavaş addımlarla gedirdi. Qəfil qara pişik yolunu kəsdi. Pərviz dayandı. Əli ilə işarə edərək pişiyin geri qayıtmasını gözləyirdi.

- Keçmə, qayıt geri.

Qara pişiyin insanların onun haqqında nə düşündüyündən xəbəri yox idi. Ağzında balaca siçanı sıxaraq xoşbəxt şəkildə yolu keçirdi. Pərviz dayanacağa başqa yolla getməli oldu. Bu, daha uzun yol idi. Vaxt itirməmək üçün addımlarını sürətləndirdi. Dünən səhər saat yeddidə xəstəxanada olacağına qərar vermişdi. Növbədə birinci olub müayinədən daha tez keçməyin ən sınanmış üsulu bu idi. Amma səhər oyananda artıq saat səkkiz idi. Yolda insanlar az idi. Uzaqdan başı telefonuna qarışmış, dərsə gecikən bir qız görünürdü. Yaxınlıqdakı məktəb çox böyük idi. Reyhan oğlunun bu məktəbdə oxuyacağını düşünürdü. Lakin Pərviz əvvəlcədən niyyət etməyin uğursuzluq gətirəcəyindən qorxurdu. Nənəsi onu belə öyrətmişdi. Nənəsinin inancları həmişə düz çıxırdı. Pərviz bunu ən gərgin döyüşlərdə sınamışdı. Valideynlərini az yaşlarında itirdikdən sonra nənəsi onun bu dünyada tutunacaq yeganə doğması idi. Buna görə də Pərviz nənəsinin hər sözünü dərs kimi əzbərləmişdi. Nənəsi ilə bağlı xatirələri yad edərkən anidən dayandı. Qarşısındakı açıq kanalizasiya boşluğunun kənarında ayağını saxladı. Daha bir addım atsaydı, dərin quyuya düşəcəkdi. Diqqətlə quyuya baxdı sonra isə yanından keçib addımladı.

Bir müddət getdikdən sonra yenidən dayandı.

- Məktəbli.

Geriyə baxdı. Elə bu an başı telefonuna qarışmış məktəbli qız boşluğa doğru addım atırdı. Səsləyərək, qəzanın qabağını almağa çalışdı. Lakin çox gec idi.

Xəstəxanada təcili yardım otağının qarşısında dayanmışdı. Sağ ayağında kəskin ağrı vardı. Bu, bədəninin alışdığı axşam ağrılarından deyildi. Əli ilə ayağını sıxdı.

Quyuya düşərkən büdrəmişdi. Həmin an ağrını hiss etməmişdi.

Uzaqdan onu müşahidə edən həkim yaxınlaşdı.

- Böyük qəhrəmanlıq. Təşəkkür edirəm.

- Quyu böyük idi.

Pərviz ağzını əli ilə tutub gülümsədi.

- Aylin ayağınızı zədələdiyinizi dedi.

- Aylin?

- Xilas etdiyiniz qız. Onun da ayağında sınıq var.

- Çox qoçaq qızdır, bura gələnə qədər hiss etdirmədi.

- Şəhid qızıdır.

Pərviz bir söz demədən həkimə baxırdı. Sağ əli ilə ayağını bacardığı qədər bərk sıxdı.

- Ayağınız rentgenə salınmalıdır.

- Olmaz.

- Deməyin ki, qorxursuz.

- Qəlpələr var.

Həkim udqundu.

- Harada yaralanmısınız?

- Suqovuşanda.

- Dişləriniz də dalğanın təsirindəndir?

- Onları şəhər döyüşlərində itirmişəm.

- Yaxşıdır, gələcəkdə dişlərinizdə çürümə problemi olmayacaq.

Hər ikisi gülümsədi.

- Bəs necə edək? Ayağınıza gips qoyulmalıdır, amma müayinə etmədən mümkün deyil.

- Sınıb, bunu ağrıdan hiss edirəm. Müayinə etmədən gips qoyaq.

Bu vaxt həyəcan içində, ağlaya-ağlaya bir qadın dəhlizə daxil oldu. Dərhal həkimə yaxınlaşdı. İlk saniyələrdə əlləri ilə həyəcanlı şəkildə nəsə izah etməyə çalışırdı.

Pərviz sanki donub qalmışdı. Qadının nə dediyini, həkimin ona nə izah etdiyini eşitmirdi. Qulağı həmin partlayışdakı kimi yenidən tutulmuşdu. Sadəcə qadının əl hərəkətlərini izləyir, qolundakı qırmızı ipə baxırdı. Kafedə Sadiqin danışdıqlarını xatırladı.

“Bir neçə gün sonra sizin ardınızca bizim qruppa həmin ərazidən keçdi qumbaranın partladığı səngəri göstərdilər. Emindən yadigar nəsə axtarırdım. Təsadüfən Eminin qolundakı qırmızı lenti oradan tapdım. Qayıtdıqdan sonra gətirib yoldaşına verdim.”

Qadın sakitləşmişdi. Pərvizə təşəkkür edib qızının otağına keçdi. Pərviz sadəcə onun ardınca baxdı.

- Yoldaşı qəhrəmandır. Bəlkə də müharibə dövründə rastlaşmısınız? Özünü minanın üzərinə atıb əsgər yoldaşlarını xilas edib.

Pərviz əlini gözlərinə apardı. Kövrəldiyini həkimdən gizlətməyə çalışırdı, amma əllərinin əsməsini gizlədə bilməmişdi. Xatirələri onu həmin səngərə apardı.

“ Emin, öldü kamandir, Emin öldü. Komandir qışqırdı:- Çəkil geriyə. Kamandirin uca səs ilə verdiyi komanda Pərvizi şokdan oyatdı. Ayağından qan axdığını hiss etdi, amma fərqinə varmadı. Səngərdən çıxaraq atəş açmağa başladı. Lakin artıq səngərin əks tərəfindən də atəş səsləri eşidildi.- dəstək gəldi, xilas olduq.”

- Yaxşısınız?

Həkim əlini Pərvizin çiyninə qoyan kimi o, diksinərək kənara çəkildi. Bir qədər sonra həkimə doğru əyildi.

- Yoldaşının adı Emindir?

Pərvizi əlində əsa, ayağında gipslə qapı önündə görən Reyhan yenə də gülümsəməyi bacardı. Yoldaşını qucaqladı. Müharibə illərindəki xatirələri oyatmaq istəmirdi.

- Yaxşısan?

- Narahat olma. Ayaqqabını çıxarmağa kömək elə.

- Hə ..Yaxşı..

- Bu gün filmə aparmayıblar ki?

Pərviz gərginliyi azaltmaq istəyirdi.

- Yox, amma nazirlikdən zəng etmişdilər.

- Nə nazirlik.

- Sənin işinlə bağlı məktub yazmışdım. Dedilər sabahdan gəlsin..artıq mühafizə işinə görə tibbi arayış dalınca getməyə dəyməz..

Pərviz onu eşitmirdi. Diqqətlə divardakı şəkillərə baxırdı. Reyhan onun ayaqqabılarını çıxarıb kənara qoydu.

- Hələ də günahkar olduğumu düşünürsən?

- Anlamadım.

- Uşağımızın şəklinə baxaraq hansı hissləri keçirdiyini anlayıram.

Pərviz susdu. Həqiqəti dilə gətirmək istəmirdi. Oğlu dünyaya gələndən sonra dönə-dönə Reyhana nənəsindən eşitdiyi bir inancı xatırlatmışdı: uşağın qırxı çıxmamış onu başqalarına göstərmək bədbəxtlik gətirər. Lakin Reyhan onun sözlərinə məhəl qoymamış, körpəni otuz beşinci günündə anasına göstərmişdi. Pərviz bunu heç cür bağışlaya bilmirdi. Övladının qırx dörd günlüyündə vəfat etməsini Reyhanın həmin hərəkəti ilə əlaqələndirir, onu günahkar bilirdi. Həkimlərin körpənin kəskin soyuqlama nəticəsində öldüyünə dair açıqlaması belə onun bu düşüncəsini dəyişə bilməmişdi.

- Heç nə düşünmürəm bu barədə.

Hisslərini gizlədərək soyuq şəkildə cavab verdi.

Yenə qaranlıq otaq. Tavana baxan iki nəfər sakitcə dərdləşirdi. Reyhan başını Pərvizin sinəsinə qoydu.

-Sənə demişdim. Gərək əsgərlikdən qayıdandan sonra həmin adamın ailəsinə baş çəkərdin.

- Utanırdım. O, özünü minanın üstünə atmasaydı, bəlkə də sağ qalardı. Minanın dağıdıcı təsirinin doxsan faizini üzərinə götürdü. O Şəhid oldu deyə biz sağ qaldıq.

Onun ailəsinin qarşısında dayanmaq, övladının gözünə baxaraq sağ qaldığımı hiss etmək çox çətindir.

Reyhan Pərvizin əlindəki qırmızı ipə toxundu.

- İnsanlar sanki görünməz iplərlə bir-birinə bağlıdırlar.

# 74 dəfə oxunub

Oxşar xəbərlər

Banan balığının asan ovlanan günü - Müharibə haqqında təsirli hekayə

Banan balığının asan ovlanan günü - Müharibə haqqında təsirli hekayə

11:16 8 noyabr 2026
"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

"Qocalmaq ehtirasdan şəfqətə keçməkdir..." - Alber Kamünün sitatları

10:00 7 noyabr 2026
"Qat-qat sənət həyatı çılpaqlaşdırır..." - Robert Musil

"Qat-qat sənət həyatı çılpaqlaşdırır..." - Robert Musil

15:31 6 noyabr 2026
"Biz özümüzə danışdığımız hekayələrə çevrilirik..." - Pulitserli yazıçıdan sitatlar

"Biz özümüzə danışdığımız hekayələrə çevrilirik..." - Pulitserli yazıçıdan sitatlar

13:56 6 noyabr 2026
İspandilli ədəbiyyatın ən böyük mükafatı qadın yazıçıya verildi

İspandilli ədəbiyyatın ən böyük mükafatı qadın yazıçıya verildi

14:54 5 noyabr 2026
"Qarşındakı insan Firondan daha pis deyil..." - Xalid əs-Sübey

"Qarşındakı insan Firondan daha pis deyil..." - Xalid əs-Sübey

11:10 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər