Kulis.az İlham Əzizin yeni yazısını təqdim edir.
Futbol üzrə milli komandamız dibə vurdu.
Artıq şəstlə deyə bilərik ki, biz dünyada ən zəif komandayıq. Axşam Belarus da oynaya bilmirdi, ona görə 2:0 uddu, oynaya bilsəydi, hesab böyük olacaqdı.
Məncə, milliyə yeni məşqçi gətirməyə də lüzum yoxdu. Öz məşqçilərimizə normal maaş verib, heç olmasa, onun güzaranını düzəltmək lazımdır.
Oyunçu milliləşdirmək təcrübəsindən də əl çəkmək lazımdır, əgər ordan bizim futbol başbilənlərimuz bir şey qazanmırlarsa. Onsuz Əli, Vəli oynasa da uduzacağıq, belə də uduzuruq.
Mən bir şeyə üzülürəm ki, axşam milli uduzanda hirslənmədim, vecimə də olmadı. Güldüm. Bax bu pisdi. Adam öz ölkəsinin millisinin uduzmasına gülməməlidir, ancaq elə günə qoydular, gülürəm. Bəlkə, elə məqsədləri də bu olub.
Milliyə xərclənən pullarla da işim, yoxdu, öz pullarıdı, özləri bilər. Cərimələrdən yığıb verirlər. O gün maşınla sadə səhv elədim, 100 manat cərimə oldum. Amma bunlar səhv edir, əsəblərimizi korlayır, cərimələri-filan da yoxdu. Mütləq hakimdilər. Hər şey bunlarındı. Ona görə milli uduzur, gülürəm. Məğlub olub, bunlar biabır olur da, mənim nəyimə lazım. Pul tapmasam, cəriməni bunlar verəcək? Mən niyə bunların pis gününə pis olmalıyam?
O gün gördüm ki, Şimali Koreyanın millisi qrupda oynayır. Qrupa baxdım, Rubindi, Kalininqraddı, Terek-filandı. Ölkənin millisi Rusiyanın klub komandalar ilə bölüşüb oynayırlar. Biz də elə etsək yaxşı olar. Məsələn, bizim komanda Tacikistanın, Başqırdıstanın, Türkmənistanın yerli rayon klublarıyla bölüşüb oynasın, hakim də, VAR da lazım deyil, Turan adamına nə hakim, nə VAR?
Ətiniz tökülsün, olan-qalan ətimizi də tökdüz. Heyif sizə görə qoyduğum durğu işarələrinə…