"Universitetə lütlənib gəlirlər!" - Tələbələrdən nə tələb etməliyik?

"Universitetə lütlənib gəlirlər!" - Tələbələrdən nə tələb etməliyik?
24 sentyabr 2024
# 12:33


Kulis.az Ülvi Bahadırın yeni yazısını təqdim edir.

Yeni dərs ili başlayan kimi yenə problemlər burulğanına düşdük. Həm məktəblərdə, həm də universitetlərdə çiçəyi burnunda məsələlər yaranmağa başladı. Elə götürək indilərdə müzakirə olunan məsələni.

Azərbaycan Tibb Universitetinin müəllimi Nazxanım Nəzirbəy (Qasımova) təhsil ocağının həyətində tələbələrin fotosunu çəkib.
Pedaqoq şəklin üzərinə "Bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış yubkalarınızı gecə klublarına geyinin. Həkimlik öncə dientologiyadan başlayır" sözlərini yazıb.

Əlbət, bu məsələyə birtərəfli baxmaq olmaz.

Yadınıza gəlirsə, bir neçə il əvvəl də hicablı tələbələr məktəbə buraxılmırdı. Yüzlərlə tələbə etiraz eləmişdi. Mediada aylarla müzakirə olunmuşdu.

Bir tərəfdən də oğlanların təhsil ocaqlarına saqqalla, şortiklə buraxılmaması var.

Bir sözlə, adamların gənclərdən tələbi budur ki, oxuyursunuz-oxumursunuz, bu, o qədər də vacib deyil, əsas odur, milli mentalitetimizə əməl eləyin.

Hər şey şəkildir, formaldır. Məsələn, yaşadığım küçənin axırında bir yarımtikili var. İçi bomboş, xaraba günündə. Di gəl ki, qıraqdan baxsan, deyərsən, ilahi, necə gözəldir, adam girib yaşaya.

İndi biz də belə görünürük.

Universitetlərdə təhsilin səviyyəsi, keyfiyyəti ortadadır.

Mən oxuduğum il də belə idi. Saqqalına görə tələbəni dərsə buraxmırdılar. Gedib saqqalını qırxıb gəlirdi. O geyim elə, bu paltar belə... Ancaq bir dəfə tələbənin şikayətinə qulaq asdıqlarını görmədim. Bir dəfə haqsız yerə kəsilən tələbəni müdafiə elədiklərini görmədim.

Elə indicə müxtəlif universitetlərdə tələbələrin geyimlərinə baxdım. Adamlar necə rahatdı. Dünyanın ən prestijli universitetlərində oxuyurlar. Oxuyurlar, sözün həqiqi mənasında. Hərəsi bir geyimdə. Hərəsinin öz tərzi var. Sizə deyim ki, o tələbəyə o rahatlığın verilməsi universitetin bir gəncə verə biləcəyi ən yaxşı şeydir.

***
Səd əfsus ki, mən tələbələrimizin çox-çox az qismində zövqlü geyim-kecim görmüşəm. Zövqlu geyim təkcə açıq paltarlar deyil. Açıq geyinmədən də zövqlü görünmək mümkündür. Ancaq bunun olması təbiidir. Qadağalar çoxalanda rahatlıq mühiti daralır. Dar mühitdə isə zövq anlayışı aşınır. Beləcə, tələbələr, bizim təbircə desək, “lütlənib” universitetə gedirlər. Sonra müəllimlər də onları saxlayıb deyir ki, ay qız, get, əyininə paltar geyin, bura təhsil ocağıdır.

Keçən dəfə də bir deyir ki, belə geyinib gəlirsiz, oğlanların fikri yayınır, dərs oxumaq yadlarından çıxır.

***
Şəksiz, ölkədə universitetlərdəki haqsızlıqlara etiraz eləyən tələbələr də olub, indi də var. Bəzən birləşib hansısa müsbət addımın atılmağını da təmin eləyiblər. Ancaq maraqlıdır, niyə tələbələrin, yəni, ölkə gəncliyinin çoxunun ancaq belə məsələlərdə etiraz yadına düşür?

Balı az yazılan, kəsilən tələbə bunlara etiraz eləmir, əl altından işini aşırmaq istəyir, ancaq saqqala, şortikə, geyim-kecimə söz deyiləndə olur Çe Gevara.

Mən yuxarıda qeyd elədiyim azsaylı reakasiyaları çıxsaq, tələbələrin haqqı olanı istədiyinə rast gəlməmişəm. Halbuki hər şey bir-biri ilə bağlıdır. Sən bu gün elementar imtahan hüququnu müdafiə eləyə bilmirsən, etiraz eləyən tələbə gözümçıxadıya salınanada səssiz qalırsansa, əlbəttə ki, sabah oxlar sənə də tuşlanacaq. Bu gün onu eləyən sabah səni geyiminə görə imtahana buraxmayacaq. Şəklini çəkib divara da vura bilər.

Bu, nə birinci, nə də sonuncu hadisədir.

Ancaq inamımızı heç vaxt itirməməliyik. İnanmaq bacarmağın yarısıdır.

# 642 dəfə oxunub

Oxşar xəbərlər

Belə qartal olar? - Biz niyə quşa oxşamağımızla fəxr edirik?

Belə qartal olar? - Biz niyə quşa oxşamağımızla fəxr edirik?

15:00 24 sentyabr 2024
Səlim Babaullaoğlu üzvlük diplomu ilə təltif edildi

Səlim Babaullaoğlu üzvlük diplomu ilə təltif edildi

14:51 24 sentyabr 2024
Serdar Ortaçdan qumarla bağlı açıqlama

Serdar Ortaçdan qumarla bağlı açıqlama

13:33 24 sentyabr 2024
“Sazın, sözün kəlağayılı Güllüsü''  kitabının təqdimatı keçirildi

“Sazın, sözün kəlağayılı Güllüsü'' kitabının təqdimatı keçirildi

13:03 24 sentyabr 2024
Kitabi-Dədə Qorqud niyə yasaq edilmişdi? - Kamal Abdulla

Kitabi-Dədə Qorqud niyə yasaq edilmişdi? - Kamal Abdulla

11:42 24 sentyabr 2024
Qazaxıstan paytaxtında Azərbaycan Mədəniyyəti Günləri

Qazaxıstan paytaxtında Azərbaycan Mədəniyyəti Günləri

11:06 24 sentyabr 2024
# # #