Kulis.az "İlin hekayəsi" müsabiqəsində iştirak edən Təbriz İsmayılzadənin "20-ci gün" hekayəsini təqdim edir.
Gəl səninlə bir dəfə daha ağlayaq. Yaşanmışlara, yaşanmamışlara, bir də hec yaşanmayacaqlara.
Oğuz Atay
- De görüm səhər saat 10-da evdə neynirdin, bura necə gəlib çıxa bildin ?
- Deməli, 2 ildən sonra ilk sözün budur?
- Demək istəmirsənsə, demə.
- Səhər qapının səsinə oyandım, gözümü güc-bəla ilə açıb çarpayımdan qalxmağa çalışdım. Axırı bir təhər qalxıb qapıya tərəf getdim və qapını açdım. Qapını döyən işıq pulu yığan imiş. Dedi ki, iki aydır işıq pulunu ödəmirsiniz, bir neçə gün ərzində bütün borclarınızı ödəməsəniz, işıqlarınızı kəsmək məcburiyyətində qalacam. İşıq pulu yığanın üzünə baxaraq heç nə deməyib qapını açdığım kimi də adamın üzünə örtdüm. Çox halsız və yorğun idim, deyəsən, "paxmel" idim. Otağıma tərəf addımlayıb otağımın ağzına çatanda bir anlıq duruxdum. Otağımı qıraqdan müşahidə etdim.
Güzgüyə baxanda özümü gördüyüm kimi, otağıma baxanda da elə bil iç dünyamın cizgilərini görürdüm. Güzgü mənasız üzümü əks etdirdiyi kimi, otağım da bir növ iç dünyamı görmək üçün mənə güzgü rolunu oynayırdı. Uzun müddətdir otağıma qıraqdan baxmırdım. Yalandan deməyəcəm, otağım səliqəli falan deyildi. Çoxunun standart öyrəşdiyi həyatı yaşamırdım. Neçə illər idi ki, otağım həmişə dağınıq və pinti olur. Yerimi yığmıram, stolun üzərində həmişə boş araq şüşəsi, aşmış şirə qabı, çirkli boşqablar, stola dağılmış duz, istifadə olunmuş salfetkalar, qırışmış süfrə. Qatlanmış xalça, pərdə isə əyri idi. Gecə külək pəncərəni necə açıbsa, xəbərim də olmayıb. Bəlkə də düz fikirləşiblər, tənhaların otağı pinti olurmuş. Otağıma zillənib qalmışdım. Birdən fikrimi telefonuma gələn zəng pozdu. Telefonumu hər səhər yuxudan duranda yerimin içində güclə axtarıb tapıram. Bu dəfə zəng gəldiyi üçün telefonun səsindən harda olduğunu dəqiq təxmin edə bildim. Tanımadığım nömrə idi. Çox vaxt tanımadığım nömrələri götürməsəm də, bu dəfə həvəssiz şəkildə cavab verdim. İki dəfə eşidirəm desəm də, heç bir cavab gəlmədi.
- Əslində, danışmaq istədim, amma çəkindim, ona görə səsimi çıxara bilmədim.
- Telefona adboy verib stolun üzərinə qoydum. Əl-üzümü yuyub dişlərimi fırçalayanda telefonuma gələn mesaj səsini eşitdim.
Tanımadığım nömrə idi və bu sözləri yazmışdın...
"Taleh, səni 2 il öncə ayrıldığımız yerdə gözləyirəm."
Qəribə hislər keçirdim. Həm də həyəcanlandım. Əynimi geyinib düşdüm şəhərə, avtobusla bir az gec olacaqdı deyə taksi ilə gəlib çıxdım bu parka.
- Məni çox gözlədin? Sənə o mesajı yazanda mən bura çatmışdım, sadəcə bacım Zərifə zəng etdi ki, Ayla ağlayır, sakitləşdirə bilmirəm. Mən də məcbur geri qayıtmalı oldum. Aylanı sakitləşdirib yatızdırdıqdan sonra geri döndüm. O vaxta qədər sən nə etdin burda? Yəqin, düşündün özüm çağırsam da, gəlmədim görüşə?
- Açığı, parka girən kimi gözlərim səni gəzdi. O başa, bu başa getsəm də, görmədim səni. Pərtlik duyğusu bürüdü məni. Bu arada, park sanki başqa cür idi. Qızıla bələnmiş nəmli yarpaqlar skamyalara məxsusi, poetik bir görkəm vermişdi. İnsan həyatının sürətlə süzülüb əriməsini düşünürdüm. Saralmış yarpaqla insanın sevgisi arasında paralellər aparırdım. Bir vaxtlar bu yarpaqlar yamyaşıl idi, içimizdəki bir insana ilk aylarda hiss etdiyimiz sevgi hisləri kimi. Necə ki, bir vaxt sonra o yarpaqlar quruyur, sevdiyimizlə qovuşandan sonra ona qarşı quruyan sevgi hislərimiz kimi. Bu cür düşüncələrin dozasında gəzirdim. Payızın poetik görünüşü duyğularımı dağıdan kimi, payızın sərin küləyi də saçlarımı dağıdırdı.
Düşündüm ki, görəsən, bəs niyə bu günə kimi payızın mənasını və gözəlliyini belə dərin hiss etməmişəm, nə mane olub mənə? Niyə ağacların qüdrətini, yarpaqların şairanəliyini görməmişəm? Gör nə qədər gözəllik və mənzərələr boş yerə gözlərimin qabağından ötüb keçib, nə qədər qiymətli hislər itirmişəm. Düşünürdüm ki, bu nəhəng ağacların altında nə qədər insan bir-biri ilə əhd-peyman kəsib, xəyallar qurub, saysız arzular qurub, yalan danışıblar, nə ayrılıqlar olub. Görəsən, o insanlar indi nə edirlər? Hardadılar? Hansı bu dünyadan köçüb? Hansıları sağdır? Bu ağacların altında və bu torpağın üstündə dilə gətirilən nə qədər arzu həyata keçib, nə qədər arzu və xəyalları ürəklərində torpağın altına aparıblar. Nə uzadım, belə fikirlərə qapılmışdım ki, birdən sən gəldin. Heç nə demədən oturduq bu skamyada. İlk sözün də çox dərin oldu". De görüm səhər saat 10-da evdə neynirdin, bura necə gəlib çıxa bildin?" Danışdım necə gəldiyimi və nə etdiyimi. İndi sən de görüm, məni bura niyə çağırmısan?
- Taleh, barışmaq istəyirəm sənlə, darıxıram sənsiz. İkimizdə də səhvlər olub, 2 il çox əziyyət çəkmişik sənsiz. Ayla da sənin üçün çox darıxır, səni soruşur tez-tez.
- Alimenti verirəm, ayda bir dəfə də Aylanı gəzməyə aparıram, nə dəxlisi var?
- Taleh, çox xahiş edirəm, Ayla üçün, heç olmasa, 10-15 gün bir yerdə qalaq. Mən onu aldatmaqdan yorulmuşam, qız uşağına atasının yoxluğunu izah edəcək söz tapa bilmirəm, bəlkə də, belə bir söz icad olunmayıb. Səndən son dəfə və Ayla üçün 1-2 həftə bir yerdə olmağı xahiş edirəm, yalvarıram.
- Niyə bu iki ildən sonra birdən-birə zəng edib görüşməyi, görüşdə də bunu istədiyini bilmirəm Leyla, amma Ayla üçün, bir tək Ayla üçün razıyam. Qadınlar belədir də, kişidən istifadə etmək üçün uşağı ortaya atmağı sevirlər. Nəysə, getdim mən, axşam gələcəm.
Durub ordan uzaqlaşdım və əsəbiləşdim. Çünki hər ay alimenti versəm də, evimizi bölməmişdik, onun payını verməmişdim deyə yüz faiz o, Ayladan istifadə edib belə bir oyun qurur ki, bir neçə həftə içində mənin qılığıma girib evdən payına düşəni alsın məndən. Hirsimdən gedib evin sənədlərinin hamısını hazırladım. Axşam getdim Leylagilə. Qapını Leyla açdı. Leyla əlimdəki kağızlara diqqət etməsə də, digər əlimdə Ayla üçün aldığım oyuncağa və şkalada diqqət yetirdi.
- Ayla o biri otaqda televizora baxır, mən də gedim çay qoyum.
Gedib oyuncaqları Aylaya verdim. Doyunca oynayıb, doyunca da öpdüm Aylanı, məni görüb çox sevinirdi. Aylanın artıq oyuncaqlara başı qarışdı. Hərdən uşaqlar da valideynlərdən yorulur. Bəlkə də tam qansalar deyərlər ki, indi də icazə ver oyuncaqlarımla oynayım.
Mətbəxə keçdim. Leyla yemək hazırlayırdı. Kağızları stolun üzərinə qoyub dedim:
"Buyur!
Evin sənədi. Mən qol çəkmişəm, sənin adına keçirirəm, sən də qol çək, bitsin bu iş".
Leylanın gözləri doldu, stula oturub əlinin birini sənədə, birini də alnına söykəyib həzin-həzin ağladı. Mən onun ağlamağına, o da kağızlara baxıb ağlayırdı. Bir az keçəndən sonra kağızları cırıb atdı. Bu dəfə hıçqıra-hıçqıra ağlayaraq:
“Mən səndən heç nə istəmirəm, nə ev, nə maşın, nə pul. Sadəcə bir-iki həftə bizimlə qal və bunu Ayla üçün et”.
Mən heç bir söz demədim. Leyla da susdu. İkimiz də bir neçə dəqiqə heç nə demədən gözümüz yol çəkər kimi hərəmiz bir tərəfə gözümüzü zilləmişdik.
Leyla qəfil dedi:
"Taleh bu bir neçə gündə məni hər gün qucağında apar yataq otağına".
Leylanın ağlamağına pis olmuşdum. Həm də sənədləri cıranda əmin oldum ki, niyyəti pis deyilmiş. Leylaya "yaxşı" deyib elə o an qucağıma alıb yataq otağına aparanda Leyla qulağıma:
"Aylaya bu iki ildə boşandığımızı deməmişəm, sən də demə” - dedi.
Bu anda digər otaqdan Ayla bizi görüb çapan çalmağa başladı. Çapan çala-çala: "Atam anamı qucağında daşıyır" - deyirdi. Onun bu sözlərinə eşidib bir anlıq dayandım. İçimə qəribə bir boşluq çökdü. Valideyn kimi övladımın sevincini görmək sanki dünyada kədər duyğusu deyə bir duyğunun olmadığını hüceyrələrimə kimi hiss etdirdi. Özümü birtəhər toparlayıb davam etdim. Və beləcə günlər keçdikcə onu hər gün qucağımda daşımaq daha çox asanlaşırdı, o başını sinəmə qoyur, dərindən nəfəs alırdı. Bu an ona diqqətlə baxdım, ayrı qaldığımız illər onu dəyişdirmişdi; Bir vaxtlar təravətli və canlı görünən solğun çöhrəsinə qırmızı ləkələr düşmüşdü. Erkən qırışlar, həmişə iki hörüyə yığılıb və başına dolandığı şabalıdı saçlarının çevrələdiyi alnının gözəlliyinə qənim kəsilmişdi. Çuxura yerləşmiş, sürməylə haşiyələnmiş, odlu-alovlu qara gözləri aldadıcı sakitlik ifadə edirdi. Ayrılığımızın ona dərindən təsir etməsinin elementlərinin hamısı Leylanın üzünə təzahür etmişdi. Bu illər ərzində ona nə qədər haqsızlıq etdiyimi anladım. Mənə illərini verənə mən təklik və tənhalıq vermişdim.
Bir sabah o nə geyinəcəyinə qərar verə bilmirdi, onu izləyərkən nə qədər arıqladığının fərqinə vardım. Özümdən asılı olmadan onun saçlarını sığalladım, bu an qızım gəldi və: "Ata, anamı qucağına al" -dedi. Bu artıq həyatımızın bir parçası idi. Leylanı qucağıma aldım. O, əli ilə üzümə toxundu, evləndiyimiz ilk gündəki kimi.
Artıq 20 gün idi ki, bir yerdə yaşayırdıq. Axşam idi, gözəl bir gül büketi, şkalad və şərab alıb evə getdim. Bilmirəm nədənsə Leylaya sevgim yenidən oyanmışdı. Artıq onunla yenidən yaşmaq və bir daha ayrılmamaq istəyirdim. Və bunları ona bu axşam romantik şam yeməyi zamanı demək istəyirdim. Qapını açıb evə daxil oldum. Üzümdə niyəsə təbəssüm yaranmışdı. Şərab və şokoladı qonaq otağına qoydum. Və gül buketi ilə yataq otağına girdim.
