Məktəbə doğru - Selcan Kərimli

Selcan Kərimli

Selcan Kərimli

30 noyabr 2022
# 17:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Selcan Kərimlinin "Məktəbə doğru" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

MƏKTƏBƏ DOĞRU
Dərsə gecikmişdim. Kitablarımı tez-tələsik çantama yığıb evdən çıxdım. Avtobusa minmək üçün dayanacağa doğru qaçdım. Elə avtobus da bəxtimdən tez gəlmişdi. Boş yer tapıb oturdum.
Yanımda oturan kişi haradasa 70-75 yaşlarında olardı. Qabağımızda isə dörd nəfər oturmuşdu. İkisi balaca uşaq idi. Öz aralarında nəsə danışıb əylənirdilər. Ataları və hicablı anaları da onların yanında əyləşmişdi.
Kişi onları işarə edib rus dilində dedi:
– Bax, həyatda ən gözəl şey budur.
Qabağımızda ayaq üstə duran orta yaşlı kişi ona reaksiya verdi:
– Bəli, doğrudur.
Kişi əliylə oğlana işarə edib yanına çağırdı. Danışmağa başladılar. Gündəlik həyatdan maraqlı söhbət edirdilər. Mən də onları dinləyirdim. Kişi rusca danışır, arada Azərbaycan dilində də sözlər işlədirdi. Oğlan isə onu diqqətlə dinləyir, Azərbaycanca cavab verirdi. Danışıqlarından ikisinin də savadlı insan olduğu bilinirdi.
Beləliklə, haradasa 15 dəqiqə danışdılar. Bayaqkı ailə artıq avtobusdan düşmüşdü. Oğlanın düşməli olduğu yerə bir dayanacaq qalanda o dedi:
– Mən artıq düşməliyəm. Siz istəyirsinizsə, mənə nömrənizi verin, söhbətimizə davam edərik.
Kişi gülümsədi, telefonu verdi və dedi:
– Doroqoy moy, koneşno, buyur, bura yaz öz nömrəni.
Sağollaşdılar. Oğlan avtobusdan düşdü. Kişi bir müddət səssiz durduqdan sonra üzünü mənə çevirib dedi:
– Hara gedirsən, qızım?
– Dərsə
Kişi bunu eşitdikdə elə bil onu ildırım vurdu. Əsəbi şəkildə qayıdıb mənə dedi:
– Evinə get, qızım.
Mən onun bu sözlərindən təəccüblənib soruşdum:
– Niyə?
Kişi başladı, nə başladı.
– Qızların məktəbdə işi yoxdur. Onlar evdə oturmalı, ev işi öyrənməlidirlər.
Bayaqdan bəri ağıllı, savadlı bir insan sandığım kişiyə qarşı hörmətim bir anda yox oldu. O isə susmaq bilmirdi. Onunla mübahisə etməyə başladım. Lakin sonra gördüm bunun heç bir xeyri yoxdur. Üzümü çevirdim, onu eşitməməyə çalışdım. Kişi isə elə hey danışmağındaydı. Avtobusdakı digər insanlara fikir verdim. Hamısı kişidən narahat olmuş kimi görünürdü. Mənim ona cavab vermədiyimi görüb başqalarıyla danışmağa başladı. Artıq avtobus mənim düşməli olduğum dayanacağa çatmışdı. Kişi gördü ki, mən düşürəm qayıdıb arxamdan yüksək səslə dedi:
– Evinə get, qızım, evinə get.
Mən isə avtobusdan düşən kimi daha da çox gecikməmək üçün məktəbə doğru qaçdım.

# 1465 dəfə oxunub

Oxşar xəbərlər

Sevgi vardır ki... - Mikayıl Müşfiq

Sevgi vardır ki... - Mikayıl Müşfiq

18:40 1 may 2024
"Babək" filminin kadr arxasından foto

"Babək" filminin kadr arxasından foto

18:00 1 may 2024
Səməd Vurğun və qardaşının nadir fotosu

Səməd Vurğun və qardaşının nadir fotosu

17:30 1 may 2024
Çox əyilən görmüşəm, əyilməyən başları - Bəxtiyar Vahabzadə

Çox əyilən görmüşəm, əyilməyən başları - Bəxtiyar Vahabzadə

17:00 1 may 2024
Məşhur cizgi filmi serial olacaq

Məşhur cizgi filmi serial olacaq

16:30 1 may 2024
"Titanik"in aktyoru dünyasını dəyişdi

"Titanik"in aktyoru dünyasını dəyişdi

16:00 1 may 2024
# # #