Maradonanın gözləri - Qismət Rüstəmov

Maradonanın gözləri - Qismət Rüstəmov
28 mart 2025
# 13:00

Kulis.az Qismət Rüstəmovun "Maradonanın gözləri" adlı yeni yazısını təqdim edir.

1994-cü ildəki futbol üzrə Dünya Çempionatının tarixi əhəmiyyəti vardı.

SSRİ dağılmışdı, ikiqütblü dünya anlayışının bitməsindən sonrakı ilk mundial ABŞ keçirilirdi; bu, əvvəllər qapalı sistemdə yaşamış futbolçular üçün özünü göstərmək imkanı idi. Həmin çempionatın finalı Roberto Baccionun penaltini əlçatmaz göylərə vurmasıyla yadda qalsa da, əslində, çoxsaylı yeniliklərlə zəngin idi. Bunu sonralar bildim.

O turnir mənim böyük həvəslə, həyəcanla, başdan sona baxdığım ilk Dünya Çempionatı idi. Futbola böyük həvəsi, marağı olan uşaq kimi vurulan qollar qədər mənə futbolçuların sevincləri də maraqlı idi. Çünki xoşuma gələn, yamsılaya biləcəyim qol sevinci görsəm, sabah onu həyətdə təkrarlaya bilərdim.

Sonralar, çox sonralar mənimlə birgə böyüyən eynəklərimin arxasından futbolçuların qol sevinclərinə başqa gözlə baxmağa başladım. Məsələn, Erik Kantonanın məşhur sevinci vardı, sevinmirdi. Köynəyinin yaxasını qaldırıraq ətrafa baxırdı, sevinməməyi sevinməyə çevirmişdi. Bu sevincdə eqonun yaradıcı ifadəsi vardı. Məlum məsələdir, çox da özümü yormağa ehtiyac yoxdur.
Alan Şirer öz təvazökar, mütəvazi xarakterinə xas şəkildə beş barmağını qaldırıb sevinirdi.

Övladı dünyaya gələn Bebetonun qoldan sonra əllərini beşik kimi yelləməsi də unudulmazlar arasındadır.
Sevinclərdə futbolçunun xarakterindən də nəsə var. Məsələn, Kristiano Ronaldo, atdanıb qollarını yana açır, elə bil, təkcə sevinmir, kimdənsə qisas alır. Messi göylərə baxır, boynundakı xaçı öpür, təkcə sevinmir, həm də təşəkkür eləyir...

Futbol mədəniyyəti zəif olan, yaxud həmişə müstəmləkə olmuş, qələbə üzü görməmiş ölkələrin futbolçuları qol vuranda çox vaxt ya dəlisov hərəkətlər edirlər, ya da necə sevinəcəklərini bilmirlər. Gərək sevincə də vərdişin olsun...

94-cü il Dünya Çempionatında əfsanəvi Maradona böyük meydanlarda sonuncu dəfə göründü. Yunanıstana vurduğu qoldan sonra kameraya tərəf qaçıb qəzəblə gözlərini bərəltdi. Ancaq bu çılğınlıq başı qalmaqaldan açılmayan, futbolda vaxtının az qaldığını bilən birinin sönməkdə olanı alovlandırmaq üçün sonuncu cəhdi idi. Növbəti həftə onun qanında dopinq tapıldı...

# 491 dəfə oxunub

Oxşar xəbərlər

Volkan Konak vəfat etdi

Volkan Konak vəfat etdi

10:11 31 mart 2025
İradə İbrahimova:  "Bəzən hər şey puldur”

İradə İbrahimova: "Bəzən hər şey puldur”

16:09 30 mart 2025
Azərbaycanda Ramazan bayramı qeyd olunur

Azərbaycanda Ramazan bayramı qeyd olunur

08:30 30 mart 2025
"Dirilmə günü" - Pasxa bayramı

"Dirilmə günü" - Pasxa bayramı

18:00 29 mart 2025
İlon Mask “X”i 33 milyard dollara  satdı

İlon Mask “X”i 33 milyard dollara satdı

16:49 29 mart 2025
Zakir Əliyev:  “Teymur Əmrah yaxşı sənətkardır, amma…”

Zakir Əliyev: “Teymur Əmrah yaxşı sənətkardır, amma…”

15:44 29 mart 2025
#
#
# # #