Gənc rəssam: “Səttar Bəhlulzadə, Tahir Salahov şişirdilmiş obrazlardır”

Gənc rəssam: “Səttar Bəhlulzadə, Tahir Salahov şişirdilmiş obrazlardır”
26 may 2014
# 14:39

Kulis.Az rəssam, karikaturaçı Gündüz Ağayevlə müsahibəni təqdim edir.

- Özünüzü daha çox karikaturaçı hesab edirsiz, yoxsa fırçayla işləyən ənənəvi rəssam?

- Mənə karikaturaçı deyəndə nəsə özümü qəribə hiss edirəm. Çünki bu, çox məsuliyyətli işdir. Məndə o güc yoxdur. Karikaturaçı üçün məişət mövzularında işləmək asandır. Rəssamlıqda ictimai-siyasi mövqe tələb edən janrlarından biridir.

- Ümumiyyətlə karikatura sənət kimi nə qədər ciddidir? Hər halda kətan üzərində işləmək qədər mürəkkəb deyil.

- Yox, orda da mürəkkəblik var. Rəssamlıqda kompozisiya quruluşu deyilən bir şey var. O karikatura janrında da keçərlidir. İlk baxışdan mövzunu tutmalısan. Karikatura həm sadə olmalıdır, həm də mesaj çatdırılmalıdır. Tutalım kətan üzərində abstrakt bir şey çəkərəm, baxan 50 sual verər ki, bu nədir, bu niyə belədir. Və ya hərə bir nəticə çıxarar. Karikaturada isə belə deyil. Konkret mesaj olmalı və o mesaj karikaturaya baxan adama çatmalıdır. Bu baxımdan karikaturada güclü texnika var. Mən gördüm ki, Azərbaycanda bu janrda işləyənlər olsa da, ortada görünmürlər. Ona görə bu janrda çəkməyə başladım. Bir-iki nəfər var, amma çox dəxilsiz mövzularda işləyirlər, sərgilərdə görmüşəm. Hələ də SSRİ vaxtının problemlərini qabardırlar.

- Sizin özünəməxsus obrazlarınız varmı ki, bütün qəhrəmanlarınız ona oxşasın?

- Yox, məndə elə şey yoxdur. Çünki mən karikaturaçı deyiləm.

- Türkiyədə “Leman”, “Penguen” dərgiləri var. Bizdə belə jurnallar demək olar yoxdur.

- Ancaq saytlarda və Facebookda paylaşıram. Türkiyədən təklif gəlmişdi. Pul vermək istəmirdilər deyə mən də razılaşmadım.

- Belə çıxır ki, gəlirli sahə deyil?

- Başqa ölkələrdə ola bilər. Amma bizdə gəlirli sahə deyil.

- Deyəsən heç kağızla işləmirsiz.

- Planşetlə işləyirəm. Amma çoxu elə bilir ki, kompüterdə hazır detallar var, götürüb onlardan kompozisiya qururam. Amma elə deyil. “Fotoshop” proqramında işləyirəm. Sadəcə məndə “mışka” əvəzində “qələm”dır. Planşetlə işləmək həm asan olur, həm də iş keyfiyyətli alınır. Mənə storyboardlar (film, reklam kadrlarının eskizləri, rus dilində raskadrovka deyilir-M.A.) sifariş verirlər. Onların hamısını planşetlə işləyirəm. İşlərim uğurlu alınır, sifarişçilər razı qalırlar. Hollivuddan tutmuş Avropaya kimi bütün qrafiklərin, karikaturaçıların çoxu planşetlə işləyir. Planşetdə işləmək üçün rəsm çəkmək qabiliyyətin mütləq olmalıdır. İdeya da öz yerində.

- Əsas da elə ideyadı.

- Hə. İdeya oldusa beş dəqiqəyə çəkə bilərəm.

- Yumor hissi də olmalıdır.

- Mənim yumor hissim yoxdur da.

- Seymur haqqında olan karikatura əla idi.

- Onu əvvəl Sabirə həsr etmişdim. Sonra da Seymuru çəkdim. Həqiqətdi. Adam əjdəhadı. Bu qədər əziyyət çəkir. Mənə təzədən kitabı sevdirən Seymur olub.

- Seymurun kitablarına da illüstrasiya çəkmisən.

- Hə, “Ana ürəyi” və “Həyatımın ən xoşbəxt günü” kitablarına illyustrasiya çəkmişəm. İşim də bununla bağlıdır. Məktəb dərsliklərinə illyustrasiyalar çəkirəm.

- Məktəb dərsliklərinə illüstrasiya çəkməyin bir qaydası, özəlliyi var? Nəzərə alaq ki, bu rəsmlər uşaqlar üçün çəkilir, onların təfəkkürünün formalaşmasında rol oynayır.

- Gender məsələsi çox vacibdir. Amma bir də görürsən çox yersiz müdaxilə edirlər. Beş ildi bu işlə məşğul oluram.

- Şəkillərdə necə obraz tələb olunur?

- Deyirlər milli obrazlar olsun. Mən deyirəm ki, yuxarı siniflərin dərsliklərinə fiqurlar daha da ciddiləşməlidir. Proporsiyalar dəqiq olmalıdır. Yuxarı siniflərdə animasion obrazlardan qaçmaq lazımdır. Mənə deyirlər ki, birinci sinif dərsliyində ciddi uşaq şəkli çək.

- Səhv eləmirəmsə ikinci sinif dərsliyində bir baba obrazı çəkmişdilər. Skamyada oturub, saqqal da sinəsindən. Elə bil vəhhabi, ya da rus “alkaş”ıdı. Heç bir halda bizim babalara oxşamırdı.

- Ümumiyyətlə obrazların azərbaycanlıya oxşamağına qarşıyam. Bizimkilər indi-indi ayılıblar ki, kitabda zənci uşağını da çəkmək olar.

- Mən irqi ayrı-seçkilik baxımından demirəm. Dərsliklərimizdəki əsas obrazlar sovetdən qalmadı.

- Bilirsən, işləyən yoxdu. Qabaq Rasim Babayev, Elmaz Hüseynov, Altay Hacıyev, Ələşrəf Məmmədov kimi kitablara illüstrasiya işləyən rəssamlar olub. İndikilər sovet dövründəki səviyyədə qonorar vermirlər. Ona görə də indi bu işlə məşğul olanlar azalıb.

- Deməli, uşaqlarımızın gördüyü rəsmləri sən çəkirsən.

- Demək olar ki, hə.

- Rəssamlıqla bağlı planların nədi?

- Yeni işlərimdə silsilə portretlər işləyəcəm. Bundan başqa dünya rəssamlığında baş verən yenilikləri, yeni formaları götürüb işləmək istəyirəm.

- Yeniliklər deyəndə nəyi nəzərdə tutursan?

- Bizi başa düşməlidirlər. Özümüzü göyə qaldırmaqla deyil. Bizi başa düşmürlər. Başa düşmürlərsə, bu həm bizim günahımızdır, həm də cəmiyyətimizin. Əsas odur ki, reallığı göstərə biləsən. İnsanlar yalan, şişirdilmiş, reallığı əks etməyən rəsm əsərlərindən, musiqidən, ədəbiyyatdan beziblər. Gözləri “mazol” olub. Onlar həqiqəti görmək istəyirlər. Sənətində onu əks etdirdinsə tanınacaqsan, inkişaf edəcəksən. Əlbəttə, mənim dediklərim etalon deyil, rəssam var ki, gözəllik yaradır, başqa mövzularda işləyir. Amma dünyanın gedişatını götürsək, biz çox geridə qalmışıq. Bilmirəm bu qorxudan irəli gəlir, yoxsa doğurdan da geridəyik. Səttar Bəhlulzadə, Tahir Salahov şişirdilmiş obrazlardır. Qlobal götürəndə görürsən ki, sadəcə bizim üçün böyükdürlər.

- Səttar Bəhlulzadənin, Tahir Salahovun, Mircavadın dünya miqyasında yeri hardadı?

- Mircavad maraqlı qarşılana bilər. Onda maraqlı Şərq ornamentləri, mifologiya var. Abşeron məktəbi Mircavaddan başladı. Tahir Salahov SSRİ-dən çıxmış rəssamdır. Texnikası güclüdür. Portret janrında güclüdür. Onun “Qara Qarayev” portreti əladır, xoşuma gəlir. Amma ümumi götürdükdə dünyada o qədər böyük deyil.

Səttar isə dərviş idi. Amma yaradıcılığı mənim xoşuma gəlmir. Onun işlədiklərini impressionistlər XIX əsrdə işləyiblər. Keçilmiş mərhələdi. Mircavadda bir az anarxiya var idi deyə SSRİ-də qəbul olunmurdu. Onu Çingiz Aytmatov Bakıya gələndə bəyənmişdi deyə sonradan məcbur olub qəbul elədilər. O ömrünün sonunda məşhurlaşdı. Deyəsən ilk sərgisi də 64 yaşında olmuşdu.

- Bizim rəssamların dünyagörüşləri necədi? Söhbət edəndə görürsən ki, heç nə oxumur, müasirləri ilə maraqlanmırlar.

- Rəssam yaradıcı insandır. Yaradıcı adam dövrünün irəlidə gedənlərindən olmalıdır. Bax XIX əsrdə foto yarananda rəssamlar gördülər sənət əldən gedir. O zaman anladılar ki, klassizmdən, akademizmdən çıxmaq lazımdı, yeni yol tapmalı, yeni söz deyilməlidi. İmpressionizm də belə yaranıb. Və ya XX əsrin əvvəllərində futuristləri, dadaistləri, sürrealistləri, konseptualistləri götürək. Marinetti nə deyirdi, deyirdi biz proseslərə qoşulmalıyıq. Bu cərəyanlar niyə meydana çıxdı? Çünki dünyanın ictimai-siyasi gərdişində onlar da öz sözlərini demək istəyirdilər.

- Bizim rəssamlar yeni söz demək üçün nə edirlər?

- Yazıçılar necə, rəssamlar da elə.

- Yazıçılar xaricə çıxa bilməsələr də öz sözlərini deyirlər də.

- Rəssamlar da öz emalatxanalarında sözlərini deyirlər (gülür).

- Bizdə tərcümə vacib şərtdir, rəsmə nə tərcümə.

- Tərcümə olunub da. Elçin tərcümə olunub, Anar tərcümə olunub. İlyas Əfəndiyevin əsərləri tərcümə olunub. Bir ingilis onu oxumaz (gülür).

- Seymuru oxuyarlar?

- Bəlkə də oxuyarlar.

- Bəs bizim rəssamlar niyə oxumur?

- Bizdə rəssam var ki? Bunlar şəkil çəkənlərdi. Bu yaxınlarda birinin müsahibəsini oxudum, lap iyrəndim. “Mən yeni kitab oxumuram ki, sənətimə təsir edər.” Təsir eləsin də, uzaqbaşı dəyişəcəksən. Dəyiş də. Dəyişmək pisdi? Mən oxuyuram, dəyişirəm. Mən indiki vəziyyətimdə qalmaq istəmirəm.

- Beynəlxalq sərgilərdə olmusuz?

- Əsasən Türkiyədə olmuşam.

- Dünyada konseptual rəssamlıq geniş yayılıb. Rəssamlar instalyasiyalar hazırlayırlar. Sənətin bu istiqaməti qalıcıdırmı?

- Bax, Ay Vey Vey qalıcı rəssamdır. Olduqca güclüdür. Rəssam yaradıcı insandır, o fərqli düşünməlidir. O, Çində insan əməyinin istismarına qarşı çıxıb. Günəbaxan toxumlarından olan əsəri də bunu ifadə edirdi. Çin kiçik ölkə deyil ki... Onun rəssamı da gərək böyük olsun. Adam sadəcə dəlidir. Öndərdir. Rəssamlar, yazıçılar, filosoflar qədər olmasalar da bunlar da cəmiyyəti yönəltməlidirlər. Konseptual işlərin də çoxu o yöndədi. Məsələn, dadaistlər əvvəlki cərəyanların hamısına lağ edərək ortaya çıxdılar. Marsel Düşan unitazı sərgiyə çıxartdı. Dedi sənət demirsən, bu da sənətdi. Bunun özü də yaradıcı yanaşmadır. Özünü ifadə vasitələrindən biridir.

- Belə bir müqayisə edək. XX əsrin əvvəllərində dünyanın dəyişən fonunda ədəbiyyatda modernizm oldu, rəssamlıqda, digər sənət sahələrində yeni cərəyanlar meydana çıxdı. Eyni şey təqribən XXI əsrin əvvəllərində bizdə də oldu. Köhnə ədəbi dəyərlər ilə barışmayanlar yeni təşkilatlar, dərnəklər yaratdılar. AYO meydana çıxdı. Amma nədənsə eyni şey rəssamlar arasında baş vermədi.

