"Şamı söndür, düşüncələrimin necə göründüyünü görmək istəmirəm..." - Emil Zolya

"Şamı söndür, düşüncələrimin necə göründüyünü görmək istəmirəm..." -  Emil Zolya
29 sentyabr 2026
# 16:00

Bu gün məşhur fransız yazıçı, XIX əsrin ikinci yarısında realizmin ən görkəmli nümayəndələrindən biri Emil Zolyanın anım günüdür.

Kulis.az onun sitatlarını təqdim edir.

Əgər məndən bu dünyaya nə etməyə gəldiyimi soruşsanız, mən, bir sənətkar kimi sizə cavab verəcəyəm: Mən buraya dolu-dolu, var gücümlə yaşamaq üçün gəlmişəm.

***

Gözəllik və ya mükəmməllik məni az maraqlandırır. Məni maraqlandıran yeganə şey həyatdır, mübarizədir, ehtiraslı gərginlikdir.

***

Darıxmaqdan ölməkdənsə, ehtirasdan ölməyə üstünlük verərəm.

***

Sonuncu kilsənin sonuncu daşı sonuncu keşişin üzərinə uçub tökülməyənə qədər sivilizasiya mükəmməlliyə çata bilməyəcək.

***

Şamı söndür, düşüncələrimin necə göründüyünü görmək istəmirəm.

***

İnsanlar bir-birini sadəcə bir az sevsəydilər, necə də xoşbəxt olardılar.

***

Əgər həqiqəti qapadıb torpağın altına basdırsanız, o, elə böyüyüb inkişaf edəcək və elə partlayıcı bir güc toplayacaq ki, üzə çıxdığı gün yolunun üstündəki hər şeyi havaya sovuracaq.

***

Sənətkarın içində iki nəfər yaşayır: şair və sənətkar-ustad. Şair kimi doğulurlar, ustad isə olunur.

***

Yeni bir roman yazmağa başladığım andan etibarən həyat bitib-tükənməz bir əzab-əziyyətə çevrilir. İlk bir neçə fəsil heç də pis getməyə bilər və mən hələ də özümü sübut etmək şansımın olduğunu düşünərəm, lakin bu hiss tezliklə yox olur və hər gün özümdən daha az razı qalanam. Kitabın heç bir işə yaramadığını, əvvəlki əsərlərimdən xeyli zəif olduğunu düşünməyə başlayıram; ta ki hər səhifədən, hər cümlədən, hər sözdən bir əzab çıxarana qədər – hətta vergüllər belə dözülməz dərəcədə çirkin görünməyə başlayır. Sonra isə kitab bitəndə necə bir rahatlıq! Öz istehsalına heyran qalıb məmnuniyyətdən havaya uçan cənabın o şirin coşqusu deyil, az qala belini qıracaq ağır yükü yerə qoyan fəhlənin kinli rahatlığı... Sonra hər şey yenidən başlanır, məni əldən salıb tükədənə, ömrümün sonuna qədər davam edir; özümdə istedad çatışmadığına, daha bitkin bir əsər, daha böyük kitab dağları qoyub gedə bilmədiyimə görə özümə qəzəblənərək ölüm yatağına uzanıram. Yerinə yetirdiyim bu işin necəliyi barədə dəhşətli şübhələrlə, görəsən, lazım olduğu kimi alındımı, bəlkə bunu və ya onu belə deyil də başqa cür etməli idim - deyə düşünərək və hamısını yenidən başlamaq arzusuyla son nəfəsimi verirəm!

***

Biz kitablara bənzəyirik. Əksəriyyət yalnız üz qabığımızı görür, azlıq yalnız giriş hissəsini oxuyur, çoxları isə tənqidçilərə inanır. Məzmunumuzu bilənlər isə barmaqla sayılacaq qədər azdır.

***

Hörmətə layiq insanlar... Nə qədər alçaqdırlar!

***

Güclü olan mən deyiləm, ağıldır, həqiqətdir.

***

Sənət - təbiətin bir temperament süzgəcindən keçmiş guşəsidir.

Keçmiş illüziyalarımızın qəbiristanlığından başqa bir şey deyildi...

***

Elə böyük bir kədərin olur ki, o, başqa heç bir dərdə yer qoymur.

***

Gələcəyə ümid olmayanda, indiki zaman dözülməz dərəcədə acı görünür.

Rus dilindən tərcümə: Aydan Ağayeva

# 136 dəfə oxunub

Oxşar xəbərlər

Qaraçı qızı - Migel de Servantesin hekayəsi

Qaraçı qızı - Migel de Servantesin hekayəsi

14:30 29 sentyabr 2026
Derbi - Vüsal Bağırlının yeni hekayəsi

Derbi - Vüsal Bağırlının yeni hekayəsi

12:00 29 sentyabr 2026
"Əsl güc gözəlliyi heç vaxt zədələmir..." - Herman Melvillin "Mobi Dik" əsərindən sitatlar

"Əsl güc gözəlliyi heç vaxt zədələmir..." - Herman Melvillin "Mobi Dik" əsərindən sitatlar

14:30 28 sentyabr 2026
"Arzum budur ki, dəlilik həddinə çatacaq qədər seviləsən..." - Andre Breton

"Arzum budur ki, dəlilik həddinə çatacaq qədər seviləsən..." - Andre Breton

11:50 28 sentyabr 2026
"Xəyanət bəni-insanın mayasındadır..." - İsa Muğannanın "Məhşər" romanından bir hissə

"Xəyanət bəni-insanın mayasındadır..." - İsa Muğannanın "Məhşər" romanından bir hissə

11:30 27 sentyabr 2026
Tələbə və süpürgə kolu yığan qoca -  Qrasiya Deleddanın novellası

Tələbə və süpürgə kolu yığan qoca - Qrasiya Deleddanın novellası

10:00 27 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər