Samsunqla Nokianın davası

Samsunqla Nokianın davası
11 fevral 2013
# 11:01

Bu yaxınlarda maraqlı bir hadisəylə üzləşdim. Deyəcəksiniz, nooldu, həmişə maraqlı hadisələr sənin qarşına çıxır? Neynim, mənim də qismətimdə belə axmaq şeylər varmış. Xalx “Hammer” sürməklə məşğul olanda mənim də bəxtimə avtobusda gedib müxtəlif adamlara tamaşa eləmək düşüb.

Hə, bizdə, axı, hamı bir-birinə mərifətlə qulluq göstərir. Şəhərə gələndə iki cavan oğlan da mənimlə avtobusda deyə-gülə gəlirdilər. Onlardan biri əsasən xəngəl xoşladığını deyirdi. O birisi isə, sən demə, dolmanı daha çox sevirmiş. Danışıqlarından başa düşdüm ki, birinin telefonu “Nokia”dı, özü də üç sutka “zaryadka” saxlayırdı. O birisininki isə “Samsunq”du. Dediyinə görə içində dəhşət maraqlı oyunlar var. Şəkili yaxşı çəkir. Kartına yüzdən çox meyxana sığır. “Nokia”sı olan da basıb-bağladı ki, onun telefonunun yaddaşında meyxanadan başqa çoxlu nohələr və mərsiyələr var. Aygünlə Üzeyirin son dueti də təmiz “zapis” olunub.

Mən avtobusdan düşmək istəyəndə onlar bir az qabaq düşmək üçün dərhal gəlib qarşıma keçdilər. “Nokia”sı olan əlini cibinə salıb hər ikisinin yolpulunu vermək istədi. “Gəl düş, özüm verəcəm!” dedi. “Samsunq”u olan onun əlini şalvarın üstündən tutub cibindən çıxarmağa qoymadı: ”Özüm ölüm, inciyərəm, xırdam var, özüm verirəm, sən düş!” Nokia dedi, a kişi, əlimi burax daa, xırda məndə də var, narahat olma! Samsunq dedi, qardaş canı, qəti qoymaram, özüm verəcəm, ayıbdı, yekə kişisən, belə xırdaçılıq eləmə! Samsunq o biri əlini cibinə salmaq istəyəndə Nokia da onun əlini cibinin üstündən tutub pul çıxarmağa imkan vermədi. Onların belə çalın-çarpaz qarşımı kəsdiklərini görüb soruşdum, haçan düşəcəksiniz? Nokia əlini dostunun cibinin üstündən çəkmədən arxaya tərəf burulub: “A kişi, bir az səbrin olsun, qoy yolpulumuzu verək, biz də düşürük dəə!” dedi. O tərəfdən də Samsunq Nokiadan soruşdu: “Nə deyir, əə, o xiyar?”

Baxdım ki, vəziyyət çox gərgindi, sakitcə onların düşməyini gözlədim. Nokia Samsunqa dedi, sən balanın canı, sən mənim canım, əlimi burax, qoy, mən verim! Nokia dedi, belə, balamın da canı, sənin də canın, özüm verəcəm, qurtardı getdi, ta, burda başqa söhbət ola bilməz! Samsunq dedi, a kişi, tərslik eləmə, camaat bizi gözləyir, avtobus dayanıb, düşmək istəyənlər var, qoy bu dəfə mən verim, sən də gələn dəfə verərsən! Nokia dedi, canım üçün, dünya dağıla, əlini cibinə salmağa qoymaram, burax əlimi! Samsunq dedi, öz canım üçün, sən burda bir qəpik pul xərcləsən, ömrü boyu üzüvə baxmaram! Sürücü dartışan dostlara baxıb zarıdı ki, ay yoldaşlar, arxamca avtobus gəlir, məni işdən qovacaqlar, razılığa gəlin, biriniz verin, çıxaq gedək! Nokiya dedi, a kişi, sən iki dostun arasına girmə, problemi özümüz yoluna qoyacağıq! Samsunq dedi, qardaş niyə qoymursan mən verəm? Nokiya dedi, mən olan yerdə sən kimsən pul xərcləyəsən? Samsunq dedi, bəs sən kimsən, guya məndən varlısan? Nokia dedi, bəlkə sən məndən varlısan? Samsunq dedi, əlbəttə varlıyam!

Mən ağ “nol altı” sürəndə sənin heç velosapedin də yox idi. Nokia dedi, yadından çıxıbmı, mənim atamın “Moskviç”i olanda sənin atan heç maşın sürə bilmirdi. Samsunq dedi, bura bax, oğlan, deyəsən, sən çaşmısan haa! İndi mənə keçəl atanı tərifləyəcəksən? Nokia dedi, bəs sənin atan kimdi? Sovet dövründə fermadan toyuq oğurluğunun üstündə tutulduğuna görə fəxr eləmək istəyirsən? Samsunq dedi, bəli, mənim atam kişi kimi sovet hökmətindən oğurluq eləyirdi! Bəs sənin atan nəylə məşğuldu? Bazarda tərəzi basıb camaatı aldadanla qürurlanmaq istəyirsən? Nokia dedi, ayə, qolumu burax, deyəsən, sən cızığından çıxdın haa! Sənə indi bir dənə kəllə süzərəm, dişlərin qarnına dolar! Samsunq dedi, dayan görüm, əə! Sən mənə kəllə süzə bilərsən? Nokia dedi, kəllə də süzərəm, hələ yumruq da vuraram! Deyib, Samsunqun çənəsinə bir yumruq ilişdirdi. Samsunq Nokianın yaxasından tutub özünə tərəf çəkəndə hər ikisi ortalığa yıxıldı. Mən cəld onların üstündən tullanıb avtobusdan düşdüm.

# 3795 dəfə oxunub

Müəllifin son yazıları

# # #