Əfsanəyə görə 570-ci ildə, Məhəmməd Peyğəmbərin anadan olmasından qısa müddət qabaq Həbəşistan hakimi Əbrəhə Məkkə şəhərinə hücum edərək oranı yerlə-yeksan edəcəyi ilə hədələyir.
Əbrəhənin ordusu güclü döyüşçülərdən başqa zireh geyindirilmiş nəhəng fillərlə də təchiz olunmuşdu. Onları görən istənilən adamı vahimə basırdı, qarşılarında dayanmaq mümkünsüz idi, qarışqa kimi əzib keçirdilər.
Peyğəmbərin Məkkə hakimi olan babası Əbdülmütəllib də bu səbəbdən xalqı qırğına verməyin bihudə olduğunu düşünür və əhaliyə şəhərin yaxınlığındakı dağlara qalxmağı əmr edir.
Lakin şəhər sakinlərindən bəziləri ona etiraz edirlər. Məkkəni qorumasalar Əbrəhənin qoşununun Allahın evi Kəbəni də darmadağın edəcəyini deyirlər. Əbdülmütəllib isə etiraz edənlərə belə cavab verir: “Mən şəhər xalqının valisiyəm, xalqımı qorumağa borcluyam. Allah özü istəsə öz evini qoruyar”.
Bundan sonra bütün Məkkə əhli şəhərin bir qapısından çıxıb dağlara qalxmağa başlayır. Digər qapıdan da Əbrəhənin ordusu şəhərə soxulmağa can atır. Azğın fillər qabaqlarına çıxan hər şeyi tapdalamağa, vəhşi qoşun evləri, karavansaraları, dükanları talamağa hazırdır.
Bu zaman dağlar tərəfdən qalxan bir qaraltı Məkkənin üzərini örtməyə başlayır. Qaraltı yaxınlaşanda bunun qayalıqlarda yaşayan əbabil quşları olduğunu görürlər.
Qatar-qatar əbabil quşları qoşunun üzərinə çatıb qara bulud kimi göyü örtür və dimdiklərində gətirdikləri kiçik daşları indiki dillə desək mərmi təki Əbrəhənin qoşunun üzərinə yağdırırlar. Təzədən uçub dağlar tərəfə gedir, yenidən dimdiklərində daşla qayıdırlar...
Bizə indi nağıl kimi görünə bilər, lakin o dövrün insanı üçün qəfildən bir dəstə quşun dimdiyində daş göydə görünüb onları yağış təki yağdırmasına ilahi möcüzədən başqa bir ad vermək olmazdı. VI əsrdə yaşayan insanlar üçün bu Allahın qəzəbi və həbəşlərin məğlubiyyətinin müjdəsi idi. Həbəşlər görürdülər ki, ordularında ən müasir texnika – fil – olduğu halda məkkəlilər tərəfdə göydən şığıyan naməlum varlıqlar vuruşur. Bu da psixoloji məğlubiyyət üçün bəs idi.
...başına nəyin yağdığını anlamayan ordu çaş-baş qalır, əsgərlər özlərini itirirlər. Fillər ürküb həbəş əsgərləri əzir, yerdə qalanlar da qaçmağa başlayır.
Əsgərlərin yarısı əbabil quşlarının atdığı daşlardan yaralanıb ölür, digərləri də ürkmüş fillərin ayaqları altında qalıb tapdanır.
Beləcə bir anın içində qorxunc bir ordu darmadağın olur.
Döyüş meydanı həşəratlar tərəfindən yeyilmiş əkin yarpağına dönür.
Allah öz evini düşməndən qoruyur...
Bu müharibə “Fil hadisəsi” kimi tarixdə qalıb.
Quranın “Fil surəsi”ndə bu barədə danışılır.
Nə dərəcədə həqiqəti əks etdirir, nə dərəcədə inandırıcıdır, buna qoy hər kəs özü cavab versin.
Ancaq, hər dəfə ordumuzun istifadə etdiyi dronların bacarıqlarını, onların hədəfi məhvetmə qabiliyyətini gördükcə elə bilirəm ya bir kompüter oyununa, ya da möcüzəyə tamaşa edirəm. Bu ağlasığmaz, gerçək üstü səhnələr adamın yadına “Fil müharibəsi”ni salır.
Dronlar əbabil quşları kimi Qarabağ səmasında səkir, düşmən isə Əbhərənin əsgərləri təki çaşqınlıq içində qaçmağa üz qoyub.
Bu yaxında Birinci Qarabağ müharibəsində iştirak etmiş, indi yenidən cəbhəyə yollanmış bir erməni əsgərinin etirafını oxudum. Deyirdi ki, birinci müharibə Kalaşnikov döyüşü idi, ikinci isə dron savaşıdır: “Belə müharibə görməmişik. Başımızı bunkerdən çıxara bilmirik, bütün günü göydə uçuşurlar”.
Lap Əbrəhənin əsgərləri kimi başını itirmişdi.
Daha dəqiqini hərbi mütəxəssislər deyər, lakin mənə elə gəlir ki, Qarabağ müharibəsi hərb tarixində yeni dövr müharibələrin başlanğıcı kimi qalacaq. Dünya bu növ müharibəni ilk dəfə görür. Düzdür, dronlar artıq döyüşlərdə tətbiq olunurdu, lakin hələ heç bir müharibədə həlledici mövqedə olmamışdı.
Əslində İslamın yaranması peyğəmbərin doğuluşundan çox “Fil hadisəsi” ilə başladığı kimi ölkəmizin yeni bir mərhələyə, yeni epoxaya keçidi də bu qələbəmizdən sonra olacaq.
Bu təkcə itirilmiş torpaqların qayıdışı olmayacaq. 30 ildə həyatımızın hər bir sahəsinə sirayət etmiş yarımçıqlığın, itkinin yerinin doldurulması olacaq. Vətən Müharibəsi təkcə torpaqlarımızın işğal olunmuş “20 faiz”ini qaytarmayacaq, bütün sahələrdəki “20 faizlik” əskikliyimizi düzəldəcək.
Bu qələbədən sonra özünəinamı ikiqat artmış, illərlə içində yığılıb qalmış əziklik kompleksini üzərindən birdəfəlik atmış qəhrəman xalq doğulacaq.
Bir də gördün yüz illər sonra bizim əbabil quşlarımız barədə də əfsanələr danışıldı, müzəffər ordumuzun dörd ilə itirilmiş torpaqları bir aya geri qaytarması barədə dastanlar qoşuldu və böyürdən kimsə çıxıb hədyan-hədyan dedi ki, əşşi hamısı nağıldı, belə şey ola bilməz.