- “Yarat”da olan uşaqlar konseptual işlər elədilər. Onların işlərində yeniliklər oldu. Sadəcə siz ədəbiyyatçılar aktiv olduğunuz üçün mətbuatda daha çox qabardı.

- Rəssamlar İttifaqının üzvüsüz?

- Hə.

- Kömək edirlər?

- Yox. Bir-iki dəfə xəbər göndəriblər ki, gəlsin. Nəyimə gərək? Oranın üzvü olduğuma görə peşmanam.

- Bəs niyə çıxmırsız?

- Elə çıxmış kimiyəm də. Bizdə sizin kimi deyil e, çıxanda bəyanat verim ki, mən çıxdım (AYB-ni nəzərdə tutur-M.A.). Bu da səs-küy yaratsın (gülür). Deyəcəklər, çıxırsan, cəhənnəmə çıx. Yenə Anar müsahibə verib kiməsə badımcan-zad deyir. Fərhad Xəlilovun heç vecinə deyil. Reallıq bax budur. Mən reallığı deyirəm. Zəng edib deyirlər ki, kofe ilə bağlı sərgi edirik, əsərin var? Deyirəm ki, dolayırsız məni? Heç Avropada bunu eləmirlər.

- Nə oxuyursunuz?

- Hazırda Stefan Sveyqin “Dünənin dünyası” əsərini oxuyuram. Bizimkilərin sözü var e, oxumağa vaxtım yoxdu. Yalan deyirlər. Antalyada olanda gördüm ki, bir yaşlı turist əlində qalın kitab oxuyur. Bəlkə də o kişi orda öləcəkdi, o qədər yaşlı idi. Amma bununla belə oxuyurdu. Kitab oxuyub deyirəm ki, heyf, bunu iki il əvvəl oxusaydım, həyatım daha başqa cür olardı. Bax, məni oxutduran budur.

- Seymurun kitabına, başqa kitablara da illyustrasiya çəkmisən. Bütün kitablara illyustrasiya çəkmək vacibdi?

- Bu artıq ənənədir. Peşə növünə çevrilib. İllyustrasiya oxucuda təsəvvür yaradır. Mən uşaq vaxtı kitab oxuyanda birinci şəkillərə baxırdım. Uşaqlıq vərdişi hər halda böyüyəndə də qalır.

- Bəzi illüstrasiyalar var ki, ümumilikdə əsəri və ya obrazı təsvir edir. Bəziləri isə hətta kiçik bir detalı qabardır.

- Müasir illüstrasiyalarda daha çox detallarla işləyirlər. Əsərin məzmununu əks elətdirən illüstrasiyalar əvvəllər daha çox çəkilirdi. Avanqard cərəyanların yaranması illüstrasiyalara da təsir elədi.

- Dərsliklər, Seymurun kitablarından başqa hansı kitablara illüstrasiyalar çəkmisiz?

- Bizdə nəşriyyatda çap olunan əksər kitablara illyustrasiya çəkmişəm. Axırıncı dəfə İlyas Əfəndiyevin “Mən həmişə səninləyəm” kitabına illüstrasiyalar çəkmişəm.

- Oxudunuz?

- Açığı oxumadım, heç həvəsim yox idi. İşdə korrektor qızlar var idi. Çağırdım, danışdılar, mən də çəkdim (gülür). Bunlar zarafatdı. Teletamaşasına baxmışam, “Azdrama”da görmüşəm. Mövzunu təxminən bilirəm.

- Bəs Seymuru çəkəndə oxudunuz?

- Seymuru oxumalıyam da, teatra qoyulmayıb, teletamaşası çəkilməyib, neyləyim. (gülür).

- Şəkillərə baxanda hiss olunur ki, oxumusuz. Bir yerdə işləmək ideyası hardan yarandı?

- Ənənələri bərpa eləmək lazımdır. Rəssamlar ayrı, yazarlar ayrı... Bu cür sənət olmur. Biz də bəylə fikirləşdik ki, qüvvələri birləşdirək.

# 5519 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #