Psixoloqların məsuliyyətsiz açıqlamaları

Psixoloqların məsuliyyətsiz açıqlamaları
19 fevral 2026
# 10:00

Kulis.az Çinarə Ömrayın yazısını təqdim edir.

Son vaxtlar bir məsələ məni ciddi narahat edir. Psixologiya adı altında aparılan oyunlar.

Bəli, oyunlar. Çünki bəzi dırnaqarası psixoloqlar üçün insan həyatı sanki təcrübə meydanıdır.

Kiminsə əsəbi, kiminsə ailəsi, kiminsə travması kontentdir. Storidir. Seminar mövzusudur. Reelsdir.

Amma insan əsəbi laboratoriya siçanı deyil.

Ailə eksperiment deyil.

Travma isə motivasiya sitatı ilə sağalan yara deyil.

Bizim cəmiyyət psixoloqu harada görüb? İntihar həddində olan birini fikrindən daşındıranda. O da fövqəladə vəziyyətdə. O da təcili yardım formatında. Vəssalam.

Biz psixoloq mədəniyyəti ilə böyüməmişik. Biz emosional savadla tərbiyə almamışıq.

Bizə “hisslərini ifadə et” yox, “döz” deyiblər. İndi isə birdən-birə yeni nəsil “mən səni oyadacağam” deyən psixoloji tribunalar yaranıb. Dünənə qədər tamam başqa sahədə olan adam bu gün insan şüuruna müdaxilə edir. Deyir:
– Sənə yan baxana dözmə.
– Sənə söz deyənlə məsafə qoy.
– Səni narahat edən hər şeyi həyatından çıxart.

Yaxşı. Bəs bu sözləri hansı cəmiyyətə deyirsən?

Emosional, özünüidarə etməyi bilməyən, sərhəd anlayışını aqressiya ilə qarışdıran, “öz dəyərini bil” cümləsini “hamıya müharibə elan et” kimi anlayan bir topluma bu şüarları məsuliyyətsiz şəkildə atmaq təhlükəlidir.

Çünki burada söz silaha çevrilə bilir.

Bir qadın “özümü alçaltmayacağam” deyəndə, bu, çox dəyərlidir.

Amma bunu kim, necə, hansı kontekstdə deyir, məsələ budur.

Bir kişi “mənimlə belə danışa bilməzsən” deyəndə, bu, sərhəddir.

Amma bu sərhəd zorakılığa çevrilirsə, artıq problem var.

Psixoloq olmaq insanın şüuruna daxil olmaq deməkdir. Bu isə ağır məsuliyyətdir.

Karl Yunq deyirdi ki, insan psixikası ilə işləmək müqəddəs məkana ayaq basmaq kimidir. Orada kobud hərəkət olmaz. Orada eqo ilə oynamaq olmaz.

İndi isə bəziləri insanın həyatını “aydınlanma şousu”na çevirib. Unutmayın:

Sizin bir cümləniz kiminsə ailəsini dağıda bilər. Sizin bir şüarınız kiminsə aqressiyasını legitimləşdirə bilər.

Sizin bir yanlış yönləndirməniz kiminsə həyatını geri dönüşü olmayan nöqtəyə apara bilər.

Bu xalq psixoloq tanımayıb. Bu xalq terapiyanı serialdan öyrənib.

Bu xalq üçün “psixoloqa getmək” hələ də ya ayıb, ya da son hədd deməkdir.

Belə bir cəmiyyətlə psixoloji eksperiment aparmaq olmaz.

Əgər, həqiqətən, psixoloqsunuzsa, sakit olun. Şüar atmayın.

İnsanları bir-birinə qarşı qızışdırmayın.

Onlara düşünməyi, məsuliyyət götürməyi, empati qurmağı öyrədin.

Yox, əgər məqsəd kontent, izləyici və “maarifçi obrazı”dırsa, onda bilin: İnsan əsəbi sizin oyun meydanınız deyil.

İnsan həyatı sizin təcrübə platformanız deyil.

Ailə sizin eksperiment otağınız deyil.

Biz bu sahəni şeytanlaşdırmaq istəmirik. Əsl savadlı, etik psixoloqlara böyük ehtiyac var. Onlar cəmiyyət üçün lazımdır.

Amma “sonradan düzəlmə psixoloqlar” - xahiş edirəm psixologiya ilə oynamayın.

Bu xalq emosional baxımdan kövrəkdir.

Kövrək cəmiyyətlə radikal şüar oyunu oynamaq məsuliyyətsizlikdir.

İnsan həyatını daha ciddi qəbul edin.

Çünki bəzən sizin üçün bir seminar mövzusu olan məsələ, kiminsə ömürlük taleyidir.

# 1714 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənninin Rusiyadakı konsertlərinə qadağa qoyuldu

Məşhur müğənninin Rusiyadakı konsertlərinə qadağa qoyuldu

17:37 3 iyun 2026
Türk ədəbiyyatının "Mavi gözlü dev"i - Atatürk onunla görüşəndə nə demişdi?

Türk ədəbiyyatının "Mavi gözlü dev"i - Atatürk onunla görüşəndə nə demişdi?

16:00 3 iyun 2026
Tofiq Hacıyevin 90 illiyinə həsr olunan elektron məlumat bazası hazırlandı

Tofiq Hacıyevin 90 illiyinə həsr olunan elektron məlumat bazası hazırlandı

15:34 3 iyun 2026
Gürcüstan estradasının ulduzu:  "Azərbaycan mahnıları qəlbimin səsidir" - Müsahibə

Gürcüstan estradasının ulduzu: "Azərbaycan mahnıları qəlbimin səsidir" - Müsahibə

15:05 3 iyun 2026
“Ədəbi irsimiz, ədəbi gəncliyimiz” layihəsi Sumqayıtda

“Ədəbi irsimiz, ədəbi gəncliyimiz” layihəsi Sumqayıtda

14:21 3 iyun 2026
İosif Kobzonun mənzili satışa çıxarıldı

İosif Kobzonun mənzili satışa çıxarıldı

14:00 3 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər