***
Səhər səndən açılır,
gün batır sən tərəfdən...
nə yazsam, sən çıxırsan
otuz iki hərfdən...
bir tək sənə yaraşır
bu yay bütün geyimlər...
nə oxusam, sən haqda;
hekayələr, şeirlər...
söhbətlərdə birinci
sənin adın çəkilir...
rəssamlar nə çəkirsə,
tək bir qadın çəkilir...
baxıram - hər yerdəsən,
sənsən bu boyda ölkə...
elə o əsən külək,
ya da bu isti bəlkə...
...amma bir söz demişdim,
anlamadım deyirsən;
bir-güzgüdə gördüyün
o qadın sən deyilsən...