"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?

"Parisin adını dəyişib mənim adımı qoyun!" - Viktor Hüqo niyə sürgün edilmişdi?
26 fevral 2026
# 15:00

Bu gün görkəmli fransız yazıçı Viktor Hüqonun doğum günüdür.

Kulis.az İbrahim Azizin "Viktor Hüqo:sənət, sürgün və sirlər" yazısını təqdim edir.



Bəlkə də çoxlarına məlum deyil ki, daxilindəki tükənməz həyat eşqi, nəhəng yaradıcılıq enerjisi və sarsılmaz iradəsi ilə dünyanı fəth edən bu dahi, dünyaya gələrkən son dərəcə zəif, cılız və xəstəhal bir körpə idi. Onun yaşayacağına hətta öz anası da ümid etmirdi. Napoleon ordusunun generalı olan atasının hərbi yürüşləri səbəbindən uşaqlığı müxtəlif ölkələrdə keçən bu kiçik və zərif bədəndə gələcəkdə milyonların qəlbində inqilab yaradacaq, zülmə və ədalətsizliyə qarşı ən kəsərli sözlərlə üsyan edəcək bir titan gizlənmişdi.

Viktor Hüqonun həyatı, sadəcə yazdığı romanların səhifələrindəki kədər, sevgi və həqiqət axtarışından ibarət deyildi; onun şəxsi bioqrafiyası da ən azı "Səfillər" və ya "Notr-Dam kilsəsinin qozbeli" qədər dramatizm, qəribəliklər və heyrətamiz təzadlarla zəngin idi. O, sözün əsl mənasında ədəbiyyatla nəfəs alırdı, lakin onun fərdi vərdişləri və dünyaya baxışı bəzən ən çılğın xəyalları belə üstələyirdi.



Hüqonun yaradıcılıq prosesi və gündəlik iş rejimi barədə dövrümüzə gəlib çatan məlumatlar onun öz peşəsinə necə fədakar və eyni zamanda qeyri-adi bir şəkildə yanaşdığını açıq-aydın göstərir. O, öz dövrünün ən məhsuldar müəlliflərindən biri hesab olunurdu və bu məhsuldarlıq heç də asanlıqla, öz-özünə yaranmırdı. Səhərlər sübhdən oyanar, buz kimi soyuq su ilə yuyunar, iki çiy yumurta içərək dərhal masasının başına keçərdi. Onun ən məşhur, bəlkə də bir az gülməli vərdişlərindən biri məhz geyimləri ilə bağlı idi.

Nəşriyyatla müqavilə imzaladıqdan sonra "Notr-Dam kilsəsinin qozbeli" romanını təhvil vermək üçün vaxtı çox az qalmışdı. Gəzməyi və ictimai həyatı çox sevən yazıçı, diqqətinin yayınmasının qarşısını almaq və özünü evdən çölə çıxmaq vəsvəsəsindən tamamilə xilas etmək üçün çox radikal bir yola əl atır. O, xidmətçisinə bütün paltarlarını alıb bir otağa kilidləməyi tapşırır. Yalnız böyük bir boz rəngli yun şala bürünən Hüqo, evdən çıxa bilməyəcəyini dərk edərək aylarla masasının arxasından qalxmadan intensiv şəkildə işləyir və nəticədə dünya ədəbiyyatının ən möhtəşəm abidələrindən birini planlaşdırıldığından daha tez ərsəyə gətirir. O, yazarkən də adi qaydalara tabe olmurdu; bir çox böyük əsərlərini klassik qaydada oturaraq deyil, xüsusi hündür masanın arxasında ayaqüstə dayanaraq qələmə alırdı.

Onun sözlərə olan qənaətçilliyi yalnız lazımsız məqamlarda özünü göstərirdi. Dünyanın ən qısa teleqramlaşması kimi tarixə düşən o məşhur hadisə də məhz Viktor Hüqonun adı ilə sıx bağlıdır. 1862-ci ildə, üzərində on illərlə işlədiyi şah əsəri – "Səfillər" romanı nəşr olunduqdan sonra yazıçının daxilində böyük bir həyəcan var idi. Əsərin satış gedişatı və xalq tərəfindən necə qarşılandığı ilə maraqlanan Hüqo naşirinə məktub göndərir. Məktubun məzmunu heç bir cümlədən ibarət deyildi, vərəqdə sadəcə bir simvol var idi: "?".



Naşirin cavabı da müəllifin zəkasına və yumor hissinə layiq şəkildə olur, o, eyni qısalıqda və mənalı bir teleqramla cavab verir: "!". Bu bir dənə nida işarəsi əsərin misilsiz bir uğur qazandığını, satışların bütün rekordları qırdığını və kitabın anında əfsanəyə çevrildiyini bəlağətli cümlələrdən daha yaxşı ifadə edirdi. "Səfillər" təkcə böyük bir ədəbi hadisə deyildi, bu, sosial ədalətsizliyə, qanunların amansızlığına və ictimai laqeydliyə qarşı qaldırılmış nəhəng bir üsyan bayrağı idi. Hüqo qətiyyətlə inanırdı ki, cəmiyyətdəki cinayətlərin və əxlaqi tənəzzülün yeganə və ən böyük səbəbi məhz yoxsulluq və cəhalətdir.

Lakin onun fitri istedadı yalnız sözlərlə, poeziya və nəsrlə məhdudlaşmırdı; bəlkə də çoxlarına sirr olaraq qalan bir məqam odur ki, Viktor Hüqo eyni zamanda son dərəcə bacarıqlı, lakin çox az tanınan bir rəssam idi. Onun günümüzə qədər mühafizə olunaraq gəlib çatan dörd mindən çox rəsmi mövcuddur. Təəccüblü və eyni zamanda heyrətamizdir ki, o, bu rəsmləri klassik boyalarla, adi fırçalarla deyil; qəhvə dənələri, mürəkkəb, kömür, his, kibrit dənələri, bəzən isə duyğularının ən gərgin anlarında hətta öz qanı ilə çəkirdi. Onun tablolarında mistik bir qaranlıq, dərin bir psixoloji gərginlik, fırtınalı dənizlər və qorxunc qəsrlər vasitəsilə ifadə olunan izaholunmaz bir sehr var idi.

Fransız romantik rəssamlığının böyük nümayəndəsi Ejen Delakrua onun bu rəsmlərini gördükdə heyrətini gizlədə bilməmiş və etiraf edərək, "Əgər Hüqo yazıçı olmaq əvəzinə rəssam olmağa qərar versəydi, o, mütləq əsrimizin ən böyük rəssamı olardı" demişdi. Lakin Hüqo öz rəsmlərini kütləvi şəkildə nümayiş etdirməkdən diqqətlə qaçır, onları yalnız ailə üzvlərinə və ən yaxın dostlarına göstərir və ədəbi şöhrətinin rəssamlıq istedadını kölgədə qoymasını, yaxud da insanların onu yazıçıdan çox rəssam kimi tanımasını qətiyyən istəmirdi.

Dahilərin şəxsi həyatı heç vaxt adi və sakit olmur; Viktor Hüqonun eşq və fırtınalarla dolu ömrü də bu taledən qaçmamışdı. Gənclik sevgisi Adel Fuşe ilə rəsmi nikahda olsa və ondan övladları dünyaya gəlsə də, onun həyatının ən böyük məhəbbəti, sadiq yoldaşı və əbədi ilham pərisi aktrisa Jülyetta Drue idi. Onların qeyri-adi və bəzən cəmiyyət tərəfindən qınanan münasibətləri düz əlli il davam etmişdi. Jülyetta onun üçün sadəcə bir məşuqə deyildi; o, Hüqonun ən yaxın sirdaşı, əsərlərinin ilk oxucusu, katibəsi və bəzən də xilaskarı idi.

1851-ci ildə III Napoleon tərəfindən həyata keçirilən hərbi çevriliş zamanı respublikaçı fikirlərinə görə axtarışda olan Hüqonun həyatını xilas edən və onun ölkədən qaçmasına şərait yaradan da məhz o olmuşdu. Jülyetta sevgilisinə olan sonsuz və tükənməz hisslərini ifadə etmək üçün həyatı boyu ona iyirmi mindən çox məktub yazmışdı ki, bu da ədəbiyyat tarixində bənzəri olmayan bir sədaqət nümunəsidir.



Hüqo vətənindən didərgin düşüb Cersi və Gernsi adalarında sürgündə olduğu o çətin və məşəqqətli on doqquz il ərzində də Jülyettanı özündən uzaqlaşdırmamış, onun üçün yaşadığı yerin yaxınlığında kiçik bir ev tutmuşdu. Sürgün illəri, eyni zamanda Hüqonun xarakterindəki qəribəlikləri daha da qabartmışdı. O, Gernsi adasında yaşayarkən hər səhər tezdən evinin ən hündür nöqtəsinə – damına çıxar, dənizin sonsuzluğuna baxa-baxa tamamilə çılpaq vəziyyətdə xüsusi hazırlatdığı çəlləkdəki buz kimi su ilə çimərdi. Bu hərəkət onun üçün təkcə fiziki təmizlənmə forması deyil, həm də təbiətlə qovuşma, mənəvi azadlıq ritualı, zülmə və məhdudiyyətlərə qarşı səssiz bir etiraz idi.

Bu qədər mənəvi dərinliklə yanaşı, Hüqonun bəzən sərhəd tanımayan, inanılmaz dərəcədə böyük eqosu da dövrünün mədəniyyət xadimləri arasında ən çox müzakirə olunan mövzularından biri idi. O, özünü sadəcə bir yazıçı, şair və ya dramaturq deyil, sözün əsl mənasında Fransanın vicdanı, bəşəriyyətin mənəvi rəhbəri, tanrının yer üzündəki elçisi hesab edirdi. Hətta bir dəfə qürurla və tam ciddi şəkildə bildirmişdi ki, on doqquzuncu əsrin ən böyük və tarixi hadisəsi Paris şəhərinin adının dəyişdirilərək "Hüqo" qoyulması olmalıdır. O inanırdı ki, onun adı Fransanın paytaxtından daha böyük və daha əbədidir.

Lakin bu nəhəng, bəzən insanı təəccübləndirən eqo, qəribə bir şəkildə, onun adi insanlara, cəmiyyətin ən aşağı təbəqəsindəki məzlumlara və xüsusən də uşaqlara qarşı hiss etdiyi sonsuz, təmənnasız mərhəmətlə vəhdət təşkil edirdi. O, küçədə gördüyü yoxsullara tez-tez sədəqə paylayır, sürgündə olduğu vaxtlarda evində hər həftə onlarla kasıb uşaq üçün zəngin süfrələr, böyük ziyafətlər təşkil edirdi. Uşaqlara olan bu böyük sevgisi onun ən incə şeirlərində, onlara həsr etdiyi bənzərsiz sətirlərdə öz əksini tapırdı.

O, həm sərt, barışmaz bir mütəfəkkir, siyasətçi, həm də kövrək bir qəlbə sahib ata idi. Bəzi mənbələr onun sürgün illərində daxili iztirablarını dindirmək üçün spirituallıqla yaxından maraqlandığını, faciəvi şəkildə suda boğularaq həlak olmuş sevimli qızı Leopoldina ilə yenidən əlaqə qurmaq, onun səsini bir daha eşitmək ümidi ilə gizli ruh çağırma seanslarında aktiv iştirak etdiyini də qeyd edirlər. Gecə yarısı masalar arxasında keçirilən bu seanslar əslində onun rasional zəkasının dərinliklərində gizlənən, övlad itkisinin yaratdığı kədərli və sağalmaz bir çarəsizliyin ən bariz göstəricisi idi.

Bütün bu ucalıqların, mənəvi dərinliklərin və ədəbi fədakarlıqların arxasında Viktor Hüqonun olduqca ziddiyyətli, bəzən dövrünün əxlaq normaları ilə daban-dabana zidd təşkil edən başqa bir üzü də var idi. Bioqrafların və tədqiqatçıların gəldiyi ortaq məxrəcə görə, dahi yazıçı inanılmaz dərəcədə güclü, hətta bəzən asılılıq həddinə çatan bir ehtirasa sahib idi. O, təkcə həyat yoldaşına və uzun illər birlikdə olduğu məşuqəsinə sadiq qalmır, eyni zamanda müntəzəm olaraq cəmiyyətin ən müxtəlif təbəqələrindən olan qadınlarla – aktrisalarla, evində çalışan xidmətçilərlə və küçə qadınları ilə gizli görüşlər keçirirdi.

Onun bu zəifliyi o qədər güclü idi ki, hətta səksən yaşına çatanda, səhhətində ciddi problemlər yarananda belə, ailə üzvləri onu yeni macəralar ardınca qaçmaqdan çəkindirmək üçün xüsusi nəzarət altında saxlamağa məcbur olurdular. Onun sevgi macəraları sadəcə təsadüfi həvəs deyil, sanki yazıçının daxili narahatlığını və tükənməz enerjisini boğmaq üçün müraciət etdiyi davamlı bir rituala çevrilmişdi.



Daha da heyrətamiz və bəzən təəccüb doğuran məqam isə Hüqonun bu macəralarını necə qeydiyyata alması ilə bağlıdır. Həyatı boyu pula qarşı son dərəcə qənaətcil, hətta bəzi hallarda xəsislik dərəcəsində diqqətli olan yazıçı, gündəlik məişət xərclərini qəpiyinə qədər hesablayır və xüsusi hesab dəftərlərində qeyd edirdi. Tarixi arxivlərdə günümüzə qədər gəlib çatan bu gündəliklər göstərir ki, o, qadınlara ödədiyi məvacibləri də evə alınan ət, kömür və ya digər adi ləvazimatlarla eyni xərc siyahısına daxil edirdi. Lakin o, bunu açıq şəkildə deyil, özünün yaratdığı xüsusi bir şifrələmə sistemi və qısaltmalar vasitəsilə həyata keçirirdi. Yazıçı birlikdə olduğu qadınların adlarını tez-tez kişi adları ilə əvəzləyir, fərqli xidmətlər üçün müəyyən etdiyi dəqiq tarifləri isə kənar şəxslərin anlaya bilməyəcəyi simvollarla dəftərinə köçürürdü.

Bu qeydlərin ən ironik və psixoloji baxımdan ən təzadlı tərəfi isə Hüqonun həmin xərclərə verdiyi addır. Mənbələr sübut edir ki, o, küçə qadınlarına ödədiyi pulları əksər hallarda hesab dəftərinə "sec" (fransızca "secours" – yəni, sədəqə, maddi yardım) qısaltması ilə yazırdı. "Səfillər" romanında yoxsulluq və çarəsizlik üzündən küçələrə düşmüş Fantina obrazını yaradaraq bütün dünyanın vicdanını sarsıdan dahi yazıçı, real həyatda bu qadınlara ödədiyi pulu öz aləmində yoxsullara edilən bir xeyriyyəçilik nümunəsi, sədəqə kimi qəbul edirdi. Bu qəribə yanaşma, Hüqonun həm bir insan olaraq zəifliklərini, həm də öz əməllərinə bəraət qazandırmaq üçün daxilində necə mürəkkəb bir müdafiə mexanizmi qurduğunu üzə çıxarır.

1885-ci ildə, səksən üç yaşında sətəlcəm xəstəliyindən əziyyət çəkərək fani həyata gözlərini yumanda, o artıq Fransada sadəcə bir yazıçı deyil, mütləq bir milli qəhrəman, toxunulmaz bir ziyalı abidəsi idi. İllər boyu Fransanın siyasi və ictimai həyatında aktiv rol oynamış, parlamentdə coşqulu çıxışlar etmiş, ölüm cəzasına qarşı yorulmadan mübarizə aparmış bu böyük insan, ölümündən əvvəl yazdığı vəsiyyətnaməsində öz əzəmətinə tam zidd olan son dərəcə təvazökar bir istək irəli sürmüşdü.

O, mirasının bir hissəsinin kasıblara bağışlanmasını və cənazəsinin təntənəli şəkildə deyil, yoxsulların daşındığı sadə, kimsəsizlər üçün nəzərdə tutulmuş bir araba ilə aparılmasını vəsiyyət etmişdi. Lakin xalq öz qəhrəmanını, məzlumların ən böyük himayədarını sadə və səssiz bir şəkildə yola salmağa razı olmadı. Viktor Hüqonun cənazə mərasimi Fransa tarixində o günə qədər görünməmiş bir izdihama səhnə oldu; onunla vidalaşmaq üçün Paris küçələrinə iki milyondan çox insan axın etdi. Onun qələmi bu gün də kağız üzərində canlıdır, ucaltdığı bəşəri səs isə hələ də qəlblərdə əks-səda verməkdədir.


# 107 dəfə oxunub

Oxşar xəbərlər

Mədəniyyət Nazirliyinin kollektivi Xocalı faciəsi qurbanlarını yad etdi

Mədəniyyət Nazirliyinin kollektivi Xocalı faciəsi qurbanlarını yad etdi

16:00 26 fevral 2026
Fələstinli Afnan Qəzzanı unudub, Xocalıya necə ağladı? - Səmada qanayan yara

Fələstinli Afnan Qəzzanı unudub, Xocalıya necə ağladı? - Səmada qanayan yara

15:20 26 fevral 2026
Xocalı soyqırımının sağalmaz yaraları faciə şahidinin dilindən

Xocalı soyqırımının sağalmaz yaraları faciə şahidinin dilindən

14:20 26 fevral 2026
Elmi konfrans:“Birinci Türkoloji Qurultay: türk xalqlarının mədəni, elmi və mənəvi inteqrasiyasında tarixi mərhələ”

Elmi konfrans:“Birinci Türkoloji Qurultay: türk xalqlarının mədəni, elmi və mənəvi inteqrasiyasında tarixi mərhələ”

14:00 26 fevral 2026
Adil Kərimli Xuraman Qasımova ilə görüşdü

Adil Kərimli Xuraman Qasımova ilə görüşdü

13:40 26 fevral 2026
Xocalı faciəsinə görə Azərbaycana qayıdan "Tərtər əfsanəsi"

Xocalı faciəsinə görə Azərbaycana qayıdan "Tərtər əfsanəsi"

13:00 26 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər