Səhnədə alqışladıq, həyatda unutduq - Müalicəyə pul tapa bilməyən aktyorumuz kimdir?

Səhnədə alqışladıq, həyatda unutduq - Müalicəyə pul tapa bilməyən aktyorumuz kimdir?
20 iyun 2025
# 11:40

Kulis.az Orxan İsmayılovun yeni yazısını təqdim edir.

Gümanımca, ölkədə ən çətin şəraitdə yaşayan peşə sahibləri aktyorlardır. Gümanım heç də əsassız deyil, buna dair neçə-neçə nümunə göstərə bilərəm. Aktyor Tofiq Hüseynov yəqin ki, hər xatirinizdədir. Dünyadan köçməsindən bir neçə ay qabaq onu ön fasadı xəyalət kimi ucalan "Respublikanski" xəstəxanasının boz, çılpaq daşlarla örtülü həyətində gördüm. Karıxmış halda titrəyərək dodaqlarını gəmirir, dodaqaltı deyinirdi. Dərhal qət etdim ki, ona yanaşıb halını xəbər almalıyam. Arıq, qansız barmaqları olan əlini uzadıb salamımı aldı. Onun görünüşü, əsas da üzü məni çox sarsıtmışdı. Üzü saralıb-solmuş, ifadəliliyini itirmişdi. Belə aktyor siması olmazdı. Dedi, günlərdir bu xəstəxanaya gəlib-gedirəm. Müalicəyə pul tapa bilmirəm, dava-dərman od qiymətinədir. Soruşdum ki, bəs peşənizdən heçmi bir şey qazanmırsınız? Dinmədi. Gözlərini anlaşılmaz uzaqlığa zillədi. Dodaqları şüursuz hərəkətlə titrədi. Baxışlarındakı kədərdən uzaqlaşmaq üçün üzümü çevirib onun yanından uzaqlaşdım.

İnsanın ölümə qədər olan yolçuluğu yalnız bədəninin yox, həm də yaddaşının tükənməsi ilə ölçülür. Tofiq Hüseynovun timsalında bu tükənmə yalnız bioloji deyildi. Bu, mənəvi unudulmuşluq, cəmiyyətin bir fərdi, bir sənətkarı səhnədən enən kimi görməməzliyə vurması, yaddaşdan silməsi idi.

Tofiq Hüseynov səhnədə bir çox obrazlar yaradıb. Amma o, unudulan aktyor obrazını heç vaxt oynamamışdı. Həyat isə onu buna məcbur etdi. Bu, elə bir obraz idi ki, onun nə mətni vardı, nə də rejissoru. Başdan-başa səssiz ağrılardan ibarət idi.

Aktyor – sadəcə səhnədə gülən, ağlayan biri deyil. O, cəmiyyətin güzgüsüdür. Biz onun gözlərində özümüzü görürük. Güzgü sınanda isə onu atırıq.

Bunu mütləq vurğulamalıyam ki, burada söhbət əsl, işinin peşəkarı, sənətində ustalığın zirvəsinə yetişmiş aktyorlardan gedir. "Komedixana" səviyyəsindəki aktyorlardan yox...

Çox vaxt unuduruq ki, aktyorun ömrü başqaları olmaq, başqa həyatlar yaşamaqla keçir. Onlar bizim yaşamadıqlarımızı bizim əvəzimizə yaşayırlar. Və sonda öz həyatlarına qayıdanda artıq orda heç nə qalmır. Çünki bu cəmiyyət aktyorun səhnədəki halına heyran olur, amma gerçək həyatındakı ağrı-acısına biganədir.

Tofiq Hüseynovun timsalında biz sistemli bir dəyərsizliklə üz-üzə qalırıq. Bu dəyərsizlik bir tək ona deyil, həqiqi sənət sahəsinin hər qatına sirayət edib. Aktyorun sosial təminatı yoxdur. Yaşlananda ona olduqca az təqaüd və bolluca xatirələr qalır.

Biz sənəti istehlak edirik, amma sənətkarı tanımırıq. Aktyor bizim üçün bir məhsuldur. Lazımımız olanda baxırıq, sonra isə unuduruq. Halbuki aktyor insanı insana anlatmaq sənətidir. Bu sənəti qorumaq öz insanlığımızı qorumaqdır.

Biz cəmiyyət olaraq sənətkarı dərk etmədən yaşayırıq. Ona görə də ruhumuz korşalır, yaddaşımız məhdudlaşır. Biz bir tamaşanı xatırlayırıq, amma o tamaşanı oynayan aktyoru yox. Tamaşa bitdikdən sonra pərdə çəkilir, səhnə boşalır və aktyor — insan — tək qalır. Əsl həyat da elə burada başlayır.

# 1448 dəfə oxunub

Oxşar xəbərlər

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

13:38 30 mart 2026
Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

12:30 30 mart 2026
XX əsr Naxçıvanını böyük sevgi ilə yaradan rəssam - Şamil Qazıyev

XX əsr Naxçıvanını böyük sevgi ilə yaradan rəssam - Şamil Qazıyev

11:30 30 mart 2026
Yunanıstanın ilk Avroviziya təmsilçisi vəfat etdi

Yunanıstanın ilk Avroviziya təmsilçisi vəfat etdi

10:40 30 mart 2026
Xalq artisti Rasim Balayevin cənazəsi İstanbuldan Bakıya gətirildi

Xalq artisti Rasim Balayevin cənazəsi İstanbuldan Bakıya gətirildi

10:00 30 mart 2026
Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi - Rasim Balayev haqqında maraqlı faktlar

Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi - Rasim Balayev haqqında maraqlı faktlar

16:42 29 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər