Belə qartal olar? - Biz niyə quşa oxşamağımızla fəxr edirik?

Belə qartal olar? - Biz niyə quşa oxşamağımızla fəxr edirik?
24 sentyabr 2024
# 15:00

Kulis.az Eminquey Akifin "Qartalımın o biri qanadı..." köşəsini təqdim edir.

"Qartalımın bir qanadı yaralanıb,
Biz ona dərman gedirik almağa".

Rövşən Binəqədili

Qəti şübhəm yoxdur ki, bu misralar içinizdəki vətənpərvərlik hissini oyatdı və bir anlıq əlinizdə bayraq köhnə nol yeddilərinizin, yeni mersedeslərinizin sağ pəncərəsəsindən boylanıb Bakıya od üfürmək istədiniz.

Üzr istəyirəm, mən sizdən fərqli olaraq (neyləyim, fərqli olmaya bilmirəm) bu misraları eşidəndə qıdığım gəlir, bu qıdıq məni çilədən çıxarır, istəyirəm, məni qıdıqlayan bu misraları yaxşıca döyüm, sonra da ona dərman almağa gedim.

Bilmirəm, Azərbaycanı birinci dəfə kim qartala bənzədib, hər kimdirsə, iki əlim də o dünyada yaxasında olacaq.

Əvvəla, Azərbaycan xəritədə qartala-zada bənzəmir. Belə qartal olar?

Qazax-Tovuz, Balakən-Zaqatala, Quba-Qusar, Lənkəran-Masallı, Naxçıvan. Xəritəni açın, baxın, beş çıxıntısı var xəritənin. Qartalın haçandan beş qanadı olur? Bu məntiqlə isə qardaşın dərman almağa getdiyi hissə - yəni, Qarabağ qanad deyil. Qarabağ qartalın olsa-olsa ən yaxşı halda bel hissəsi ola bilər. Xəritəmizi qartala bənzətmək istəyiriksə, ancaq Lənkəran-Masallı və Quba-Qusar çıxıntılarını nəzərə almalıyıq. Bunun üçün də gərək ki Naxçıvan, Qazax-Tovuz, Zaqatala-Balakən çıxıntıları bizim olmaya. Haşa! Bunu arzulayana Allah lənət eləsin!

Ümumiyyətlə, biz niyə özümüzü mütləq hansısa heyvanla qiyaslamaq ehtiyacı duyuruq? Qartala bənzəyəndə nə olur? Məsələn, o gün qartallar haqqında sənədli filmə baxıram, yekə bir qartal sakitcə otlayan quzulardan birini caynağına alıb daşıya bildiyi qədər daşıyır və qayalardan üzü aşağı tullayır. Təbii, quzu xırt-xəşil olandan sonra da gəlir yemini götürüb aparır yuvasına. Bu cinayət hadisəsinə baxsaq, qartala nə qədər haqq qazandıra bilərik? Əgər heyvanlara şəxsiyyət yükləyiriksə, o şəxsiyyəti də insana hədiyyə ediriksə, bu qartala rahatlıqla əclaf demək olar. Bir az da sentimental olsan, quzunu ağlamaq da müstəhəbdir.

Nə mızıldanırsınız dodağınızın altında, biri də quzunun tərəfini tutmalıdır da. Mənim də simvolum quzudur, idealım quzudur.

Məsələn, Norveç.

Norveç xəritəsi antrikota oxşayır. İndi bu norveçlilər neyləsin? Durub hansı üzlə desin ki, antrikotumun bir sümüyü aralanıb, biz ona dərman gedirik almağa?! Yox e, niyə antrikota oxşamağı ilə fəxr etsin ki? Təhsili ilə fəxr edir də, vətəndaşlarına yaratdığı şəraitlə fəxr edir də, nizam-intizamı ilə qürur duyur da, dünyanın ən xoşbəxt ölkələrindən biri olmağı ilə öyünür də, ona lazımdır antrikot?

Məsələn, İtaliya.

İtaliya xəritəsi uzunboğaz çəkməyə oxşayır. İndi bu italiyalılar başlarına haranın daşını töksün? Kolizeyin? Qayıdıb desinlər ki, ayaqqabımın dabanı yaralanıb… İtaliyaya bu lazımdır? Şad-firavan yaşayır da Aralıq dənizinin sahillərində. Futbolu var? Var! Sənayesi var? Var! Brendləri var? Var! Mafiyası var? Var! Şəxsiyyətləri var? Var! Vəssalam da. Ona lazımdı uzunboğaz çəkməyə oxşamağı ilə qürrələnmək?

Tutalım, aslan, şir. Bu bədbəxtlərə o qədər dəxlisiz, bayağı məna yükləyib ki bizim adamlar.

Ay nə bilim, şir ayağa qalxana kimidir hər şey, ay nə bilim, çaqqallar sürüylə gəzər, şir tək, ay nə bilim, çaqqalların dövranı şirlər nərildəyənə kimi dir-zad.

Allah haqqı, gəvəzəlikdir.

Bayaq baxıram, buğadır, 17 dənə aslan tökülüb üstünə. Biri belinə minib, biri ayağını qıdıqlayır, biri qarnına barmaq eləyir, biri quyruğunu dartır. Axırda 4-5 buğa gəldi, iki-üç dəfə buynuzladı, üç-dörd dəfə də böyürdü, aslanlar fitillədilər. Yəni, sürüylə təkləmək təkcə çaqqalların işi deyil, elə bu aslanlar, şirlər də bu şərəfsizlikdən zaman-zaman istifadə edirlər.

Təbiidir də.

Heyvandırlar, yaşamaq üçün yeməlidirlər, yemək üçün də öldürməlidirlər.
Niyə özünüzdən Amerika kəşf eləyirsiz ki?!

Əminəm, bu adamların xüsusi planları var. Gələcəyi də düşünürlər. Məsələn, sabahsı Zəngəzuru azad eləsək, onun üçün də bir planları var. Beyinlərində bir heyvan tapıblar mütləq. Mən hələ Təbrizi demirəm.

Kimin də olmasa, dövrümüzün dahi şairi, sənətkarı Rövşən Binəqədilinin mütləq bir planı var.

Xülasə, əziz oxucular, 300 il qarğa kimi yaşamaqdansa, 30 il yaşa qartal kimi yaşayın.

Xudahafiz!

# 400 dəfə oxunub

Oxşar xəbərlər

Özkan Uğurun heç vaxt eşidilməyən mahnıları işıq üzü görəcək

Özkan Uğurun heç vaxt eşidilməyən mahnıları işıq üzü görəcək

17:25 24 sentyabr 2024
Rafael Hüseynov Milli Məclis sədrinin müavini seçildi

Rafael Hüseynov Milli Məclis sədrinin müavini seçildi

16:42 24 sentyabr 2024
Həqiqət yalanın qucağına sığınmışdı... - Firuz Mustafa

Həqiqət yalanın qucağına sığınmışdı... - Firuz Mustafa

15:11 24 sentyabr 2024
Səlim Babullaoğlu üzvlük diplomu ilə təltif edildi

Səlim Babullaoğlu üzvlük diplomu ilə təltif edildi

14:51 24 sentyabr 2024
Serdar Ortaçdan qumarla bağlı açıqlama

Serdar Ortaçdan qumarla bağlı açıqlama

13:33 24 sentyabr 2024
“Sazın, sözün kəlağayılı Güllüsü''  kitabının təqdimatı keçirildi

“Sazın, sözün kəlağayılı Güllüsü'' kitabının təqdimatı keçirildi

13:03 24 sentyabr 2024
# # #