Ədəbiyyatımızda adları “itirilmiş ədəbi nəsl”in nümayəndələri kimi hallanan 80-ci il ədəbi nəslin nümayəndələri ilə söhbətə start verildi! Layihənin ilk qonağı tanınmış şair Əlisəmid Kürdü.
- Əlisəmid, redaksiyamıza xoş gəlmisən. Qoy, elə, əvvəlcə iş-gücdən başlayaq, neçə ildir işsizsən?
- Dəvətə görə çox sağ olun! Mən, demək olar ki, 1993-cü ildən işsizəm.
- Sonuncu dəfə harda işləmisən?
- Sənin də bildiyin kimi sonuncu dəfə “Yol” ədəbiyyat qəzetinin baş redaktoru olmuşam. Publika üçün demək istərdim ki, “Yol” ədəbiyyat qəzeti Ədəbi Tərcümə Mərkəzinin mətbu orqanı olub. Mənə qədər qəzetə tanınmış tənqidçimiz Məti Osmanoğlu başçılıq edirdi.
- “Yol” qəzetindən ötrü darıxırsan? Yəni o tipli yeni bir qəzet buraxmaq istərdinmi?
- “Yol” qəzeti üçün elə də darıxmıram, çünki orda kifayət qədər ürəyimizi boşaltdıq, ancaq bu gün belə bir qəzeti mənim öhdəmə versəydilər, məmnuniyyətlə yeni formatda, yeni estetikada gözəl bir qəzet buraxardım. “Yol” qəzetindən sonra ən çox bəyəndiyim ədəbi qəzet sizin dərc elədiyiniz “Proloq” qəzeti oldu. Qəzet ədəbiyyat fədaisi, əziz dostumuz Tahir Kazımlının şəxsi təşəbbüsü və maddi dəstəyi ilə çıxırdı. Çox heyflər olsun ki, o qəzetin də ömrü çox uzun olmadı. Ancaq çox istərdim, ədəbiyyatımızın gəlişməsi, yeni ədəbi qüvvələrin ortaya çıxması üçün belə qəzetlərin sayı və ömrü uzun olsun.
- Bəs necə dolanırsan? Yaxşı, bilirəm necə dolanırsan, sadəcə, publika üçün soruşuram.
- Şəxsi dostlarımın maddi dəstəyindən asılıyam. Belə baxanda, xətrimi istəyən dostlar çoxdur. Yaşayışımdan narazı deyiləm.
- Biz neçə illərin dostuyuq, ona görə sənin ailə tarixçəni çox yaxşı bilirəm. Hazırda yaşadığın sənin 3-cü ailəndir. Sonuncu həyat yoldaşından bir qızın var. Mənə həmişə deyirsən bu uşaq nəvəm yerindədi. Ən kiçik qızınla necə davranırsan, ata-bala kimi, yoxsa nəvə-baba kimi?
- Bu balaca qızımla mənim hisslərim bir-birinə qarışıb, onu gah qızım, gah da nəvəm kimi əzizləyirəm. Şəklini sənə göstərmişəm, heyrətamiz dərəcədə o biri qadından olan böyük bacısına bənzəyir.
- Ata bir, ana ayrı uşaqların bir-birilərinə necədirlər, mehriban davranırlarmı?
- Mən fürsət düşdükcə övladlarımla tez-tez görüşürəm, onları bir-birilə görüşdürməyə çalışıram. Onlar öz aralarında həmişə mehriban və doğma kimi davranıblar.
- Oğlun Qorqud indiki balaca bacısını çoxmu istəyir?
- Hə, əlbəttə! Qorqud bizə gələndə saatlarla balaca bacısı ilə oynayır.
- Nə yazırsan indi?
- Silsilə yazılarım var, onun üstündə işləyirəm.
- Bir dəfə demişdin, dəlixana haqda dram yazmısan. Niyə üzə çıxarmırsan?
- Gülmək üçün sənə bir söhbət eləyim, bu yaxınlarda Oskara təqdim olunan filmlərdən birinin adı “Sevgilim dəlidir” idi. Yəqin başa düşdün söhbət nədən gedir. Belə plagiatlıq eləyib pyes yazmağa nə var? Bizdə bu adda yazılmış çox bədii əsərlər var. Mən isə bacardıqca yazdıqlarımın sanbalına fikir verən adamam. Yazdığım pyesi oxuyub rəy bildirməsi üçün zövqünə hörmət elədiyim bir neçə adama vermişəm. Hamısı da yüksək fikir söyləyib. Orada söhbət insanın altıncı hissinin təlatümlərindən gedir. Hələlik o hissi ürəyimcə tapıb verə bilmədiyim üçün pyesi tamamlaya bilməmişəm.
- Yaradıcılıqla ardıcıl şəkildə məşğul ola bilirsənmi?
- Mən hər zaman, hətta bu dəqiqə də yaradıcılıqla məşğulam.
- Ən çox hansı ilə məşğulsan, arağı çox içirsən, yoxsa şeiri çox yazırsan?
- Arağı hamımız içirik dəə! Araq həm də yaradıcılığın yorğunluğunu götürmək üçündü.
- Razıyam, araq həm də dostları baş-başa yığmaq üçün bir vasitədi.
- Bizdə bəzən yazarı pisləmək üçün deyirlər, filankəs içəndir.
- Sovet dövründə işsizləri, tüfeyliləri qınağa çəkmək üçün onlara əyyaş damğası vururdular...
- İçməkdən, öz həyatımı olduğu kimi yazmaqdan heç vaxt çəkinməmişəm. Mənim belə bir şeirim var:
Hamı iftar açır günah içində
Alqışla hamını, alqışla allah.
Sənin sağlığına içmişəm, allah
Bağışla sən allah, bağışla allah.
- Stalin dövründə yazıçını cəzalandırmaq üçün birinci tənqidçiləri işə salırdılar. Tənqidçilər yazarı “yıxıb-sürüyəndən” sonra onun “leşini” necə istəyirdilər elə də cəzalandırırdılar. Bizim indiki yaşlı nəslin canında bu xof indi də qalır. Çoxları hələ də elə bilir tənqid olunan kimi sürgünə göndəriləcək, yaxud güllələnəcək.
- Mən “Yol” qəzetinin baş redaktoru olanda sevimli şairimiz Musa Yaqub redaksiyamıza gəlmişdi. Bilirsən ki, mən redaksiya mühitində azadlıq yaratmış adamlardan olmuşam. İllərlə çap olunmayan, Mehdi Hüseynin tanıdığı ədəbiyyat müəllimi, zəif şeirlər müəllifi salyanlı Cəfər Mehdinin oğluyam. Allah şans yaratdı, redaktor oldum. Redaktorluğum sizin gözünüzün qabağında olub. Heç vaxt özümü baş redaktor kimi aparmamışam. Musa Yaqubu qarşıladım, görüşdük, redaksiyaya gətirdik. Qəzetimizdə çap olunmaq üçün şeirlərini gətirmişdi. Yadındadımı, redaksiyadakı azadlıq ab-havasından ilhamlanan Musa Yaqub məndən soruşdu ki, burda sizinlə içmək olarmı? Mən də dedim, olar nədi, mütləq lazımdı! Balaca dar otaqda yeyib-içdik. 1992-ci il idi, Musa Yaqubun dediyi söz indiyə kimi də yadımdadır. “Ömrüm boyu istəmişəm, bir ədəbi qəzetimiz ola, oturub baş redaktorun otağında yeyib-içək. Əli Kərimdən üzü bəri, “vurmağa” getmək üçün bir-birimizi him-cimlə, göz vurmaqla çağırmışıq. Bir-birimizlə pısın-pısın, xısın-xısın danışıb “Cənub”un altında oturmağa qaçmışıq.” Bundan gözəl heç nə yoxdur. Mən bunun təməlini qoyanlardan olmuşam.
- İndiki ədəbi vəziyyəti necə qiymətləndirərdin?
- Ədəbiyyatımız indi xaos içində olduğuna görə çox narahatam. Görürsən, çox vaxt ədəbi məclislərdə əsl yazıçılar bir kənarda qalır, ancaq ədəbiyyata dəxli olmayanlar yuxarı başa keçib. Belələrinə demək istəyirəm, a kişi, bu meydan o meydandan deyil! Meydanları səhv salma! Bu cameədə qabağa çıxmaq sənin işin deyil. Mən bunlarla mübarizə aparan adamam, sözümü də üzlərinə dediyim üçün pis olmuşam. Bu yaxınlarda Azərbaycanın Xalq Yazıçısından müsahibə alırlar və Folknerə, Heminqueyə verilən sualları ona verirlər. O da bu suallara bəh-bəhlə cavab verir. Yazığın xəbəri yoxdur ki, bu suallar 50 il əvvəl Folknerə verilib.
- Sən 70-ci illərdən bu tərəfə çap olunmusan. Ancaq 80-ci il ədəbi nəslinə mənsub hesab olunursan. Çox adam 80-ci illər nəslini – Əlisəmid Kür, Tofiq Qaraqaya, Adil Mirseyid, Adil Şirin, Zahid Sarıtorpaq, Şaiq Vəlini itirilmiş, unudulmuş nəsil hesab edir.
- Yazıçılar Birliyinin növbədən kənar plenumu keçirilirdi. Elçin Əfəndiyev orda çıxış etmişdi. O vaxt mənim dörd şair - Nizami Aydın, Xanəmir, Mətləb Ağa və Dəyanət Osmanlı haqda “İlham” qəzetində “Kompas: uğurlu yol” adlı yazım çıxmışdı. Ondan bir ay sonra “itirilmiş nəslin” söhbəti plenumda müzakirəyə çıxarıldı. “İtirilmiş nəsil” söhbətini ilk dəfə Elçin Əfəndiyev qaldırıb. Onun söhbəti təxminən belə qurtarırdı: “Arada bir nəsil itib. İndi Əlisəmid Kür cavan nəsli təqdim edir”. Plenumdan sonra Elçin müəllim mənə dedi ki, Əlisəmid, adını çəkdim haa! Guya onun bu jesti məndən ötəri böyük bir şey idi.
- Bu ifadə ilə razısanmı? Məsələn, Zahid Sarıtorpağı, Adil Mirseyidi, Vəli Xıramçaylını, Şaiq Vəlini, Saday Budaqlını itmiş ədəbiyyat hesab eləmək olarmı?
- İndi yaxşı-pis yazıdan söhbət getmir. Yazın varsa çap oluna bilərsən. O vaxt ümumiyyətlə, çap olunmaq problemi var idi. İndi çap olunmaq problemi yoxdur, ancaq yaxşı yazı yoxdur. Bu nəslin yazıları vardı, ancaq çap oluna bilmirdilər.
- Anar Yazıçılar Birliyinin sədri olandan sən ona qarşı hücum kampaniyalarında iştirak etməmisən və hər zaman kənarda durmusan. Anar müəllimin adına hörmətlə yanaşmısan. Bir dəfə də mənə demisən o adama qarşı ona görə getmirəm ki, üç nöqtə...
- İcazə ver o üç nöqtəyə aydınlıq gətirim. Mən Anar müəllimi şəxsiyyət kimi də, yazıçı kimi də çox istəyən insanlardanam. Anar müəllim “Qobustan” jurnalını buraxmış, o yazıları yazmış yazıçımızdır. Mən istəyərdim ki, o, beş il də işləyib, sonra getsin. Yazıçılar Birliyi ilə ən yaxşı bacaranı odur. Allaha and olsun, Anar olmasa o idarə bir hala düşər ki! 1850 nəfər üzvü olan təşkilatı idarə etmək asan deyil.
- Öz aramızdı, Birliyin 1850 üzvünün olması Anarın şəxsi günahıdı. Bu kişi Yazıçılar Birliyini kolxoza döndərib, lakin sən ona həmişə loyal münasibət bəsləmisən. Ancaq mənə bəzi söhbətlər elədiyinə görə səni yaxşı başa düşürəm. Kişi gərək yaxşılıqları da unutmasın...
- İki dəfə Ukraynanın Xarkov şəhərində adam soymaq maddəsilə həbs olunmuşam. O vaxtlar təzə-təzə çap olunurdum. Türmədə olanda Anar müəllim mənə qayğı göstərib. Xəlil Rza mənə göndərdiyi məktubda “Azərbaycanın Xalq Şairi Əlisəmidə Azərbaycanın Xalq Şairi Xəlil Rzadan” yazmışdı. Onda heç Xəlil Rzanın özü Xalq Şairi adı almamışdı. Bu mənə qarşı böyük jest idi. Aləm bir-birinə dəymişdi. Orda bilirdilər ki, mən yazaram. Yazılarım çap olunan materialları gətizdirmişdim. “Yol” qəzetini Anar müəllimin xeyir-duasıyla çıxarmışam. İkinci dəfə türməyə düşəndə mənə dedilər ki, sənin şeirlərin “Min beş yüz ilin oğuz şeiri” kitabına düşüb, bu jesti də mənə Anar eləmişdi. Hər halda mənəvi bir dayaq idi.
- Bilirsən, düzdü, bu söhbətlər artıq bizim üçün öz qüvvəsini itirib, lakin, Yazıçılar Birliyində istedadsız adamı qabardıb önə çəkəndə, ona yersiz qayğı göstərəndə bəzi sadəlövh gənclər hətta yaradıcılıqdan perikirlər...
- “Yol” qəzetinin baş redaktoru olanda Novruz bayramı axşamı Yusif Səmədoğlunun yanına getdim. Yazıçılar Birliyinin aşağısında iki mənzil boşalmışdı. Dedim ki, Yusif müəllim, bilirsinizmi, xalq Səməd Vurğunu nəyə görə çox istəyir? Dedi, nə olub? Dedim, aşağıda bir neçə otaqlıq mənzil boşalıb, çağırın, Əhməd Oğuzu, kirayələrdə qalan şairdi, açarı verin ona, bayram günü onu sevindirin. Yusif müəllim Çingiz Abdullayevi yanına çağırtdırdı. Çingizdən soruşdu ki, açar kimdədir. Çingiz cavab verdi ki, açar məndədir. Dedi, açarı ver bu adama! Çingiz müəllim açarı verənə kimi bizi boğaza yığdı, Əhməd Oğuz də bezib o evə köçməkdən imtina etdi. Nə isə. Səməd Vurğun təkcə şair yox, həm də el adamı idi. Xeyirxah insanlar vəzifədə olanda çox yaxşılıq edirlər. İndi ədəbiyyat çətin bir ilğımın içərisindədir. Plagiatlıq baş alıb gedir.
- İndiki nəsil rus dilini bilmir deyə türk poeziyasını yolub tökürlər.
- Bir vaxtlar Milli Məclisdə İsmayıl Şıxlı Məmməd İsmayılın “Kimi aldadırsan, a zalımoğlu?” şeirindən sitat gətirmişdi. Yadıma o düşdü, indi demək istəyirəm, kimi aldadırsınız? Adlarını da çəkmək olmur, o qədərdirlər ki! İstedadlı uşaqlar var. Lap yeniyetmələrdən Aqşin Yeniseydi, Qismətdi, Mövluddu... Ümumiyyətlə, belə baxanda ədəbiyyat həm də tale məsələsidir. İndi hamı bu meydanda at oynamaq istəyir. O vaxt Nemət Pənahlının şeirlər kitabı çıxmışdı. Sabir Sarvan onun kitabı haqqında yaxşı yazı yazmışdı. Yazmışdı ki, “Bu meydan o meydan deyil”. Yazı heç Nemətin qəlbinə də dəyməmişdi.
- Öz aramızdı, bir vaxtlar Əjdər Olun sənin haqda yazdığı yazıdan möhkəm incimişdin. Yadındamı, mən sənə dedim, Səmid, inciməyin yeri yoxdu, kişi əla portret yaradıb...
- Ümumi götürəndə pis yazı deyildi, səmimi yazı idi. Əjdər Ol bizim maraqlı yazıçılarımızdandır. İşlənilməmiş mövzunu hamıdan qabaq götürüb, birinci özü işlədi. Ancaq incikliyim orda idi ki, mənim haqqımda yazdığı portret yox, karikatura idi. Rafiq Tağı haqda yazdığı da yarı karikatura, yarı portret idi. Rafiq haqda yazdığı yazıda belə bir yer vardı: “Əlisəmid Rafiqin qabağını kəsib deyir ki, a kişi, burnunu haralara soxursan? Səni vurub öldürəcəklər!” İnanın ki, mən o sözləri Rafiqə bir neçə il əvvəl öldürüldüyü yerdə demişdim.
- Səmid, yadındamı, biz Tərcümə Mərkəzində işləyəndə həmişə maaşdan sonra yığılıb qumar oynayırdıq?
- Hə, o çox xoş günlər idi. Ancaq indi mən qumardan danışmaq istəməzdim. Çünki oxuyanlar düzgün anlamaya bilər. Elə bilərlər biz də ciddi qumar oynayıb ev-zad yıxmışıq. Halbuki, özün bilirsən, yığışıb dilxoşluq eləyir, yeyib-içmək pulu uğrunda “mübarizə” aparırdıq.
- Mənim üçün çox maraqlıdı, sən qumarı yaxşı oynayırdın, ancaq nədənsə, həmişə yalnız mənimlə əlbir olurdun...
- Düzdü, həə! Mən həmişə səninlə əlbir olurdum, özü də sən qumarı o qədər də yaxşı oynamırsan, çox vaxt pulları sənin ucbatından uduzurduq, sonra mən səni kənara çıxarıb təkcə oynayaraq uduzduğumuz pulları geri qaytarırdım. Mən həmişə sənin təmiz qəlbinə görə səninlə əlbir olmuşam. İkimizin də pula münasibətimiz eynidi, həm də ona görə birgə oynayırdıq...
- Maraqlı söhbətə görə çox sağ ol!
- Məni və bizim ədəbi nəsli yad etdiyinizə görə hamınıza minnətdaram!