Kəbədə müsəlman adına yaraşmayan əməllər... - Məkkədən reportaj - III HİSSƏ

Kəbədə müsəlman adına yaraşmayan əməllər... - Məkkədən reportaj - III HİSSƏ
7 avqust 2024
# 12:00


Kulis.az yazıçı Mirmehdi Ağaoğlunun Həcc ziyarətindən reportrajının III hissəsini təqdim edir.

əvvəli burada


Kəbədə namaz qıldığımız günlərdə də iki dəfə Qara daşa toxunmaq imkanı yarandı, lakin gördüyüm mənzərə məndə ikrah doğurduğu üçün Həcərül-əsvədin bir neçə metrliyində ona toxunmaqdan vaz keçdim.

Birinci cəhddə yanımda Nəriman vardı. Qara daşa lap az qalmış gördük, bu həngamənin ortasında kiminsə əlindən yerə xama, yaxud ona oxşar bir şey dağılıb. Təvaf zamanı olur, kimlərsə özləri ilə götürdükləri yeməyi yeyirlər. Qorxduq ki, basırıqda sürüşüb ayaq altda qalarıq, geri qayıtdıq. İkinci cəhd zamanı isə yanımda dayanmış tanımadığım qadınların yalvarışlarına rəğmən, heç kəsin onları eşitmədiyini görüb Həcərül-əsvədə çathaçatda oradan uzaqlaşdım.

Zəvvar kəfəni xatırladan o ağ libası geyinmək üçün təkcə paltarını soyunmur, həm də onu bu dünya ilə bağlayan hər şeyi əynindən çıxarır: cinsini, sosial statusunu, vəzifəsini, gücünü...

Zəvvar onu digər müsəlmanlardan fərqləndirən hər şeyini soyunub hamı ilə eyniləşdirən ehramı geyinir. İki hissəli ehram bir müsəlmanın digər müsəlmanlarla arasında bərabərlik işarəsidir. Bu səbəbdən həcc ziyarəti zamanı yuxarıda dediyim qadağalarla yanaşı, başqa bir zəvvara əmr etmək, onun haqqına girmək, güc göstərmək də haram əməllərdən sayılır. Lakin təəssüf ki, bəzi zəvvarlar həcc ziyarətinin mənəvi tərəflərini unudur, ona yalnız mexaniki hərəkətlərin məcmusu kimi baxırlar.

Ona görə də Qara daşı öpmək uğrunda ölüm-qalım mübarizəsi zamanı müsəlman adına yaraşmayan çox eybəcər mənzərələr ortaya çıxır.

Zəvvarların Allahın evində toxunmaq istədikləri digər qisim isə Qara daş ilə Kəbə qapısı arasındakı mültəzəm deyilən yerdir. İnanca görə, hər kim burda dua eləsə, duaları qəbul olar. Kəbə qapısı, mültəzəm ilə paralel olan divar da müsəlmanların toxunmağa can atdıqları yerlərdəndir. Rəvayətə görə, Kəbə evinin divarı Yəmən küncü deyilən yerdən yarılıb və Həzrəti Əlinin anası içəri keçərək onu Kəbədə doğub.

Məkkədə qalacağımız günlərdə hələ bir neçə dəfə Allah evini təfav edəcəyik, bu təvafların bir neçəsində Kəbənin yaxınlığında namaz qılmaq şansımızın yaranması ilə yanaşı, ona toxunmaq imkanımız da olacaq.

Kəbənin divarına toxunanda adamın içindən ildırım sürətli bir sevinc keçir. Mən deyərdim, bu sevinc yarışda qalib gəlməyə də bənzəyir, milyonlarla müsəlmanın içindən fərqlənib Yerdəki ilk binanın divarlarına toxunmaq bərabərində həm fərəh, həm də şükranlıq hissini gətirir.

Kəbə evinin – qiblənin bir neçə metrliyində namaz qılmağı hər bir müsəlman səadət sayır. Onun üçün də namaz vaxtı yaxınlaşdıqda təvafını bitirmiş zəvvarlar özlərini təvaf edirmiş kimi göstərib, polislərin gözlərindən yayınmağa çalışarlar. Çünki bir yerdə dayananda təhlükəsizlik işçiləri Kəbə meydanından çıxarıb Məscidül-harama tərəf yönləndirirlər. Elə ki azan başladı, Kəbə və ətrafı incilərdən düzəldilmiş naxışlı məcməyiyə dönür. Heç kəs bu nizamı, naxışvarı düzülüşü qəsdən yaratmır, bu, öz-özünə cəm olur.
Xüsusən, qaranlıq düşəndə, Haramın minarələrindən bihuşedici azan sədası yayıldıqca hər tərəf əsrarəngiz mənzərəyə bürünür. Başını qaldırıb gur işıqların arasından ucsuz-bucaqsız qaranlığa boylansan, gözlərin zülmətdə qərq olar.
O an bütün dünyəvi qayğıları unudan qəlbin teleskop gözlərinin müşayiəti ilə kainatın ucsuz-bucaqsız ənginliklərində çox sadə bir sualın məchul cavabını gəzər: Mən kiməm? Necə kiçik və aciz məxluqam!

22-23 yaşından sonra heç vaxt namaz qılmayan biri kimi üstündən 20 ilə yaxın vaxt keçəndən sonra bu sehrə qapılmağım özümə də təəccüblü gəlir. Namaz sırasında Hakka surəsinin ahəngindən qəlbim riqqətlə titrəyir, gözlərim yaşarır. Heç vaxt yaşamadığım bir hissə qapılıram. Elə bilirəm, birdən-birə bütün qəlbim boşalıb hər şeydən azad olur. O an bir hübab təki yüngülləşirəm. Əbədi səadət misalı uzanmağını arzuladığım hipnotik rahatlığın indilərdə bitəcəyindən qorxduğum üçün də gözlərimi daha şiddətlə qəlbimin sularında yuyuram.

***

İnşa və təmir işləri bitib-tükənməyən Məscidül-haram kompleksinin minarələri yanındakı kranları gözümüz illərdir görməyə o qədər alışıb ki, az qalsın, o dəmir qurğuları da kompleksin memarlığının bir parçası sanaq. Bu çoxmərtəbəli tikili üzük kimi Kəbəni əhatələyib. Xüsusən, ramazan və zilhiccə ayları dövründə Kəbənin ətrafında təvaf etməyə yer qalmadığından, zəvvarların bir hissəsi mərtəbələrə üz tuturlar.

Bildiyim qədəri ilə, bu il zəvvarların sayı 2.5 milyona çatıb. Bu sayda övladi-bəşərin eyni zamanda Məscidül-harama gəlib ibadət etməsinin təşkili sizə asan gəlməsin. Qapılarda, keçidlərdə, Kəbənin ərazisində həmişə asayiş keşikçiləri dayanır. Onlardan başqa kompleksin ərazisində mülki geyimli şəxslər də var ki, təhlükəsizliyə nəzarət edirlər.

Kiçik bir sıxlıq yaranan kimi ucadan qışqırırlar: “Yallah, həci, yallah”. Lakin bunlarla yanaşı, sanki görünməz bir əl də Məscidül-haramı qoruyur. Əlbəttə, ilahi nəzarət öz yerində, mən təhlükəsizlik kameraları ilə təşkil olunan nəzarət mexanizmini deyirəm. Təhlükəsizliklə bağlı bu cür təşkilati işlər aşkar büruzə verilməsə də, hiss edirsən ki, Məscidül-harama axışan insan seli kənd yerində su gələndə arxın qabağını açıb onu yönləndirən adam təki kimlərsə tərəfindən operativ şəkildə istiqamətləndirilir.

Məkkənin mühafizəsi havadan da həyata keçirilir. Şəhərin səmasında tez-tez alçaqdan uçuşan helikopterləri görmək mümkündür. Onlar güman ki, zəvvar axınına nəzarət edir, zəvvarları irəlidə yarana biləcək basırıqdan, sıxlıqdan qoruyurlar. Bəzən qatar-qatar uçuşan bu helikopterlər əfsanəvi əbabil quşlarını da xatırladır. Yalnız bir fərqlə. Bu dəfə şəhərin səmasında Məkkəyə gələnlərin üstünə od yağdırmaq üçün yox, onları qorumaq üçün uçurlar.

Allah göstərməsin, nəzarət bir anlıq axsayarsa, faciənin miqyasını təsəvvür etmək çətin deyil, minlərlə insan ayaqlar altında qalar. Buna görə də Səudiyyə Ərəbistanı Krallığının üzərinə nə boyda məsuliyyət düşdüyünü anlamaq çətin deyil. Yeri gəlmişkən, Həcc ziyarəti zamanı mindən çox insanın istidən ölməsi xəbərini mən yalnız mətbuatdan oxudum, özüm belə bir hadisəni nə gördüm, nə də eşitdim. Sonradan öyrəndim ki, ələlxüsus, Ərəfat və Minada ayinləri yerinə yetirən zaman ölənlərin əksəriyyəti ziyarətə qeyri-leqal yolla gələnlər imiş. Düzdür, Məscidül-haramda olduğumuz vaxt bir dəfə elektrokarlarla 20-yə yaxın cənazənin daşındığını görmüşdük, lakin bu kütləvi ölüm halı deyildi. Məkkəyə axın eləmiş iki milyon yarımdan çox zəvvarın içində hər gün öz əcəli ilə ölənlər olur, cənazələr də onların idi. Bu səbəbdən Məscidül-haramda hər namazdan sonra cənazə namazı da qılınır.

Biz artıq Kəbədə təvafımızı yekunlaşdırmışıq. Üstəlik, İbrahim məqamının arxasında dayanıb iki rükət namaz da qılmışıq. Lakin dediyim yerdə namaz qılmaq asan başa gəlmir. Bir də görürsən, səcdəyə getdiyin anda kimsə qarşından keçir, başqası ayağını alnını qoyduğun yerə basır, yaxud polis gəlib tələsdirir. Çünki İbrahim məqamının arxasında namaz qılınan ərazi balaca, namaz qılanlar isə hədsiz çoxdur.

Təkcə İbrahim məqamında namaz qılarkən deyil, təvaf zamanı da dəstəmazlı olmaq lazımdır. Ayin sırasında dəstəmaz pozulduqda isə gərək təzədən Məscidül-haramı tərk edib bayırdakı dəstəmazxanalara gedəsən, bu da hədsiz vaxt itkisidir. Odur ki, zəvvarlar daha optimal yol tapırlar, dəstəmazları pozulduqda kənara çəkilib, bir butulka suyla dəstəmaz alır, yenidən həcc əməllərini yerinə yetirməyə qayıdırlar.

Namazdan sonra Kəbənin olduğu meydandan çıxıb Səfa-Mərva təpələrinə sarı gedirik, yol özü aparır.

“Səfa-Mərvə təpələri, yaxud dağları” deyəndə adamın ağlına açıqlıq bir yerdə ucalan iki yüksəklik gəlir. Bəlkə, nə vaxtsa belə olub. Hazırda isə Səfa-Mərva təpələri Məscidül-haram kompleksinin içinə daxildir. Düzdür, hər iki təpə binanın içində saxlanılıb, hətta Əflatun müəllimlə mən bir gün əvvəl səhvən gedib Səfa dağının dibinə çıxmışdıq. Lakin artıq bu ərazi üstü bağlı yerdir. Təpələri isə uzun dəhliz birləşdirir. Təsəvvür edin ki, həcc ziyarəti zamanı iki milyona yaxın insan bu dəhlizdən keçərək ayini yerinə yetirməlidir.

Ümumiyyətlə, həcc ziyarətinə daxil olan elə ayinlər var ki, onlar konkret zaman və məkanda baş tutmalıdır. Bu məkanların çoxu ərazi etibarı ilə hədsiz kiçikdir və sayları nə qədər olursa-olsun, bütün zəvvarlar konkret zaman dilimində ayinləri həyata keçirməlidirlər.

Səudiyyə Ərəbistanı Krallığı ayinlərin keçirilməsi zamanı basırıq yaranmasın deyə, bu yerləri lap 50 mərtəbə də tiksə, yenə də insan sıxlığının qarşısı alınmayacaq. Çünki insanın canındakı “tez eləyim, birinci olum” azarı onu heç vaxt tərk etmir. Problemin yeganə həlli zəvvarların bir-birlərinə ehtiramla yanaşmasından keçir. Zəvvar başa düşməlidir ki, heç bir ayin insan həyatından qiymətli deyil, nə özünün, nə də başqasının həyatından.

Səfa-Mərva təpələri arasında səy əməli yerinə yetirilən dəhliz çöldən fərqli olaraq sərindir. Təxminən, iyirmi dərəcə temperatur var, üstəlik təvafdan sonra yaman tərləmişik. Odur ki, ehramlarımıza möhkəm-möhkəm bürünürük. Səfa-Mərva təpələri arasında səy Səfa təpəsindən başlayır.

Zəvvar Səfadan Mərvaya gedib, ora çatandan sonra digər zolaqla geri qayıdır. Hər gediş bir səy adlanır. Səy zamanı yolda xüsusi işarələnmiş hissə var ki, ora çatanda zəvvarlar ya qaça-qaça, ya da iti addımlarla hərəkət etməlidirlər. Mərva təpəsindən qayıtdıqda isə zəvvarlar üzü Kəbəyə dayanıb Allahın evinə salam göndərir, dualar oxuyurlar. Beləliklə, zəvvarlar Səfa-Mərva təpələri arasında yeddi dəfə səy edirlər, bir az da aydın desək, gedib-qayıdırlar.

Bəziləri elə bilir ki, həcc ziyarəti Məhəmməd peyğəmbərlə bağlıdır. Lakin unudurlar ki, buradakı ayinlərin əksəriyyəti İbrahim peyğəmbərlə əlaqəlidir...

ardı var...



Növbəti hissədə:

- Zəm-zəm quyusunu ərəblər niyə yox ediblər?

- Səfa-Mərva təpələrinin indiki vəziyyəti

- Cümə namazı zamanı boş olan Məscidül-hjaram Afrikadan gələn zəvvarlara küçədə nə verirlər?

# 2989 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #