Poeziyamızın alnı açıq şairi

Poeziyamızın alnı açıq şairi
14 dekabr 2023
# 16:00

Kulis.az Nadir Yalçının "Poeziyamızın alnı açıq şairi" adlı yeni yazısını təqdim edir.

Uşaq idim, nabələd idim... Həmişə vəzifədə olan babam həminki tifil qayğılar üzündən bu boz Bakının boz küçələrində “taksavatlıq” edirdi. Gecələr işə çıxırdı, düz sübh azanından üç-dörd saat sonraya kimi. Üzümü yerə sürtüb ağlayırdım ki, ay baba, qurban olum, mən də sənlə gəlim, maşının dalında dinməzcə oturacam, bir kəlmə belə danışmayacam!

Aparmadı!

Hər gecə işə gedəndə yüyürüb qəndqabımızdan ovcum sığan qədər limonlu konfet götürüb ciblərini doldururdum. Ovcum sığan qədər yox, ürəyim sığan qədər konfet götürürdüm. Elə bilirdim, səhərəcən apardığı termosun dibindəki ən sonuncu qurtuma qədər o çayı həmin konfentlərlə içəcək. Bəlkə də, konfetlər çatmırdı çay bitənəcən. Səhərin açılmağını dörd gözlə gözləyirdim ki, babam işdən qayıtsın, gözümü açanda nənəmlə babamın tən ortasında özümü tapım. Onu imam kimi gözləyirdim...

Şəhriyar del Geranini poeziyamız həmin işıq kimi, nəfəs kimi gözləyib. Ədəbiyyatımız Şəhriyar del Geraniyə təşnə olub. Hərdən istəyirəm, ovcum tutan qədər – ürəyim tutan qədər konfet; ilahi eşq, məhəbbət əta edim ona. Hərdən istəyirəm ikiqapılı miyana maşınının arxasında; şeirinin qanadlarında əyləşim, məni uzaqlara aparsın. Babam məni gecələr özü ilə aparmırdı; elə bilirəm, bir gün Şəhriyar aparacaq...

Ötən hissələrdəki sentimentallığı kənara qoyub soyuq baxışla Şəhriyarın poeziyasına yanaşmaq olmur. Onun sözünün şəhdi isti baxış, doğma yanaşma tələb edir. Şəksiz, Şəhriyar təkcə dilimizin dərinliklərinə bələd deyil. Həm də, həm də dilimizin təyinatına, fikrinin layiq olduğu ifadəyə yaxşı bələddir. Biraz “dəllalıq” eləmək niyyətim var, inciməyin...

Şəhriyar del Gerani ana dilimizin ənginliklərinin bütün istiqamətlərini uçan xalçası ilə səyahət edən adamdı.

Heç fikir vermisinizmi, Şəhriyarın şeirlərində iki-üç kəlmədən bir əvəzlikdi... Şəhriyar əvəzliyə bel bağlayıb şeir qurmur, əvəzlənməli nəsnələr Şəhriyarın şeirlərində doğur. O, bənzətmək istədiklərini və bənzəyənləri özləri ilə, ilkin anlayışını verdiyi nəsnələrlə əvəzləyə-əvəzləyə şeirlərini başa vurur.

bir də görərsən ki
heç kimin əli qalmayıb
mən sənin əlindən tutub
bir ömür yeriyə bilərəm
deyirəm ki, məni əllərinsiz qoyma...
belə olmalı deyildi, dostum
belə olma...

Necə olmalı deyildin, necə olma? Şəhriyar məhz o necəliyi havada qoymayan, onun yerini, təyinatını, məskənini, əlamətlərini göstərən şairdir.

Yaxud, tam əksinə, Şəhriyar hərəni öz dərdi, öz yaşantısı ilə baş-başa buraxıb o necəliyi tapmağı oxucunun ixtiyarına buraxır...

Deyirəm, "Darıxma, yaxşı olacaq...".

Yaxşı olmayacaq, özün bilirsən.
Sən özün bilirsən necə olacaq...

Necə olacaq? O necəliyi mən, sən, bir başqası öz xülyasında, öz dünyasında müəyyənləşdirməli olur...

Şəhriyar del Geraninin şeirlərində təkrarlanmış, qulağı deşən, yeknəsək metaforalar, təşbehlər, epitetlər eşitmək qəliz məsələdir. Bəs nədir bu bədiiliyin əsrarı? Axı Şəhriyarın şeirlərini oxuyanda prozayabənzər poeziya nümunəsi yox, məhz şeir, nəzm, ritm, ahəng nümunəsi sənə təqdim olunur. Şəhriyar epitet və təşbehləri müəyyən hadisələrlə, onların fonunda ifadələrlə, sonu feilləşən birləşmələrlə, hərəkətlərlə çatdırır. O “nə”yisə “nə”yləsə izah edir, “nə”yisə “necə” iləsə izah etmir. Bir anlayışın qarşısına özünə bərabər, semantik, leksik cəhətdən eyni ranqda olan anlayış qoyur. İsmin gözəlliyini sifətlə yox, məhz isimlə izah edə bilir, hərəkəti hərəkətlə canlandırır, zərflə yox... “Şükr de, çırpınır kəpənək, adam var, yeriyən qəbirdi...” yazır, “Şükür de ki, çırpınan kəpənək yeriyən adam kimi qəbir deyil” yazmır... “Qucaqla – necə ki, sərçələr küləkdə qucaqlar zəmini” yazır, “Sərçələr küləkdə zəmini qucaqlayan kimi” yazmır... Şəhriyar del Gerani qoşmaların üstündən xətt çəkib, “kimi”lərin, “bənzər”lərin, “təki”lərin üstündən xətt çəkib, fikri fikirlə qoşur, hansısa köməkçi vasitə ilə yox!

Bənzədə bilmədiyini etiraf edəcək qədər geniş sinəsi var Şəhriyarın: “Üzünü kimə bənzədim? Haraya oxşadım səni? Görürsən, şeir yazıram, unutmadım ən azından...” Şəhriyarın heç bir misrasında “Zor ilə gözəllik olmaz” cümləsi yada düşmür, Şəhriyar zor ilə yox, zar ilə şeir yazır, sinəsindən qopan zar ilə...

Bəzən müğənni ritmdən çıxır, nağara çalan da istəməzcəsinə karıxır, çalışır, ikinci sətirdə hansısa ritmi ya bir artıq, ya bir əskik ölçüdə vursun ki, hər şey düzəlsin, pazllar yerinə otursun. Şəhriyar şeirləri belə ritmdə yazır, bir misradan əskildib digər misrada elə tamamlayır ki, bütöv ritm, ahəng, avaz qulağa gəlir.

Gərçi gör üzüm üstə yağışları,
dizim üstə gəlib sənə bağışlanam.

Bir misrası 11, digər misrası 12 olan 23 hecalıq bənd elə bütövləşib ki, mən mütləq inana bilirəm ki, 23 ikiyə bölünə bilən rəqəmdir!

bu şəhərdən yavaş-yavaş uzaqlaşar qatarlar
üzülmə, quşlar ona çatarlar.

Şəhriyar bu misralarda olduğu kimi vəhdət şairidi, quşları qatara çatdıran şairdi. Yer ilə göyün, dənizlə səmanın birləşdiyi yerdən söz üfürür yer üzünə. Dəqiqdir ki, Şəhriyar üfüqün bilinməz, sehirli xəttinə varıb gəlib ədəbiyyata...

Şəhriyar həyatı ilə yazdığını hesablayan, nəyi yazsam, nə yaşamalıyam, nə yaşamışamsa nəyi yazmalıyam məsələsini çözən, çözəliyən şairdi. Ol səbəbdəndir ki, təpədən dırnağa ədəbiyyatdır. O, oxucunu inandıra bilir ki, anasının baş ağacı olduğunu bilsəydi, bir vaxt həmin ağacın budaqlarını sındırmazdı. Mən inanıram, bilsəydi, heç vaxt sındırmazdı...

Şəhriyar del Geranini 2011-ci ilin oktyabrından 12 il, 2 ay sonra 35 yaşı münasibəti ilə təbrik edirəm, gecələr onu yoluxmaq istəyirəm, yatanda üstünü açır. Bunu mənə özü deməyib, anası deyib. Anasını görməmişəm heç vaxt, şeir deyib, Şəhriyar şeirlərlə danışıb, danışır, danışacaq...

# 1080 dəfə oxunub

Müəllifin son yazıları

# # #