Leyla çarpayıda uzanmışdı. Sürpriz etməyin əsl vaxtı idi, onu sevindirməyin zamanı idi. Onsuzda neçə günlər idi ki, onun gülməyini və sevinməyini demək olar görmürdüm. Filmlərdəki səhnələr gözümdə canlandı, sevgililərin bir-birini yuxadan oyatması kadrları yadıma düşdü. Çarpayıda onun yanında oturub gül buketini sol əlimlə arxama tərəf apararaq əyilib Leylanın üzündən öpdüm. Ürəyim qəfil şiddətlə vurdu. Sanki qəfəsə salınmış quş ürəyi kimi əsirdi. Leylanı bir daha öpdüm, bir anlıq gözlərim pəncərəyə baxdı. Pəncərə açıq deyildi, otaq isə istiydi. Amma Leyla bumbuz idi. Əllərindən tutdum, əlləri də buz kimiydi. İstər-istəməz dizlərim boşaldı, çökdüm yerə, yaxınlığında mina partlayan əsgərlər kimi qulağım cingildəyirdi. Heç nə başa düşə bilmirdim. Bir neçə dəqiqə donub qaldım. Sonra qəfildən yumruğumu sıxıb hönkürtü ilə ağladım. Leyla ölmüşdü. Çarpayıda uzanan onun cansız bədəni idi. Sürünüb çarpayıya çıxaraq Leylanı qucaqladım. Və elə hönkürtü ilə ağladım ki, ürəyimin ən dərin qatlarına kimi ağrı hiss edirdim. Mən belə ürəkdən anam öləndə ağlamışdım.
Leyla, niyə tərpənmirsən ? Söz verirəm, heç yerə getməyəcəm, biz bir daha ayrılmayacağıq. Bəbəklərinə hopub bədbəxtliyin.
Necə mənasızdır. Səndən daha çox vaxt ayırdıqlarımı, uğrunda sağa-sola pul xərclədiklərimi də daha görmək istəmirəm. Tək bir şey istəyirəm, Leyla. Səni istəyirəm, səni...
Səni çox vaxt ən sonuncu yerə qoydum. Səni çox incitmişəm keçmişdə. Şillə vurduğum yanağından üzr istəyirəm, yolduğum saçından üzr istəyirəm. Təpik vurduğum qarnından üzür istəyirəm...
Nolar, ölmə.
Mən öz kişiliyimi səni vurmaqla təsdiq etmək istəyirdim.
Sənə xoş sözlər deməyi çoxdan tərgitmişdim.
Evə gələndə sənin həmişə mehriban üzünü görürdüm. Niyə mənə 1 dəfə pis davranmadın ki, sənə az da olsa kinim olsun? Niyə bir çox ayrılanlar kimi arxamca narkoman, pozğun, şərəfsiz demədin mənə?
Niyə xərçəng olduğunu gizlətmək üçün dodaqlarına hopmuş lal kədərdən doğan o saxta gülüşləri başa düşmədim? Bəli, o aylardır xərçəng xəstəsi imiş. Və həkim son günlərinin qaldığını deyəndə xəstəxanadan çıxıb birbaşa mənə zəng edərək parka çağırmışdı. Parkda isə məndən 10-15 gün möhlət istəməyinin səbəbini indi bilmişəm. Çox yaşamayacağını bildiyi üçün qızımla məni yaxınlaşdırmağa çalışmışdı. Sırf qızımın gözündə yaxşı ata olum deyə, sırf anasını həmişə çox sevdiyimi bilsin və onu son günlərdə xoşbəxt etdiyimi düşünsün deyə məni qucağına al apar deyirdi ki, Ayla görsün. Qız uşaqları anadan yetim qalır, Ayla da məndən yetim qalmasın deyə bütün bunlara dözmüşdü. Ayla məndən yetim qalmasa da, mən səndən yetim qaldım. Çığırıb allahı çağırırdım, bu vaxt səsə Ayla otağa girdi. Onu görüb Leylanı qucaqlayaraq əbədi öldüm.