Krişna Cəmiyyətinin rəhbəri: “Qadını diri-diri yandırmaq Azərbaycanda da var”

<span style="color:red;">Krişna Cəmiyyətinin rəhbəri:  <b>“Qadını diri-diri yandırmaq Azərbaycanda da var”</b>
4 oktyabr 2017
# 12:10

Kulis.az Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin Bakı rəhbəri Ramin Əliyevlə müsahibəni təqdim edir.

- Ramin bəy, Krişna cəmiyyətinin Bakı ofisi doxsanıncı ildə yaranıb?

- Doxsanıncı ildə bu bina alınıb. Bundan əvvəl doqquzuncu mikrorayonda bir mənzildə yerləşmişdik. Bilirsiniz ki, o illər sovet ittifaqının təzə-təzə dağılan vaxtları idi. Belə təşkilatları qeydiyyata almaq olmurdu. Bizi ilk dəfə rəhmətlik Elçibəy qeydiyyata alıb.

- Krişnaizmlə tanışlığınız necə oldu?

- Mən əvvəllər heç bir dinlə maraqlanmırdım, elm adamı idim. Baxmayaraq nənəm namaz qılandı, mənə namaz qıldıra bilmirdi. Hər şeyin elmi izahını axtarırdım. Ona görə də krişnaizmə elm kimi yaxınlaşdım. Ukraynada təhsil alırdım. Krişnazim haqqında kitabları oxuyandan sonra həyat haqqında axtarışlarıma elmi izahlar tapdım. Krişnaizmi hamıya fəlsəfi təlim kimi təqdim edirəm.

- Krişnaçı olmağınızı dostlarınız, qohumlarınız necə qarşılayır?

- Çox normal qarşılayırlar. Bircə vegetarian olmağımdan narazıdırlar. Deyirlər, niyə ət yemirsən?

- Dostlarla məclislərə gedirsiniz?

- Gedirəm, niyə, getmirəm, ancaq ət yemirəm.

- Hamısı ət yeyir, siz yemirsiniz.

- 27 ildi mən ət yemirəm.

- Spirtli içki də içmirsiniz.

- Bizim dində spirtli içki, siqaret qadağandır. Kofe, çay da içmərik. Onların hamısının tərkibində narkotik vasitələr var.

- Üzvlərinizin heç biri siqaret çəkmir?

- Burda, həyətdə yox. Darvazadan çöldə çəkə bilərlər. Həyətdə nə içki, nə siqaret olmaz.

- Çay da içmək olmaz?

- Çay da içmək olmaz. Çayın hər variantından içirik, bir dənə qara və yaşıl çay içmirik. Çünki onun tərkibində narkotik var. Camaat niyə görə çaysız yaşaya bilmir, ona görə ki, tərkibində narkotik var.

- Başqa nə qadağandı sizin dində? Din deyək krişnaizimə?

- Birincisi krişnaizm deyil, vayşnavizmdi. Vayşnavizm din deyil, hərəkatdı. Bu elə fəlsəfi məktəbdir ki, dini baxışların hamısına ehtiramla yanaşır. Burda insanların dini mənsubiyyətlərinin heç bir rolu yoxdur. Mən də sizin kimi müsəlmanam. Mən indi də özümü müsəlman kimi hiss edirəm. Bacım namaz qılandı, qardaşım namaz qılandı, peyğəmbərimiz Məhəmməd, kitabımız Qurandır.

- Deməli ailənizdə namaz qılırlar?

- Hamısı qılır.

- Sizə münasibətləri necədi?

- Mənim onlardan heç bir fərqim yoxdu, bircə şeyi çıxmaqla, onlar ət yeyir, mən yemirəm.

- Ancaq İslamda bütə sitayiş yoxdu. Məhəmməd peyğəmbər Kəbədə bütləri sındırmışdı. Adını nə qoymağınızdan asılı olmayaraq sizin məbəddə heykəl var, rəsm var və ona sitayiş edirsiz. Bu da İslama görə bütpərəstlik sayılır. Bütpərəst də kafirdir. Deməyim odur ki, sizə kafir münasibəti göstərilmir?

- Bizim dini bütpərəstlik, bizi kafir hesab edən adamlar da var, niyə yoxdu? Ancaq sizin nəzərinizə çatdırım ki, Məhəmməd peyğəmbərin Kəbədə qırdığı bütlərlə, həmin bütpərəstliklə bizim burdakı bütpərəstlik arasında yerlə göy qədər fərq var. Siz təsəvvürünüzə gətirin ki, mən doxsanıncı ildən bunu təbliğ edirəm və bu barədə dəfələrlə danışmışam, internetdə videolarım yerləşdirilib. Dini Komitədə keçirilən konfranslarda, qarşılaşdığım din xadimlərinə bu sualı vermişəm ki, bütpərəstlik əslində nədir və hələ də düzgün cavab ala bilməmişəm. Söhbət bütpərəstlikdən gedəndə həmin adama sual verirəm ki, birinci sən mənə izah elə görüm bütpərəstlik nədir və Məhəmməd peyğəmbərin qırdıqları nə idi?

- Məhəmməd peyğəmbər burda olsa o heykəlləri qırmazdı?

- Təbii, yüz əlli faiz. Özü o heykəllərə baş əyərdi.

- O heykəllərə?

- Təbii. Çünki Məhəmməd peyğəmbər bilərdi ki, bu nədi, İmam Hüseyn bilərdi ki, bu nədi, İmam Əli bilərdi ki, bu nədi. Mən istəmirəm əlavə spekulyasiyalara gedəm, ancaq yenə sözümün əvvəlinə qayıdıram ki, gərək adamlar bütpərəstliyin nə olduğunu bilsinlər.

- Ramin müəllim, krişnaizm hinduizmin tərkibindədi, ya ondan ayrıdı?

- Necə ki, hər dinin içində təriqətlər var, hinduizmdə də var. İstənilən hinduist dəqiq bilir ki, Allah təkdir. Amma eyni zamanda da o bilir ki, tək bir Allahın reankarnasiyaları, ekspansiyaları, mücəssəmələri var. Hinduizm Veda fəlsəfəsinə əsaslanır, orda da Allah haqqında çox geniş yazılıb.

- Axı Veda mətnlərində, “Bhaqavatqita”da allahların döyüşlərindən bəhs olunur? O əsərdə təsvir olunan personajlar allah sayılır, yoxsa Qədim Yunan Panteonundakı kimi titanlar, yarımtanrılardır?

- Bəli. Qədim Yunanların titan, xristianların angel, müsəlmanların mələk dedikləri hinduizmdə allah adlanır. Əslində söhbət mələklərdən gedir.

- Bəs Şiva kimdir? Tanrı deyil?

- Ona və onun kimilərinə tanrıça, yarımtanrı deyirlər, tam Allah demirlər. Bizdə tərcümələri bu cürdür, sanskritçə adı “İşvara”dı, sutradı, devadı. Deməyim odur ki, hinduizmdə bütün mələklərə ibadətlər var, ancaq krişnaizmdə bütün mələklərə ehtiram göstərilir, yalnız Krişnaya ibadət edilir.

- Belə çıxır Krişnaizm hinduizmin ortodoksal tərəfidir?

- Demək olar. Bu gün hinduizmin özünün islah olunmasına ehtiyac var. Bizim Hindistanda da mərkəzlərimiz var, krişnaizmi təbliğ edirlər.

- Üzvləriniz çoxdur? Hər il nə qədər artım olur. Azərbaycandan söhbət gedir.

- Qabaq təbliğatımız güclü idi. Küçədə kitablarımızı yayırdıq, evlərə, müəssisələrə gedirdik. Qoşulanlar çox olurdu. Sonra kitabların küçədə yayılması qadağan edildi, bundan sonra gələnlərin sayı azaldı. Yenə yaxşıdı, gələnlər var.

- Bilmirəm, krişnaizmdə bu var, ya yox, amma XIX əsrə qədər hinduizmdə belə bir adət vardı: ölən kişilərlə birlikdə dul arvadlarını da yandırırdılar.

- O mərasimin adına satya deyirlər. Bizdə yoxdu. XIX əsrdə o adətə qadağa qoyuldu. O vaxta kimi yerinə yetirilirdi. Çünki indiki insanlar qeyri-sivil insanlardı, o, sivil insanların ayini idi.

