O, Cavid Təvəkkülü kinoya yenidən qaytardı - Sevda Sultanova

O, Cavid Təvəkkülü kinoya yenidən qaytardı - Sevda Sultanova
27 mart 2025
# 12:30

Kulis.az Sevda Sultanovanın "Spinozanın tanrısı" filmi haqqında yazdığı "Spinozanın xətası" adlı yazısını təqdim edir.

Uzun fasilədən sonra, rejissor Cavid Təvəkkül kinoya, iddialı səslənən "Spinozanın tanrısı" ("Netmedia" / "Pelican Film" prodakşn) tammetrajlı bədii filmi ilə qayıtdı. Sevgi üçbucağından bəhs edən film janr etibarilə, psixoloji triller kimi təyin olunsa da, "Spinozanın tanrısı" adı istər istəməz dini-mistik məzmunla daha çox assosiasiya olunur və üstəlik, səslənişi, necə deyərlər, qulağa ağır gəlir. Bu səbəbdən, sosial şəbəkələrdə filmin adı ilə bağlı müəyyən polemikalar səsləndi. Rejissorun, əlbəttə, hər hansı adı seçməkdə məqsədi var. Lakin film, geniş auditoriyaya xitab etməyi nəzərdə tutursa, o zaman ümumi mədəni-estetik səviyyəni də diqqətdə saxlamaq vacibdir. Həm də dünya kinosu təcrübəsində çox yüngül adlarla dərin, ciddi filmlər çəkilib.

Niderlandlı filosof Spinozanın konsepsiyası haqda internet resurslarında yetərincə məlumat var. Qısaca onu deyim ki, Spinoza, tanrı haqda fərqli yozum irəli sürülüb və filmin bir epizodunda buna işarə edilir. Rejissor, filmində Spinozanın fəlsəfəsini, öz dililə desək, din mənasında yox, insanın daxili dünyası, dəyərləri ilə şərh etməyə çalışıb. Nəsə, ad haqda bu qədəri kifayət edər.

Cavid Təvəkkül üçüncü tammetrajlı bədii filmi olan "Əzizim Fellini"də (2010) də məhəbbət labirintindən danışırdı. Burada hadisələr varlı kişi, məşuqəsi və məşuqənin rejissor olmaq istəyən sevgilisi arasında baş verir. Həmin dönəmdə geniş müzakirəyə və tamaşaçı marağına səbəb olan "Əzizim Fellini" melanxolik, bir az da sentimental pafosda qurulmuşdu. Çünki Cavid Təvəkkülün təbiətinə də müəyyən melanxoliya xasdır və bu enerji təbii şəkildə, onun filmlərinə, xüsusən, məhəbbət hekayələrinə hopur. "Spinozanın tanrısı"nda janr və hekayənin mahiyyəti dəyişsə belə, yenə də filmə melanxoliya hakimdir. Sonlara doğru, artıq dramaturji düyünlərin açıldığı səhnələrdə isə – Fəza ilə Bərqin xəyali olaraq rastlaşdığı səhnənin soyuq rəng boyaları ilə işlənməsi (rəssam Vüqar Qurbanov), qəhrəmanların qrimi (qrim rəssamı Aysu Əlizadə), aktyorların oyunu sayəsində film, bir növ, mistik qorxu janrına keçir və nəticədə psixoloji trillerin ovqatından uzaqlaşır.

"Spinozanın tanrısı"nın süjetinə görə, gənc, uğurlu fotoqraf Bərqin (Türkay Cəfərli) studiyasına Fəza (Fidan Bayramova) adlı qız foto çəkdirməyə gəlir. Sonra qız yoxa çıxır. Bir müddət sonra isə qız Bərqi gah yuxularında izləyir, gah təsadüfən müxtəlif məkanlarda qarşısına çıxır. Bərq, düşdüyü vəziyyətin qarabasma və ya reallıq olduğunu aydınlaşdıra bilmir. Bu hekayədə açar rolunu isə Bərqin dostu, psixoloq Günay (Lalə Süleymanova) oynayır…

Ssenarini Rəsul Allahverdiyev yazıb. O, eyni zamanda, filmin baş prodüseridir. Bu, Rəsul Allahverdiyevin ssenarist kimi debüt işidir. Və debüt olduğunu nəzərə alsaq, ssenaridə qüsurların, boşluqların olması tamamilə təbiidir. Onu da unutmayaraq ki, milli kinomuzda, ümumiyyətlə, ssenari ilə bağlı ciddi problemlər var. Məlum məsələdən kino adamları tez-tez danışır və problemləri təcrübəli ssenaristlərin işlərində də müşahidə edirik. Bir tərəfdən isə Rəsul Allahverdiyev milli kinomuz üçün xarakterik olmayan, psixoloji triller janrında işləyib ki, bunun da meydana çıxardığı başqa çətinliklər var. Əslində, problemli ssenari məsələsi bir daha, həmişə qeyd etdiyim bu fikri aktual edir: mütləq şəkildə, ssenari üzrə redaktorlara, bu işdə təcrübəsi, peşəkarlığı olan şəxslərə müraciət edin…

Beləliklə, xronometrajı iki saata yaxın olan filmdə artıq səhnələr vardı. İzafi səhnələr, xüsusilə, filmin dinamikasını, tempini axsadırdı. Ona görə rejissor ssenarisində onların üzərində işlənməsinə, ixtisarına zərurət vardı: məsələn, Bərqin valiydenlərinin (ata – Vidadi Həsənov, ana – Hüsniyyə Mürvətova) məişət, oğullarını evləndirmək mövzusunda söhbətləri ilə bağlı epizod kimi… Yaxud, atanın iş həyatı – futbol meydançasında məşq prosesi, dostu ilə söhbəti, həmçinin, ziyafət epizodunun (atanın dostu ailəsi ilə birgə onlara qonaq gəlir, məqsəd, qızlarının Bərqlə tanışlığıdır) uzunluğu süjetə töhfə vermək yerinə, hekayəni gərəksiz yerə uzadır. Halbuki, uzun epizodları bir neçə kadrla, effektiv rakurslarla, vəziyyətlərlə çatdırmaq mümkün idi. Çünki sözügedən səhnələr hekayəni konkretləşdirmir, ona faydası toxunmur, əksinə, vizual pintilik yaratmaqdan əlavə, diqqəti əsas motivdən yayındırır, əhvalatın atmosferini korlayır, təsirini azaldır, hekayəni aşağı ritmə salır və nəticədə tamaşaçı ilə film arasında ünsiyyət çətinliyi yaradır. Filmi izləyən tamaşaçıların dediyi qüsurlardan biri bununla bağlı idi. Hekayədə, doğrudan da, əhəmiyyətli rol oynamayan bu hissələrin xüsusi dramaturji təyinatı yoxdur. Başqa sözlə, bu epizodlar olmasaydı və ya ixtisar edilsəydi belə, film heç nə itirməzdi, əksinə, qazanardı. Digər qüsur, valideynlərin oğullarının gələcəyi ilə bağlı uzun-uzadı söhbətin məişət seriallarının intonasiyasından fərqlənməməsiydi.

Filmin musiqi həllindəki qüsur isə əksər filmlərimizə xasdır. Söhbət, səslənən musiqidən yox, məhz musiqi həllindən gedir! Bunu niyə xüsusi vurğuladım? Hətta bəzi kino yazarları filmdə gözəl, zövqlü musiqinin səslənməsini filmin uğuru kimi qavrayırlar. Başlıca məsələ isə müəllifin musiqini hekayədə necə həll etməsi, istifadəsidir. Məsələn, rejissor hətta bayağı musiqidən elə istifadə edər ki, o, hekayədə tamamlayıcı komponent rolunu oynayar.

Beləliklə, "Spinozanın tanrısı"nın musiqi həlli, yumşaq desək, alınmayıb. Əvvəla, filmin bütün səhnələri hər cürə musiqi (bəstəkar Nicat Qafuroğlu) ilə doludur və az qala hər kadrı musiqi müşayiət edir. Naturada səslənən musiqiləri də əlavə etsək, film, bəzi hallarda natamam müzikl, bəzən isə uzun klip təsiri bağışlayır…

Cavid Təvəkkülün intellektinə, kino duyumuna bələd olduğumdan, uğurlu işlərini yada salsaq, belə bir naşı musiqi həlli, təsviri musiqiyə uduzdurması mənim üçün gözlənilməz oldu. Halbuki, əksər səhnələr qətiyyən musiqi şərhi tələb etmirdi. Bərqin valideynlərinin söhbət etdiyi epizodda musiqiyə nə ehtiyac vardı? Yaxud Bərqin Fəza, Günay ilə səhnələrində tamamilə musiqisiz keçinmək olardı. Çox səhnələrdə musiqi təsvirə kömək etmirdi ki, mane olurdu; nəticədə mənanı təsvir yox, musiqi diktə, hətta təhrif edirdi və beləcə, olan-qalan atmosferi öldürürdü.

Yuxarıda dediyim kimi, "Spinozanın tanrısı" məhəbbət üçbucağından bəhs edir. Ölümcül xəstə olduğuna görə Fəza, duyğularını Bərqə etiraf edə bilmir və tezliklə ölür. Fəzanın yaxın dostu və qohumu Günay isə mövcud faciəvi vəziyyətdən, Bərqin qeyri-sabit psixoloji durumundan istifadə edərək, onunla yaxınlaşmağa çalışır. Bərqin özünü qarabasma və reallıq arasında itirməsi, olanların psixikasına təsiri, Günayın Bərqi manipulyasiyası, qurduğu psixoloji oyunlar, filmin hekayəsi və janr üçün münbit material verir. Bəs niyə sadaladığım detallar, kədərli əhvalat gərəkli, tələb olunan dramatikliyi, həyəcanı yaratmır?

Əvvəldə yazdığım məsələlərdən başqa (musiqi həlli, artıq səhnələr), montajdakı qüsurlar, o qədər də uğurlu kastinqin olmaması da filmə təsirini göstərib.

Yadımda qaldığı qədər, bir yerdə paralel montajdan istifadə olunur: ata ilə ananın Bərqin gələcək taleyilə bağlı dialoqu, ümidləri – Bərqin Fəza haqda düşüncələri, qarbasması ilə eyni zamanda verilir. Yaxud Bərqin şüuru ilə təhtəlşüuru qarışır, o, gah qarasaçlı Fəzanı, gah sarısaçlı Günayı görür (bu, yəqin Bunüelin "Bu qeyri-müəyyən xəyal obyekti", yaxud Hiçkokun "Başgicəllənmə"si filmlərinə rejissorun ehtiramıdır). Paralel montajın burada məqsədi kontrastı, gərginliyi ortaya çıxarmaq olsa da, lazımi effekti vermir.

Fidan Bayramovanın oynadığı Fəza obrazının hekayədəki təyinatı ilk səhnələrdə, aktrisadan obrazının müəmmalı, sirli təqdimatını tələb edir. O, sirli cazibəyə əsaslanan tərzi, baxışları, səs tonu ilə ekranda göründüyü ilk andan sehirli təsir bağışlamalı idi. Lakin Fidan Bayramova xarakteri, daxili dünyası asanlıqla oxunan birqatlı qadın obrazı yaradıb. Və bu, onun günahı deyil. Əslində, gənc aktrisanın fakturası, səsi, təcrübəsi "sadəlövh realizm"ə əsaslanan film qəhrəmanları üçün yararlıdır. Bu mənada Fidan Bayramovanın ifası Lalə Süleymanova ilə müqayisədə sönük görünürdü. Düzdür, Lalə Sülyemanovanın ifası haqda da yüksək fikir söyləmək çətindir. Hər halda o, daha canlı, təbii, həyati idi. Lakin Günayın ağlamasını, həyəcanlanmasını aktrisa təngnəfəsliklə, hıçqırtı vasitəsilə ifadə edirdi, sanki bu emosiyaların ifadəsi üçün başqa üsul və ifadə forması yoxdu.

Tamaşa və filmlərdə özünü istedadlı, həqiqətən orqanik bir aktyor kimi göstərən Türkay Cəfərli isə obrazının böhranlı anlarına, emosional gərilmələrinə inandıra bilmədi.

Hüsniyyə Mürvətovanın ifası Vidadi Həsənovdan daha səmimi gəldi. Onun bir ana kimi oğlunun taleyi üçün əndişə keçirməsi daha dərin, tutumlu görünürdü.

Final üçün ideal səhnə isə qəbiristanlıq səhnəsi idi. Xüsusən, qəbiristanlığın sonda bina evi formasında verilməsi (operator Hüseyn Devrim) çoxmənalı idi. Amma müəllif bu səhnəni kulminasiya nöqtələrindən biri kimi istifadə edib.

Sual verilə bilər ki, bəs "Spinozanın tanrısı"nda müsbət cəhəti yoxdur? Ən vacib cəhəti odur ki, "Spinozanın tanrısı" istedadlı rejissor Cavid Təvəkkülü kinoya yenidən qaytardı. Cavid İTV-də çalışdığı müddətdə keyfiyyətli işlər görüb, bütün cəhətləri ilə səmimi, insanı hiss edə bildiyin “Əzizim Fellini”ni çəkib, müasir kinoda azsaylı uşaq filmlərindən "Dərs"in həmmüəlliflərindən biri olub. Ölkəmizdə yaşayan azsaylı xalqların həyatından, mədəniyyətindən bəhs edən, tarixi və kinematoqrafik baxımdan əhəmiyyətli olan "Bir günəş altında" adlı maraqlı sənədli film çəkib… "Spinozanın tanrısı"nda boşluqlar olsa da, filmdə ələgələn material var; düşünürəm ki, filmə yeni nəfəs vermək üçün, bəlkə də, onun təkrar montajına, hətta montaj ritminin dəyişdirilməsinə ehtiyac var.

Kinoyazar.az

# 342 dəfə oxunub

Oxşar xəbərlər

Ərindən ayrılan Meqan Foksun övladı dünyaya gəldi

Ərindən ayrılan Meqan Foksun övladı dünyaya gəldi

15:00 29 mart 2025
"Ona yüksək qonorar vəd etmişdilər" - Səməndər Rzayev niyə Riqaya getmədi?

"Ona yüksək qonorar vəd etmişdilər" - Səməndər Rzayev niyə Riqaya getmədi?

10:00 27 mart 2025
"Harri Potter" serialının "Haqrid"i bəlli oldu

"Harri Potter" serialının "Haqrid"i bəlli oldu

14:35 26 mart 2025
"Bu, çox xoşagəlməzdir!"  - Leonardo Di Kaprionunun sevgilisindən ETİRAF

"Bu, çox xoşagəlməzdir!" - Leonardo Di Kaprionunun sevgilisindən ETİRAF

12:27 26 mart 2025
AKİ: “Məktəblərdə nümayiş”

AKİ: “Məktəblərdə nümayiş”

15:00 25 mart 2025
Məşhur aktyorun həyat yoldaşı vəfat edib

Məşhur aktyorun həyat yoldaşı vəfat edib

13:30 25 mart 2025
# # #