Sonralar heç yerdə rast gəlmədim o sirli-əsrarlı ayinə... - Mübariz Örən

Mübariz Örən, yazıçı

Mübariz Örən, yazıçı

28 mart 2025
# 14:46

Kulis.az Mübariz Örənin "Bişmiş qurban" adlı yeni yazısını təqdim edir.

Bişmiş qurban.

Sonralar heç vaxt, heç yerdə rast gəlmədim o sirli-əsrarlı ayinə.

Üstündən neçə illər keçsə də, o ağır ayinin atmosferi, sehri-təsiri hələ də canımdadır...

- Niyyət qurbanıydı o, bala! - unudulmuş, yaddan çıxmış ayin haqda bəzi qaranlıq məqamlara işıq salmaq üçün o vaxt Badamdarda yaşayan, indi haqq dünyasına qovuşmuş 82 yaşlı Zəriş xalamı tapmışdım. - Sonradan neçə yol bişirmək istəsəm də, o tamı ala bilmədim, - dedi.

Adətən, iri, seçmə qoç, ya da altı-səkkiz aylıq erkək dana kəsərdilər. Kəsə-kəsə astadan, pıçıltıyla qəribə dualar oxuyardılar.

Heyvan elə soyulmalıydı ki, ətində bircə tük belə qalmasın.

Ətə balta vurmaq olmazdı. Əzaları bıçaqla oynaqlardan ayırıb iri qazanlara tökərdilər. Heyvanın ayaqlarından, bağırsağından savayı, yeməli nəyi varsa, yaxşı-yaxşı yuyub qazana atardılar. Hətta başını belə: dərisini soyub, dilini tər-təmiz yuyub bütöv atardılar qazana.

Ət odda o qədər bişməliydi ki, sümüyundən ayrılsın.

Sonra bişmiş əti ayrıca bir teştə yığıb, xırda-xırda didərdilər. Eyni vaxtda ətin suyunda yarma bişirərdilər. O da o qədər bişərdi ki, həlim horra halına gələrdi. Sonra didilmiş ətə yarma horrasını o miqdarda qatardılar ki, ət nə quru, nə suvaşıq olsun, halva kimi.

Hazır yeməkdən bir əl içi - bir əlçim yuxanın arasına qoyub, dürmək-dürmək yığardılar bir qırağa.

Kəndin say-seçmə adamları, yaxın qohum-əqrəba, qonum-qonşu çağrılardı. Ayaqqabılarını səliqə ilə çıxarıb içəri keçən adamlar yerdən və dizi üstə oturardılar. Dualar oxunardı. Əvvəl yarma həlimindən, sonra hazır bükülüdən - dürməkdən qoyulardı adamların qabağına.

Kənd camaatına da ev-ev paylanardı qurban ətindən: külfəti çox olana iki bükmə, az olana bir bükmə.

- Hamıya catardı, xala?

- Haracan çatsa! - amiranə tərzdə əlini havada hərlətmisdi xalam.

Qurbanın kəsilib, bişirilib, yeyilib-paylanmasına qədər yeddi mərhələdə yeddi qəribə dualar oxunardı - sonralar o duaları mən heç yerdə eşitmədim! - və ən riqqətli məqam oydu ki, bu müddət ərzində NİYYƏT TUTAN ADAM otağın bir küncündə - DARAMANda ayaq üstə, kirimişcə qalardı!

Bütün mərasim uzunu adamlar dualar oxuyar, Allah niyyətini qəbul eləsin, Allah səni DARAMANda qoymasın, deyərdilər.

- Xala, sonra niyə kəsmədilər o qurbanı?

- Nə bilim, a bala. Yaxşısını Allah bilir! Qalayı getmiş qazanda qalan yemək zəhərlənmə vermişdi, hansısa kənddə, elə dedilər, kim yemişdisə, işləmə-qusmaya düşmuşdü...

# 3181 dəfə oxunub

Oxşar xəbərlər

Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək

Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək

18:10 28 avqust 2026
Məşhur müğənni könüllü qismində iştirak edib - Xərçənglə mübarizədə

Məşhur müğənni könüllü qismində iştirak edib - Xərçənglə mübarizədə

17:50 28 avqust 2026
Qədim “Herakl qapısı"  tapıldı

Qədim “Herakl qapısı" tapıldı

16:30 28 avqust 2026
Şəfiqə Məmmədova sədrliyə yeganə namizəd olacaq - Əli İsa Cabbarovun istefası qəbul edildi

Şəfiqə Məmmədova sədrliyə yeganə namizəd olacaq - Əli İsa Cabbarovun istefası qəbul edildi

16:03 28 avqust 2026
Türkiyə musiqi sənayesində tarixi ilk

Türkiyə musiqi sənayesində tarixi ilk

15:45 28 avqust 2026
"Təhlükəsiz" olanı deyil, həqiqəti axtarmaq lazımdır...  - "Etikanın metodları"ndan bir hissə

"Təhlükəsiz" olanı deyil, həqiqəti axtarmaq lazımdır... - "Etikanın metodları"ndan bir hissə

15:30 28 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər