Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları

Dünya kinosunun gözəllik ikonası - Monika Belluçinin məşhur rolları
30 sentyabr 2026
# 14:00

Bu gün tanınmış italyan aktrisa Monika Belluççinin doğum günüdür.

Kulis.az onun 5 məşhur rolu haqqında materialı təqdim edir.



"Malena" - Malena Skordia



Cüzeppe Tornatorenin rejissorluğu ilə ərsəyə gələn bu italyan dramı Monika Belluççiyə qlobal şöhrət qazandırıb və onun vizit kartına çevrilib.

İkinci Dünya müharibəsi dövründə Siciliyanın kiçik bir kəndində cərəyan edən süjetdə aktrisa, əri cəbhədə olan, təkraredilməz gözəlliyinə görə qadınların nifrəti, kişilərin isə şəhvət dolu təzyiqləri ilə üz-üzə qalan Malena Skordia obrazını canlandırıb.

Belluççi bu rolda demək olar ki, minimum dialoqla, yalnız baxışları, yerişi və bədən dili ilə bir qadının yaşadığı təcrid olunmanı, sarsıdıcı kədəri və mənəvi faciəni təqdim etməyi bacarıb.

Kənd meydanında kişilərin ona siqaret yandırmaq üçün növbəyə durduğu səhnə kino tarixinin ikonik kadrlarından biri sayılır.

Bu rol Belluççinin təkcə estetik simvol olmadığını, həm də dərin dramatik potensiala malik aktrisa olduğunu dünyaya sübut etməsi ilə səciyyələnir.



"Geri dönülməz" - Aleks


Qaspar Noenin rejissorluq etdiyi bu qalmaqallı və sarsıdıcı psixoloji triller Monika Belluççinin karyerasındakı cəsur, çətin və radikal baş rol işidir.

Xronoloji ardıcıllığın tərsdən təqdim olunduğu filmdə aktrisa, Parisdə xoşbəxt həyat sürən, lakin bir gecə yeraltı keçiddə dəhşətli zorakılığa məruz qalan Aleks obrazını yaradıb.

Belluççinin filmdəki nümayiş etdirdiyi çılpaq emosionallıq, qorxu və ağrı səhnələri Kan Film Festivalında böyük səs-küyə və mübahisələrə sabəb olub.

Aktrisa bu rolu qəbul edərək bir sənətçi kimi nə qədər cəsarətli olduğunu və aktyorluq sərhədlərini sonuna qədər zorlamaqdan çəkinmədiyini göstərib.

Aleks obrazı Belluççinin tragediya janrındakı güclü və insanı sarsıdan performanslarından biridir.



"Matris: Yenidən yüklənmə" və "Matris: İnqilab" - Persefona



Vaçovski qardaşlarının elmi-fantastik əsərində Monika Belluççi, Matris sisteminin daxilində yaşayan, hisslərə və ehtiraslara ac olan sirli proqram — Persefona obrazını yaradıb.

Aktrisa bu rolda özünün təbii aristokratik xarizmasını vı soyuq cazibəsini elmi-fantastik janrın estetikasına uyğunlaşdırıb.

Persefonanın Neo (Kianu Rivz) ilə şərt kəsdiyi və ondan səmimi bir öpüş tələb etdiyi səhnə filmin ən yaddaqalan epizodlarındandır.

Belluççinin zərif geyimləri, məsafəli duruşu və rola qatdığı romantik kədər bu xarakteri "Matris" kainatının sevilən fiqurlarından birinə çevirib.



"İsanın ehtirasları" - Maqdalalı Məryəm



Mel Qibsonun dini-tarixi epopeyasında Monika Belluççi, İsa Məsihin yaxın ardıcıllarından biri olan Maqdalalı Məryəm obrazında çıxış edib.

Aktrisa bu rolda tamamilə makiyajsız, sadə geyimlərdə və arami dilində çıxış edərək özünün daxili mənəvi dərinliyini ekrana köçürüb.

Günahkar keçmişindən xilas olub bağışlanma və ilahi sevgi tapan qadının keçirdiyi peşmançılıq, göz yaşları və sadiqlik Belluççinin ifasında səmimiyyətlə təsvir olunur.

İsanın çarmıxa çəkilməsi səhnələrində aktrisanın gözlərindəki dərin kədər filmin emosional yükünü zirvəyə qaldırır.

Bu rol sənətçinin Hollivud filmlərindən sonra dini-fəlsəfi dramlarda da nə qədər inandırıcı ola bildiyini göstərdi.



"Məni sevir..." və ya "Nə dərəcədə sevirsiniz?" - Daniela



Bertran Bliyenin rejissorluq kürsüsünə əyləşdiyi bu fransız romantik komediya-dramında Monika Belluççi, Parisdə gecə klubunda çalışan, gözəlliyi ilə kişiləri məst edən, lakin gözlənilmədən sadə və xəstə bir mühasiblə müqavilə bağlayaraq onunla yaşamağa razı olan Daniela roluna həyat verib.

Aktrisa bu rolda özünün klassik "italyan gözəli" imicini zərif fransız ironiyası və yumoru ilə birləşdirib.

Film gözəlliyin, sevginin və ehtirasın pul qarşısındakı dəyərini səmimi və absurd dildə araşdırır.

Belluççinin Jerar Depardye və Bernar Kampan ilə tərəf müqabiliyi filmin dinamikasını yüksək saxlayır.

Daniela obrazı aktrisanın fransa kinosundakı parlaq və ehtiraslı baş rol işlərindən biri olaraq qiymətləndirilir.


# 53 dəfə oxunub

Oxşar xəbərlər

Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

17:00 28 sentyabr 2026
Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

Marlon Brandonun həyatını dəyişən rol – “Sahildə” filminin gizli hekayəsi

16:10 28 sentyabr 2026
“Haqq yolunun yolçuları”  sənədli filmi nümayiş olundu

“Haqq yolunun yolçuları” sənədli filmi nümayiş olundu

13:47 28 sentyabr 2026
44 bədii filminin yeni tizeri yayımlandı

44 bədii filminin yeni tizeri yayımlandı

15:09 27 sentyabr 2026
“New York Times" seçdi - 21-ci əsrin ən yaxşı 100 serialı

“New York Times" seçdi - 21-ci əsrin ən yaxşı 100 serialı

14:00 26 sentyabr 2026
"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

"Qadınların rejissoru" adlandırılan məşhur homoseksual sənətkar

16:10 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər