Kulis.Az şair Mətləb Ağanın yeni şeirlərini təqdim edir.
***
Yazın sonuncu günü
yağdı səhərə kimi...
kənddəki evimizdən
sizin şəhərə kimi...
sən də onda oturub
pəncərədən baxırdın...
elə hey ağlayırdın,
gəlib-gedən baxırdı...
bilmirdin, ağıllısan,
dəlisən, ağlayırsan;
bir ucdan yağış yağır,
elə sən ağlayırsan...
imkan olsa, yağışdan
tutub göyə çıxardın...
itirdiyin Mətləbi
tapıb yiyə çıxardın...
...sonra kimi görərsən,
deyərsən soruşmamış;
"o yağış varıydı ha,
mən idim həmin yağış... "
***
Küçədə bir payız var,
ilin-günün bu vaxtı...
bu payız olmasaydı
guya nə olacaqdı?!..
bir payız yarpağında
özümə bir də baxdım...
hardadı indi Mətləb?
görmədim və darıxdım...
ürəyimdə heç nə yox,
olanlar olub keçib...
doğrular olub keçib,
yalanlar olub keçib...
səni də düşünmərəm,
nə olsa, barışaram...
harda rastıma çıxsan,
payızı soruşaram...
***
Getmisən, sağ-salamat,
başqa nə bacarırsan?!..
mən səninçün ölərdim,
kiminçün qocalırsan?!..
səndən bir istəyim yox,
bir məktub yaz, bacarsan...
şəklimi bir saatlıq
divardan as, bacarsan...
başını qat həyatla,
uşaq, iş-filan, yəni...
səninçün ən doğrusu;
ən böyük yalan, yəni...
***
Gecə ötüb yarıdan,
ulduzlar da soluxub...
küçədən keçən adam
deyəsən azca qorxub...
...dörd divardı, bir də mən,
bir mənəm, bir dörd divar...
sənin min sualına
mənim bir cavabım var...
...dönsən, adam deyilsən,
ömrün uzunu bir də...
görmək istəmir qapım
sənin üzünü bir də...
...yalana bax, demişdin
qəbirdə unudarsan;
ona qədər sayaram,
on birdə unudarsan...