Sovet imperiyasını çökdürmək istəyən azərbaycanlı – Natiq Məmmədlidən yeni hekayə

Sovet imperiyasını çökdürmək istəyən azərbaycanlı –<span style="color:red;"> Natiq Məmmədlidən yeni hekayə
25 sentyabr 2019
# 12:15

Kulis.az yazıçı Natiq Məmmədlinin “Mən də hamı kimi” hekayəsini təqdim edir.

Bu dünyada az adam tapılar ki, onun yaşı ölkəsinin müstəqillik yaşından çox olsun. Deməli, sənin nəsə eləmək üçün fürsətin olub və ya sən nəsə eləmisən. Mən ölkəmdən bir neçə on il böyüyəm, əslinə qalsa ölkəm mənim oğlum yerindədi. Bu illər ərzində mahiyyətini, məzmununu anlamadığım çox burulğanlardan keçmişəm; oktyabryat olmuşam, pioner olmuşam, komsomola keçmişəm, kommunist partiyasının sıralarına qəbul olunduğum və həmin partiyanın biletinə tüpürüb tonqalda yandırdığım illər həyatımın ən sevnicli, yaddaqalan anlarıdı. Sonradan yenə də məğzini başa düşmədiyim, başa düşməyə macal tapmadığım təlatümlərlə dolu ömür yaşamışam; qlobal çağırışlara cavab verməyi müasirlik kimi anlamışam, amma həmişə içimdə o müasirlikdən iyrənmişəm, dəblə ayaqlaşmaqdan ötrü balalarımı bahalı məktəblərdə oxutmuşam, amma həmin dəbə necə nifrət elədiyimi bir özüm bilmişəm. Hər nədi yaşamışam, yəni hamı necə yaşayıbsa, mən də elə. Gözəl mənzilim, rahat maşınım, münasib işim olub. İş demişkən artıq çoxdandı təqaüd yaşımı adlasam da, təqaüdə çıxmaq haqqında düşünmürəm, heç düşünməyəcəyəm də, cürəti çatıb bunu məndən soruşan da yoxdu. Çünki mənim yaşında adamlar üçün işləmək və yaşamaq elə eyni şeydi, biz işləyə-işləyə yaşayırıq. Görürsünüz ki, mən mövcudam, yəni hamı necə mövcuddursa, mən də elə. Amma mənim bir vaxtlar nəsə eləmək şansım olub və mən nəsə eləmişəm. Bəli! İndi üzü yanacaqdoldurma məntəqəsinə baxan geniş eyvanlı mənzilimin pəncərəsindən şıdırğı payız yağışında islanan şəhərimi seyr edə-edə həmin ili, həmin nəsnəni xatırlayıram. O zamanlar mən hamı kimi deyildim.

Sovet hökuməti əvvəl-axır dağılacaq, mütləq dağılacaq. O, şər imperiyasıdı, hər şey yalan üzərindədi. Kapitalizm heç də imperializmin sonuncu mərhələsi zadı deyil, hamısı yalandı. Kommunizm heç vaxt qurulmayacaq..., - atamın dostları həftənin şənbə günləri bizə yığışanda hardan söz salırdılarsa yenə də eyni mövzunun üstünə gəlirdilər “sovet hökuməti dağılacaq” vəssalam. Bizim o vaxtkı mənzilimiz camaatın “Yazıçıların evi” deyə barmaqla göstərdiyi beşmərtəbənin üçüncü mərtəbəsindəydi. Rəssamlar, bəstəkarlar da qonşuluğumuzda yaşayardılar. O binalardakıların əksəriyyəti atamın dostları düşürdü, uşaqları ilə mən dostluq edirdim, kimisiylə eyni sinifdə oxuyur, musiqi məktəbinə gedir, kimisiylə də futbol oynayırdım. O uşaqların atalarının əksəriyyəti şənbə günləri bizim mənzilin qonağı olardılar; köhnə radio-qəbuledicimizin ətrafında dövrə vurub oturar, gecəni yarı edənə kimi xırıltılı-xışıltılı nələrəsə qulaq asardılar, hərə öz evinə gedəndəysə, hamı yekdilliklə bir söz deyərdi “sovet hökuməti dağılacaq”. Belə vaxtlarda atam sadəcə gülümsünüb mənə göz vurardı, qəbri nurla dolsun, çox kübar kişiydi, bilirdi ki, oğlu heç vaxt ağzını Allah yoluna qoyub nəsə danışası deyil. Xəbərdarlığı isə mənə anam edərdi “a bala, onlara baş qoşma, hamısı “alkaşdı”, nə danışdıqların özləri də bilmir, “piyandı”lar də”-, bu sözlərə həqiqətən inanmışdım, hətta uzun illər mənə elə gəlirdi ki, fərqli fikir danışan adamların hamısı “alkaşdı”, sonradan sovet dissidentlərinin həyatından bəhs edən kitablardan onların əksəriyyətinin həqiqətən içki aludəçisi olduğunu öyrənəndə anama nə qədər rəhmət oxuyurdum.

Bir dəfə atamın dostlarının məclisində eşitdiyim söz həyatımın sonrakı axarını dəyişəcək həmin məşhur addımı atmağıma təkan verdi. Addım deyəndə ki, bu, o dövrün qanunlarıyla əsil cinayət idi, son nəticəsi Sibirə sürgünlə nəticələnəcək bir cinayət… Qonşularımızdan kimsə SSRİ dövlət mükafatı almışdı, hamımız yığışıb onu restoranda qeyd elədik, əla məclis oldu, atamın dostlarının israrından sonra ilk dəfə konyakın dadına baxdım, komsomolun, partiyanın, Leninin şərəfinə içdim, onlarsa Siyasi Büronun bütün üzvlərinin, xalq nəzarəti komitəsinin, KQB-nin, “prafsoyuz”un, hətta JEK-in də sağlığına içdilər. Doğurdan da gözəl axşam idi, hamı səmimi, hər şey təbii idi, hərçənd bekara keflənmişdim, amma belə haylı-küylü məclisdə gənc komsomolçunun əhli-kefliyi heç kimin eyninə deyildi. Gecə yarısı mükafat alan qonşumuz öz evinə yox bizə gəldi, yenə də radio-qəbuledicinin ətrafında dövrə vurub oturdular, nəsə uzaqdan xışıltının içində zorla sezilən caz musiqisi gəlirdi. Atamın dostlarından kimsə hıçqırıb ağladı, o biriləri də qara bulud kimi dolmuşdular, elə atam da doluxsunmuşudu. Əvvəl mənə elə gəldi ki, onlar sevinclərindən belə edirlər, baxma bir tərəfində gün çıxanda, o biri tərəfində gün batan dövlətin mükafatını almaq, laureat olmaq yekə məsələydi.

Laureat qonşumuz məni yanına çağırdı, qaşlarını çatıb zəndlə sifətimə baxdı, başını üzümə sarı uzadanda elə bildim yanağımdan öpmək istəyir, o, isə sivri dodaqlarını qulağıma dirəyib pıçıldadı “bilirsən, bu nə səsdi”-, dedi. “Radionun səsidi…”-, mən də pıçıldadım. “Yox, “Amerikanın səsi”di” dedi. Səhər SSRİ-nin dövlət mükafatı alanın axşam “Amerikanın səsi”nə qulaq asıb kövrəlməsinin heyrəti gözlərimdən yuxunu qaçırtdı, hiss elədim ki, başım yekə bir sual formasını almaqdadı. “Bu gün ayın neçəsidi”-, soruşdu. “Fevralın 10-u…”-, dedim. “Bu gün bizim işğal olunan günümüzdü. Onlar bizi işğal ediblər. Onlar bizi parçalayıblar. Sovet hökuməti dağılacaq”-, deyə pıçıldadıqdan sonra artıq mənə doğmalaşmış spirt iyi verən sivri dodaqlarını qulağımdan araladı. Həmin gecəni ilan vuran yatdı mən yatmadım, lənətə gələsiniz, deməli biz işğal rejimində yaşayırmışıq, deməli, bizi bölüblər… Artıq buna necə dözmək olardı? Səhəri dirigözlü açdığım. Həmin gecə gələcək mübarizəmin cəsarətli konturlarını cızdım. Bir şeyi də anladım ki, sovetlər ittifaqı elə bir ölkədi ki, orada alkaqol dozası olmadan həyatı yola vermək sadəcə mümkün deyil.

Qərarım qətiydi, axşam tərəfi özümə yaxın bildiyim dostlarıma artıq belə yaşamağın mümkünsüz olduğunu, mübarizəyə başlamağın vaxtı çatdığını söyləməliydim. Bunu eşidəndə uşaqların ilkin reaksiyasının necə olacağını heç düşünməmişdim, amma onlara bel bağlayırdım, əksəriyyəti öz qonşularımız – atamın dostlarının uşaqları idi. Artıq hər tin başı gözümə sataşan şüarlar ürəyimi bulandırırdı, al bayraqlara qarşı əməllicə alergiyam yaranmışdı, indi o, mənim üçün proletariat adlı nəsli kəsilmiş qoyun sürüsünün axan qanını ifadə eləyən müqəddəs bayraq yox, sadəcə qırmızı əski parçası idi. “Okkupant köpək uşağı” bu kəlməni bağırmaqdan ötrü ürəyim gedirdi.

- Üstümüzdə yük var, biz bu milləti azadlığa çıxarmalıyıq! -, of axır ki, mən bunu dedim, nə vaxtdandır ürəyimi didib-dağıdan sözləri belə asanlıqla, həm də hamını inandıracaq tonda söyləməyim özümə də ləzzət elədi. Elə uşaqlar da nədən bəhs elədiyimi göydə tutdular, hamısı yaxşı bilirdi ki, söhbət dünən tarix dərsində keçdiyimiz şimali Afrika xalqlarının milli azadlıq mübarizəsindən yox, öz millətimizdən gedir. Mən görüşə çox adam çağırmışdım, söhbətin millətin taleyindən gedəcəyini də demişdim, amma nədənsə cəmi dörd sinif yoldaşımdan başqa kimsə gəlməmişdi.

- Hədəfimizi dəqiqləşdirməliyik, əsas budu? -, artıq uşaqlar öz aralarında mübahisəyə başlamışdılar.

- Hədəfimiz dəqiqdir də, milləti azad eləmək lazımdır.

- Amma gərək, bizim platformamız olsun, solçuyuq ya sağçıyıq?

- Nə istəyirsiniz olaq, bircə solçudan başqa.

- Axı biz inqilab eləməyə hazırlaşırıq, başqa cür mümkün deyil.

- Dayanın siz məni başa düşmədiniz…-, ara elə qızışmışdı ki, öz səsimi eşidə bilmədim.

- Niyə Mahatma Qandi də inqilabçı olub…

- Əşi, dayan görək e, sovet hökumətində Qandi olmaq mümkün deyil, adamı lağa qoyarlar. Heyf deyil Britaniya müstəmləkəsi… mədəni səviyyə başqadı…

- Ya da Çe Gevara nümunəsi …

- Əcəb nümunədi, solçular solçulara qarşı…

- Uşaqlar!-, nəhayət mənim səsimi eşitdilər – məncə məsələni bu dərəcə də romanitkləşdirmək lazım deyil. Qabağımızdakı sovet hökumətidir unutmayın! Səsinizin tonunu da aşağı salın, hər halda istəməzsiniz ki, inqilabımızı elə beşikdəcə boğsunlar.

- Yaxşı, nədən başlayaq?

- Mən təklif edirəm kilkə konservlərini və rus arağını boykot eləyək.

- Qandi olub mənim üçün…

- Yox, qulaq asın, bax burda beş nəfərik, heç olmasa biz bundan imtina eləsək, camaatı da inandırsaq, sovet sənayesi yavaş-yavaş içəridən çökəcək.

- Cəfəngiyyatdı, belə də mübarizə olar?

- Biz mağazalara, banklara hücum edib sosialist mülkiyyətini dağıda bilərik.

- Söz danışdın də. Sosialist mülkiyyətini onsuz da dağıdırlar.

- Yoldaş Çe heç vaxt mağazalara hücum eləməzdi.

- Yaxşı, bəs biz nə edək ki, milləti azadlığa çıxardaq?

- Bəs, birdən millət özü azad olmaq istəmirsə?..-, bunu mübahisənin ən qızğın yerində mənim parta yoldaşım, xətrini hamıdan çox istədiyim dostum dedi. Etiraf edim ki, həmin ana kimi heç vaxt bu haqda fikirləşməmişdim, nə vaxtsa belə bir sərt sual qarşısında qalacağımı da təsəvvür eləməzdim. Sonralar, lap sonralar belə çətin suallarla rastlaşanda heç vaxt tərəddüd eləmirdim, çox asanlıqla da cavablar tapırdım, çünki necə yaşamağın yolunu-yolağasını artıq özüm üçün müəyyənləşdirmişdim – “heç vaxt başqalarının əvəzinə vuruşma…”. Lakin həmin gün başqaydı.

...Mübahisəmiz çox uzandı, Qandi və Çe fanatlarını heç cürə ortaq məxrəcə gətirə bilmədim. Səhər də, ondan sonrakı gün də eyni söhbətləri elədik, yəni hamı hazır idi, amma nədən başlamağa gələndə yollarımız haçalanırdı.

Nəhayət ən optimal təklif məndən gəldi, dedim, gəlin şəhərin müxtəlif yerlərinə vərəqələr yapışdıraq, həm etirazımızı bildirək, həm də görək millət doğurdan da azad olmaq istəyir ya yox. Nə yazacağımız da elə həmin an ağlıma gəldi “Rədd olsun sovet imperiyası, yaşasın azad, müstəqil vətənimiz!”. Bu dəfə hamı mübahisəsiz razılaşdı. Uşaqlardan kimsə dedi ki, ehtiyatı əldən verməmək üçün şüarı əllə yazmayaq, qəzetdən kəsilmiş şiriflərlə düzəldək. Bu təklifə hamımız razılaşdıq və o ki var güldük. Sən demə, hətta sovet mətbuatı da nəsə işə yarayarmış… Sabah sübh tezdən Qubernator bağının qarşısında görüşüb vərəqələri yapışdırmağa başlayacaqdıq.

…Xeyli gözləməli oldum. Görüş yerinə hamıdan əvvəl gəldiyimdən şəhərimizin köhnə qubernatorunun adını daşıyan xudmani parkda dəfələrlə dövrə vurdum. Çox həyəcanlı idim. Nə qədər cəncəl işə baş qoşduğumuzu təsəvvür elədikcə, canıma üşütmə düşürdü. Lakin, bu yoldan geriyə dönüşü təsəvvür eləmirdim, mütləq, nəyin bahasına olursa-olsun çiynimizdəki yükdən azad olmaq lazım idi. Sadəcə mənə xəcalət verən o idi ki, dünən “SSRİ mənim vətənimdir” mövzusunda yazdığım inşadan əla qiymət almışdım, bu gün səhər isə “vətənimi” dağıtmağa hazırlaşırdım. Mənim də çox bəxtsiz vətənim vardı, sanki dünyanın bütün yaramazlıqları üzərində heç vaxt günəş batmayan əzəmətli ölkəmin boyuna biçilmişdi. Yalan mənim ölkəmə elə gözəl yaraşırdı ki… Amma bu gün ayrı gün idi, mənə elə gəlirdi ki, artıq heç bir qorxu aparatı bizi saxlaya bilməzdi. Yanımdan ötən adamlar da, heç şübhəsiz ki, onların azadlığı haqqında düşündüyümün fərqində deyildilər, onlara elə gəlir ki, səhər gəzintisinə çıxmışam.

Sözü bir yerə qoyduğumuz dostlardan kimsə gəlmədi: nə Qandi, nə də Çe fanatları… Parkın aşağısındakı telefon aparatından bir-bir evlərinə zəng elədim: hamısı müxtəlif səslə eyni bəhanələr uydurdular, o zaman onların nə deməsini xatırlamıram, sadəcə yadımda qalan odur ki, dostlarım yalanlarıyla özlərini əsil sovet vətəndaşı kimi apardılar. Bir partada oturduğum, xətrini hamıdan çox istədiyim dostumun dediyi sözlər daha çox ürəyimə toxunmuşdu, təxminən belə demişdi “bizim indi gücümüz çatmayacaq, gəl böyüyək, sovet hakimiyyətində vəzifələr tutaq və bu vəzifələrdə də ölkəmizin gələcək müstəqilliyi üçün çalışaq, nə deyirsən”. Heyf, biz onu lap erkən itirdik, məktəbi qurtarmağımıza az qalmış dənizdə boğuldu.

…Həmin gün vərəqləri tək yapışdırmalı oldum. Anam qəzetləri tərəvəz yeşiklərinin altına sərməkdən ötrü qonşuluqdakı meyvə dükanına verdiyindən atamın kitablarının arasından çətinliklə bircə dənə “Pravda” tapa bilmişdim. Elə ona görə də cəmi iki nüsxə vərəq hazırlamışdım, onlar da rus dilində - “Doloy sovetskaya imperiya, da zdrastvuy svobodnıy, nezavisimıy Azerbaydjan!”. Ətrafda adamlar gözə dəymədiyindən kağızı irigövdəli ağaca yapışdırıb üzüyuxarı qaçdım ki, tanıyan olmasın. Sonra da qayıdıb həmin ağacın yaxınlığındakı skamyada əyləşib guya kitab oxumağa başladım, gözüm isə yapışdırdığım vərəqdə və yanımdan ötüb keçən adamlardaydı. ... dəqiqələr donmuşdu, mənsə həyəcandan boğulurdum. Adamlar kağıza baxıb elə ötürdülər ki, elə bil siyasi məzmunlu çağırış vərəqinə yox yaxınlıqdakı filarmoniyanın nadir hallarda təzələnən afişasına baxırlar. Qara kostyumlu, qırmızı qalstuklu orta yaşlı kişi qaçaraq yanımdan keçdi, sonra geri qayıdıb ağacın qabağında yerində addımlaya-addımlaya vərəqi oxudu və dərhal da geri burulub düz mənim üstümə yeridi. İlahi, qorxudan ödüm ağzıma gəlmişdi. Kişi mənə yaxınlaşdığı saniyələrin içində gözümün qabağından nələr keçmədi; xalq düşməni kimi ifşa olunmağım, məktəbdən qovulmağım, dostlarımın məhkəmədə üzümə durmağı, radio-qəbuledicimizin müsadirə olunması, atamın partiyadan qovulması, anamın göz yaşları, bir sözlə bədbəxt edilmiş sovet gəncinə aid hansı əlamətlər vardısa hamısı. “Bajoğlu, bu yanlarda tuvalet hanayda oleer”-, kişi soruşdu. Beynimdə fırtına kimi burulan fikirlər kişinin tanış olmayan ləhcədə soruşduğu sözləri elə bloklamışdı ki, heç nə eşidə bilmədim. “Subaşını soruşeyram, hayandadı”-, qırmızı qalstuklu kişi dedi. “Nə?.. Hə… hə, ayaqyolu, metroya çatmamış yuxarıda sol tərəfdə”. “Blaqadaryu”-, kişi göstərdiyim səmtə sarı şığıdı. Qorxunun nə demək olduğunu onu yaşayan adamlardan soruşmaq lazımdı. Həmin günü mən qorxdum, bəli qorxdum, özü də möhkəmcə…

Bağda gəzişən adamların laqeyidliyi yavaş-yavaş məndə belə bir təəssürat oyadırdı ki, bu insanlar müstəqil yaşamağa hazır deyillər, ya da ki, onlar üçün elə belə də xoşdu. Biləklərində izi qalmış qandalından ötrü darıxan kölənin zəncirini qırıb azad eləməklə deyil ki, gərək onun özü bunu istəsin. Mən həmin günü bağda oturub bəxtəvərcəsinə gəzişən sovet vətəndaşlarına heyranlıqla baxaraq düşünürdüm ki, bəlkə də onlar hər şeyin yalan olduğunu məndən də yaxşı bilirlər, amma susurlar, çünki hər şeyin məhz beləcə davam eləməsi hamının ürəyincədi. O zaman yeniyetmə idim, anamın sözü olmasın beynim qanlı idi, elə bilirdim ki, fərqli olmaq yaxşı şeydi, dünyanı dəyişmək üçün sinəni qabağa verib hamının əvəzinə vuruşanda qəhrəman olursan. Uşaq idim də… Əgər həmin uşaq bilsəydi ki, vaxt gələcək onun ölkəsi müstəqilliyinə qovuşacaq və o da mənim kimi bu bağda gəzişənlərin bir tayı olacaq, nə edirdi görəsən?

Məyus olmuşdum. Adamlar seyrələn kimi vərəqi ağacdan qoparıb kitabımın arasına qoydum və evə sarı götürüldüm. Fikirləşirdim ki, nahardan sonra bu dəfə başqa səmtə gedərəm, ola bilməz ki, bu boyda şəhərdə yalansız yaşamaq istəyən kimsə olmasın. Həyətimizin ala qapısından burulanda günüz saatlarında adətən bağlı olan bərbərxana butkasının pəncərəsindən gözüm Stalinin portretinə sataşdı. Qonşuluğumuzda bərbər işləyən Kazım dayı müharibən çıxmış bütün kişilər kimi Stalini çox sevirdi. O öləndən sonra atasının sənətini davam elətdirən oğlu Əbili isə Amerikadan daha çox zəhləsi getdiyindən Stalinin şəklinin yanına Səddam Hüseynin də portretini asmışdı. İndi isə orada məşhur dünya brendlərinin “kitayski” nümunələrinin satıldığı parfüm dükanı açıblar və köhnə kişilərin portretinin yerində qırmızı divanın üstündə uzanıb cəlbedici ayaqlarını yuxarı qaldırmış yarıçılpaq qız şəkli var... Amma həmin gün Stalin elə bil pərtliyimdən duyuq düşmüşdü, mənə sarı baxıb bığaltı qımışırdı. Heç nə düşünmədən vərəqi Kazım dayının pəncərəsinə yapışdırıb, yolun əks tərəfindəki meyvə satanların yanında dayandım.

Acından guruldayan mədəmi ovundurmaq üçün qarnımı təzəcə ovuşdurmağa başlamışdım ki, atamın SSRİ-nin dövlət mükafatını almış laureat dostunun qara “Volqa”sı alaqapının qabağında göründü. Kişi maşından düşüb həyətə sarı addımlayanda heç şübhəsiz ki, gözü vərəqə sataşdığından ayaq saxladı. Yüngülvari yan-yörəsində baxıb düz bərbərxanaya sarı getdi, vərəqi qoparıb bir neçə dəfə cırdı, sonra yolun kənarındakı zibilqabına tullayıb heç nə olmamış kimi evinə getdi. Həmin an hansı hissləri keçirdiyim yadımda deyil. Atam həmişə deyərdi ki, ağıllı adam odur ki, işi düz gətirməyəndə günahı başqasında yox, özündə axtarır. Məgər mən günahkar idimmi? Ölkəsinin müstəqilliyini istəmək günah idimi?

Gün əyiləndən sonra kitabımın arasındakı axırıncı vərəqi yapışdırmaq üçün şəhərin təmamilə başqa bir səmtinə yollandım: o qədər də hündür olmayan təzə əhənglənmiş hasarların ətrafı səliqəli zeytun ağacları ilə əhatələnmişdi, ortadakı iri göy darvazanın o tərəfində yəqin ki, hansısa dövlət idarəsi yerləşirdi. Avtobus dayanacağında düşən kimi ağlıma gələn birinci fikir vərəqi aparıb həmin göy darvazaya yapışdırmaq olmuşdu, amma ətrafda təkəmseyrək də olsa adamların gəzişdiyini görüncə dərhal da fikrimdən daşınmışdım. Bəlkə də səhər çağı olsaydı mərkəzə yaxın, insanların qaynaşdığı daha haylı-küylü məkan seçərdim, ürəyimin guppultusuna qarışmış içimdən gələn səs nədənsə vərəqi məhz bura yapışdırmağımı təkid edirdi. Nəhayət, vərəqi divara yapışdırıb səhərki fəndimi təkrarlamaq üçün skamyada əyləşib özümü kitaboxuyan göstərməyə hazırlaşırdım ki, göy darvazadan yeyin addımlarla çıxan uniformalı kişi vərəqin qarşısında ayaq saxladı və tezcə də onu qoparıb bir neçə dəfə “ura” qışqırdı və qaçaraq darvazadan içəri keçdi. Təxminən üç dəqiqə sonra hasarın o üzündən qopan “ura” səslərindən zeytun ağacları titrəməyə başladı; hay-küyün içindən nəsə şaqqıltı, inilti, söyüş eşidilirdi. Doloy…doloy… doloy sovetskaya imperiya… - haray-həşirin içərisindən mənə tanış olan bu sözlər qulağıma dəydikcə ətim ürpənirdi. Kütlənin qəzəbli bağırtısını dəyənəklər də susdurmağa aciz idi, qiyamçılar binanın şüşələrini sındırıb, qapılarını, pəncərələrini çıxardıb barrikada qururdular. Az keçməmiş hasarının o tərəfindən qalxan qatı tüstü ətrafı elə sardı ki, zeytun ağacları dumanın içərisində sıralanmış əsgərlərə çevrildilər. Nəhayət başlandı! Bu nədi – inqilab?! Belə asanlıqlamı? Mən hələ də skamyada oturmuşdum, hələ də özümü kitab oxuyan kimi göstərirdim, getdikcə qatılaşın tüstünün içrəsində nəfəs almağım ağırlaşanda sanki yuxudan ayıldım. Al bu da sənə inqilab! Bastilya qalasına hücum edən gənc fransızlar kimi az öncə üsyana qalxmış soydaşlarımla bir yerdə olmaq üçün darvazaya tərəf şığıdım. Mən xalqımın yanında olmalı idim… Darvazaya yaxınlaşanda divarın sol tərəfində üzü sürtülmüş kvadrat şəkilli lövhə diqqətimi cəlb elədi “Patris Lumumba adına şəh…” tüstü gözümü acılandırdığından yazını yaxşı oxuya bilmədim, gözlərimi ovuşdurub birdə həmin səmtə baxandaysa hündürboylu birisinin qarşımı kəsdiyini gördüm. O, heç nə soruşmadan sinəmdən basıb məni kənara itələdi. Getdikcə qatılaşan dumanın içərisindən iki yanğın söndürən, təcili yardım və əsgərlərlə dolu hərbi maşın sürətlə darvazadan içəri keçdi. Ürəklənib onların arxasınca götürülə bilərdim, amma hündürboylu kişi həmən də darvazanı bağladı. İnqilabı dahilər hazırlayır, fanatiklər həyata keçirir, fırıldaqçılar isə onun xeyrini görür – mən bu fikri o zamanlar eşitməmişdim, amma o vaxt, yəni, mənim arzuladığım inqilabın baş verdiyi gün dahi-fanatik-fırıldaqçı tiradasının hansı qütbünə aid olduğumu hələ də müəyyənləşdirə bilməmişəm.

…Evə necə çatmağım yadımda deyil, o boyda yolu qaranəfəs gəlmişdim. Anam məni görcək getdikcə atamın “alkaş” dostlarına oxşamağa başladığımı söylədi. Amma o, hələ heç nədən şübhələnmirdi, ümumiyyətlə, həmin günkü inqilabın əks-sədası bizim evə heç vaxt gəlib çatmadı. Nə dövlət televiziyasının axşam saat səkkizdəki əsas xəbərlər buraxılışında, nə də ondan bir saat sonra Moskvadan göstərilən “Vremya” proqramında inqilab haqqında bir kəlmə də demədilər, əksinə sosialist təsərrüfatının astronomik sürətlə tərəqqi elədiyini, milyon tondan çox pambıq yığıldığını, milyon tondan çox polad əridildiyini dedilər, kapitalist ölkələrinin acından öldüyü, adamların küçənin ortasında bir-birinin ətini yediyini dedilər, təzə heç nə olmadı, qaşqabaqlı sovet diktorları əllərinə nə yazıb vermişdilərsə, onu da oxudular. Məni daha çox təəccübləndirən isə atamın dostları yığışarkən dövlət mükafatı laureatının özünü heç nə olmamış kimi aparması idi, radioqəbuledicidən də xırıltılı-xurultulu saksafon səsindən başqa bir şey çıxmadı. Mən bütün gecəni yata bilmədim, mənə elə gəlirdi ki, atamın dostları, onların uşaqları, bu şəhərdə tanıdığım, bildiyim kim varsa hamı özünü skamyada oturub kitab oxuyan kimi aparır və artistlik elədiklərini çox gözəl bilirlər.

Bir gün… iki gün… üç gün… heç nəyin baş vermədiyi, susqunluq və sükutun hökm sürdüyü boz günlər bir-birini əvəzlədikcə ürəyim sıxılırdı. Böyük şəhərdə, doğmalarımın arasında dərdimi deyə biləcəyim kimsə yox idi, hətta kimsə olsaydı belə danışdıqlarıma inanmazdı, elə bilərdi ki, məni qara basır, ya da başıma hava gəlib. Hər halda mən bilirdim ki, dəli olmamışam, hiddətli kütlənin qəzəbli üsyanını öz gözlərimlə görmüşdüm: insanların necə barrikada qurduğunu, imperiya əsgərlərinin qabağında “doloy” deyə qışqırdıqlarını eşitmişdim. Qulağımda ilişib qalmış dəyənəklərin taqqıltısı, kütlənin iniltisi çəkilmək bilmirdi. Sovet insanının həyat tərzinə çevrilmiş sükut və ətalət dolu günlərdə heç cürə özümə sakitlik tapa bilmirdim. Qərara gəldim ki, yenidən ora qayıdım. Hardasa oxumuşdum ki, bütün cinayətkarlar cinayət törətdikləri yerə nə vaxtsa birdə qayıdırlar. Vətəninin azadlığını istəmək cinayət idimi? Əgər məni tutsaydılar özümü necə aparacağımı da götür-qoy eləmişdim – dekabristlər üsyanından sonra çarın “şair, həmin günü nə edərdin” sualına Puşkin necə cavab vermişdisə, mən də müstəntiqlərə məhz o cür cavab verəcəkdim. Bəli, mən xalqımın yanında olmalı idim… mən… mən… mən…

Ətrafda heç kim gözə dəymirdi. Əhənglənmiş hasarların qabağında səliqəylə düzülmüş zeytunlar sanki heç nə olmamış kimi sakitliyin içində xudmani ağac ömürlərini yaşayırdılar. Nəhayət, özümü toparlayıb hasarlara sarı getdim. Bu dəfə divarın sol tərəfində üzü sürtülmüş kvadrat şəkilli lövhədə yazılanlar lap aydın oxunurdu: “Patris Lumumba adına şəhər 1 saylı psixatrik xəstəxanası”…

...İndi üzü yanacaqdoldurma məntəqəsinə baxan geniş eyvanlı mənzilimin pəncərəsindən şıdırğı payız yağışında islanan şəhərimi seyr edə-edə həmin günü bütün xırda təfərrüatlarına qədər xatırlayıram. İndi mən də hamı kimiyəm...

Image result for Natiq Məmmədli

# 2873 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #