Divan - Saday Budaqlının yeni hekayəsi

Divan - Saday Budaqlının yeni hekayəsi
24 sentyabr 2024
# 09:00

Kulis.az Saday Budaqlının "Divan" adlı yeni hekayəsini təqdim edir.

Yaşın o vaxtıdı ki, hər il öz ağırlığını bir az da artıq hiss elətdirir. Daha səsi də qocalıb, elə bil quyunun dibindən gəlir. Gözünün işığı öləziyib. Bəzən özünü ayaqyoluna çatdıra bilmir, ayıblı səslər çıxarır. Allah betərindən saxlasın.

Deyəsən, yır-yığış eləmək vaxtıdı. Bir yana qalanda, saxlancı yox, yerini desin, uşaqların arasında bölsün. Üzüyünü, sırğalarını, boyunbağısını bəri başdan qızına verib. Bunu da gəlindən gizlətməyib – ananın qızılları qızındır. Toyunda alınanlar gəlinin bəsidi.

Gəlinin göbəyi elə bil bu evdə kəsilib. Evin səmt-sorağını tezcə öyrəndi. Ev yiyəsi kimi gələnin qarşısına çıxdı, gedəni yola saldı. Gözləmədi kimsə göstəriş versin, nəyi necə eləyəcəyini desin. Yır-yığışdı, biş-düşdü, bazar-dükandı – kürəyini hər işin altına verdi. Gözü ata evində qalmadı. Əri ilə aralarında umu-küsü olanda da çəkilib bir küncdə özünü ovundurdu. Ata evindən əlinə keçəni də daşıyıb gətirirdi. Ağıllı qadındı, bu evin balasının olacağını bilirdi. Onun da xətrini xoş eləməyi bacarırdı. Tuman-köynəyinə kimi yuyurdu, çimizdirib kürəyini sürtürdü. Arada qızı gəlirdi. Üz-gözünə əl gəzdirirdi, dırnağını tuturdu, saçını kəsib xına qoyurdu...

Şükür, hələ əli tutur, hələ ayaq üstədi, heç kimə yük deyil. Pis-yaxşı xırda-para işlərini aşırır; çay qoyur, yeməyini qızdırır, üstəlik, nəvəsinə də həyan olur. Oğlu, gəlini səhər-səhər durub işə-gücə gedirdilər. Uşağı yedizdir, içizdir, bir az böyüdü, məktəbə hazırla, yola sal, qarşıla. Allahdan möhlət istəyirdi ki, nəvəsi qapını açarla özü bağlayıb açana qədər ona ömür versin. İndi, maşallah, qanır, paltarını özü geyinir, çantasını yığır, lazım gəlsə, yəqin, qapını da bağlayıb aça bilər. Ancaq Allah ömrünü bir az da uzatsın, uşaqdı, evdə tək qalammaz, eymənər.

Şənbə, bazar günləri balaları, nəvələri başına yığışır. Ağız deyəni qulaq eşitmir. Balacalar evin altını üstünə çevirir. Elə bilirsən, evdə bomba partlayıb. Gəlin biçarə cınqırını çıxarmır, ancaq hamı gedəndən sonra oğlu üz-gözünü turşudur, narazılığını necəsə hiss elətdirir. Qınamaq da olmur, adamdı, istəyir həftənin yorğunluğunu canından çıxarsın, uzanıb dincəlsin. O ustanın yanında palçıq qarışdır, o biri ilə get dam vur, nə bilim, hasar çək. Ancaq cavabını verməsə, sabah gəlinin də dili çıxar, üstünə ayaq alar. İnsan çiy süd əmib. Üstəlik, gələnlər əliboş gəlmir. Toyuqdan-cücədən, mer-meyvədən, baldan-qatıqdan gətirirlər. Deyir, bəs necə olasıdı? Sizinlə qalıram, bura gəlirlər. Kimdi sizi adam yerinə qoyan. Onun başına yığışırlar. Qorxmasınlar, o öləndən sonra ağzınıza sıçan da olmayacaq, heç kimin yadına düşməyəcəksiniz, qapınızı açmayacaqlar.

* * *

Atası üç il olar dünyasını dəyişib. İşləyəndə üzünü az-az görürdülər. Tezdən evdən çıxıb, bir də şər qarışanda qayıdırdı. Atalarının gəlməyini səbirsizliklə gözləyirdilər, çünki qazanın qapağı ataları gələnə kimi açılmırdı. O, doyunca yeyib çəkiləndən sonra onlar süfrəyə otururdular.

Qardaşları evlənib evdən çıxdılar, bacısı ər evinə köçdü. Uşaqların kiçiyi kimi ata-analarının yanında o qalası oldu. Bəri başdan arvadına tapşırdı ki, ata-anasının bir sözünü iki eləməyəcək, onların hər qayğısını çəkəcək, acı sözlərinə də “can” deyəcək.

Atası səhər gedib axşamın gec saatlarında qayıtdığından, evdə olanda özlərini naqolay hiss eləyirdilər. Hamı iynə üstündə oturmuş kimi olurdu. Evdəki ağır sükutun hər an partlaya biləcəyi qorxusu ürəyini sıxırdı. Və bu hiss çox vaxt onu aldatmırdı. Əvvəl şimşək çaxır, sonra göy guruldayırdı. Dib otaqdan eşidilən səslər get-gedə bütün evi başına götürürdü. O, balaca idi, hələ çox şeyi qanmırdı. Anası acıq eləyib evdən getmək istəyəndə, getməməsi üçün ətəyindən yapışıb ağlayırdı, qollarından tutub dartırdı: “getmə! getmə!” Ağlaya-ağlaya küçədə anasının arxasınca qaçırdı. Az qalırdı ürəyi partlasın, elə bilirdi dünyanın axırıdı. Anasının isə ürəyi daşdandı. Başını dik tutub, ona fikir vermədən addımlarını yeyinlədirdi. Qardaşları onu tutub zorla evə gətirirdilər. O isə kirimək bilmirdi. Bir müddət sonra atası da əynini geyinib, heç nə demədən evdən çıxırdı. Qardaşları, bacısı elə də narahat olana oxşamırdılar; öz aralarında söhbət eləyir, hərə bir şeylə başını qatırdı. Bir də görürdün qapı açılırdı, ata-anası içəri girirdi. Heç nə olmamış kimi yenə söhbət eləyir, çay içir, çörək yeyirdilər. Anasının acıq eləyib evdən getməyi, özünü yandırmaq istəməsi, saçını-başını yolması – belə şeylər hərdən-hərdən olmuşdu. Anası öz hökmü, hirs-hikkəsi ilə dediyini yeridir, atası bir addım geri çəkilirdi. Bunları böyüyəndə başa düşdü. Onda artıq ata-anası yaşlanıb toxtamışdı.

O evlənəndə atası işdən çıxdı. Atasının bütün günü evdə olmasına öyrəşmək elə də çətin olmadı, çünki indi o özü iş-güc dalınca gedib axşam qayıdırdı.

Atası ilə, az qala, danışmırdılar; atasının sözünü ona anası çatdırırdı. Üzbəüz oturub ata-bala kimi dərdləşdikləri yadına gəlmirdi. Ancaq bir şeyi indiyə qədər də unutmamışdı. Soyuqdəymədən neçə gün hərarət içində yatmışdı. Atasının narahat olduğunu, onun halını soruşduğunu sonra anasından eşitdi. Buna inanmağı gəlmirdi, anasının həmin sözləri təkrar eləməsini istəyirdi: doğrudan? necə? nə vaxt? necə dedi?

Atasını çox vaxt aynabənddəki divanda uzanan görürdü. Divanın yayları çıxmış, yarı canı qalmışdı. Baxan olsa da, olmasa da televizor həmişə açıqdı və atasından icazəsiz heç kim kanalı dəyişəmməzdi.

Atası bir yay günü elə həmin divanda keçindi. Günorta yeməyindən sonra idi. Gəlin hiss elədi. Dedi, ata heç yaxşı nəfəs almır. Anası ilə o da divana yaxınlaşdı. Kişi ağır-ağır nəfəs alırdı. Səsə gözünü açıb, əli ilə gəlini çağırdı. Halallaşırmış kimi uzuz-uzadı ona zilləndi, sonra nəvəsini çağırdı. Əlini başına çəkdi. Onu, anasını çağırmadı. Xırıldamağa başlayanda, anası dedi ki, üzünü qibləyə çevirin. Atası arada ayağını qaldırıb, o biri ayağının üstünə qoyurdu. Ölən adamın bədəninin qıc olduğunu nə vaxtsa eşitmişdi. Ona görə ayağını götürüb, o biri ayağının yanına uzatdırdı, qorxurdu quruyub eləcə də qalsın. Bu bir neçə dəfə təkrarlandı. Atası daha xırıldamayanda, anası “öldü” dedi. O, dib otağa keçib hönkür-hönkür ağladı. Niyə ağladığını indi də bilmirdi.

* * *

Ərindən sonra divanda oğlu oturur. Get-gedə lap atasına oxşayır. Hərdən çaşır. Sir-sifəti bir yana, səsi də, yerişi, duruşu da oxşayır. Əvvəllər fikir verməmişdi. Belə baxanda elə də yaşlı deyil, amma saçı ağarıb, sifətində qırışlar dərinləşib. Gözünün qabağındaca qocaldı. Belə fikirləşəndə qəhərlənir, ürəyi sıxılır. Doğrudan da, hər şey elə bil dünən olub. Yanını basa-basa, divardan-daşdan tuta-tuta yeriməyi, dodağını büzüb ağlamağı, qığıltı ilə gülməyi... Üstündə əs, günləri say ki, tezcə böyüsün, dil açsın. Dediyi ilk sözə sevin, ilk çıxartdığı dişə sevin. Sonra... Sonra daraq batmayan kəkili gözün görə-görə seyrəlib ağarsın, muncuq dişləri tökülsün, beli bükülsün, ağrılarından şikayətlənsin. Yox, nəsə düzgün deyil, nəsə bu dünyada düzgün qurulmayıb. Sevə-sevə, öyünə-öyünə tikdiyin ev, necə olur ki, gözünün qabağında kərpic-kərpic sökülür? Yox, nəsə düzgün deyil. Amma nə biləsən, yəqin, o, çox yaşayıb...

Oğlu evlənəndən sonra öz otaqlarını onlara verdilər. Yemək-içməkləri bir olsa da, hər halda, ailə içində ailə idilər. Gərək indi oturuşlarına, danışıqlarına fikir verəydilər. Hərdən də oğlunun dost-tanışı gəlirdi, bir qismət çörək kəsirdilər, içki içirdilər. O vaxt kişi öz otağından çıxmırdı. Sonra da bir neçə gün mısmırığını sallayır, heç kimi dindirib danışdırmırdı.

Ancaq o biri uşaqlar gələndə kişinin qırışığı açılırdı. Onlar könüldən uzaq olmasalar da, gözdən uzağıydılar. Ailədə necə yola gedirdiər, kimin sözü kimə xoş gəlmirdi – bunlardan xəbərsizdilər, zahiri əmin-amanlıq bəsləri idi, sandıq içi tökməyə, qaşınmayan yerdən qan çıxarmağa da ehtiyac yoxdu. Belədə qulaqları dinc, canları rahat olurdu.

Ərə getdiyi elə bil dünəndi. Sarışın, toppuş qız idi. Arada sevgi-zad olmamışdı. Gəlib istəmişdilər – evdəkilər də vermişdi. Özündən xəyallar qurub, əlçatmaz qəsrlər ucaltmamıdı ki, sonradan ürəyində nisgili qalsın. İnciklik, umu-küsü, söz-söhbət – bunlar hansı ailədə olmur? Hər şeyin yatımına getmişdi, son sözünü əvvəldə deməmişdi. Ancaq ərinin işlədiyi çörəkxanada bir qadınla adı çıxanda, dünya başına fırlandı. Uşaqları götürüb evdən getsin? Bəlkə, arsızlığa salıb özünü bilməzliyə vursun? Yox, belə şeylər onluq deyildi. Geyinib-kecinib iş yerinə getdi, qadını saçlayıb ayağının altına saldı, üz-gözünü cırdı. Günahı olmasa, cavab qaytarardı, tumanını başına atardı. Heç cınqırı da çıxmadı. Səsini içinə salıb kirimişcə ağladı. Acıq eləyib evdən gedəndə də, uşaqları ərinin üstünə atıb gedirdi. Zəhmət çəkib saxlasın! Yox, o, uşaqları götürüb gedəcək, bu da yamacın bir həyasızını gətirib evə salacaq! Hərdən kibritə, bıçağa da əl atırdı. Guya özünü yandıracaq, öldürəcək...

Dərmanlarını böyrünə qoyublar. Əvvəllər ağrıyanda əl-ayağa düşərdilər, həkimə aparardılar, ya həkim çağırardılar. Yavaş-yavaş xəstəliklərinə öyrəşdilər. Özü də ağrılarına öyrəşdi. Qan təzyiqi, böyrəkdə daş, boynunda yırtıq, özgə də unamadığı nələr... Daha hər ağrıyanda hay-küy salmır. Əlinin altındakı dərmanlardan atır. Yəqin ki, qocanın ağrıması təbiidir.

Doğrudan, torpağın üzü soyuqdu. Ölənlə kim ölür ki! Əri ilə bağlı narazılıqları indi, az qala, xatırlamır. Olanlar indi onu incitmir. Adam yaş ötdükcə pis şeyləri özündən uzaqlaşdırır, yaddaşın dolanbaclarında azdırmağa çalışır.

Axır vaxtlar uşaqlıq çağlarını tez-tez xatırlayır. Bəlkə də, heç o vaxt əhəmiyyət vermədiyi məqamlar, anlar, duyğular indi qəfil onu bürüyür, ürəyini titrədir. Bəzən göz yaşlarıyla ayılır. Ağrı hiss eləyir. Geri qayıtmayacaq günlərin, düzəldilə bilməyəcək səhvlərin, hərəkətlərin ağrısı. Yadındadı, ata-anası da qoca vaxtlarında tez-tez valideynlərini xatırlayırdılar, yuxularını danışırdılar. İndi də onun yuxuları ilə xatirələri bir-birinə qarışıb. Yuxu ilə gerçəyi bir-birindən ayıra bilmir. Heç ona can atmır da. Artıq hər şeyin yuxuya dönən vaxtlarıdı. Bir də gördün, yuxuların birindən ayılmadı. O bunu arzulayır. Təki yatağa düşməsin, heç kimə yük olmasın, heç kimi bezdirməsin.

Sonra nə olacaq? Cənnət, cəhənnəm, qır qazanı... Bunlara inanmır. Daha doğrusu, inanmaq istəmir. O, rahatlıq istəyir. Yatsın – ayılmasın. Hər şeyi unutmaq. Heç nə xatırlamamaq. Bu yaddaşla gedib, o dünyada əzizlərinin xiffətini çəkəcəksə, elə cənnət də cəhənnəmə dönər...

* * *

Anası istədiyi kimi oldu. Nə yatağa düşüb, özü əziyyət çəkdi, nə başqalarına əziyyət verdi.

Atasının ölümündən sonra onun divana sahiblənməyi çox çəkmədi. Bir dəfə anası xəstələnib, öz yatağını divana köçürtdü. Dib otaqda darıxıram, dedi, bütün gün tək qalmaqdan canım sıxılır, vur-tut yemək, çay gətirəndə üzünüzü görürəm. Sağalandan sonra da köçünü divana saldı, yatandan yatana yerinə gedirdi.

Ancaq bu dəfə onu zala gətirmələrini istəmədi. Elə bil birdəncə həvəsdən düşmüşdü, hər şeyə marağı ölmüşdü, heç nə onu çəkmirdi.

Evdəkilərə tapşırmışdı anasını tək qoymasınlar, özü də iş-gücdən qayıdanda, anasının böyrünü kəsdirirdi. Axırıncı gün heç kimi dindirib danışdırmadı, dilinə heç nə vurmadı. Gözlərini tavana zilləyib qaldı. Onda nəsə ürəyinə damdı, tələsik qardaşlarını, bacısını çağırdı. Onların gəldiyini hiss eləyəndə, anası gözünü yumub keçindi.

Elə bil boşluğa düşmüşdü. Əlini uzadıb, heç yerdən yapışa bilmirdi. Həyatı öz axarından çıxmışdı. Süfrədə oturanda, yatmağa hazırlaşanda, divanda uzananda – hər an nəyinsə çatışmadığını hiss eləyirdi.

Anası doğru deyirmiş. Daha əvvəlki get-gəl yox idi, qardaş-bacı evin yolunu yadırğamışdı.

Görünür, bu yeni həyata öyrəşməkdən ötrü zaman lazımdı. İşdən qayıdanda tələsmirdi. Bəzən avtobusdan düşüb, səmti dəyişir, başqa küçələrə burulur, mağazalara girib, uzun-uzadı piştaxtalara göz gəzdirir, vaxtı bilə-bilə uzadır, bunlardan hətta özünə də etiraf etmək istəmədiyi bir ləzzət duyurdu.

Evdə oğlunun dərsləri ilə maraqlanırdı. “Maraqlanırdı” deyəndə, qiymətlərini soruşurdu, arvadına tapşırırdı ki, gözü üstündə olsun, avaraçılıq eləməyə qoymasın. Oxusa, bir sənət sahibi olsa, onu kimi qapılara düşməzdi, sözün əsl mənasında, pulu daşdan çıxmazdı.

Adama xoşbəxtlik üçün çox da şey lazım deyilmiş. Yorğun-arğın evə qayıdanda, çörək yeyəndən sonra divana yayxanıb, televizora baxacağını təsəvvür eləyəndə, ürəyinə sərinlik yayılırdı.

Oğlu artıq böyümüşdü, evdə tək qala bilirdi. Məktəbə gedib gələndə, qapını özü bağlayıb açırdı. İndi də divana o dadanmışdı. Özü də onu kimi uzanıb, onu kimi yastığa dirsəklənir, hətta onu görəndə ayağa da qalxmırdı. Başına bir çırtma vurası oldu: “Əkil burdan, bircə sən qalmışdın”, – dedi.

Bir ara havalar yağmurlu keçdi. Onda evə tez qayıdırdı. Çöl soyuq, yağışlı, ev isti. Canına isti yayıldıqca, gözləri yumulurdu.

* * *

Yemək hazır olanda, gəlin boylanıb, divanı boş gördü. Uşağı göndərdi ki, atasını çağırsın.

– Atam nənənin yerində yatır, – uşaq qayıdıb dedi. – Oyadım?

Gəlin bir az duruxdu.

– Lazım deyil, – handan hana dilləndi. – İndi ondan ötrü yuxu hər şeydən şirindi.

# 2274 dəfə oxunub

Oxşar xəbərlər

İdmançının sevgilisi - Günün hekayəsi

İdmançının sevgilisi - Günün hekayəsi

13:16 21 noyabr 2024
Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

Azyaşlı baldızı ilə evlənən qoca – Çəmənzəminlinin hekayəsi

16:40 18 noyabr 2024
“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

“Ka”nı xoşbəxt edən yazıçı - Sonası Vəliyevanın hekayəsi

15:00 17 noyabr 2024
Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

Tənhalıq həsrəti - Rüstəm Dastanoğlunun hekayəsi

13:05 16 noyabr 2024
"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

"REZİDENS de MAREŞO"da - Sabir Əhmədlinin hekayəsi

09:00 16 noyabr 2024
Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

Köçəri quşun ağısı – Çingiz Aytmatovun hekayəsi

16:30 15 noyabr 2024
# # #