Kulis.az Ümid Nəccarinin "Bütövlüyün qadın bayrağı - Qənirə Paşayeva - 50" yazısını təqdim edir.
Buradan Təbrizə kimi
Gül qalxıb dizə kimi
Gülüm, Tanrını sevərsən
Gəl gedək bizə kimi...
Biz görmədik ayrılıq nəğməsi çalan ölümü, biz eşitmədik ölümün ayrılıq nəğməsini.
Elə bilirdik, ətrafımızdakı könül adamları ilə Təbrizdə badə qaldıracağıq - Ərkin sağlığına... Saatımızı "Saat qabağı"nın saatı ilə eyniləşdirəcəyik.
Bakıdan Təbrizə uzanacaq qatarda bundan sonra heç vaxt yol yoldaşı ola bilməyəcimizi heç düşünmürdük.
Şuşanı görməyən, Təbrizdən ayrı düşən mən... Görməyəcəklərimin sayı artacaqdı, sən demə... Sən demə, Təbrizin, Kərkükün ümidli qızına da həsrət qalacaqdıq... Sən demə, arzularımıza deyil, ayrılıqlara yaxınlaşacaqdıq.
2016-cı ildə ilk görüşümüz baş tutan zaman “Bizim güneylilər gedib Avropada, Amerikada xarici dilləri öyrənməyə məcbur qalırlar. Sən ki onlardan deyilsən?!” – demişdi. Sonra da aramızda belə bir dialoq yaşanmışdı:
- Öz dilimizi öyrənməyə cəhd edirəm, ancaq həm də, taleyə inanan biriyəm.
- Onda burada qalıb təhsil ala bilərsən. Ən azı, burada sənin könül adamların var. Mən şəxsən dəstək olacağam sənə.
Bu fikir, bu söz həyatımın axarını dəyişdi. İstanbuldan Bakıya həm əşyalarımı, həm xəyallarımı gətirdim.
Hər dəfə görüşəndə “Təbrizdə hava necədir?!” soruşurdu. Dəyişməyən suala dəyişməyən cavabı verirdim. “Dumanlıdır, Qənirə xanım. Dumanlı!” Kədərli təbəssümü, iti baxışları ilə “Bilirəm!”- deyirdi.
Təbrizdən, Kərkükdən gələn dostlar “Salam”dan sonra məndən Qənirə xanımı soruşurdu. Bir dəfə kitab təqdimatında zarafatyana özünə dedim: “Hər dəfə sizin haqqınızda danışmaqdan, “Yaxşıdır” deməkdənsə, haqqınızda bir kitab yazmalıyam, bəlkə, oxuyub, sizi tanıdılar...”
Qənirə xanımla görüşmək arzusunda olan güneyli dostlara kömək edirdim. Bircə zəngimlə onları qəbul edirdi, saatlarla dinləyirdi. Görüş bitdikdən sonra qonaqların təəssüratlarını öyrənirdim. Hamısının bir cavabı olurdu: “Təbrizdən, Urmudan, Ərdəbildən danışanda yorulmur”.
Həqiqətən də, o, Güney Azərbaycanın gözəlliklərindən, insanlarından doymadan bu dünyadan getdi. Güney Azərbaycandan gələn soydaşlarımızın problemlərinin həlli üçün əlindən gələni etdi. Bunun bir neçə dəfə şahidi olan şəxs kimi qətiyyətlə deyirəm. Özü də həmişə mənə deyirdi: “Belə problemlər olanda, çəkinmə, utanma, xəbər elə, əlimizdən gələni edəcəyik”.
Qənirə Paşayeva həm də Güney Azərbaycan Azadlıq Hərəkatının mübarizə simvolu idi. Güneydə azadlıq uğrunda mübarizə aparan milyonlarla insanın sevdalısı idi. O, Bütövlüyün qadın bayraqdarı idi.
Bir dəfə Təbrizdə baş verən prosesləri müzakirə edəndə demişdim: “Qənirə xanım, Sizi Güneydə o qədər sevirlər ki, bəlkə, bir gün qismət olsa, getsəniz, Təbrizin yolları bağlanacaq”.
Ürəkdən gülmüşdü... “Mütləq, gedəcəyik, bərabər gedəcəyik”- demişdi.
Nə vaxt Mövlana haqqında yazsam, oxuyar, fikirlərini bölüşərdi. “Məsnəvi” stolüstü kitabımdır. Heç bir kitab onun kimi məni sakitləşdirə bilmir!” – deyirdi. Biz həm də söz dünyasının sakinləri idik. Əkbər Qoşalı ilə birgə... üçlükdə baş tutan görüşlərimizdə “Təbrizlə Tovuz eyni yerdir, T ilə başlayır, Z ilə bitir” – deyirdi. Bu sözü eşidən Qənirə xanımın yanaqları çiçəklənərdi.
O, heç zaman “Siz güneylilər, siz təbrizlilər, siz ərdəbillilər” demədi. O, sözündə də, əməlində də göstərdi ki, bu torpağın adı Azərbaycandır: “Hamımızın bu torpaqda payı var, hamımız vətəndaşıq, güneylisi, quzeylisi, təbrizlisi, bakılısı yoxdur”.
Mən evlənəndə o qədər sevinmişdi ki... səsi titrəyirdi: “Yaxşı ki, həyat yoldaşını buradan seçdin, beləcə, bütövləşirik.”
Bütövləşirdik, bütövləşə bilərik, ancaq onsuz heç bir uğurun sevincini yaşamırıq, yaşaya bilmirik.
Dünyanın ən ağrılı, ən məşəqqətli işlərindən biri də oxumayacağını bilə-bilə kiminsə haqqında yazmaqdır. Ona görə də Qənirə xanımın haqqında yaza bilmirdim, yazmaq istəmirdim.
50 illik yubileyinin çatdığını öyrənəndə isə ürəyim dözmədi. Düşündüm ki, yazmalıyam... Onun elədiyi xeyirxahlıqların əvəzinin ödəmək olarmı? Əsla! Fəqət yazdım.
Yazdım ki, VƏTƏNlə yaşıt Qənirə Paşayeva, 50 illiyin qutlu olsun. Bütövlüyün qadın bayraqdarı, qadın bayrağı. Torpağın sanı adın yaşasın. Təbrizin dolanbadolan küçələrində ruhun sevinsin.
Buradan Təbrizə kimi
Gül qalxıb dizə kimi...
Gülüm, Tanrını sevərsən
Gəl gedək bizə kimi...