Murakami Fədayə Laçından roman yazsa...

Murakami Fədayə Laçından roman yazsa...
3 noyabr 2017
# 11:06

Mirmehdi Ağaoğlu

Yəqin bir neçə gündür ölkə gündəmini zəbt edən “Fədayə və Qoca” hadisəsindən xəbərsiz olan yoxdu. Bu da təbiidir. İki həssas mövzu bir-birinə qarışaraq daha çox təsir yaradıb. Biri şou-biznes, o biri də kriminal mövzusu. Hörmətli xalqımızın müğənni və avtoritetlərə sevgisi məlum. Üstəlik, hadisə də diqqətəşayandır. Tanınmış müğənni sevdiyi insanın həbsdən qaçmasına yardım edir. Heç nəyi vecinə almır; nə müğənni şöhrətinin əldən gedəcəyindən qorxur, nə qınaq obyektinə çevriləcəyini düşünür, nə də məsuliyyətə cəlb olunacağını fikirləşir.

Elə bil Hollivud filmidir.

Necə deyərlər, roman kimi bir həyat. Bəs, görəsən, belə mövzudan roman yazmaq olarmı? Sualın bir qədər banal səsləndiyini düşünənləri qabaqlamaq istərdim: Əlbəttə olar. Ümumiyyətlə, bir mövzudan yazmaq olar, başqasından yazmaq olmaz deyə bir qayda yoxdu. Sənətkar istədiyi mövzuya müraciət edə bilər, yetər ki, ortaya keyfiyyətli bədii məhsul çıxsın.

Bəs o zaman bu kimi mövzuları yazmaqdan niyə çəkinirik? Ölkə gündəmi də belə hadisələrlə bol. Hətta bəzən o qədər qəribə, absurd hadisələrlə rastlaşırıq ki, onları heç bir süs verməyib təqdim etsən də deyərlər bədii əsərdir. Belə mövzuların işlənməsi, roman janrının sərhədlərinin genişləndirilməsinə də, müxtəlif eksperimentlərin aparılmasına da xidmət edər. Fikrimi daha yaxşı izah etmək üçün bir nümunə demək istərdim.

Nobel mükafatına tamarzı yapon yazıçısı Haruki Murakami 1997-ci ildə “Metro” adlı roman yazdı. Əsər 1995-ci ilin mart ayında Tokio metrosunda baş vermiş terror hadisəsi haqqında idi. Əsərdə faciəvi hadisənin təşkilatçıları, sağ qalanlar, ölənlərin yaxınları, şahidlər hadisəni danışırlar. Bizim geniş yayılmış bir fikir var ki, gərək hadisənin üstündən uzun müddət keçsin, hər şey aydınlaşsın ki, bundan sonra onun haqqında yazasan. Yoxsa hadisəyə obyektiv yanaşma olmaz! Pah! Guya hadisənin üstündən bir əsr keçsə Tolstoy olacaqlar. Tolstoy dedim yadıma düşdü, hələ arqumentləri də var: Tolstoy Vətən müharibəsinin üstündən 30 il keçəndən sonra “Hərb və sülh”ü yazmışdı. Guya bunlara da o imkanı tanısan, üstünə “Hərb və sülh”lə qayıdacaq. Axı, canım-gözüm, səndən onsuz da “Hərb və sülh” tələb olunmur. Bax, Murakami kimi adam, əsərləri dünyada milyon tirajlarla satılan yazıçı o məşum terrorun üstündən iki il keçməmiş əsər yazdı.

Görürsünüzmü, deməli vaxt məfhumu da nisbidir. Misal üçün deyirəm, lap elə Fədayə Laçın söhbətinin məhkəmə işi gedə-gedə də bir əsər yazıb ortaya qoymaq olar.

Bu kimi gündəm mövzularına ədəbiyyatın adekvat olmağının bir faydası da budur ki, əsər sosioloji araşdırma rolunu da oynayır. Müəllif real zamanda cəmiyyətə diaqnoz qoya bilir. Necə ki, Murakaminin romanı oxşar diaqnozu qoymuş, yapon cəmiyyətinin astarını üzünə çevirmişdi.

Bizdə cəmiyyəti narahat edən nə qədər mövzu var ki, onları işləməklə təkcə ədəbiyyata yeni əsərlər qazandırmış olmarıq, həm də maraqlı sosial araşdırmalar da əldə edərik.

Terroru “Aum Sinrikyö” adlı yapon dini sektası törətmişdi. Bütün araşdırmalarını bitirəndən, terrorun iştirakçılarını, qurbanları, şahidləri danışdırandan sonra müəllif belə sual verir: “Aum Sinrikyö” təşkilatı yapon cəmiyyətindən nəylə fərqlənir? Bəlkə sekta illərlə yapon cəmiyyətində baş verən mutasiyaların nəticəsidir?”

Romanın yazılması zamanı Murakami bir faktı üzə çıxarır: Müsahibəyə razılaşan terror qurbanlarından bəziləri deyirlər ki, əgər onların da bossları oxşar terakt törətməyi əmr etsəydi, düşünmədən həyata keçirərdilər. Dəhşətlidir!

Hiss edirəm, indi kimsə çıxıb deyəcək ki, “Metro” sənədli romandır. O zaman hamıya məlum başqa bir nümunə deyim – Qabriel Qarsiya Markesin “Gözlənilən bir qətlin qısa tarixçəsi” əsəri... Romanın baş qəhrəmanı Santyaqo Nasarın ölümü Markesin “gözünün qabağında” baş vermişdi. Düzdür, Markes bu əsəri həmin hadisədən iyirmi il sonra yazmışdı, ancaq buna səbəb anasının qadağaları idi, yazıçının qorxusu yox. Markesin anası oğlu kimi bildiyi Santyqao Nasarın ruhunun inciməyini istəmirdi.

Real faktları götürüb də onlara fantastik, magik realist ab-hava da qatmaq mümkündür. Faktlara əsaslanan, real hadisədən yazırsansa vacib deyil ki, əsər də realist olsun, heç bir təxəyyül gəzişməsinə imkan verilməsin. Yəni burda da yazıçının qabağını heç nə kəsmir. Sadəcə mənə elə gəlir ki, hər hansı bir hadisənin bizim zəmanəmizdə baş verməsi və demək olar ki, cəmiyyətin əksər insanlarının o hadisədən xəbərdar olması müəllifi qorxudur. Təxminən belə bir tərəddüd yaradır: Hamının bildiyi bir hadisədən yazaram, yaxşı alınmaz, biabır olaram...

Gərək əsərin buraxdığı təsir hadisənin yaratdığı təsirə ən azı bərabər olsun.

Qısacası çətin məsələdir. Deyirəm, Fədayə Laçın mövzusunu verək elə Murakami yazsın. Bəlkə düşərli olar, Nobeli də ala.

# 1297 dəfə oxunub

Müəllifin son yazıları

# # #