Kulis.az Nadir Yalçının “Kənddə sədr olan general...” adlı yazısını təqdim edir.
Hər səssiz və unudulduğumu hiss etdiyim gecələrdə Rasim Qaracanın bir şeirini xatırlayıram: “Balıqlar bizdən daha kamil, onlar hər şeyi danışıb qutarıblar...” Həsəd hissi məni ağuşuna alır. Unudulduğumu düşündüyüm və unutmaq istədiyim gecələr sudan çıxmış balıqtək çabalasam da, bütün məsələləri danışıb, ölçüb-biçib bitirmiş balıqlartək asudə və azad olmaq diləyirəm. Balıqların yaddaşının üç saniyəlik etibarsızlığı, əslində, onlara ən böyük vəfa ehsanı, sadiqlik borcunun bədəlidir. Görəsən, həmin üç saniyədə hansı hadisə zehnlərini qurcalayır, nə dərya eşqlərinə zəhər qatır? Mən bilmirəm, özlərindən soruşsaz, balıqlar da bilməz. Həmin üç saniyədə sual verəcək dəqiq və saleh varlıqlar olmadığımızı yəqin edirəm.
Hər şeyi danışıb qutaran balıqlar barədə danışanda Məmməd Arazın bəyaz saçları, uzaqlara zillənən həsrətdolu baxışları ürəyimi didir. Elə həmin an Akif İslamzadənin illərdir eşitmədiyimiz qədim səsi qulağma xoş zümzümə kimi qonaq gəlir. Sözün və səsin möcüzəsi! Əli Kərim necə deyirdi? “Şeirlə mahnının möcüzəsilə ayılmağa çox dəli bir ümidim var...”
Məmməd Araz hər şeyi danışıb bitirmişdi, nəhəngliyini xırda naxışlar təki ilmə-ilmə toxumuşdu. Elə ona görə də, əbədi susmuşdu... Səsi gəlmirdi, sözü səsindən də möhkəm ün salmışdı... Elə bağıranlar ölkəsində Məmməd Araz nəhəngliyində susmaq səadət idi, riyadan uzaq, yalançı pafosdan arınmır Məmməd Araz kimi...
Bir partlayış səsindən diksinən olmuşam, dostum İlqar Bürcəliyev şəhid olandan bəri... Zənnimcə, müharibə kəlməsinin dəhşəti əzizlərimi itirmək qorxusu qədər amansızdır... Hər qığılıcımlı samitlərin birləşməsi, hər atəş püskürən qanlı söz yaralarımın qaysağını didir. Odur ki, hər çaxnaşmada, hər qara xəbərdə bir şeiri yada salıb fikrə dalıram:
“Müharibə olmasa...” Məmməd Arazın bəşəriyyətə çağırışı, daha doğrusu, əsl şair mövqeyi...
Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında,
Müharibə olmasa!
XIX əsrin ortalarında metallurgiya sənayesində bir boşluq yarandı və istehsalatçılar böyük problemlə üz-üzə qaldılar. Külli miqdarda qalaqlanan dəmir-dümürdən polad əldə etmək zərurəti yaranmışdı. Elə bir şey olmalı idi ki, onun həcmi və iş mexanizmi polad əldə etmək üçün münasib olsun. Pierre Martin yeni sobanın ərsəyə gəlməsinə nail oldu. Bu, dünya miqyasında uğur idi.
Məmməd Araz “Müharibə olmasa...” şeirinin ilk bəndində insanların canına qəsd edən, gözlərdən qan-yaşı əskik etməyən dəmir parçalarını – silahları həmin sobaya yığıb əritmək istəyirdi. Və şairin mütərəqqin fikirləri bu niyyətinin səbəblərini gün işığı kimi üzə çıxarırdı: həmin silahları əridib Yer ilə Mars arasında körpü yaratmaq! Sinəgenişliyi, məcaz asimanının ənginliyi ilə qələmə alınan bu fikirlərdə reallıqla qeyri-reallıq göz-gözədir. Şair insanın silahdan imtina edəcəyi halda Yer ilə Mars arasında körpü yaradacaq qədər qüdrətli olacağını nəzərdə tutur. Lap bu hadisənin mümkünlüyünün sual altında olması dərk olunsa belə, şair bəşər övladını inandırmaq istəyir, bu məcazlığın içində həqiqət axtarmağa çağırır.
Yer min illik barını
Bircə gündə yetirər,
Alim ayı, ulduzu
Dartıb yerə gətirər,
Müharibə olmasa!
Şair təxəyyül atını dördnala çapır. Torpaq amili Məmməd Araz poeziyasının canıdır. O torpağa canlı varlıq kimi yanaşır, torpağın timsalında təbiəti – dağı, çiçəyi, ağacı övladıtək əzizləyir. Onun poeziyasında dağ da insandan küsə bilər, dağın könlünü almaq üçün şair gedib öpüb, qurban ola bilər.
Bu misraları oxuyanda paralel olaraq şair Novruz Gəncəlinin “Bəs deyilmi ana torpaq su içdi göz yaşından?!” misrası xatirimdə dolaşır. Müharibə təbiətə qənimdir. Bomba düşən yerdə əkin yetişmir, torpaq becərilmir... Məmməd Araz sanki torpağın qayğısını çəkir və min illik barın bircə gündə yetişəcəyinə ümid edir, müharibə olmasa...
Əvvəlki bənddəki Yer ilə Mars arasındakı körpüyə ümidi olan Məmməd Araz bir az da dərinə gedərək ümumbəşəri problemə toxunur. Müharibə elmi tərəqqinin önünə kəsən amillərdəndir. Uzunmüddətli xaos, qarışıqlıq, ölkənin taleyinin təlatümlü anları bütün müzakirəni həmin məqamların üzərinə çəkir, qalan hər şey aktuallığını itirir. Hamı iqtisadi tənəzzülün cəfasına qatlaşır, dincliyinin hayında olur. Bu qaramatın içində hansı tədqiqat, hansı araşdırma, hansı kəşf təəccüb yarada bilər, yaxud öz lazımi dəyərini qazanar?! Şair gözüeynəkli, zehni yorğun, qovluqlu alimini də unutmur və alimində, yeri gəlsə, ayı, ulduzu dartıb yerə gətirəcək qədər potensial görür, müharibə olmasa...
General gözündə də
Bu hissi duyur adam:
“Tullayıb çinlərimi
Bir kənddə sədr olaram,
Müharibə olmasa!”
Zənnimcə, qəzəldə şah beyt olduğu kimi, heca vəznində yazılmış şeirlərdə də şah misra, şah bənd mövcuddur, yuxarıda qeyd etdiyim bənd kimi... Məmməd Araz böyüklüyü bir az da bu bəndin altında gizlənib. Məmməd Araz humanistliyi bu vasitəsiz nitqdə təcəssüm edib. Əlində silah olan ən ali rütbəli şəxs də qan-qadadan usanıb. Ölümlə üzbəüz dayanan general da öz ocağına qayıtmaq istəyir və məsələnin kulminasiya nöqtəsi ondadır ki, Məmməd Araz bir generalı kənddə sədrliyə layiq bilir. Bir ordunun öndə gedənini kəndə qaytarıb kəndxuda eləmək istəyir. Məhz fəhlə yox, briqadir yox, çoban yox, bir generalı sədrliyə layiq bilir.
Bəşərin qapısından
Vaxtsız ölüm gen düşər,
İnsanın saçlarına
Yüz yaşında dən düşər,
Müharibə olmasa!
Nakamlıq müharibənin ən amansız sifətidir. Adicə əlimizdə olan bir işi yarımçıq saxlayanda narahat oluruq, o ki qaldı arzularla dolu bir ömür... Hər gedən can bir övladın yetim qalmasına, bir qadının dul qalmasına, bir ananın balasız qalmasına səbəb olursa, müharibəni lənətləmək insanın missiyasına çevrilməlidir.
Həmişə nəyisə şişirtmək, daha da qüvvətli təsvir üçün yüz sayı köməyimizə çatır: “Yüz ilin qocasına oxşayıram”, “Elə bil yüz ildi yol gəlirəm”, “Bu sözü yüz batman balla da yemək olmaz” və s... Şair yenə də oxucusunun təbirincə xitab etməyə çalışır. Dərddən, kədərdən uzaq insanın uzun ömürlülüyünü həmin yüzlük şkalası ilə ölçür...
Sevənlər aləmində
Bəşərin gülləsi söz, Müharibə olmasa!
Nə qəm, nə həsrət olar,
Sözü məhəbbət olar
Bəşərin gülləsi söz,
Poeziya nümunələrinin finalı barədə xarici və yerli ədəbiyyatşünaslar tərəfindən silsilə fikirlər səsləndirilib və maraqlı qənaətlər daima nəinki söz adamını, hətta bəzi yaxşı oxucuları da düşündürüb: bütün sehri xəyali nizənin ucunda cəmləşdirib hədəfi nişan almaq... Məmməd Araz sözün aliliyinə işarə edərək sülhün rəmzi kimi məhz onu görür: bəşərin gülləsi söz olarsa, sevənlər aləmində həsrət olmaz. Söz eşqin təzahürüdür, yaxud əksinə, sözün varlığı eşqin yaradıcısıdır. Məmməd Araz poeziyasının eşqi sözə, insanlığa, torpağa idi, sətirlərinin şəhidi bu yolla ürəklərə sirayət edirdi.
Güllə səsi eşidilməsə, bombalar cahanı yaralamasa, Məmməd Araz kimi yurd dərdini ürəyində məzara aparan, savaşsız Yer kürəsi arzulayan bütün ruhlar şad olacaqlar. Biz isə nəfəs aldığımız müddətdə səksəkədən uzaq, günahlardan və günahlandırmadan arınmış fərd kimi, yeri gəlsə, rahat unuda biləcəyik, balıqlar qədər azad, asudə olacağıq...