- Siz bu adəti normal hesab edirsiniz?

- Əlbəttə. O dövr üçün normaldı, amma indiki dövr üçün anormal. Çünki indiki dövrdə onu başa düşməyəcəklər.

- Bir kişi ölürsə qadını da onun birlikdə diri-diri yandırılır.

- Bu, Azərbaycanın da mədəniyyətində var. Hindistanın Veda fəlsəfəsinin qoyduğu mədəniyyət Azərbaycanın qədim mədəniyyətidir, Dədə Qorqud mədəniyyətidir. Ona görə də bu ayin Azərbaycan nöqteyi-nəzərindən də qəbul olunan addımdı. Neyçün? Qadının ərinə həddindən artıq sədaqətinin simvoludur. Sadəcə olaraq müasir dövrün tənəzzülə uğramış şüuru qadınla kişi arasındakı hüquq bərabərliyini elə qoyub ki, bu söhbət ortalığa çıxanda əksəriyyətini narahat edir. Necə yəni qadın getsin özünü öldürsün, qadın ayrıca şəxsiyyətdir. İlahi nöqteyi-nəzərdən baxanda müasir şüurun ortaya qoyduğu tənəzzülün əlamətləridir. Sizə bir şey deyim, zaman oxu ilə geriyə getdikdə darvinizmin əksinə olaraq biz daha sivil insanlar görürük. Biz elə fikirləşirik ki, geridə ibtidai icma quruluşudur, insan meymundan yaranıb, amma Veda fəlsəfəsi deyir ki, ən mükəmməl, ən kamil insan əvvəllər olub.

- Krişnaizmdə boşanma da yoxdu?

- Boşanma Veda mədəniyyətində qəti qadağandır. Qadınla kişi elə tərbiyələndirilirdi ki, evlənmə vardı, boşanma yoxdu.

- İndi də yoxdu?

- Dedim axı indi qeyri-sivil cəmiyyətdə yaşayırıq.

- Sizin üzvlər arasında o qaydalar tətbiq olunur?

- Yox, biz eləmirik. Sadəcə olaraq onlar hamısı bizim ideallarımızdı. Satya ilə bağlı fikirlərimə qayıdım. Hindistanda bilirsiniz də ölünü yandırırlar. Qadının ərinin ölüsü yandırıldığı zaman o, gedib oda girirdi. Qadın fikirləşirdi ki, ərim yoxdusa mənim yaşamağımın mənası da yoxdu, özü könüllü bunu edirdi. Amma sonradan bunu formal şəklə salıb qadınları özünü yandırmağa məcbur etməyə başladılar.

- Müəllim, yandırılmaq dediniz. Qanq çayının sahilində qədim Varanasi şəhəri var. Orda ölüləri yandırırlar. Hinduizmdə müqəddəs şəhər hesab olunur. Varanasai krişnaçılar üçün də müqəddəsdir?

- Hinduizmdə nə müqəddəsdirsə bizdə də müqəddəsdir. Ancaq bizim özümüzün müqəddəs şəhərimiz var, Vrendava. 5 min il qabaq allah ali Şəxs Krişna o şəhərə nazil olub.

- Varanasi şəhərində, Qanq çayının sahilində ölünü yandırıb külünü çaya atırlar, hətta bəzən cəsəd tam yandırılmamış çaya atılır, sonra suda üzür. Yerli əhali o çayın suyundan istifadə edir, zəvvarlar çayda çimib paklanırlar. Bu sadaladığım ayinlər sizin dinə də aiddir, eləmi?

- Hamısı. Mən də ora getsəm düşüb Qanq çayında çiməcəyəm.

- Statistika nəticələrinə görə Qanq dünyanın ən çirkli çaylarındandır. Sizin müqəddəs hesab etdiyiniz çay gigiyenik cəhətdən təmiz deyil.

- Amma neyçünsə o şəhərdə yaşayanlar arasında zəhərlənmələr olmur. Oranın əhalisi hətta o sudan içir, ancaq epidemiya yayılmır, zəhərlənmələr olmur. Amerikan alimləri araşdırıblar, necə olur ki, cəsədin, külün atıldığı bu suda mikrob yoxdu. Onlar kosmosdan, baxıb görüblər ki, Qanaq çayının dibində neçəsə metr qalınlığında gümüş tozu yatır. Gümüş də bilirsiniz ki, suyu təmizləmək xüsusiyyətinə malikdir. Odur ki, çayın suyunu içənlərə, orda çimənlərə heç nə olmur.

- Varanasidə aqroxi adlı dini sekta var, yandırılan ölünün ətini yeyirlər.

- Orda sektalar çoxdur. Mən bunu normal qəbul etmirəm. Ancaq qəbul edənlər var. Hindistanın içində elələri var ki, siçanı da müqəddəs hesab edirlər. Onları başa düşmək üçün gərək gedib onların arasında bir müddət qalasan və onların bunu niyə elədiklərini öyrənəsən. Hinduizmdə milyonlarla ibadət üsulu var. Bu baxımdan krişnaizm daha konkret inanc sistemindən ibarətdir.

- Ramin bəy, krişnaçılar Azərbaycanda da yandırılaraq dəfn olunur, yoxsa?

- Azərbaycanda elə böyük çoxluğa malik deyilik, ikincisi elə böyük maliyyə imkanlarımız yoxdu, üçüncüsü həyat tərzimizi tamamilə Hindistanda olduğu kimi qurmamışıq. Biz hələ bu saat insanlara ruhi həyat tərzini öyrədirik. Ona görə hinduizmdə icra olunan şeylərin heç birini burda tətbiq eləmirik. Bəlkə gələcəkdə tətbiq etdik. Azərbaycanda dəfn adəti necədirsə biz də ölümüzü o cür dəfn edirik.

- Molla da iştirak edir?

- Molla da gəlir, özümüz də nəsə keçiririk. Bayaq dediyim kimi bizim cəmiyyətdə insanın dini mənsubiyyətinin rolu yoxdu. Bizim cəmiyyətdə insanın dini mənsubiyyəti dəyişdirilmir. Məsələn, bura kimsə xristian, ya müsəlman kimi gəlirsə, o cür də yola salırıq. Bu məsələlər hamısı gülüncdür. Burda elə fəlsəfə var ki, bu dinlərin hamısının bir əsasın üzərində durduğunu öyrədir. Mənim ürəyimdə Məhəmməd peyğəmbərə, Həzrəti Əliyə məhəbbəti krişnaizm yaradıb, müsəlmanlar yox. Quran fəlsəfəsinə görə yox, İncil fəlsəfəsinə görə yox, Krişna Şüuru Cəmiyyətinin fəlsəfəsinə görə mənim ürəyimdə Məhəmməd peyğəmbərə, Həzrəti Əliyə, Həzrəti İsaya məhəbbət var. Burda dini ayrıseçkilik məsələsinə ehtiyac qalmır. Məhəmməd peyğəmbərdən hədis var ki, din səmimiyyət deməkdir.

- Mənə elə gəlir ki, siz və sizin üzvləriniz Məhəmməd peyğəmbərin, Həzrəti Əlinin və başqalarının adlarını ona görə çox çəkirsiniz ki, qarşı tərəfdə sizə qarşı tolerantlıq yaransın.

- Yox. Ona görə eləmirik. Siz krişnaizmlə yaxından tanış olsanız belə düşünməzsiniz. Krişna cəmiyyətində Allaha sevgidən söhbət gedir. Allaha sevgini sevirsənsə ona məxsus olan hər şeyi sevirsən. Biz qarışqanı da öldürmürük, ağcaqanadı da öldürmürük. Allahı sevmək onun yaratdıqlarını sevmək deməkdir. Burdakılar da Allahı Quranla, Məhəmməd peyğəmbərlə, Həzrət Əliylə tanıyırlar. İndi biz onların tanıdıqlarını əllərindən alaq, özümüzün dünən yox, sırağa gün gətirdiyimizi onlara calaq edək? Bununla Allaha sevgi olan deyil, sektantlıq olacaq. Allaha sevgidən danışırıqsa, Məhəmməd peyğəmbərin dediyi Allah da elə bizim burda inandığımız Allahdı. Ona görə söhbət sevgidən gedirsə, biz çalışırıq ki, insanın özünün olanı ona sevdirək.

# 3356 dəfə oxunub

Müəllifin son yazıları

# # #