Çörək pulu qazanan oğlanla məzələnənlər

Çörək pulu qazanan oğlanla məzələnənlər
22 avqust 2024
# 12:00

Kulis.az Ülvi Bahadırın "Kuklalar və şəhərlər" adlı yeni yazısını təqdim eləyir.

Artıq şablonlaşmış bir fikir var ki, bəs sosial şəbəkələr - konkret olaraq tiktok - cəmiyyəti uçuruma aparır.

Hətta qadağan olunmasını istəyirlər.

Qınamıram, qadağa düşüncəsi ilə böyüdülən adamların xoşuna gəlməyən şeyləri qadağan eləmək istəyi son dərəcə təbiidir.

Problem sosial şəbəkələrdə yox, cəmiyyətlərdədi.

Cəmiyyət necədirsə, onun olduğu sosial şəbəkə də elə olur.

Çünki tiktok güzgüdür.

Biz necəyiksə, o da elədir.

Tiktok özündən vətəndaş yetişdirmir.

Sadəcə, daxilən keyfiyyətsiz olan, cəmiyyətin təzyiqi ilə davranışlarını rəndələyən adamlar tiktok cənnətinə düşdülər və üryanlaşdılar.

Məsələn, elə götürək bu gün qabağıma çıxan videonu.

“Limonçik Əli” adlı bir sosial media fenomeni küçədə cizgi-film qəhrəmanının geyimində pul qazanan oğlanı öz balaca, cılız dünyasında təhqir eləyib.

Adam kuklanın başını çıxarıb zibil qutusuna atıb.

Bu 10-15 saniyəlik video tiktokun ölkəmizdəki vəziyyətini açıqca göstərir bizə.

Onsuz da yekəxana olan qaqulyaların tiktokda izləyici sayını artırandan sonra daha da zibilləri çıxır.

Onlar artıq hər şey edə biləcəklərini düşünürlər.

Eləsi var bıçaqla gəzir, hətta videosunu da çəkirlər ki, bir oğlanın “duxu” var, nəsə söz desin, yortaram.

Hətta bunlar elə tiktokdan bir-birlərini tapırlar, görüşürlər, sürü şəklində gəzirlər.

Seriallara baxıb bir az da havalanan bu adamlar zaman keçdikcə daha da azğınlaşırlar.

Nəticədə, belə hallar baş verir.

Onsuz da bu ölkədə dolanmaq, yaşamaq çətindir və hər keçən gün daha da çətinləşir.

Çoxunuzun da maraq dairəsində deyil. Necə yaşayırıq, ümumiyyətlə, yaşaya bilirikmi, bunlar sizin üçün mənasız söhbətlərdir.

Mərkəzdə fırlanırsınız, gəlib yazırsınız ki, vallah, elə yaxşıca yaşayırıq, nədən narazıyıq ki?

Nədən narazı olduğumuzu bilmək üçün komfort zonamızdan çıxmalıyıq.

Təkcə yaxın ətrafımızla kifayətlənməməliyik.

Onda görəcəyik, biləcəyik ki, bu ölkənin insanı hansı vəziyyətdə yaşayır.

Niyə ölkənin az qala yarıdan çoxu paytaxta axışıb?

Küçədə kukla paltarı ilə gəzən adamların çoxunun hansı vəziyyətdə yaşadığını isə hamımız bilirik.

Adamlar bir parça çörək üçün saatlarla küçələrdə gəzirlər.

Hansısa “Limonçik” isə sırf izləyicisi var deyə hamını təhqir eləyə biləcəyini düşünür.

İnanın, onun bu videosunun altında da nə qədər mırt tutan olacaq.

Çoxu heç varlı-filan da deyil haa.

Varlının nə işi var “Limonçik”in videosunun altında.

Acından günorta duran adamlardı.

Sabah başqa versiyasını sizə də eləyə bilər.

Küçədə getdiyiniz yerdə badalaq verə bilər, məsələn.

Qarşılıq versəniz, deyəcəklər ki, vay-vay niyə beləyik, rahat deyilik, baxın Avropada nələr olur.

Zarafatlar da çox düşükdür ee.

O gün baxıram, biri “caaart" zarafatı eləyir.

Təsəvvür eləyirsiniz?

2024-cü ildə adam hələ də belə kiflənmiş söhbətlərlə izləyici toplaya bilir.

Axı bu “zarafat”lar 10, hətta 15 il əvvəl bitmişdi.

Suyunun suyunun suyu söhbətlərlə necə bu qədər izləyici toplamaq olar?

Doğrudanmı bu qədər mənasız, bu qədər keyfiyyətsizik?

O oğlanı təsəvvür eləyirsiniz?

Görəsən, indi neyləyir?

Yenə də o paltarda orda dayanır.

“Başını” zibil qutusunda götürüb evin bir küncünə atıb yəqin.

Saatlarla yata bilməyib əsəbdən.

Yaşadığı həyata da nifrət eləyib.

Səhəri necə açıb, bilməyib.

Bilmirəm, bəlkə, mən emosionallaşdırıram.

Bəlkə, eyninə almayıb.

“Başını” yerinə taxıb davam eləyib işinə.

Öyrəşib artıq, bəlkə də.

Nələrə öyrəşmədik?

Nələrə alışmadıq?

Nələrə dözmədik?

Ancaq nə vaxta qədər?

Öyrəşmək, alışmaq, dözmək...

Nə vaxta qədər?

# 4574 dəfə oxunub

Oxşar xəbərlər

Gözlərində qorxu olmayan nəsil - Bakıdakı dəhşətli hadisənin pərdəarxası

Gözlərində qorxu olmayan nəsil - Bakıdakı dəhşətli hadisənin pərdəarxası

16:05 6 fevral 2026
Hərəmxanaya bənzər emalatxana, 14 qeyri-qanuni övlad... - Onun hansı tablosu parlamentdə müzakirəyə çıxarılmışdı?

Hərəmxanaya bənzər emalatxana, 14 qeyri-qanuni övlad... - Onun hansı tablosu parlamentdə müzakirəyə çıxarılmışdı?

16:00 6 fevral 2026
Atası "xalq düşməni" kimi güllələnən  Xalq artisti - O, kimin təkidi ilə səhnəyə çıxmışdı?

Atası "xalq düşməni" kimi güllələnən Xalq artisti - O, kimin təkidi ilə səhnəyə çıxmışdı?

15:05 6 fevral 2026
Qazaxıstanlı məşhur komediyaçının Rusiyaya girişi qadağan edildi

Qazaxıstanlı məşhur komediyaçının Rusiyaya girişi qadağan edildi

14:35 6 fevral 2026
Həbsxanada qatillərlə eyni kamerada saxlanılan rəssam - "Mazas albomu" necə yarandı?

Həbsxanada qatillərlə eyni kamerada saxlanılan rəssam - "Mazas albomu" necə yarandı?

14:20 6 fevral 2026
Bəy qızının polad iradəsi - O, repressiya qorxusuna necə qalib gəldi?

Bəy qızının polad iradəsi - O, repressiya qorxusuna necə qalib gəldi?

13:40 6 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər