Qısqanclıqdan başıma-başıma vururdum – “Qız atası” serialının çəkilişindən Reportaj

Qısqanclıqdan başıma-başıma vururdum – “Qız atası” serialının çəkilişindən Reportaj
2 oktyabr 2019
# 09:00

Kulis.az Samirə Əşrəfin “Qız atası” serialının çəkilişindən yazdığı reportajı təqdim edir.

Marşrutdan düşüb küçənin ortasında təklənirəm. Ətrafda bir inli-cinli gözə dəymir. Yaxınlıqda olan, pərdələri küçəyə yellənən kafenin qarşısına keçirəm. Özümü lap qorxu filmlərində köməksiz qalan qızcığazlar kimi hiss edirəm. Bir neçə dəfə “Qız atası” serialının prodüseri Kənan Piriyevə zəng vursam da cavab vermir. Pərdələri küləklənən qapıdan qorxa-qorxa içəri boylanıram. Saqqallı, dolubədənli bir oğlan üzümə gülür.

- Hardasa buralarda serial çəkilir. Bəlkə xəbəriniz olar?

Qardaş yenə gülür. Başını yırğalayır. Canımdan yüngülvari üşütmə keçir. Yaxşı ki, telefonuma zəng gəlir. Gələn zəng məni gülən oğlanın vahiməsindən xilas edir. Kənan bəy sürücünü dayandığım yerə qədər yollayacağını söyləyir. Sürücünü görən kimi gözlərimə işıq gəlir, qaçaraq maşına əyləşib “Qız atası” serialının çəkildiyi villaya yollanırıq.

Villanın yanına çatanda məlum olur ki, növbəti mövsümdən serial yeni villada çəkiləcək. Şam ağacları ilə əhatə olunmuş xudmani həyətə girirəm. Hələ ki, sakitlikdir. Villanın iri dəhlizinə yan alanda gözümə məşhurlarımızdan bir neçəsi dəyir. Serialın əsas qəhrəmanlarından üç qızın atası Vidadi, yox e əməkdar artist Teymur Məmmədov divanda əyləşib aktrisa Hicran Nəsirova ilə söhbətləşir. Mətbəx tərəfdə isə serialdakı qızlardan ən böyüyünün Təhminənin əri Çingiz rolunun ifaçısı Azər Axşam biləklərindən özünə yastıq düzəldərək yuxulayıb. Ətrafdakılar pıçapıçla söhbət edirlər. Narahat olmayın, Nikolayın evinin yıxılan vaxtı deyil. Sadəcə yuxarı mərtəbədə çəkiliş gedir. Ayağımın ucunda ikinci mərtəbəyə çıxıram. Qapısı bağlı otaqdan üç qız anası Nəzakət rolunun ifaçısı Mətanət Əliverdiyevanın səsi gəlir.

- Bıy, başıma xeyir. Bu nə bəla idi mən düşdüm. Mən indi başıma haranın külünü töküm!

Mətanət xanımın düşdüyü bəlanın nədən ibarət olduğunu bilməsəm də, maraqla yan otaqdakı dialoqlara qulaq asıram.

İmkan tapan kimi serialın ssenaristlərindən biri ssenarist, aktyor Elnur Hüseynova yaxınlaşıram. Elnur bəy deyir ki, serial artıq altıncı mövsümün çəkilişlərinə başlayıb. Tamaşaçının bezməməsi, yorulmaması üçün hər dəfə mövzuları dəyişkən etməyə çalışırlar. Həftənin bazar günü günorta saatlarında başlanan çəkilişlər günbatana qədər sona çatır.

- Çəkiliş günü hamı bir-biri ilə ailəvi, doğma münasibətdə olur. Hətta serialda Vidadinin qızları rolunu ifa edən aktrisalarımız da çəkilişə gələndə Teymur müəllimlə elə ata-bala mehribanlığı ilə görüşüb öpüşürlər, “papoçka necəsən deyirlər”.

Növbəti səhnənin çəkilişləri başlanır. Səhnədə iştirak edən aktyorlardan başqa heç kimin səsi eşidilmir. Boş otaqlardan birinə keçirəm. Divanda əyləşmək istəyəndə diksinirəm. Divanın bir küncündə serialın ortancıl qızı aktrisa Nərgiz Vahabqızı büzüşərək yatıb. Bayaqdan ətrafımızda dönüb dolanan balaca qızcığaz məni görən kimi barmağını dodaqlarına yaxınlaşdırır, başı ilə yatmış gözəli göstərib susmaq işarəsi verir.

Açıq qapıdan dəhlizdəki vurnuxmanı izləyirəm. İstər texniki, istərsə də yaradıcı heyət çox peşəkar və cəld işləyirlər. Hər səhnənin çəkilməsinə maksimum on beş, iyirmi dəqiqə vaxt sərf olunur. Çəkiliş bitən kimi digər otaq hazırlanır, rekvizitlər təşkil olunur, aktyorların qrimi qaydaya salınır.

Serialın rejissorunu hazırlıq prosesinin içində haqlayıram. Elçin İbrahimov bildirir ki, əvvəllər “Qız atası” serialında rejissor köməkçisi kimi fəaliyyət göstərsə də sonradan quruluşçu rejissor olub.

- Peşəkar aktyorlarla işləmək çox rahatdır. Onların peşəkarlığı zövq verir. Bizim serialda improvizə azadlığı kifayət qədərdir. Hər şey yerli yerində olanda heç bir qayçılanmadan söhbət gedə bilməz. Elə səhnə var ki, onu bir dubla çəkirik, eləsi də olur üç, dörd dubla hazır olur. Rakurslar həm də aktyorların sayına bağlı məsələdir. Belə deyim də bir səhnədə nə qədər aktyor varsa dublların sayı da təxminən o qədər olur. Bir də alınmayan kadrlar olur. Amma alınmayan kadr da bizim üçün kadrdır. Serialın axırında biz onlardan istifadə edirik. Onlar da tamaçılarımız üçün maraqlı olur. Hər səhnənin çəkilişindən əvvəl bir dəfə məşq olur, mizanlar izah edilir. Sonra çəkiliş başlanır. Bir günə bir seriyanı tam olaraq çəkib bitiririk.

Teymur müəllim qrim ustası ilə birlikdə otağa daxil olur. Ona yaxınlaşıb bayaqdan hazırladığım olduqca ciddi və sanballı sualı ortalığa yumalayıram.

- Klassik teatr aktyoru kimi serial çəkilişləri sizi yormur?

Klassika sözünün yanında teatr sözünü eşidən Teymur müəllimin yaşıl gözlərindəki parıltı çoxalır. Səmimiyyətlə gülümsəyir:

- Əksinə həftə ərzində çox yoruluruq, amma bazar günləri çəkilişlərə gələndə xeyli istirahət edirik. Teatr aktyoru olsam da hər bir aktyor kimi mənim də içimdə çəkilmək, kamera qarşısında olmaq arzusu var.

Qrim ustası bayaqdan əlində tutduğu bığla Teymur müəllimin başının üstünü kəsdirir. Bığ yerini şəffaf dırnaq boyası ilə isladandan sonra qəhvəyi rəngli bığı yapışdırır. Teymur müəllim danışmaq istəsə də usta icazə vermir.

- Teymur müəllim, bir dəqiqə danışmayın!

Teymur müəllim ətrafda hərəkət edən adamların fonunda susur. Bığı quruyub yapışana qədər qrim ustası əlini bığın üstündən götürmür. Sonra o, söhbətə qaldığı yerdən davam edir.

- Tamaşaçılar üçün maraqlı, reytinqli serialda iştirak etmək hər bir aktyora lazımdır. Serialdan sonra camaat içinə çıxanda adamlar da aktyorla hesablaşır (gülür). Aktyorun tamaşaçı istəyindən başqa nəyi var ki? Heç olmasa tamaşaçı sevgisi olsun.

Rejissor növbəti səhnənin başlandığını elan edir. Çəkilişə mane olmamaq üçün kənara çəkilirəm.

Rejissor mizanların quruluşunu izah edir:

- Teymur müəllim, deməli qapı bağlıdır. Siz qapının yanına gəlib çiyninizin üstündən asta-asta ətrafa boylanırsınız, sonra xəlvətcə içəri girib qapını örtüb telefonla danışırsınız.

İzahdan sonra hər tərəfi sakitlik bürüyür. İçəri otaqdan səs gəlir:

- Çəkirik. Matooor!

Xatırladım ki, rejissorun izah etdiyi səhnə Vidadi ilə Nəzakətin arasında baş verəcək qısqanclıqdan yaranan partlayışın ilkin təzahürləridir. Vidadi qapını açıb rejissor deyən kimi xəlvətcə ora-bura boylanır. Sonra içəri girib Sveta adlı rus qadınla danışmağa başlayır. Vidadiyə elə gəlir ki, xəlvətdədir, onu heç kim görmür və eşitmir. Ay, hay! Bu kişilər həyatdan seriala qədər olan kiçicik məsafələrdə belə yalanı, xəyanəti qadınlardan, üstəlik də Nəzakət kimi ağıllı qadınlardan gizlətməyin mümkünsüzlüyünü anlayıb başa çıxmadılar. Adəmin qabırğasından özünə gün ağlayan Həvva anamızdan tutmuş müqəddəs mehrabların önündə ömrünü başa vuran pak Məryəmin görünməz ruhu, əbədi duaları daim biz qadınlarla birlikdədir. Bu müqəddəs ruhlar, dualar hər zaman kişilərin paxırlarını açmaqda bizə kömək edir. Hətta serialda belə.

Nəzakət (Mətanət Əliverdiyeva) ərinin ardınca dabanqırma gəlir, qapının ardında Vidadinin rus qızı ilə cükküldəşməsinə qulaq asıb deyir:

- Kül başına sənin ay Nəzakət, kül. Gör, sən nə günlərə qaldın.

Sonra araya salıb mənimlə yüngülvari söhbətləşir:

- Sən hələ bayaq mənim səhnələrimi görsəydin dəhşətə gələrdin. Qısqanclıqdan bir neçə dəfə başıma qapaz da vurmuşdum (gülür).

İki daşın arasında aktrisanın xeyli arıqlaması nəzərimdən qaçmır. Xüsusi bir resepti olub-olmadığını pıçıltı ilə xəbər alıram. O da elə pıçıltı ilə xəbər verir ki, heç bir pəhrizdən filan istifadə etmir. Amma gün boyu daim hərəkətdə olduğundan kökəlmir.

Mətanət xanım özünü o yerə qoymasa da həmcinsi tərəfindən arıqlaması haqda deyilən tərif ürəyinə sarı yağ kimi yayılır. Qamətini bir az da dik tutaraq seriala, e zamana meydan oxuyur.

Elə zamanın içərisindən də əlavə edir:

- Hə, bir də şirniyyatlardan uzağam. Əvvəldən də pirojna, tort sevən olmamışam.

O, sözünü tamamlayan kimi yenidən Nəzakətə çevrilir:

- Başa düşmədim, anlaya bilmədim. Sveta kimdir, bu nə danışır?! Eybi yox, Vidadi, eybi yox!

Növbəti səhnənin çəkilişi də bitir. Mətanət xanım üzünü rejissora tutub deyir:

- Mən indi bayaqdan burda rekvizit idim də? Gülüşmə düşür.

Rekvizitdən söz düşmüşkən çəkilişləri əsasən mətbəxdə gedən qidaların rekvizit olub-olmaması ilə maraqlanıram. Elçin bəy məni evin mətbəxi ilə tanış edir.

- Bizdə olan ərzaqların çoxu jivoydu (gülür).

Mətbəx şkafının yanına yığılan kitablara baxıram. Onlar da rekvizit deyillər.

- Kitabları da özümüz qoymuşuq. İnsanları maarifləndirmə məqsədi daşıyır. Həm də tamaşaçılarımız görsün ki, ailəmiz aristokrat ailədir.

Bayaqdan özünə biləklərindən yastıq düzəldib yuxulayan Azər Axşam artıq oyanıb. Çünki həyətdəki səhnələrdə o da var. Aktyorlardan və texniki işçilərdən acan, susayan kim varsa, hamısı mətbəxin ətrafına yığışır. Pomidor çığırtmasının, təzə dəmlənmiş çayın qoxusu hər tərəfə yayılır. Azər Axşama yaxınlaşıram.

- Deyəsən yatmışdınız...

- Yox, elə-belə dincimi alırdım. Serial biz aktyorların nəfəs dərdiyi yerdir.

Serialın ən maraqlı obrazlarından biri Alik rolunun ifaçısı Əkbər Əlizadə salona daxil olur. Şux görkəmi, zarafatyana sözləri ilə hamının kefini yüksəldir. Onunla söhbətimiz uzanır, uzandıqca Əkbər bəy, Hacıbaba Bağırovdan tutmuş bir çox sənət adamlarını xatırlayır, onlarla bir yerdə başına gəlmiş maraqlı əhvalatları danışır. Həyətdə isə çəkilişlər gedir. Bizim asta danışdıqlarımız səs aparatına düşdüyü üçün aşağıdan səslənirlər.

- İkinci mərtəbə sakit!

Qısa səssizliyə dözməyən Əkbər bəy tarixə qovuşmuş filmlərimizin adlarını sadalayır:

- “Böyük dayaq”, “Ulduz”, “Ögey ana”...

Aşağıdan yuxarı qalxan səs hövsələdən çıxır:

- Dostlar, ikinci mərtəbədə sakit olaq!

Həyətə düşürəm. Bir neçə şəkil çəkmək imkanım olur.

Həyətdə isə binəva Çingiz qaynanası tərəfindən hərbə-zorbaya salınıb. Təhminə rolunun ifaçısı Xəyalə Quliyeva əlindəki ssenariyə baxır.

- Mən də o niyyətlə mamamın ardınca düşürəm ki, Çingizi öldürməsin də?

Rejissor özündəki kağızlara göz gəzdirib razılıq işarəsi verir. Sonra da aktyorları tələsdirir:

- Bir az tez olun, gün çəkilir, hava qaralır artıq.

Günün çəkilməsi ilə mənim də yadıma düşür ki, artıq getmək vaxtıdır. Serialın bütün iştirakçılarını olduqları yerdə qoyub həyata doğru addımlayıram.

Uzaqdan rejissorun səsi eşidilir:

- Çəkirik. Mator!

# 7683 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #