Sabiq nazir: "Heydər Əliyev məni çağırıb dedi ki…" - Müsahibə

Sabiq nazir:  "Heydər Əliyev məni çağırıb dedi ki…" - Müsahibə
10 may 2023
# 13:06

Kulis.az keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun APA-ya müsahibəsini təqdim edir.

– Tofiq müəllim, söhbətimiz əlbəttə ki, nazir olduğunuz dövrdə Ulu Öndər Heydər Əliyevin apardığı xarici siyasət ətrafında olacaq. Aydındır ki, o dönəmdə xarici siyasətdə prioritet Qarabağ münaqişəsi idi, amma mən istəyərdim, əvvəlcə prosesə ümumi baxış sərgiləyək.

– Əlbəttə, dediyiniz kimi, əsas məsələ Qarabağ münaqişəsinin həlli idi. Bu istiqamətdə Ermənistan Prezidenti Robert Koçaryanla görüşlər mən hələ nazir müavini olduğum və ondan öncəki vaxtdan başlamışdı. Mənim həmin dövrdə bir digər səlahiyyətim isə, Prezidentin xüsusi nümayəndəsi olmağımla bağlı idi. Səlahiyyətlərimə əsasən, müəyyən sənədləri parafa edə bilərdim. Parafa eləmək təsdiq etmək deməkdir. O dövrdə baş vermiş danışıqların, demək olar ki, hamısında iştirak etmişəm. O vaxt çox gərgin bir dövr idi. Bilirsiniz, o vaxt Azərbaycan hələ hərbi, siyasi, iqtisadi baxımdan zəif vəziyyətdə idi. Və hələ də hakimiyyət və idarəetmə strukturları lazımi şəkildə formalaşmamışdı. Dövlət qurumlarında, məsələn, Xarici İşlər Nazirliyində kadr çatışmazlığı var idi, üstəlik, təcrübə də yox idi. Bu baxımdan, strukturları formalaşdırmaq, iqtisadiyyatı qaldırmaqla yanaşı, xarici siyasətdə əsas məqsəd ondan ibarət idi ki, daimi Ermənistandan və Rusiyadan gələn təhdidləri xarici siyasətin aktiv şəkildə fəaliyyəti ilə neytrallaşdıraq. Çünki, bildiyiniz kimi, 90-cı illərin əvvəli və ortalarında hələ də hərbi əməliyyatlar davam edirdi. O baxımdan, işğalçıya müəyyən təsir üçün xarici siyasət çox vacib idi. Məhz buna görə də Ulu Öndər bu məsələyə çox həssas və diqqətli yanaşırdı.

Demək olar ki, xarici siyasəti özü idarə edirdi. Bəli, nazirimiz də var idi, Həsən Həsənov, sonra mən, amma, demək olar ki, bizim bir çox iclaslarımız elə formatda olurdu ki, – orada həm nazirlər iştirak edirdi, həm də müavinlər – xarici siyasətlə bağlı addım və fəaliyyətlər Prezidentin yanında müzakirə edilirdi. O müzakirələrdə ümumi qərarın qəbul olunmasında Ulu Öndərin siyasi təcrübəsi, bilavasitə xarici siyasətə dair təcrübəsi konkret rola malik idi. Vacib nüanslardan biri ondan ibarətdir ki, o həmişə imkan verirdi, iclas iştirakçıları fikirlərini sərbəst formada ifadə etsinlər. Yekunda vəziyyəti təhlil edərək müəyyən qənaətə gəlirdi. Bu, çox konstruktiv üslub idi. Çünki o istəyirdi ki, müzakirədə iştirak edən diplomatlar hansısa qərarın müəllifləri kimi çıxış edə bilsinlər, özlərini o cür hiss edə bilsinlər.

– Tofiq müəllim, kadr çatışmazlığı məsələsinə toxundunuz. Mən xatırlayıram, keçmiş DTX polkovniki ilə müsahibə etmişdim, o da eyni şeyi demişdi. Amma keçmiş polkovnik bir məsələni əsaslı vurğulamışdı ki, Heydər Əliyev yeni gələn kadrları mütləq şəkildə özü yoxlayır, sınaqdan keçirirdi. Bəs xarici siyasət məsələsində necə, eyni strategiya idimi?

– Yoxlamaq deyəndə ki, mən ilk dəfə Heydər Əliyevlə o, Milli Məclisin sədrinin səlahiyyətlərini icra etdiyi dönəmdə görüşmüşdüm. Təxminən, 93-cü ilin iyulun əvvəllərində. O vaxt Romada Minsk qrupunun danışıqları ilə əlaqədar təcili bir məsələ var idi. Doğrudur, Minsk qrupunun fəaliyyəti ciddi bir nəticə vermədi, amma o dönəmdə onlara ümid bəslənilirdi.

Kadrların şəxsən özü tərəfindən yoxlanılması məsələsinə gəlincə isə, məni o vaxt çağırdılar ki, Heydər Əliyevin təşəbbüsü ilə nazir müavini təyin edilirəm. Yəni o məni və ümumiyyətlə o vaxt yetişən kadrları özü, bir növ, izləyirdi, diqqətdən qoymurdu. Mənim barəmdə bu cür yüksək qərarın qəbul olunması prosesindən o qədər də xəbərdar deyildim, bunu elə həmin günü nazirdən eşitdim. Yəni bu, məndən kənar bir formada qəbul edilmişdi. Deməli, dediyiniz kimi, Heydər Əliyev bütün prosesi və prosesdə iştirak edənləri daima diqqətdə saxlayırdı.

– Siz özünüz Qarabağla bağlı danışıqlarda nə vaxtdan iştirak etmisiniz?

– 1992-ci ildən. Bildiyiniz kimi, xarici işlər naziri Tofiq Qasımov (1992-1993-cü illərdə Azərbaycanın xarici işləri naziri olub – N.P.) istefa vermişdi. Ona görə də həmin dönəmdə olan danışıqlar prosesini məruzə etmək üçün məni Milli Məclisə dəvət etmişdilər. İclas gecə saat 11-də başlamalı idi. Mən məruzəni etdim və qərara gəldilər ki, nümayəndə heyətinin tərkibində hərbçi də olmalıdır. Çünki danışıqlar zamanı bəzi hərbi nüanslar da müzakirə predmeti olurdu. Və elə orada da Surət Hüseynov (1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, Azərbaycan ordusunun korpus komandiri, keçmiş Baş nazir – N.P.) öz hərbçi kadrını təklif etmişdi. Yəni mənim Heydər Əliyevlə ilk dəfə görüşüm bu iclasa təsadüf etmişdi. Ondan sonra mən artıq danışıqlarda davamlı iştirak etməyə başladım.

Bildiyiniz kimi, o vaxt danışıqlar prosesi həm Minsk qrupu həmsədrləri çərçivəsində, həm də Rusiyanın vasitəçiliyi çərçivəsində aparılırdı. Heydər Əliyevlə məhz o vaxt ilk dəfə Moskvaya səfər etmişdim. Orada bəzi vacib görüşlər keçirdik. O sıxlıqda yenə də vaxt tapıb məni qəbul edir, məruzəmi dinləyirdi. Siz bayaq deyirsiniz, kadrları yoxlamaq və sairə, ona misal gətirirəm. Mən, əslinə qalsa, bir diplomat kimi real olaraq Heydər Əliyev məktəbi keçmiş insanam. Mən peşəkarlıq baxımından bir çox şeyləri məhz ondan öyrənmişəm. Mənim təhsilim şərqşünaslıq idi, bu baxımdan, demək olmaz ki, məndə diplomatik təhsil var idi. Yox. Amma məhz Ulu Öndərin məni danışıqlara cəlb eləməsi ilə danışıqlar prosesinin müsbət məcraya yön almasında mənim də rolumu vacib etdi.

– Xarici siyasət məsələləri üzrə dövlət müşaviri Vəfa Quluzadənin sizi kadr kimi təklif eləməsi necə, nə dərəcədə doğrudur?

– Doğrudur. O vaxt Vəfa müəllim Heydər Əliyevin yanında işləmiş, güvənini qazanmış dövlət xadimi idi. Hətta Sovet dövründə də bir yerdə işləmişdilər. Heydər Əliyev onu bacarıqlı diplomat kimi tanıyır, etibar edirdi. Bu danışıqlarda mən Vəfa müəllimlə çox sıx işləyirdim, çünki o müşavir idi. Bizim xarici siyasətimizin əsas prioriteti Ermənistana bağlı olduğu üçün bu mövzuda istər-istəməz davamlı müzakirələr aparır, tədbirlərdə, iclaslarda iştirak etmişik. Məhz o arada qərar verildi ki, prezidentlərin (Azərbaycan və Ermənistan prezidentləri nəzərdə tutulur, – N.P.) müşavirləri də öz aralarında görüşsünlər. Buna görə biz daha sıx əlaqədə olduq və bir yerdə işlədiyimiz dönəmdə məni irəli aparmaq üçün müəyyən təkliflər verirdi. Amma bu təkliflərin əhəmiyyəti öz yerində, siz bundan öncə qeyd etdiniz ki, Ulu Öndər özü təcrübə baxımından seçici idi, etibar etmək məsələsinə o özü qərar verirdi. Onun öz kriteriyası var idi. Bəzi kadrlara çox sərt yanaşırdı, bəzi kadrlara daha mülayim münasibət bəsləyirdi. Bütün bunlar hamısını dırnaq arasında deyirəm. Başa düşürsünüz, dövlət strukturunda bu cür anlayışlar nisbi anlayışlardır.

Mən o dönəmin iclaslarını xatırlayıram, Ulu Öndər, demək olar ki, gecə-gündüz işləyirdi.

– Siz bayaq Milli Məclisin iclasının gecə saat 11-də çağırıldığını dediniz.

– Bəli, belə hallar dəfələrlə olub. Bəzi iclaslarımız gecə 12-dən, 1-dən sonra belə başlayıb. Yəni biz də, demək olar ki, gecə-gündüz işləyirdik.

– Tofiq müəllim, bir az da iclasların, bu görüşlərin kulisindən danışaq.

– Elə ora gətirirdim sözü. Belə hallarda onun tapşırığına əsasən, iştirakçılara çay, qəhvə, şirniyyat və s. verilirdi. Və biz o iclaslarda çox sərbəst olurduq. Kim ac idisə, şirniyyat, konfet yeyirdi. Ulu Öndər bu cür şeylərə çox normal baxırdı. Yəni belə məqamlarda onun prosesə müsbət əhval-ruhiyyə baxımından təsiredici hərəkətləri çox olurdu. Təbii ki, məsələ çay süfrəsi ilə bitmirdi. Ulu Öndər düşünürdü ki, bu adamlar başqa bir görüşdən, yaxud ölkədən gəlib, ola bilsin, çay içməyə vaxtı olmayıb və s. Yəni ən ağır rejimdə belə o, bunları düşünə bilirdi. Onun münasibəti çox fərqli idi.

Xatırlayıram, bazar günü idi, təcili bir iclas çağırıldı. Vəfa müəllim, səhv eləmirəmsə, səfərdən gəlmişdi, evə gedib qayıtmağa vaxtı olmadığı üçün iclasa qeyri-rəsmi geyimdə gəlmişdi. Biz hamımız kabinetə daxil olanda Vəfa müəllimin geyimi bizdən çox seçilirdi. Mən hiss elədim ki, Heydər Əliyev ona diqqət yetirdi. Amma heç bir şey demədi. Başa düşdü ki, ola bilər, vaxt tapmayıb və s. Bəlkə, ayrı adam olsaydı, nəsə deyərdi, lakin Vəfa müəllimə münasibəti tamam başqa idi.

Heydər Əliyevin ümumi iş üslubunda onun peşəkar kəşfiyyatçı olması hiss olunurdu. Qonaqları qəbul edəndə, məsələn, elə edirdi, elə imkan yaradırdı ki, onlar öz daxili düşüncələrini tam ifadə edə bilsinlər, sərbəst olsunlar.

Sizə bir maraqlı görüşdən də danışım. Məşhur siyasətçi ABŞ-lı senator Riçard Luqarı qəbul etmişdi və şam yeməyi zamanı söhbət edirdilər. Yeri gəlmişkən, Luqarın köməkçisi Metyu Brayza idi. Səmimi ortam yaranmışdı, müəyyən içkilər, konyak və s. Prezident mənə öncədən demişdi ki, 907-ci düzəliş məsələsini (907-ci düzəlişə əsasən, ABŞ Azərbaycana bütün yardımları qadağan edirdi, – N.P.) orada qaldırım, hansı ki ABŞ-la bizim əlaqələrimizə bu, çox mane olurdu. Orada bu məsələ qaldırılandan sonra Luqar da maraq göstərdi. Dərhal Metyu Brayzaya tapşırdı ki, Vaşinqtona zəng vur, hüquqşünaslar bu məsələyə baxsınlar, mənə də məruzə etsinlər, görüm söhbət tam olaraq nədən gedir. Vaşinqtondan cavab gələnə qədər Ulu Öndərlə Luqar arasında maraqlı söhbət oldu. Onlar Sovet İttifaqında Qorbaçov dövrünə keçidi müzakirə edirdilər. Təsəvvür edin, ABŞ tərəfdən baxış və Ulu Öndərin baxışı. Bu, tarixi müzakirə idi. Elə bil ki, adam tarixin gedişatını hiss edirdi, çünki iki böyük tarixi şəxsiyyət böyük tarixi prosesi sadə masada müzakirə edirlər. Yəni Heydər Əliyevlə işləmək belə idi, bacaran özünü inkişaf etdirir, bacarmayan artıq müəyyən mərhələdə uzaqlaşdırılırdı. Çünki Heydər Əliyev kadra etibar etdiyi kimi ona nəzarət də edirdi.

– Tofiq müəllim, nazir təyin olunandan sonra sizin Ulu Öndərlə təkbətək görüşünüz oldumu? Çünki adətən görürük ki, hazırkı dövrdə hər hansı nazir təyinatından sonra prezident həmin məmuru qəbul edir, müəyyən tapşırıqlar verir.

– Nazirin təqdimatı ikihissəli olur. Prezident nazirliyə gəlib artıq məni təqdim etmişdi. Bütün nazirlik heyəti zalda idi. Prezident orada təyinat və ümumi vəzifələr barəsində geniş nitq söyləmişdi. Ondan sonra ilk dəfə kabinetdə görüşümüz oldu. Ümumiyyətlə, onunla bu cür görüşlərimiz təyinatdan qabaq da olurdu. Siz təkbətək deyirsiniz, mən sizə deyim ki, Ulu Öndərin üslubu o idi. Mən hələ nazir müavini olarkən, mənə belə bir səlahiyyət verilmişdi ki, məruzəni birbaşa onun özünə edirdim. Bu baxımdan, dediyiniz səpkidə görüşlərimiz çox olurdu.

– Mən istəyirəm, biz həmin görüşlərin içinə girək, orada qarşıya qoyulan məsələlər, tapşırıqlar barədə danışaq.

– Mən sizi başa düşürəm. Bilirsiniz, tapşırıqlar yalnız təkbətək görüşlərdə verilmirdi. Bu, daimi bir proses idi. Görüşlər də həmçinin daimi olurdu. Məsələn, sizə bir məsələni deyim, bizim binamız İçərişəhərdəki Qoşa Qala Qapısının yanında idi. Və o bina bizə uyğun deyildi. Hazırda orada Konstitusiya Məhkəməsi yerləşir. Binanın dəyişdirilməsi məsələsi müzakirə edildi. Mən o zaman Dəmiryol idarəsinin binasına köçməyi təklif etdim. Həmin vaxt orada bir neçə nazirlik və qurumlar yerləşmişdi, yeni bina tikintisinə isə imkan yox idi. Və biz həmin binaya köçdük.

– Təkrar Qarabağ danışıqlarına qayıtmaq istəyirəm. Ermənistan tərəfi ilə görüşlərdən sonra Heydər Əliyev şəxsən sizinlə, yaxud bizim diplomatlarla nələri bölüşürdü?

– Təbii ki, görüşlərdən sonra müzakirələr aparılırdı. Elə təyyarənin özündə bizi çağırıb görüş barədə ümumi mülahizələrini ifadə edirdi. Bir dəfə Ukrayna Prezidenti Kuçma (Leonid Kuçma, Ukraynanın ikinci prezidenti – N.P.) Qara Dəniz Əməkdaşlıq Təşkilatı çərçivəsində bir tədbir keçirirdi. Qorbaçovun vaxtilə “Foros” adlanın iqamətgahı var idi. Sonra ora Ukrayna Prezidentinin iqamətgahı oldu. “Foros”da rəsmi tədbir keçirildi, gecə isə şam yeməyi təşkil edildi. Yeməkdə iştirakçılar dövlət başçıları və xarici işlər nazirləri idi. Kuçmanın yanında Süleyman Demirel və Heydər Əliyev oturmuşdu. Baxıb gördüm ki, Ermənistanın Prezidenti Robert Köçəryan və xarici işlər naziri tək oturublar. Mən də qərara gəldim ki, onların yanında oturum. Tədbir bitdi, səhəri gün təyyarədə məni çağıran Ulu Öndər dedi ki, dünən sənin gedib onlarla oturmağını gördüm. Çox düzgün elədin. Onlar, əlbəttə, bizə olan hörmətlə, özlərinə olan hörmət arasındakı fərqi görürdülər. Amma sənin orada oturmağın çox düzgün addım idi. Sonra mən şam yeməyi zamanı Ermənistanın Prezidenti və xarici işlər naziri ilə müzakirəmizi ona məruzə etdim.

Diplomatın vəzifəsi hər zaman məlumat toplamaqdır, bunu Ulu Öndər hamıdan yaxşı bilirdi. Bu cür situasiyalarda onlarla oturmalısan, çörək kəsməlisən, söhbət eləməlisən və s.

Bir dəfə Moskvada Robert Köçəryanla görüş olmuşdu. Oradakı görüşdə də özü mənə şərait yaratmışdı ki, onlara yaxınlaşa bilim, müəyyən söhbətlər edim. Yəni bu, onun professional yanaşması idi.

– Sizin nazir olduğunuz dövrdə Robert Köçəryanla Heydər Əliyev arasında neçə görüş baş tutmuşdu?

– Dörd, ya beş görüş baş tutmuşdu, indi dəqiq xatırlaya bilmirəm. Bundan öncə də görüşlər olmuşdu. Bu görüşlər və telefon danışıqları o vaxtkı danışıqlar prosesi üçün çox vacib əhəmiyyət kəsb edirdi.

Köçəryan Ter-Petrosyandan sonra hərbi çevriliş edərək hakimiyyətə gəlmişdi. Bu baxımdan, təcrübəsi az idi, amma ambisiyaları çox idi. Heydər Əliyev bu situasiyadan istifadə edirdi. Məsələn, Köçəryanın hakimiyyətə yenicə gələn vaxtı Moskvadakı görüşün təşkili mənə tapşırılmışdı. Görüşdülər. Orada Köçəryan dedi ki, Heydər Əliyevə çox böyük hörməti var. Dedi, mən o insanlardanam ki, bu müharibədə iştirak etmişəm. O deyirdi ki, mən əminəm ki, biz hansısa sülhə gələ bilərik. Heydər Əliyev təklif etdi ki, o zaman biz birbaşa tez-tez görüşməliyik. Köçəryan da razılaşdı.

– Birbaşa deyəndə nə nəzərdə tutulurdu? Yəni vasitəçilər olmadan?

– Yox. Burada söhbət Qarabağ ermənilərindən gedir. Çünki Minsk qrupu vasitəsilə artıq Qarabağ ermənilərinin danışıqlar prosesində iştirakı təmin olunmaqda idi. Sırf bu görüşdən sonra onlar danışıqlardan kənarlaşdırıldı. İndi Köçəryana edilən ən böyük ittihamlardan biri də budur: sən nəyə görə Qarabağ ermənilərini danışıqlardan uzaqlaşdırmısan. 1998-ci ilin aprelində olan görüşün nəticəsidir ki, danışıqlar prosesində yalnız iki tərəf – Azərbaycan və Ermənistan tərəfi iştirak edə bilər.

– Köçəryanın Qarabağ ermənilərini danışıqlar prosesindən uzaqlaşdırmaqda marağı nə idi ki?

– O, Ermənistana Qarabağdan gəlmişdi. Və onların fikri o idi ki, Qarabağı Ermənistana birləşdirsinlər. Guya burada biclik edib ki, hər iki tərəfdən ayrıla bilsin. Amma heç birinə nail ola bilmədi. İndi Qarabağ ermənilərinin iradları odur ki, bizim Minsk qrupu çərçivəsində hüquqlarımız var idi və s. Yəni birbaşa görüşlərin başlanılması ümumi danışıqlar prosesi üçün ən vacib nəticələrdən biri idi. Mən bunun şahidiyəm. Ondan sonra Qarabağ erməniləri heç bir görüşlərdə iştirak edə bilmədilər.

– Bəs onların prosesdən tamamilə uzaqlaşdırılmasından sonra sülh istiqamətində hər hansısa irəliləyiş oldumu?

– Yox. Burada ən böyük uğur münaqişənin mahiyyətinin tam başqa olması oldu.

– Yəni daha aydın oldu?

– Yox. Bunun nəticəsində, elə situasiya yarandı ki, Ermənistanın Azərbaycana ərazi iddiaları üzə çıxdı. Bu çox böyük bir məsələ idi. Ermənilər hələ indi ayılıblar ki, Köçəryan o vaxt hər şeyi məhv edib. İndi Paşinyan da deyir ki, Ermənistanın Qarabağ ermənilərinə qatışacağı yoxdur. Deməli, bu, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini təsbit eləyən fakt oldu.

– Yaxşı, bəs bütün bu proseslərin fonunda Heydər Əliyevin Qarabağ konsepsiyasına nələr daxil idi?

– Konsepsiya deyəndə biz bir şeyi dəqiq ifadə etməliyik ki, Azərbaycan müxtəlif mərhələlərdə müxtəlif mövqelər sərgiləyirdi. Məsələn, Qarabağa ən yüksək avtonomiya verilməsi mövqeyi belə sərgilənib, hətta Tatarıstan səviyyəsində. Amma sonuncu Qarabağ müharibəsindən sonra biz mövqeyimizi tamamilə dəyişdik. Vəssalam. Yəni taktiki baxımdan müxtəlif mövqelər sərgiləmişik. Bu da normaldır. Yəni Azərbaycan Ermənistan üzərində tarixi qələbədən sonra mövqeyini tam şəkildə bəyan elədi.

– Status yoxdur və olmayacaq.

– Bəli, status yoxdur, bizim ərazi bütövlüyümüz var və biz unitar dövlətik. Qarabağ erməniləri ən yüksək hüquqdan danışırsa, vətəndaşlıq hüququ verməyə hazırıq. Vəssalam.

– Mənə bir şey qaranlıq qaldı. Tutaq ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll edildi, o halda Qarabağa muxtariyyət verilə bilərdi?

– Yox, qətiyyən. Mümkün deyildi. Çünki istənilən variantda, məsələn, işğal altında olan ərazilərin bir qismi qaytarılsa belə, Qarabağın statusu məsələsi müzakirə olunmalı idi. Bu baxımdan, sülh müqaviləsi bağlansa belə, həmin status məsələsi həllini tapmırdı, müzakirə tələb edirdi. Və onların bu mövzuda birmənalı olaraq mövqeyi o idi ki, Dağlıq Qarabağ ya Ermənistana birləşsin, ya da müstəqil dövlət olsun. Azərbaycana birləşmək məsələsi yox idi. İndi siz deyirsiniz ki, Ulu Öndərin Qarabağ konsepsiyası nə idi? Görürsünüz, görünən mövqelərlə bəyan olunan mövqelər arasında müəyyən fərqlər var.

– Tofiq müəllim, bəs sizin Ermənistan xarici işlər naziri ilə görüşləriniz hansı sıxlıqla olurdu və konkret müzakirələr hansı yöndə aparılırdı?

– Heydər Əliyevin iş üslubu elə idi ki, hər gün saat 11-dən 12-nin yarısına qədər mən ona məruzələr edirdim. Və yaxud məni çağırırdı, onlarla tapşırıqlar verirdi.

Bizim Oskanyanla (Vardan Oskanyan, Ermənistanın sabiq xarici işlər nazir, – N.P.) görüşlərimizə gəlincə, biz onunla müxtəlif yerlərdə, tədbirlər çərçivəsində görüşürdük və onunla normal münasibətimiz var idi, Suriyadan olan erməni idi. Ərəb dilini bilirdi, mən də şərqşünas idim. Bir-birimizi ərəbcə də başa düşə bilirdik. Bir dəfə xüsusi rabitə əlaqə sistemi vasitəsilə də ərəbcə danışmışdıq.

– Ermənistan xarici işlər naziri ilə görüşlərinizin qeyri-rəsmi tərəfi barədə danışaq bir az. Bilirsiniz, mənə maraqlıdır, onlar arxa planda prosesə necə yanaşırdılar, necə düşünürdülər? Müəyyən etiraflar edirdilərmi?

– Əlbəttə, bizim müəyyən söhbətlərimiz olurdu, bizim – hər iki tərəfin məqsədi bəlli idi. Orada əsas faktor vasitəçilərlə bağlı idi. Hərdən elə vəziyyət yaranırdı ki, biz onunla bir mövqedə olurduq və vasitəçilərə qarşı çıxırdıq

– Necə yəni?

– Bilirsiniz, vasitəçilər sözdə sülh istəyirlər, amma təbii ki, öz maraqları da var. Bəzən bu maraqları başa düşərkən, Oskanyanla bu məsələləri taktiki baxımdan koordinasiya edirdik.

Əlbəttə, o da istəyirdi ki, məqsədinə nail olsun. Təbii, həm də başa düşürdü ki, eynisini mən də istəyirəm. Şübhəsiz, hər ikimiz kifayət qədər təcrübəyə malik idik, aldatmaq söhbəti ola bilməzdi, amma həm də razılığa gəlinəsi əsaslar da yox idi. Yekun sual hər zaman bu idi: bu torpaqlar kimin olacaq? Vəssalam. Bu baxımdan, qarşı tərəfdə kim olursa, olsun, fərqi yox idi. Amma Oskanyan bir insan olaraq, ABŞ-da yaşamış, təhsil almış biri idi, dünyagörüşü geniş idi. Müharibə olmasaydı, normal münasibət qurulası şəxs idi. Müşavir Liparityanı (Jirayr Liparityan, Ermənistan Prezidentinin keçmiş müşaviri – N.P.) götürək, mən istefa verəndən sonra onunla Miçiqanda görüşdüm. Ailəsində oldum, xanımı ilə məni tanış elədi və s. Yəni bu cür insani münasibətlər fonunda bir dövlət rəsmisi olaraq səlahiyyətlərimiz və vətənpərvərlik hisslərimiz də var idi. Biz həqiqət üçün çalışırdıq. Başqa heç bir hal mümkün deyildi.

– Bəs Heydər Əliyevin Minsk qrupuna münasibəti necə idi? Bayaq onların uğursuz missiyasına toxunmuşduq.

– Lazım olanda sərt mövqeyini ifadə edirdi.

– Müharibəyəqədərki və ondan bir az da irəli dönəmi qoyaq bir kənara. Ulu Öndər o dönəm üçün onların fəaliyyətindən razı idi?

– Yox, təbii. Qətiyyən. Başa düşürdü ki, bu, bir oyundur. Bizə bu münaqişə yaradılıb ki, bölgə idarə edilsin. Və onlar sadəcə menecerdirlər. Oyunu nə formada davam etdirilməsinə səy göstərən menecerlər. Ümumiyyətlə, biz münaqişənin sülh yolu ilə həll olunmasından daha çox torpaqlarımızın qayıtmasını istəyirdik. Yəni bu proses istəklə olmur axı. Reallıqlar var.

– Tofiq müəllim, erməni lobbisi məsələsi və Heydər Əliyevin bu yöndə mübarizə fəaliyyəti.

– Bəli, bu bizim üçün hər zaman eyni dərəcədə aktualdır. Bu, tarixən ermənilərə aid bir məsələdir, bu, aydın məsələdir. Onların tarixi strukturu və təcrübəsi bizdən qat-qat çoxdur. Təbii ki, biz də bir yerdən başlamalı idik. Diaspor Komitəsi yarandı, onun iş prinsipinə daimi nəzarət və diqqət edirdi, nümayəndə heyəti ilə tez-tez görüşürdü. Amma ortada olan çətinliklərə real yanaşırdı. Başa düşürdü ki, biz bu mövzuda onlarla hələ uzun illər heç bir rəqabət edə bilmərik. Eləcə də indinin özündə də.

Biz həmişə öz torpaqlarımızda yaşamışıq, onlar isə ayrı-ayrı ərazilərdə. Və nəticədə, məcburiyyətdən bir-birlərinə dəstək verirdilər. O şey bizdə yava-yavaş formalaşır: məsələn, Rusiyada artıq müəyyən Azərbaycan vətəndaşlarının qruplaşmasını görürük. Bu hələ bizdə birinci nəsil dövrünü yaşayır, Ermənistanda beşinci, altıncı, onuncu nəslini yaşayır. Onlarla mübarizə çətindir.

– Son sualımdır: Heydər Əliyevin tapşırığı ilə sizin Təbriz səfəriniz də olmuşdu. Konkret məqsəd nə idi?

– Bəli, İrana rəsmi səfərim olmuşdu. Səfərin məqsədi bizim konsulluğumuzun açılması idi. Amma onlar razılıq vermirdilər. Mən səfər zamanı təklif etdim ki, bizim səfərimiz elə məhz oradan – Təbrizdən başlasın. Səfərin rəsmi hissəsi mənim iki günlük Təbriz səfərimdən sonra başladı. Bunu onlar istədilər. Yəni mənim Təbrizdəki iki günüm qeyri-rəsmi sayıldı. Bu, protokol baxımından elə idi, amma fakt o idi ki, o səviyyədə dövlət nümayəndəsi mən idim ki, Təbrizə getmişdim. Təbriz o vaxt heç bir rəsmi səfərləri qəbul edə bilməzdi. Amma biz getdik. Gedə bildik.

– Səfərin nəticəsi nə oldu?

–Hər halda, bu, çox vacib bir məsələ və səfər idi. Məhz ondan sonra Təbriz konsulluğunun açılması daha real göründü, proses sürətləndi və açıldı. Əvəzində də, onların konsulluğunu biz də Naxçıvanda açdıq.

Yəni Nihat bəy, diplomatiyada “Mən filan şeyi istəyirəm” deyə bir şey yoxdur. Yavaş-yavaş, asta-asta...

FOTO: İlkin Nəbiyev

# 1856 dəfə oxunub

Oxşar xəbərlər

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

Boşanmaların səbəbi evlilikdir! - Övladlarını bədbəxt edən valideynlər

15:00 25 noyabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

14:38 25 noyabr 2024
#
#
# # #